İnsanlara hürriyət, millətlərə istiqlal!

Qubad İbadoğlunun həbsi:  Qərb niyə xüsusi canfəşanlıq edir?- ŞOK FAKTLAR

4887 27.07.2023 16:41 Siyasət A A

 

Son günlər Türkiyə ilə yanaşı Azərbaycanda da şəbəkə quran FETÖ terror təşkilatının adı yenidən gündəmə gəlib. Səbəb bu təşkilatla iş birliyində olduğu iddia edilən bir neçə şəxsin saxlanmasıdır.

Əvvəlcə onu yada salaq ki, FETÖ Türkiyədə 2016-cı ildə dövlət çevrilişinə cəhd etmiş və terror təşkilatı kimi tanınmış bir qrupdur. FETÖ-nün Azərbaycanda da fəaliyyəti olub və türk-azərbaycan münasibətlərinə ziyan vurmağa çalışıblar.

Azərbaycanda elə Türkiyədəki çevriliş cəhdindən sonra FETÖ-yə qarşı mübarizə aparılıb və təşkilatın bir neçə üzvü həbs edilib. Son olaraq 2023-cü ilin iyul ayında FETÖ-nün Azərbaycandakı keçmiş rəhbərlərindən olan Döyrüş Cəfərov, təşkilatın maliyyə işlərinə cavabdeh olan Gümrah Əbdürəhmanov, “Yurd” adlanan mərkəzin direktoru Ruslan Əliyev və təşkilati işlərə cavabdeh olan Anar Əliyev saxlanılıb. Habelə, FETÖ ilə yaxın əlaqələri olduğu iddia edilən ADR sədri Qubad İbadoğlu da həbs edilib.

A3nUIaHf30yXlsjxjGc_4A.jpg (91 KB)

İndi bəzi şəxslər sosial şəbəkələrdə, mətbuata çağırış edib, bu əməliyyatları gözdən salmağa çalışırlar.  Xüsusilə də Qubad İbadoğlunun həbsi ilə bağlı bu cür fikirlər yayılmaqdadır.

Azərbaycanın öz ərazisində bu təşkilatın əl-qol açmasına imkan verməməyə çalışması və lazımi sərt tədbirlər görməsi tam anlaşılan və hüquqi baxımdan qanunidir.

Təbii ki, hələ istintaq davam edir və heç kimi öncədən günahlandıra bilmərik.

Bu istiqamətdə istintaq hansı faktların üstünü açıb, kimlər ifşa olunub, hansı gizli ssenarilərin qarşısı alınıb – bunların hamısını istintaq göstərəcək. Lakin məsələdə başqa bir məqamdan diqqətdən yayınmır. Belə bir şəraitdə Qərb dairələrinin istintaq tədbirlərini az qala bu işdə adı keçən şəxslərin, məsələn Qubad İbadoğlunun hüquqlarının pozulması kimi təqdim etməsi maraq doğurur. 

Yəqin ki, istintaqın əldə etdiyi faktlar tezliklə açıqlanacaq və bütün qaranlıq məqamlara aydınlıq gətiriləcək. Məlumata görə, Qubad İbadoğlu ABŞ-da FETÖ-çülərin geniş ayaq açdığı Şimali Karolina, Dyuk və Rutqers universitetlərində işləyib, onlarla geniş əlaqələr qurub və ehtimal olunur ki, Qubad İbadoğlunun FETÖ-nün ABŞ, Türkiyə və Avropa ölkələrindəki gizli mərkəzləri  ilə əlaqələri qurulub.

Bundan başqa, məlumatlar yayılıb ki, Qubad İbadoğlu Cəmil Həsənli ilə birlikdə Qərbdən, konkret olaraq ABŞ-dan böyük qrantlar alırdı. Bu layihələr  qanun pozuntuları ilə icra olunur, vəsaitlər tam başqa istiqamətə yönəldilirdi.

qubad-ibadoglu1.jpg (20 KB)

Onu da qeyd edək ki, bu ayın əvvəlində İngiltərə və Uels üçün Xeyriyyə Komissiyası Böyük Britaniyanın paytaxtı Londonda təsis olunmuş Azərbaycan Gənclərinin Təhsil Fondunu qeydiyyata alıb. Fondun təşkilatları arasında Qubad İbadoğlu da var. 

O qeyd edib ki, Azərbaycan Gənclərinin Təhsil Fondunun başlıca məqsədi gənclərin xaricdə təhsil almasına, gənc alimlərin araşdırmalarını beynəlxalq elmi konfranslarda təqdim etməsinə dəstək verməkdir:

"Söhbət təşkilati, məsləhət və maliyyə formatlı dəstəkdən gedir. Əsas maliyyə mənbəyi kimi ianələr nəzərdə tutulur. Fondun digər təsisçiləri  Milli Şurasının fəxri sədri Cəmil Həsənli, sabiq səfir diplomat Arif Şahmarlıdır (Məmmədov)”.

Qubad İbadoğlu 2008-2009-cu tədris ilində ABŞ-ın adı Şimali Karolina Universitetində çalışıb. Bu universitetin adı daim FETÖ üzvlərinə yaxınlığı ilə hallanıb. 2015-2016-cı illərdə Dyuk Universitetində, 2018-2021-ci illərdə isə Ratqers Universitetində işləyib.

Onu da qeyd edək ki, 2019-cu ilin iyulun 23-də “Fetogercekleri.com” saytında dərc olunmuş “ABŞ professorlarından FETÖ manipulyasiyası – FETÖ gerçekleri” başlıqlı məqalədə “15 iyul çevriliş cəhdin”dən sonra 50 professorun hüquq-mühafizə orqanlarının xaric edilmiş əməkdaşlarına dəstək məktubu yayımlanıb. Dəstək məktublarının müəllifləri siyahısında Şimali Karolina Universitetinin professoru Cozef Kunsun və Ratqers Universitetinin professorları Kolin Çin və Ron Klarkın da adları var.

Bundan başqa, “Habertürk” televiziya kanalında 2020-ci ilin 9 sentyabrında yayımlanan “Florida Beynəlxalq Universitetinin tələbəsi FETÖ-nün ODTÜ-dəki təşkilatlanmasını üzə çıxardı” adlı xəbərdə terror təşkilatının Ankaradakı “Kaan” təxəllüslü gizli imamının da Şimali Karolina Universitetində işlədiyi qeyd olunub.

Həmçinin, Türkiyə mediası FETÖ-yə bağlı olan professor Abdullah Anteplinin də Dyuk Universitetində işlədiyini yazıb.

Qubad İbadoğlunun həbsi ilə bağlı yayılan rəsmi xəbərdə isə bunlar bildirilib:

“Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  bildirilib ki, Daxili İşlər Nazirliyi Türkiyə Respublikasının Daxili İşlər Nazirliyindən daxil olan məlumat əsasında ölkəmizdə FETÖ ilə əlaqəli olan şəxslərə qarşı əməliyyat tədbirləri keçirib. Tədbirlərlə saxlanılan 5 nəfərdən biri Qubad İbadoğlu ilə əlaqəsinin olması barədə ifadə verib. Həmin ifadə əsasında Qubad İbadoğlunun ofisində axtarış aparılıb, iş üzrə zəruri əhəmiyyət kəsb edən sənədlər aşkarlanıb və Qubad İbadoğlu saxlanılıb. Daha sonra Qubad İbadoğlu barəsində 3 ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Qubad İbadoğluya Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham verilib və o, təqsirləndirilən şəxs qismində cəlb edilib.

339329.jpg (105 KB)

Bütün bunların fonunda Qərb ölkələrinin səfirliklərinin bu canfəşanlığını haradasa başa düşmək olar. Qərbi hər zaman olduğu kimi şəxslər deyil, şəxslərin üzərindən qurduqları oyunlar maraqlandırır. Qərb heç zaman hər hansı bir bölgədə inkişafa, demokratiyaya yatırım etməyib. Bu ad altında etdiyi yatırımların arxasında çevrilişlər, xaos, parçalama, müharibə dayanıb. Biz bunların son illər Yaxın Şərqdə eləcə də digər ölkələrdə dəfələrlə şahidi olmuşuq. Qərbin, paralel olaraq ABŞ-ın açıq-aşkar dəstək verdiyi, həmçinin icad etdiyi “Ərəb baharı” dalğası sonradan bəzi postsovet ölkələrinə də sıçradı. Gürcüstan, Ukrayna və bu cəhd Qazaxıstanda da gerçəkləşdi.  Qərb bir çox dövlətlərə öz iradəsini yeritməyə çalışır və bu zaman müxtəlif təzyiq metodlarından istifadə edir. Bunlara dövlətlərin daxili işlərinə müdaxilə, müxtəlif terror qruplaşmalarının yaradılması, radikal müxalifətin dəstəklənməsi, hətta imkan olduqca belə müxalifətlərin qanunsuz silahlandırılması və s. daxildir. Məsələn, Qərbin Suriyada müxalifətin yaradılması sonradan hakimiyyətə opponentlərin silahlanması ilə nəticələndi. Beləliklə, qanunsuz silahlı qruplara Qərbdən verilən dəstək sonda İŞİD, Ən-Nüsra, Təhrir əş Şam kimi az qala qarşısıalınmaz bir terror təşkilatlarını meydana çıxardı.

İndi də görünür, Qubad İbadoğlunun iştirakı ilə həyata keçirməyi planlaşdırdıqları layihələrə buraxdıqları böyük vəsaitlər batır. Qərbin regionda sabitliyi pozma cəhdi, Azərbaycanda qarşılıqlı yaratmaq planı iflasa uğrayır. Azərbaycan dövlətinin apardığı siyasət nəticəsində həm Qarabağda, həm də daxildə törədilməsi planlaşdırılan təxribat planları puç olur. Bunu artıq onların özləri də gözəl başa düşürlər. Belə bir məqamda xalqın dövlətlə birliyi bu kimi düşmənlərə qarşı mübarizəsi əsas şərtdir.

Azərbaycan dövləti, ictimaiyyəti Qərb dairələrinin növbəti dəfə Azərbaycanda qarışıqlıq yaratmaq cəhdlərinə sərt təpki verməlidirlər.

 

Qafar Səfərli,
Xüsusi olaraq Musavat.com üçün 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR