İnsanlara hürriyət, millətlərə istiqlal!

Ramiz Mehdiyevin və Anarın dirçəlişi

2829 17.11.2021 08:00 Yazarlar A A

Ədalət Tahirzadəyə böyük hörmətim var. Azərbaycanda bir-iki obyektiv tarixçi varsa, onlardan biri Ədalət bəydir. Nə varsa, necə müşahidə eləyibsə, faktlar əsasında əsərlər yazıb, tariximizin müxtəlif salnamələrini yaradıb. Yetər ki, oxuyasan. Ancaq neyləyəsən ki, bizim camaat oxumağa meylli deyil.

Məsələn, bu gün - 17 noyabrda Milli Dirçəliş Günü təntənə ilə qeyd ediləcəkdir, atəşfəşanlıq olacaq, fabrik-zavodlar bir günlüyə bağlanacaqdır. Zarafat edirəm, hökumət neçə illərdir təkidlə 17 noyabrı iş günü olan bayramlar sırasına qatır, müxalifət də guya buna etiraz eləyir, deyirlər mübarizəmizə hörmətlə yanaşın, biz istəyirik milli dirçəliş günündə işləməyək. Guya hər gün iş tapırıq, ya da çalışıb yarıdırıq. Hələ onu bir qırağa qoyuram ki, milli dirçəlişini Nemət Pənahlı ağılda adamlara borclu olan millət əslində bundan utanmalı idi. Eybi yoxdur, utanmırıq, utanmayaq. Əvəzində çoxlu oğlumuz olar - el inancına görə utananın oğlu olmur. Oğul isə düşmən çəpəridir, bu saat qərb tərəfdə əməllicə çəpərə ehtiyac vardır.

Xülasə, iqtidar-müxalifət müzakirəsinin hər il noyabrda gündəm temalarından biri məhz “17 noyabr niyə iş günüdür?” olur. Olsun. Mən sadəcə Ədalət bəyin “Meydan” kitabından 1988-ci ilin may ayının 16-na olan gündəlik qeyddən bir hissəni hörmətli oxuculara olduğu kimi çatdırmaq istəyərdim. Nəzərə alın ki, bu, 17 noyabra gedən yolumuzun başlanğıcıdır. Sonralar daha böyük biabırçılıqlar olacaqdı.

Sitat: “...Heç kəsdə şübhə qalmadı ki, ruslar Dağlıq Qarabağ hadisələrindən elə ilk gündən xəbərdar olduqları kimi, nəinki bu haqda susmuş, Qarabağı onlara verməyə boyun olmuş, hətta bu işin təşkilində iştirak etmişlər. Beləliklə, özünü təhqir olunmuş sayan xalq yenə qəzəb səsini ucaltmağı qərara aldı və mayın 16-da başlıca olaraq tələbələrdən ibarət kütlə etiraz mitinqinə toplaşdı (onlara ziyalılar və müəyyən qədər şəhər əhalisi qoşulmuşdu)... Mən tələbələrə qoşulub Hökumət evinə tərəf yol aldım. Bu dəfə camaatı şəhərin içi ilə yox, İçərişəhərdən keçirdilər. Karvansaranın qapısı ağzına çatanda başımı qaldırıb gördüm ki, Mərkəzi Komitənin ideoloji katibi Ramiz Mehdiyevlə yanaşı addımlayıram, onun arxasınca isə Baksovetin sədri Oktay Zeynalov, müavini və başqaları gəlirlər. Tez onlardan aralandım”. Sitatın sonu. Burada “tez onlardan aralandım” cümləsinə görə Ədalət bəyə bir daha xüsusi hörmətimi bildirirəm.

İndi, ey hörmətli, uca millət, sevgili xalq, bu “Meydan hərəkatı”, 17 noyabr dirçəliş-filan deyəndə hərdən papağını qabağına qoy, fikirləş, gör sənə necə papış tikiblər. Kommunist Partiyasının yerli orqanında ideologiya işinə baxan adam guya millətin dirçəlişi üçün çalışırmış. Elə həmin Kommunist Partiyasının əleyhinə mitinqlər düzəldirmiş. Hələ də bu adamların səmimiliyinə inanırsansa, daha sənə başqa sözüm yoxdur. Ramiz Mehdiyevin azadlıq mübarizəsinə axı necə inanmaq olar? Günü bu gün adamlar, alim və aspirantlar akademiyada çaşıb Ramiz müəllimlə əl görüşəndən sonra barmaqlarını sayırlar ki, görək hansısa kəmdirmi, sən isə bunun əsasını qoyduğu bayramı qutlayırsan. Qutla, eybi yoxdur. Bayramın çoxundan ziyan gəlməz.

Keçmişinə doğru-düzgün qiymət verməyən, keçmişdə yaşadığı ədalətsizlikləri unudan xalqlar ədalət üzü görə bilməz. Bunu da yaz bloknotunda bir qırağa, məndən yadigar qalsın.

Sonda “Meydan” kitabından bir qeydi də verim, yazı bitsin: “ Sentyabr, 1989. Ali Sovetin iclası. Vəzirov deyir: Anar yanıma gəldi, şəxsi məsələsini xahiş elədi. Hökumət evinin arxasındakı yeni binada özünə mənzil istəyirdi, verdim”. Söhbət AYB sədri Anardan gedir. Altıncı mərtəbədən alıb özü də.

Özünüzə yaxşı baxın, hava soyuqdur. Qalın geyinin.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR