İnsanlara hürriyət, millətlərə istiqlal!

Kredit öhdəliyini pozanlar "batdı" — Zəncirvari böhran başlayır

730 19.06.2026 22:39 Ölkə A A

Gecikdirilmiş kredit borcları son illər daha çox müzakirə olunan maliyyə problemlərindən birinə çevrilib. Bu cür borclar yalnız fərdi şəxslərə deyil, ümumi iqtisadi sistemə də təsir göstərir. Məsələnin hüquqi və sosial nəticələri isə daha geniş miqyasda özünü büruzə verir.

Mövzu ilə bağlı bank mütəxəssisi Emin Kərimov Demokrat.az-a bildirib ki, gecikdirilmiş kredit borcları bir sıra ciddi fəsadlar yarada bilər:

"Birinci növbədə əmlaka həbs qoyulması və ölkədən çıxışın məhdudlaşdırılmasıdır. Bir çox hallarda hətta şəxsiyyət vəsiqəsi və ya digər sənədlərin dəyişdirilməsi zamanı da mövcud borclar nəzərə alınaraq müəyyən məhdudiyyətlər tətbiq oluna bilər.

Ən geniş yayılmış hallardan biri məhz əmlaka həbs qoyulmasıdır. Bu, məhkəmə qətnaməsi əsasında həyata keçirilir. Digər bir hal isə ölkədən çıxışa məhdudiyyətin tətbiq olunmasıdır. Yəni şəxs borc öhdəliyini yerinə yetirmədikdə, həmin borcun icrası üçün məcburi ödəniş tələbləri irəli sürülür. Eyni praktika vergi borcu olan şəxslərə də şamil oluna bilər və onların ölkədən çıxışına məhdudiyyət qoyula bilər".

Ekspert deyib ki, borcun ödənilməsi məqsədilə şəxsin adına olan əmlaklara yönəlmə mümkündür:

"Məsələn, daşınmaz və ya daşınar əmlaklar kredit öhdəliyinin icrası üçün istifadə oluna bilər. Bank məhkəməyə müraciət etdikdə və məhkəmə qərarı çıxarıldıqda, borcun ödənilməsi həmin əmlaklar hesabına təmin edilə bilər və bu halda şəxs əmlakını itirə bilər. Bu səbəbdən vətəndaşlar öz öhdəliklərinə məsuliyyətlə yanaşmalıdırlar. Banklar, bank olmayan kredit təşkilatları və lombardlar iqtisadi sistemin iştirakçılarıdır. Onların fəaliyyəti ölkə iqtisadiyyatına birbaşa təsir göstərir. Banklar vəsaiti cəlb edərək kredit şəklində müştərilərə təqdim edir və bu prosesdən gəlir əldə edirlər. Həmin gəlirlər hesabına vergi, sosial ödənişlər və əməkhaqları ödənilir.

Kreditlərin vaxtında ödənilməməsi və müqavilə öhdəliklərinin pozulması bu sistemin pozulmasına səbəb olur. Nəticədə banklar maliyyə çətinlikləri ilə üzləşə, əlavə borclanmaya gedə bilər. Bu isə dövlət büdcəsinə və sosial ödənişlərə də təsir göstərir. Beləliklə, zəncirvari təsir bütün iqtisadi iştirakçılara yayılır.

Ona görə də hər bir şəxs öhdəliklərini vaxtında və məsuliyyətlə yerinə yetirməlidir ki, həm öz əmlakını riskə atmasın, həm də hüquqi və iqtisadi problemlərlə üzləşməsin",- deyə o qeyd edib.

Beləliklə, gecikdirilmiş kredit borcları həm fərdi şəxslər, həm iqtisadi sistem üçün ağır zərbədir. Öhdəliklərin vaxtında icra edilməməsi zəncirvari böhrana yol açaraq dövlət büdcəsinə də təsir göstərir. Vətəndaşların hüquqi tənbehlərlə qarşılaşmaması və əmlaklarını itirməməsi üçün maliyyə nizam-intizamına əməl etmələri vacibdir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR