İnsanlara hürriyət, millətlərə istiqlal!

"80 yaşlı uşaq" qalmaqalı - İsrailin ən böyük qorxusu gerçəkləşir...

921 20.06.2026 00:38 Dünya A A

ABŞ ilə İran arasında mümkün razılaşma İsraildə narahatlıq və tənqidlərə səbəb olub. İsrailin "Ynet" qəzeti ABŞ-nin İran siyasətində yumşalma ehtimalını öz təhlükəsizlik maraqlarına zidd hesab edir və bunu regionda balansın dəyişməsi kimi qiymətləndirir. Eyni zamanda, İsrailin bölgədəki hərbi və siyasi mövqelərini qorumaq niyyətində olduğu vurğulanır.

Qəzetə görə, bəzi analitiklər iddia edir ki, bu proses İsrail ilə ərəb ölkələri arasında son illərdə formalaşmış yaxınlaşmaya da təsir göstərə bilər və "İbrahim razılaşmaları" ilə bağlı gələcək perspektivləri qeyri-müəyyən edə bilər.

Ümumiyətlə, regionda ABŞ-İran gərginliyinin yumşalması ehtimalı İsrail və onun müttəfiqləri tərəfindən ehtiyatla qarşılanır və bunun Yaxın Şərqdə siyasi proseslərə təsir göstərə biləcəyi ön plana çıxır.

İsrail mediasının Trampı "80 yaşlı uşaq" və s. ifadələrlə təhqir etməsi təsadüfdürmü? Belə yazıların İsrail hakimiyyəti tərəfindən təşkil edilmədiyinə dair hər hansı bir sübut varmı? Bu cür faktlar Trampla Netanyahu arasındakı münasibətlərdə özünü necə göstərəcək?

sona.JPG (29 KB)

Siyasi təhlilçi Sona Əliyeva Musavat.com-a dedi ki, ABŞ ilə İran arasında mümkün razılaşma ətrafında yaranan gərginlik əslində Yaxın Şərqdə köhnə balansın artıq əvvəlki kimi işləmədiyini göstərir: "Burada məsələ sadəcə Vaşinqtonla Tehran arasında diplomatik təmas deyil. Əsas məsələ odur ki, İsrail uzun illərdir öz təhlükəsizlik konsepsiyasını İran təhlükəsi üzərində qurub və indi bu təhlükənin ABŞ tərəfindən siyasi danışıqlar masasına daşınması Təl-Əvivdə ciddi narahatlıq yaradır. İsrail mediasında Donald Trampa qarşı işlədilən sərt ifadələr də təsadüfi emosional reaksiya kimi görünmür. Doğrudur, bu yazıları birbaşa İsrail hökumətinin təşkil etdiyini sübut edən açıq sənəd yoxdur. Amma reallıq budur ki, İsrail mediasında, xüsusilə Netanyahuya yaxın siyasi çevrələrin təsir dairəsində olan platformalarda Trampa qarşı tonun birdən-birə sərtləşməsi sadə jurnalist narazılığı deyil. Bu, daha çox Vaşinqtona mesajdır. İranla İsrailin maraqlarını nəzərə almayan razılaşma bağlasanız, biz bunu siyasi xəyanət kimi təqdim edəcəyik. Tramp şəxsi nüfuzuna, imicinə və “qalib lider” obrazına çox həssas siyasətçidir. İsrail mediasında onun zəif, idarəolunmaz və ya uşaq kimi davranan lider kimi təqdim olunması bir növ onun eqosuna vurulan zərbədir. Yəni bu tənqidlərin hədəfi təkcə ABŞ-ın İran siyasəti deyil, həm də Trampın özünü İsrailin mövqeyindən geri çəkilməyə məcbur etməkdir.

Netanyahu üçün vəziyyət daha mürəkkəbdir. O, illərdir İran təhlükəsini həm təhlükəsizlik, həm də daxili siyasət kartı kimi istifadə edir".

Siyasi təhlilçi hesab edir ki, əgər ABŞ İranla müəyyən anlaşmaya gedirsə, Netanyahu ikiqat zərbə alır: "Bir tərəfdən İsrailin regional hərbi manevr imkanları məhdudlaşır, digər tərəfdən daxili auditoriyaya təqdim etdiyi İsraili İran təhlükəsindən qorumaq tezisi zəifləyir. Bütün bunlara baxmayaraq, Tramp-Netanyahu münasibətlərində tam qopma gözlənilmir. Çünki bu münasibət qarşılıqlı məcburiyyət üzərində qurulub. Netanyahu ABŞ dəstəyindən imtina edə bilməz. Tramp isə İsrail lobbisini və ABŞ daxilindəki pro-İsrail siyasi bazanı tam qarşısına almaq istəməz. Ona görə də yaxın mərhələdə açıq diplomatik böhrandan çox, idarəolunan gərginlik görəcəyik. Yəqin ki, ABŞ İranla tam və yekun razılaşmaya yox, mərhələli və müvəqqəti anlaşmaya gedəcək. İsrail bu prosesi açıq şəkildə dağıtmağa çalışmayacaq, amma Livan, Hizbullah və İranın nüvə proqramı mövzularında öz “hərəkət azadlığı”nı qorumağa çalışacaq. Netanyahu hökuməti isə daxili auditoriyaya “biz ABŞ-a baxmayaraq İsrailin təhlükəsizlik maraqlarını qoruyuruq” mesajı verəcək.

İbrahim razılaşmalarının gələcəyinə gəlincə, ərəb ölkələri İsraillə yaxınlaşmanı təhlükəsizlik və iqtisadi maraqlara görə qəbul etmişdilər. Əgər ABŞ İranla yumşalma xəttinə keçir və regionda hərbi yükü azaltmaq istəyirsə, Körfəz ölkələri də yalnız İsrail xəttinə bağlanmaq istəməyəcəklər. Onlar Tehranla da danışacaq, Vaşinqtonla da, Təl-Əvivlə də. Bu isə İsrailin “anti-İran blokunun təbii lideri” olmaq iddiasını zəiflədir. ABŞ artıq İsrailin regional ambisiyalarının limitsiz təminatçısı kimi davranmaq istəmir. Vaşinqton üçün Çin, enerji təhlükəsizliyi, daxili siyasi balans və qlobal resurs bölgüsü İsrailin taktiki narahatlıqlarından daha böyük prioritetdir. İsrailin bugünkü həyəcanı təhlükəsizlik qorxusundan çox, status-kvonun itirilməsi qorxusudur. Yaxın Şərqdə isə yeni mərhələ başlayıb. Artıq burada heç kim köhnə müttəfiqlik şablonları ilə hərəkət etmir. ABŞ öz qlobal maraqlarını düşünür, İran nəfəs almağa çalışır, ərəb ölkələri öz təhlükəsizlik arxitekturasını yenidən qurur, İsrail isə indiyə qədər sahib olduğu xüsusi mövqenin zəifləməsi ilə üz-üzədir. Odur ki, bu hadisə sadəcə “ABŞ-İran razılaşması” deyil, İsrailin regiondakı siyasi monopoliyasının sınağa çəkilməsidir".

Cavanşir Abbaslı
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR