İnsanlara hürriyət, millətlərə istiqlal!

Qoşulmama Hərəkatına sədrlik Azərbaycana nə vəd edir?

1059 22.10.2019 20:57 Siyasət A A

Politoloq: “Azərbaycanın Hərəkatın fəaliyyətini aktivləşdirmək potensialı var”

Məlum olduğu kimi oktyabrın 25-26-da Bakıda Qoşulmama Hərəkatının XVIII sammiti keçiriləcək. Oktyabrın 23-24-də isə təşkilat ölkələrinin xarici işlər nazirləri sammitə hazırlıq məsələlərini müzakirə edəcəklər. Sammit zamanı təşkilata sədrlik üç il müddətində Azərbaycana keçəcək.

Azərbaycan xarici işlər nazirinin müavini Ramiz Həsənovun mətbuata verdiyi məlumata görə, artıq 158 ölkə və beynəlxalq təşkilat Qoşulmama Hərəkatının Bakıda keçiriləcək sammitində iştirak edəcəyini təsdiqləyib. Onların sırasına dövlət başçıları, nazirlər və böyük təşkilatların rəhbərləri daxildir: “Qoşulmama Hərəkatı beynəlxalq münasibətləri tənzimləyən təsirli platformadır. Onun əsas vəzifəsi beynəlxalq hüquq normaları əsasında sülh və təhlükəsizliyi təmin etmək və qorumaqdır".

Nazir müavini qeyd edib ki, sammit zamanı 4 əsas sənədin qəbul edilməsi gözlənilir. "Əsas sənəd sammitin yekun bəyannaməsidir. Eyni zamanda Bakı Siyasi Bəyannaməsi, XİN başçılarının Fələstin üzrə bəyannaməsinin də qəbul ediləcəyi gözlənilir".

R.Həsənovun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi sammitin yekun sənədində ayrıca bəndlə qeyd olunacaq.

Sammitdə iştirak edəcək dövlət başçıları sırasında Pakistanın, Türkmənistanın, Venesuelanın prezidentləri də var.

1961-ci ildə soyuq müharibədən kənarda qalmaq məqsədilə yaradılan Hərəkatın qurucuları Yuqoslaviadan olan sosialist Josip Broz Tito, Hindistandan Cəvahiral Nehru, İndoneziyadan Sukarno, Misirdən Camal Abdel Nasir və Qanadan Kvame Nkrumahdır. Hərəkat ilk olaraq təşkilat kimi 1956-cı ildə yaranıb və bir müddət sonra hərəkata çevrilib. “Qoşulmama” adı isə 1953-cü ildə BMT-də verilib.

120 dövlətin bir araya gəldiyi Qoşulmama Hərəkatı Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasından sonra dünya dövlətlərinin təmsil olunduğu ən böyük siyasi təsisatdır.

Əsas məqsədi beynəlxalq hüququn norma və prinsipləri əsasında dünyada sülhün, təhlükəsizliyin qorunmasına və tərəqqiyə töhfə vermək olan Qoşulmama Hərəkatı qlobal problemlərin həlli və müasir dövrün çağırışlarına cavab vermək baxımından bu gün xüsusi əhəmiyyət kəsb edir.

Qeyd edək ki, Azərbaycan Qoşulmama Hərəkatına 2011-ci ildə üzv olub.  2016-cı ilin sentyabrında Hərəkata üzv ölkələrin dövlət və hökumət başçılarının XVII Zirvə Görüşündə növbəti sammitin Bakı şəhərində keçirilməsi və 2019-2022-ci illərdə sədrliyin Azərbaycana həvalə edilməsi barədə qərar qəbul olunub.

Tofiq Abbasov ile ilgili görsel sonucu

Qoşulmama Hərəkatının dünya siyasətində hansı yeri var? Bakıda keçiriləcək sammit və Azərbaycanın Hərəkatın sədrliyinə keçməsi ölkəmiz üçün hansı imkanlar yaradır? Sualları cavablandıran politoloq Tofiq Abbasovun  musavat.com-a dediyinə görə, Hərəkat soyuq müharibə dövründə dünyada qarşı duran iki gücün təsirindən kənarda qalmaq istəyən dövlətlərin təşəbbüsü ilə yaradılıb: “Bu dövlətlər SSRİ ilə ABŞ arasında getdikcə gərginləşən münasibətlərdən kənar olmaq, heç kəsin tərəfini tutmadan, hamı ilə normal münasibət saxlamaq istəklərini bildirdilər. Keçmiş Yuqoslaviya rəhbərliyi bu prosesdə mühüm rol oynadı. Xüsusilə siyasi-hərbi bloklara qoşulmaq istəməyən üçüncü dünya dövlətlərindən Hərəkata böyük maraq oldu və tezliklə onun tərkibində 100-dən yuxarı ölkə birləşdi. 90-cı illərin əvvəllərində SSRİ dağıldı, Varşava müqaviləsi təşkilatı özünü buraxdı. Beynəlxalq aləmdə belə inam yarandı ki, NATO da analoji addımı atacaq, dünyadakı qütbləşmə sona çatacaq. Lakin proses heç də belə getmədi, NATO özünü buraxmaq deyil, Şərqə doğru genişlənmək xətti götürdü. Vankuverdən Vladivostoka qədər təhlükəsizliyin təminatını öz üzərinə götürmək istəyini bəyan etdi. Bu isə faktiki olaraq bu qurumun bütün dünyada hökmranlıq etmək istəməsi demək idi”.

Politoloqun sözlərinə görə, ABŞ-la Rusiya və Çin arasında münasibətlərin gərginləşməsi dünyada yenidən soyuq müharibə ab-havası yaradıb: “Artıq yenə məlum oldu ki, dünya birqütblü deyil, ikiqütblüdür. Bir tərəfdə ABŞ, digər tərəfdə isə Rusiya və Çin dayanır. Buna görə də Qoşulmama Hərəkatı yenidən fəaliyyətini aktivləşdirir, qütblər arasındakı gərginliklərin təsirini azaltmaq üçün addımlar atmağa çalışır. Son 3 ildə Hərəkata sədrliyi Venesuela edirdi. Lakin bu ölkənin başı öz daxili siyasi çəkişmələrinə qarışdığı üçün Hərəkatın fəaliyyətinin gücləndirilməsi istiqamətində ciddi bir addım atılmadı. Sədrliyin Azərbaycana keçməsinə Hərəkatın bütün üzvləri dəstək veriblər. Son illərdə mühüm beynəlxalq tədbirlərə ev sahibliyi edən, beynəlxalq əhəmiyyətli layihələrə yaşıl işıq yandıran Azərbaycanın beynəlxalq səviyyədə nüfuzu artır. Xüsusilə erməni lobbisinin güclü olduğu Cənubi Amerikada və Afrika qitəsində mövqeləri xeyli güclənib. Bütün bunlar ölkəmizin sədrliyi dövründə Qoşulmama Hərəkatının fəaliyyətinin aktivləşməsi, beynəlxalq arenada mövqeyinin güclənməsi üçün imkanlar yaradır. Azərbaycan özünün aydın proqramı olan, fəal xarici siyasət xəttinə malik dövlətdir. Bu imkanları onun Hərəkata effektiv sədrliyi üçün əlavə potensial formalaşdırır”.

Dünya SAKİT,
Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR