İnsanlara hürriyət, millətlərə istiqlal!

“Report” İnformasiya Agentliyinin 2 yaşı tamam oldu - REPORTAJ, FOTOLAR

1673 27.10.2016 18:48 Reportaj A A
Ölkənin xəbər məkanında xüsusi çəkisi olan “Report” İnformasiya Agentliyi 2 yaşını qeyd edir. Öncə qeyd edək ki, agentlik 2014-cü ildə təsis olunub və əsas veb-resursu olan www.report.az 27.10.2014 tarixdən fəaliyyətə başlayıb.

Musavat.com olaraq agentliyin redaksiyasında olub, onların fəaliyyətlərinin canlı şahidi olduq. Müşahidə etdik ki, digər agentliklərdən fərqli olaraq, “Report” İnformasiya Agentliyində redaktorlar və jurnalistlər hamısı bir zalda əyləşirlər. Onlar necə deyərlər, bir-biriləri ilə təmasda olmaqla, qızğın xəbər istehsalı ilə məşğuldurlar. 

Fəaliyyətləri barəsində isə elə onların özlərindən məlumat aldıq. İlk olaraq söhbət etdiyimiz agentliyin baş redaktoru Murad Əliyev ötən iki ilin çətinlikləri və uğurları barəsində aşağıdakıları danışdı: “Report" sırf informasiya agentliyi olaraq xəbər istehsal edən fabrik funksiyasını öz üzərinə götürür. Və ötən 2 il ərzində də məhz bununla məşğul olmuşuq. Bunun nəticəsidir ki, il ərzində agentliyin xəbərlərini ölkədə və xaricdə fəaliyyət göstərən 100-dən artıq informasiya resursu, o cümlədən televiziya, radio, qəzet və xəbər saytları gündəlik olaraq istinadla yayımlayıblar. Əgər bizim xəbərlərin ölkə gündəminə töhfəsi varsa, bir çox saytlar istifadə ediblərsə, deməli, biz öz üzərimizə düşən işi görməyi bacarmışıq. İnformasiya agentliyinin işi bir konveyer üsulu ilə işləyən fabriki xatırladır. Əsas məsələ mexanizmi düzgün qurmaqdı və daim onun hər detalının necə işləməsinə nəzarət etməkdir. Adamı ruhlandıran da odur ki, bu işlərin bəhrəsini görürük. Hazırda agentlikdə daxili və xarici siyasət, iqtisadiyyat, idman, regionlarla iş, analitika şöbələri fəaliyyət göstərir, hərəsi gün ərzində öz üzərinə düşən işi yerinə yetirirlər. Lakin gündəmdən asılı olaraq bütün sahələr bir sahəyə dəstək verirlər. Misal üçün “Bakı 2015” Avropa Oyunları keçirilən 1 ay ərzində bütün şöbələr idman arenalarına səfərbər olmuşdu. Ötən ay referendum keçirilən zaman sahəsindən asılı olmayaraq hər kəs məntəqələrə təhkim olunmuşdu. Futbol dilinə transformasiya etsək total məlumat ötürən media strukturu yarada bilmişik”.



Baş redaktor bildirib ki, dünyada və ölkədə baş verən iqtisadi çətinliklər onlardan da yan keçmir: “Bugünki maliyyə sisteminin silkələnib oturuşduğu dövrdə, agentliyin abunəçiləri də öz məsrəflərinə yenidən baxır. Bununla belə, bu gün onlarla biznes strukturu “Report.az”-ın xəbərlərinə abunədir, gündəlik bülletenlərimizi alırlar. Əvvəllər bütün xəbərlərimizi açıq formada yayımlayırdıqsa, indi sırf maliyyə, korporativ biznes sahəsinə aid olan özəl xəbərləri yalnız abunəçilərimizin oxumasına şərait yaradırıq. Və yuxarıda qeyd etdiyim maliyyə problemlərinə baxmayaraq, hər gün abunəçilik üçün olunan müraciətlər, xəbərlərimizin bu sahədə fəaliyyət göstərən strukturlar üçün nə qədər önəmli olduğunu göstərir. Bugün “Report” agentliyində artıq formalaşmış bir komanda var. Və ən əsası bu komanda medianın baza prinsiplərinə əsaslanaraq öz üslubunu yaradıb. “Report” kollektivi əsasən gənclərdən təşkil olunub və bəlkə də Azərbaycan media məkanında ən gənc kollektivdir. Bunun da öz üstünlükləri var – gənclər daha çox enerji ilə çalışır, gün ərzində ölkədə və xaricdə baş verən hadisələri diqqətdə saxlayırlar. Sevindirici hal odur ki, “Report”da hər hansı sahə üzrə işləməyə başlayan və ümumiyyətlə burada mətbuat işinə başlayan əməkdaşlarımız, bu gün öz sahəsində aparıcı jurnalistlərdəndir. Kollektivdə subordinasiyaya ən yüksək səviyyədə əməl olunur. Amma bununla belə, kifayət qədər mehriban, yaradıcı mühit yaratmağı bacarmışıq. Ümumiyyətlə mən həmişə deyirəm ki, hansı redaksiyada dedi-qodu varsa, bu, bekarçılıqdan irəli gəlir. Hərə öz işi ilə məşğul olsa heç bir söz-söhbət yaranmaz”.

Agentliyin siyasət şöbəsinin redaktoru Pərvin Abbasov isə bizi fəaliyyətləri ilə bağlı məlumatlandırdı: “Gün ərzində 180-190 Azərbaycan, 110-120 rus,  ingilis dilində isə 50-60 xəbər istehsal edirik. Xəbərlərimiz bütün sahələri əhatə edir.  Eyni zamanda dövlət qurumlarının hamısı və üzdə olan QHT-lərlə də əməkdaşlıq edirik. Redaksiyamızın kollektivi əsasən gənclərdən ibarətdir. Təxminən 50 işçimiz var. Bundan əlavə rayonlarda və bir neçə xarici ölkədə müxbirlərimiz fəaliyyət göstərirlər. Xarici ölkələr arasında Türkiyə, Ruminiya, İsveçrə, Gürcüstan, Rusiyada nümayəndələrimiz mövcuddur. Gördüyünüz kimi burada redaktorlar və jurnalistlər hamısı bir otaqdadırlar. Rəhbərliyin istəyi ilə biz “news room”da (xəbər otağı) fəaliyyət göstəririk. Hazırda sosial şəbəkələr deyərdim ki, informasiya agentlikləri, xəbər saytları üçün sanki rəqibdirlər. Yəni kimsə nədənsə xəbər tutursa, onu dərhal sosial şəbəkədə yaya bilər. Bizim işimiz isə o informasiyanı dəqiqləşdirib yaymaq və bununla yanaşı operativliyi qorumaqdır. Deyərdim ki, bunun da öhdəsindən uğurla gəlirik”.   

Digər informasiya agentlikləri arasında rəqibləri barəsində danışan P.Abbasov bildirib ki, aparılan statistikalarda “Report” ya birinci, ya da ikinci sırada yer alır: “Ya birinci yerdə oluruq, ya da ikinci yerdə. İnformasiya bazarında liderlərdən biriyik. Biz özümüz başqalarına rəqibik”.

Fikrini aldığımız siyasət şöbəsinin digər redaktoru  İmdad Əlizadə hesab edir ki, ölkədə siyasi xəbərlərə maraq, heç də az deyil: “Artıq bir ildən çoxdur ki, burada çalışıram. Pərvin Abbasovla birlikdə daxili siyasət sahəsinin redaktoruyam.  Deyirlər ki, siyasi hadisələr olmadığı üçün bu xəbərlərə maraq yoxdur. Ancaq mən, əksini düşünürəm. Siyasət xəbərlərinə maraq böyükdür. Ümumiyyətlə, “Report”un xəbərlərinin həm oxunma, həm də yayılma faizləri kifayət qədər yüksəkdir. Gün ərzində gündəmdə olan bir neçə xəbər varsa, onların içərisində mütləq bizim də xəbərimiz yer alır. Bunu tam məsuliyyətimlə deyə bilərəm. Aprel hadisələri dönəmində də “Report” agentliyi kifayət qədər fəal işlədi. Yeni azad olunan “Lələ-təpə” yüksəkliyindən də ilk foto və video görüntüləri biz yaydıq.  Ümumiyyətlə, hadisə baş verdiyi zaman biz çalışırıq ki, dərhal orada olaq. Elə hadisə yeri olmaz ki, orada bizim əməkdaşlarımız olmasın. “Report”un iki illik fəaliyyətini çox uğurlu sayıram. Hesab edirəm ki, Azərbaycanda ən uğurlu layihələrdən biri “Report”dur. Bunu biz işçilər olaraq demirik, həmçinin kənardan fəaliyyətimizi izləyən dostlar da eyni fikirdədirlər. Agentliyin ən böyük üstünlüyü ondan ibarətdir ki, bu kollektivdə uzun illər jurnalistika sahəsində çalışan insanların təcrübəsi ilə gənclərin enerjisi sintez olunub. Bu təcrübə ilə enerjinin birləşməsi nəticəsində gözəl kollektiv və iş ortaya çıxıb. Jurnalistlərimiz çalışırlar ki, xəbərləri daha tez saytda çıxsın. Yəni ən əsas odur ki, işə həvəs və vicdanla yanaşırlar. Hazırda müasir jurnalistikanın qarşısında duran əsas suallardan biri operativlik, yoxsa dəqiqlik məsələsidir. Hesab edirəm ki, indiki jurnalistikada bunların ikisini bir-birindən ayırmaq mümkün deyil. Uğur yalnız ondadır ki, bunun hər ikisini eyni zamanda etmək mümkün olsun. “Report” bax bunu bacarır”.

Yuxarıda da qeyd olunduğu kimi “Report” informasiya agentliyi 3 dildə fəaliyyət göstərir və gün ərzində xarici xəbərlərə də geniş yer verilir. Bu xəbərlərin əsas məsuliyyəti isə beynəlxalq şöbənin redaktoru Viktoriya Dementyevanın üzərindədir. Onunla da söhbət edib, fikirlərini aldıq. 

V.Dementyeva bildirdi ki, dünyada baş verən hadisələr barəsində operativ xəbər verməyə çalışırlar: “Səfirliklərlə çox sıx işləyirik. Eyni zamanda çalışırıq ki, xaricdə ölkəmizə gələn nümayəndələrlə də görüşək, açıqlamalar alaq. Bunu da bacarırıq. Ümumi olaraq gün ərzində təxminən 50 xəbər istehsal edirik. Çox şadam ki, bu cür kollektivdə çalışıram”.

“Report” informasiya agentliyində həmçinin iqtisadi sahə üzrə analitik yazıların, proqnozların da yayımının şahidi oluruq. Statistikalar göstərir ki, xüsusilə də ölkədə iqtisadi vəziyyətin gərgin olduğu dönəmdə, insanlar mediadan daha çox bu tip yazıları oxumağa üstünlük verirlər. Öyrəndik ki, təhlil və proqnozları Cavid Əzimov,  xəbərləri isə Namiq Hüseynov və digər əməkdaşlar yazırlar. İqtisadi şöbənin redaktoru isə Vüqar Mustafayevdir. 

Söhbətimizi elə Vüqar Mustafayevlə davam etdirdik. İlk olaraq onu qeyd edək ki, V.Mustafayev manatın dollarla nisbətdə gələcək məzənnəsi ilə bağlı onu bildirdi ki, növbəti aylarda dollar bahalaşmaqda davam edəcək: “İki il ərzində əldə etdiyimiz nailiyyətlər hansısa redaktorun və ya əməkdaşın şəxsi uğuru deyil. Bu, bütün komandanın işinin nəticəsidir. İqtisadi proqnozlara gəlincə isə hiss edirəm ki, bu tip yazılara insanlarda getdikcə tələbat artır. Bunu həm bank mütəxəssisləri, həm də bu sahənin jurnalistləri tərəfindən də eşidirik. Çalışırıq ki, bazarın tələblərinə cavab verən yazılar ortaya qoyaq. Həmçinin yazılarımızda insanların durumla bağlı beyinlərindəki yaranan suallarına tam şəkildə cavab verməyə çalışırıq. Proqnozlarımız bəzən özünü doğruldur, bəzən isə doğrultmur. Ancaq biz, əsas komponentlər üzrə öz fikirlərimizdə qalırıq. Misal üçün bəzən deyirlər ki, yazdınız dollar bahalaşacaq, ancaq bu, baş vermədi. Ola bilər ki, bu proseslər bir qədər ləngiyə bilər. Ancaq biz qəti fikrimizdə qalırıq. Prosesin ləngiməsində müəyyən subyektiv və obyektiv səbəblər var. Lakin bunlar müvəqqəti xarakter daşıyır. Prosesin ümumilikdə hansı səviyyədə inkişaf edəcəyi ilə bağlı isə fikirlərimiz üstünlük təşkil edir. Analitik qrup öz fikrində qalır ki, dollar tədricən bahalaşacaq. İlk mərhələdə 2 manat həddini keçəcək. Sonrakı proseslər isə aparılacaq iqtisadi islahatlar və həyata keçiriləcək valyuta siyasətindən asılıdır”.

Agentliyin bölgə xəbərləri üzrə redaktoru Valeh Dadaşov da bizə işləri barəsində məlumat verdi: “Bizim hədəfimizi təkcə Azərbaycanda inkişaf etmək deyil. Əsas məqsədimiz ölkənin hüdudlarından kənarda da oxucu sayımızı artırıb, beynəlxalq arenada tanınmaqdır. İlkin mərhələdə Azərbaycanın bölgələrində 9 müxbir postumuz fəaliyyət göstərir. Çalışırıq ki, bölgələrdə baş verən bütün xəbərləri operativ olaraq oxucularımıza çatdıraq”.

“Report”un redaktorlarının yanaşması ilə desək, xəbər istehsalçıları (jurnalistlər) ilə də söhbət etdik. 

Siyasət şöbəsinin jurnalisti İlkin Pirəli aşağıdakıları bildirdi: “Report” İnformasiya Agentliyi yaranan gündən burada işləyirəm. "Report" jurnalist üçün yerli mediada ən yaxşı şərtləri olan media orqanlarından biridir. Yəni, jurnalistin fəaliyyəti üçün nə lazımdırsa, burada var. Kollektiv də gəncdir, redaktor heyəti ilə müxbirlər arasında uçurum yoxdur, elə bunun özü əsas məsələlərdəndir. "Report"da əsas işə diqqət yetirilir. Agentlikdə jurnalistə kvota basqısı yoxdur, sadəcə, müxbir öz sahəsi üzrə xəbəri birinci verməlidir, vəssalam. "Report"da işləmək perspektivdir. İki illik fəaliyyətin nəticəsi də göz qabağındadır".

Sosial sahənin jurnalisti Aynur Osmanqızı da bildirdi ki, gündəlik 3-4 xəbər yazır: “Bizdə xəbər limiti yoxdur. Əsas xəbəri birinci verməkdir. Redaktorlarımız bizi sıxmır, sadəcə olaraq dost kimiyik. “Report”da çalışdığım üçün özümü şanslı hesab edirəm”.

“Yeni Müsavat” Media Qrupunun kollektivi olaraq, biz də “Report” İnformasiya Agentliyinin bütün əməkdaşlarını fəaliyyətlərinin iki illinin tamam olması münasibət ilə təbrik edirik.

Əli Rais
Fotolar müəllifindir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR