İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünya Bakıya baxır - Azərbaycanın növbəti hədəfi...

1279 20.06.2026 00:08 Ölkə A A

Dövlət başçısı İlham Əliyevin Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimindəki çıxışı Azərbaycanın son illərdə keçdiyi inkişaf yolunun, əldə etdiyi siyasi və iqtisadi uğurların, eləcə də qarşıdakı dövr üçün müəyyənləşdirdiyi strateji hədəflərin ümumi mənzərəsini ortaya qoydu. Prezident beynəlxalq arenada etibarlı tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirən ölkəsinin qlobal proseslərdə artan rolundan, ölkədə qorunan sabitliyin yaratdığı imkanlardan və iqtisadi dayanıqlığın əsas göstəricilərindən bəhs etdi. Eyni zamanda, enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiya layihələri, Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa-quruculuq işləri, eləcə də yaşıl enerji və iqtisadi şaxələndirmə istiqamətində həyata keçirilən proqramlar Prezident İlham Əliyevin çıxışında xüsusi yer tutdu. Dövlət başçısının səsləndirdiyi mesajlar Azərbaycanın təkcə regionun deyil, daha geniş coğrafiyanın siyasi və iqtisadi gündəmini formalaşdıran mühüm aktorlardan birinə çevrildiyini bir daha nümayiş etdirdi.

Milli Məclisin deputatı Azər Badamov Musavat.com-a bildirdi ki, Cənab Prezident İlham Əliyev olduqca məqsədyönlü siyasət yürüdür: "Bu siyasətin kökündə dayanan əsas amil Azərbaycanın beynəlxalq nüfuzunun daha da gücləndirilməsi, habelə milli maraqlarımızın təmin edilməsidir.

Azərbaycan ilk dəfə deyil ki, bu qədər irimiqyaslı bir tədbirə ev sahibliyi edir. COP 29, Ümumdünya Şəhərsalma Forumunu da uğurla keçirdik. Azərbaycan BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilərkən və Qoşulmama Hərəkatına sədrlik etdiyi dövrdə də geniş beynəlxalq dəstək qazanmışdı. Şübhəsiz ki, Azərbaycana artan marağın əsasında dövlət başçımız tərəfindən yaradılmış sabitlik, atılan uğurlu addımlar dayanır. Azərbaycanın yürütdüyü siyasət bütövlükdə Cənubi Qafqazın müsbət imicinin formalaşmasına xidmət edir. Siyasi və iqtisadi müstəvidə əldə etdiyimiz uğurlar Azərbaycanın dünyada etibarlı tərəfdaş kimi özünü təsdiq etməsində öz əksini tapır. Dövlət başçımızın əsas məqsədlərindən biri xalqımızın həyat şəraitinin yaxşılaşdırılmasıdır.

Xarici dövlət borcumuz ümumi daxili məhsulun cəmi 6 faizini təşkil edir. Son dövrlərdə əsas hədəflərdən biri ölkəyə birbaşa xarici investisiyaların cəlb olunmasıdır və bu istiqamətdə 350 milyard dollara yaxın birbaşa investisiya yatırılmışdır.

Bu gün dünya olduqca mühüm bir məsələ uğrunda mübarizə aparır. Bu, heç şübhəsiz ki, enerji təhlükəsizliyinin təmin edilməsidir. Azərbaycan 16 ölkəyə təbii qaz ixrac etməklə artıq özünü etibarlı tərəfdaş kimi sübut etmişdir. Yəni, başqa ölkələrin və xalqların bu istiqamətdə təhlükəsizliyini təmin edirik".

Deputat onu da diqqətə çatdırdı ki, ölkəmizin mühüm nəqliyyat layihələrinin mərkəzində dayanması, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri vasitəsilə həyata keçirilən yükdaşımalar Azərbaycanı daha da cəlbedici aktora çevirib: "Əsas hədəflərdən biri Qarabağ və Şərqi Zəngəzurun qısa müddət ərzində bərpa olunması və insanların öz doğma yurd-yuvalarına geri qayıtmasıdır. Bu istiqamətdə uğurlarımızı təmin edən əsas amillərdən biri dövlətimizin prinsipial mövqe ortaya qoymasıdır. Təbii ki, illər ərzində Ermənistana qarşı təzyiq göstərilsə, sanksiyalar tətbiq olunsaydı, vurulmuş ziyanın və dağıntıların həcmi bu qədər olmazdı. Buna baxmayaraq, Azərbaycan dövləti koordinasiyalı fəaliyyət həyata keçirir və artıq azad edilmiş ərazilərdə 90 minə yaxın insan yaşayır.

Ümumilikdə həmin ərazilərə 17 milyard dollara yaxın investisiya yatırılıb.

İqtisadiyyatımızın şaxələndirilməsi əsas prioritetlərdən biridir.

Bu gün milli təhlükəsizlik anlayışı özünü yalnız hərbi sahədə deyil, enerji, ərzaq və iqlim təhlükəsizliyi kimi yeni istiqamətlərdə də göstərir. Ərzaq təhlükəsizliyinin gücləndirilməsi dövlətlərin qarşısında duran əsas çağırışlardan biridir və Azərbaycan bu istiqamətdə də ardıcıl addımlar atır.

Nəqliyyat-logistika infrastrukturunun inkişafı, bərpa olunan enerji mənbələrinin genişləndirilməsi və yaşıl enerjiyə keçid gündəmdə duran əsas məsələlərdəndir. Qarabağ və Şərqi Zəngəzurun yaşıl enerji zonası elan edilməsi onu göstərir ki, Azərbaycan seçdiyi yolda qətiyyətlə irəliləyir. Yəni, qarşıya qoyulan bütün məqsədlərin həyata keçirilməsi istiqamətində sistemli fəaliyyət aparılır. Bu baxımdan qeyd olunmalıdır ki, cənab Prezident İlham Əliyev bütün beynəlxalq platformalardan məharətlə istifadə edir. İslam İnkişaf Bankı Qrupunun illik toplantısına Azərbaycanın ev sahibliyi etməsi və bu tədbirdə Cənab Prezident İlham Əliyevin məzmunlu çıxışı onu göstərir ki, Azərbaycan tarixi bir yolu uğurla davam etdirir. Bu tarixi yol sadəcə Azərbaycan reallıqlarının dünya tərəfindən qəbul olunması və ya təqdir edilməsi deyil. Əsas məqsədlərdən biri də ondan ibarətdir ki, Cənubi Qafqaz uzun illər müharibə və münaqişə məkanı kimi tanındığı halda, artıq iqtisadi layihələrin və əməkdaşlığın mərkəzinə çevrilsin. Bu baxımdan Azərbaycanın Zəfəri təkcə tarixi qələbə deyil, həm də Cənubi Qafqaz xalqlarının taleyinə birbaşa təsir göstərən mühüm hadisədir. Bu təsirin müsbət olması üçün Azərbaycan Lideri ardıcıl və uğurlu addımlar atır".

Cavanşir Abbaslı
Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR