Vladimir Putinin Kirov vilayətindəki etibarlı şəxslərindən biri, Vyatka Dövlət Universitetinin rektoru Valentin Puqaçın ailəsi istintaqın diqqət mərkəzinə düşüb.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, buna səbəb rektorun qızı Aleksandra Puqaçın Gürcüstanda keçirilən anti-müharibə mitinqində Ukraynanı açıq şəkildə dəstəkləməsi olub.
İstintaq Komitəsi Aleksandra Puqaça qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin dövlət təhlükəsizliyinə yönəlmiş fəaliyyətə «ictimai çağırışlar» maddəsi ilə cinayət işi açıb. Tətikləyici epizod kimi onun mitinqdəki çıxışı və sosial şəbəkələrdə yaydığı video göstərilir. Miting zamanı Pugaç Ukraynaya dəstək ifadə edib və könüllüləri Ukrayna ordusuna ianə etməyə çağırıb.
Məlumata görə, Aleksandra Puqaç tammiqyaslı müharibənin başlanmasından sonra Rusiyanı tərk edib və ailəsi ilə, o cümlədən atası ilə əlaqələri kəsib. İstintaq çərçivəsində Rusiya hüquq-mühafizə orqanları rektorun mənzilində axtarışlar aparıb. Qızın özü ölkədən kənarda olduğu üçün istintaqın faktiki təzyiq mexanizmləri ailənin Rusiyada qalan hissəsinə yönəlib.
Nəşrin yazdığına görə, Puqaç ailəsinin Ukrayna ilə bağlılığı təsadüfi deyil. Rektorun anası yaxın vaxtlara qədər Ukraynanın Pokrovsk şəhərində yaşayırdı və 85 yaşında müharibə səbəbindən şəhəri tərk etməyə məcbur olub. Mənbələr bildirir ki, Rusiya qoşunlarının Ukraynaya hücumundan sonra Valentin Puqaç həm anası, həm də Ukraynada yaşayan digər qohumları ilə əlaqəni kəsib.
Beləliklə, cinayət işi yalnız ictimai-siyasi mövqeyə dair məsələ olmayıb, həm də Rusiyada hakimiyyətə yaxın dairələrdə müharibə ilə bağlı yaranan ideoloji uçurumu göstərən nümunələrdən birinə çevrilib.
Musavat.com






