İnsanlara hürriyət, millətlərə istiqlal!

RƏFAEL ALLAHVERDİYEVİN SON ZƏNGİ - I

5704 13.01.2009 09:51 Yazarlar A A

Və Rəfael müəllim bu təhlükələrin birində müvazinətini itirib yıxılmışdı. Daha doğrusu, onu yıxmışdılar. Gözünü açanda isə özünü onun üçün qazılmış quyunun dibində görmüşdü...
Əvvələ qayıdaq. R.Arifoğlunun zəngindən sonra özüm-özümdən gileyləndim ki, burdan-bura mənim xəbərim olmayıb. Dərhal sabiq merin Montrodakı evini aradım. Telefon zənginə Rəfael müəllimin xanımı cavab verdi. Bakıda dolaşan xəbərlərə onun münasibətini öyrənmək o qədər də asan olmadı.
Dekabrın 5-də axşam saatlarında onun mənə söylədiklərini sabahısı gün “Yeni Müsavat” qəzetində manşetdən oxuduğunuz üçün təkrara varmıram. Zakirə xanım qəzetimiz vasitəsilə Azərbaycan iqtidarına müraciət edirdi ki, canı ilə əlləşən keçmiş YAP qurucusunun, Heydər Əliyevin yaxın silahdaşının, Bakının meri olmuş bir qürbətçinin son anlarda vətənə qayıtmasına imkan yaratsınlar. O vaxtdan bəri Zakirə xanımla dəfələrlə söhbət etdim, oğlu Xanəli ilə danışdım. Hər dəfə də ümid edirdim ki, Bakıdan xoş xəbər gəlmiş olar. Yəni ölümlə əlləşən birisi vətənində, doğma divarlar arasında rahat ölə bilər. Yaxşı ki, son anda da olsa, Rəfael müəllim Bakıya çatdırılıb...
Qəzet olaraq bu xəbəri gündəmdə saxlamağa çalışdıq. Bu işdə çıxılmaz vəziyyətdə olan ailəyə kömək etməyə çalışdıq. Amma sayı yarım milyonu keçən hakim partiya R.Allahverdiyevi çoxdan unutmuşdu...

***

Yanvarın 10-da R.Arifoğlundan yenə xəbər gəldi. R.Allahverdiyevin ölüm xəbəri...
İlk ağlıma gələn bu oldu ki, R.Allahverdiyev mərhum Heydər Əliyevin sağlığında dünyasını dəyişsəydi, hər şey ayrı cür olardı. Fəxri Xiyaban, sıraya düzülmüş YAP funksionerləri, deputatlar, yüksək vəzifə sahibləri...
Əminəm ki, H.Əliyevdən sonra vurulub hörmətsiz edilən sabiqlərin çoxu məhz belə bir sonluğun olması üçün vaxtından əvvəl dünyadan köçməyə də razı olardılar. Amma həyat heç kəsin cızdığı plana uyğun gələsi nəsnə deyil ki...
Bu sətirləri yazarkən mərhum H.Əliyevin dəfn günü gözümün qarşısında canlandı. Ucsuz-bucaqsız insan axını içində R.Allahverdiyevi gördüm. Ondan xeyli əvvəl vurulub kənara atılmış Rza İbadovla yanaşı addımlayırdı...

***

Yuxarıda dedim ki, biz mərhumla eyni ölkədə yaşayırdıq. R.Allahverdiyevin İsveçrənin Montro şəhərciyində evi var. Yeri gəlmişkən, Montro son dərəcə bahalı şəhərlərdən biridir. Bu şəhərdə əsasən dünyanın fərqli yerlərindən gəlmiş zənginlər yaşayır. Orasını da deyim ki, mən də Rəfael müəllimin Montrodakı evində bir dəfə olmuşam. Dəbdəbədən uzaq, amma gözəl şəraiti olan ikiotaqlı xudmani bir mənzildir. Həmin mənzildə olmağımın tarixçəsi də maraqlıdır.
Bakıdakı dostlarımız bizdən xahiş etmişdi ki, R.Allahverdiyevin İsveçrədə siyasi mühacir statusu almasına yardımçı olaq. O vaxt sabiq vali hələ də Milli Məclisin üzvü idi. Biz onunla ilk görüşdə problemin həlli ilə bağlı bir çox məsələləri müzakirə etdik. Danışıqlardan belə məlum oldu ki, Rəfael müəllim İsveçrədə qalmaqda israrlıdır; deyirdi Bakıya dönsə, onu həbs edəcəklər. O isə həbs olunmaq istəmirdi. Onun həbsdən qorxmasının bir səbəbi də varmış. Bu səbəb də Hacı Seyfəllə bağlı imiş.
Hacı Seyfəl əslən Maştağa kəndindəndir, Bakı çapında nüfuzu olan tək-tük insanlardan biri idi. Ayaz Mütəllibovun tərəfdarı kimi tanınırdı. Ən önəmlisi isə Heydər Əliyevin Bakıya gəlişini əngəlləmək üçün Bakı kəndlərindən insanları toplayıb Binə hava limanına aparıbmış. R.Allahverdiyev danışırdı ki, H.Əliyev hakimiyyətə gələndən sonra Hacı Seyfəl özünə İranda sığınacaq tapıbmış. O vaxt Bakı meri, ən başlıcası isə əslən bakılı olan R.Allahverdiyev H.Əliyevin tapşırığı ilə Hacı Seyfəllə telefon danışıqları aparıb. Və Hacıya prezident adından söz verib ki, o, rahat şəkildə gəlib Bakıda yaşaya bilər.
R.Allahverdiyevin o vaxt dedikləri indi də yadımdadır: “Hacı da geri dönmək istəyirdi. Çünki xəstə idi. Ona dedim ki, Heydər Əliyeviç sənə zəmanət verir. Gəl, başını aşağı sal, kənddə (Maştağa nəzərdə tutulur-E.H.) yaşa. Hacı da mənim sözümə inanıb geri döndü. Bilmirəm nədənsə Hacı Seyfəl sonradan həbs olundu. Yadımdadır, oğlanları gəldilər ki, atamız ölüm ayağındadır, onu buraxsınlar, biz gedək içəridə (yəni həbsdə-E.H.) oturaq. Nə qədər çalışsam da prezident məni eşitmədi. Zindandan Hacının meyiti çıxdı. Buna görə özümü həmişə günahkar bildim. Mən gərək o kişini arxayın etməyəydim”.
Əlbəttə, mən onun nə demək istədiyini dərhal anladım. O da ömrünü həbsxanada başa vurmaqdan qorxurdu. Hacı Seyfəlin başına gələn müsibətin başqa variantda təkrarlanmasından qorxurdu. Onun qorxduğu başqa bir şey də vardı. Həmişə mənimlə danışanda əvvəl-axır o mövzuya qayıdırdı. Deyirdi ki, evdə tək qalmaq dəhşətdir, birdən adamın ürəyi dayanar, xəbər tutan da olmaz, adamın meyiti də 2-3 günə çürüyür, biabırçılıq olar.
Təbii ki, mən onu belə bədbin fikirlərdən uzaqlaşdırmağa çalışırdım. Amma eyni söhbət hər dəfə eyni şəkildə təkrarlanırdı.
Haradasa 4 il yarımın söhbətidir. Onu Kroslinqen şəhərciyinə aparırdıq. İsveçrədən siyasi sığınacaq almaq istəyən insanlar ora toplaşıb rəsmi orqanlara müraciət edirlər. Mən özüm oradan təzə çıxmışdım. İşə yaraya biləcək hər bir şeyi dönə-dönə ona izah etdim. Ona vəkil də tutduq. Rəfael müəllimi orada qoyub gedəndən sonra elə hey düşünürdüm ki, o, dünyanın çeşidli ölkələrindən gələn, bir qayda olaraq pinti insanların çoxluq təşkil etdiyi otaqda necə dözəcək? Amma dözdü.

***

Yenidən Rəfael müəllimi Montrodakı evinə dönmək istəyirəm. Dediyim kimi, o evdə olmuşam. Həmin gün mən, Kamil Tağısoy və Elxan Həsənli oradaydıq. Rəfael müəllim Milli Məclisə müraciət yazırdı. Deputatlıqdan rəsmən imtina etdiyini bildirdi və müraciəti imzaladı. Səhv etmirəmsə, R.Allahverdiyev deputat mandatından imtina edərək siyasi mühacir olan ilk Azərbaycan siyasətçisidir. Biz düşünürdük ki, bu müraciət də R.Allahverdiyevin İsveçrədə siyasi oturum almasına təkan verə bilər.
R.Allahverdiyev yerli mətbuata verdiyi müsahibədə nəsə bəzi məqamlara toxunmuşdu. 10-15 milyonluq mebel alışı haqqında dedikləri onun işində ciddi əngəllər yaratmışdı. Ola bilərdi ki, bu, sadəcə, bizim ehtimalımız idi. Amma ona siyasi oturum 1 il 4 aydan sonra verildi. Müqayisə üçün deyim ki, İsveçrə dövləti bu haqqı bəndənizə 4 ay sonra tanımışdı.
İsveçrədə yaşamaq onun üçün çətin idi. Xüsusən yerli dillərdən heç birini, üstəlik, ingilis dilini bilməməyi ona yerli mühitə adaptasiya olmağa imkan vermirdi. Bir dəfə məndən xahiş etdi ki, onunla Sürixdən Cenevrəyə gedim. Ona görə ki, bir şəxslə görüşü varmış və onun bəzi suallarını cavablandırmalı imiş. Dili bilməyən adamın nəyisə izah etməsi mümkün deyildi. Onda ingilis dilini aşağı səviyyədə bilirdim. Buna baxmayaraq, Rəfael müəllimlə gedəsi oldum. Problemi yoluna qoyduq. Qürbətdə belə şeylər tez-tez olur...

***

Yadımdadır, yeni gələndə ürəkli danışırdı. Dünyanın bir sıra nüfuzlu insanları ilə əlaqələri olduğunu deyirdi. Moskva meri Lujkovla xüsusi münasibətlərini yada salırdı. Mənsə yaxşı bilirdim ki, belə münasibətlər yalnız vəzifə başında işlək olur. Vəzifədən çıxandan sonra belə əlaqələr avtomatik qapanır.
Rəhmətlik bir ara mənə 15-20 vərəqlik əlyazmasını verdi. Rusca yazılmış yazıda Heydər Əliyevin hakimiyyətə gəlişi ilə bağlı bəzi məqamlara toxunulmuşdu. Yazı təxminən indi hörmətli Ramiz Mehdiyevin yazdığı üslubda qələmə alınmışdı. Əsl kommunist üslubu. Rəfael müəllimi inandırmağa çalışdım ki, o, H.Əliyev haqqında bestseller ola biləcək bir kitab yaza bilər. Sadəcə, həqiqətləri yazmaq yetər. Kitaba rusca ad da fikirləşmişdi. Həmin ad türkcəmizdə belə idi: “Heydər Əliyev: gündoğandan günbatana”.
Ondakı həyat eşqi yavaş-yavaş sönməyə başladı. Bunu görməmək mümkün deyildi. Ara-sıra bizə də gələrdi. Hər dəfə də uşaq üçün nəsə almalı idi. Deyim ki, mənim xanımım milli xörəklərimizi xüsusilə dadlı bişirir. Əlbəttə, R.Allahverdiyev ən bahalı restoranlarda istədiyi xörəyi sifariş edə bilərdi, çox zaman edirdi də. Amma onun üçün milli yeməklərimizi dadmaq daha xoş idi. Özü də müşahidə etmişdim, istənilən xörəyi yeyəndən sonra mütləq vurğulayırdı ki, bu, bakılıların yeməyidir. Bizlərə xas olan bölgəçilik hissi onda da vardı. Etiraf edim ki, bu, mənə bir az xoş gəlirdi də...
R.Allahverdiyev digər qərib soydaşlarımızın da evində dəfələrlə olub. Onu da əminliklə deyə bilərəm ki, insanlar ona bir ağsaqqal kimi həmişə sayğı göstəriblər. Öncələr o, buradakı soydaşlarımızı bir araya gətirmək üçün çalışırdı. Amma hər şey qəflətən dəyişdi. R.Allahverdiyev hamı ilə münasibətləri birdən kəsdi...

(davamı gələn sayımızda)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR