İnsanlara hürriyət, millətlərə istiqlal!

Moskva "göz yaşları tökür"-Qərb buna inanacaqmı?

917 19.06.2026 23:09 Dünya A A

Rusiya son aylarda Avropa ilə "barışmaqda" maraqlı olduğunu hər addımbaşı büruzə verir. Prezident Vladimir Putinin müxtəlif platformalarda səsləndirdiyi “danışıqlara hazırıq” bəyanatları bu dəfə Kremlin sözçüsü Dmitri Peskovun dili ilə bir daha təkrarlanıb. Onun sözlərinə görə, Moskva Avropa ilə əlaqələrin bərpasında maraqlıdır və münasibətlərin kəsilməsi təşəbbüsü Rusiyadan qaynaqlanmayıb.

Ukrayna müharibəsindən sonra kəskinləşən Rusiya-Qərb qarşıdurması fonunda bu açıqlama yeni suallar doğurur.

Moskva ilə Brüssel arasında buzlar əriməyə başlayır, yoxsa bu, sadəcə diplomatik ritorikanın növbəti mərhələsidir? Avropa Rusiyaya qarşı sanksiya siyasətini davam etdirərkən, Kreml hansı real danışıqlar formatını nəzərdə tutur? Tərəflər arasında etimad böhranı bu qədər dərinləşmişkən, “dialoq” nə qədər mümkündür?

6ennzjb86pk0fpoukqci.jpg (50 KB)

Politoloq Əli Orucov Musavat.com-da bunun gözlənilən olduğunu söylədi: "Moskvanın son dövrlər müharibənin tənzimlənməsi ilə bağlı "dialoq" çağırışları təsadüfi deyil. Hər dəfə təmaslardan qaçan, yaxud müxtəlif bəhanələrlə yayınan Rusiya birdən-birə yumşalaraq "danışıqlara hazır olduğunu" deməsi əslində hərbi güc balansının Kiyevin xeyrinə dəyişməsidir. Eyni zamanda tətbiq olunan sanksiyaların özünün daha çox təsirini göstərməsidir. Bu gün Rusiyanın paytaxt da daxil olmaqla heç bir bölgəsi təhlükəsiz deyil və Ukrayna dronlarının hücumlarından effektli şəkildə qoruna bilmir. Axır zamanlar Moskvanın hücumlara məruz qalması və bu hücumların intensivləşməsi Kremli təşvişə salmaqdadır.

Artan təzyiqlər və dərinləşən iqtisadi-siyasi böhran Rusiya cəmiyyətində də Putin hakimiyyətinə qarşı etirazları və narazılıqları genişləndirir. Baxmayaraq ki, bunun qarşısını hakimiyyət repressiv üsullarla almağa və xalqı xof altında saxlamağa çalışır. Putin anlayır ki, müharibənin Rusiyanın daha dərinliklərinə və geniş nüfuz etməsi ciddi fəsadlar doğurur. Və qarşıya qoyduğu hədəf və məqsədlərdən də hər keçən gün uzaqlaşır. Diqqətçəkən bir məqam da Çinin əvvəlki tək Rusiyaya dəstək verməməsi, öz maraqlarını daha çox təmin etməsi kontekstindən çıxış etməsidir. G7 zirvə görüşündə liderlər Kremlin gözləntilərinin əksinə olaraq birlik nümayiş etdirdilər. Tramp da Rusiya-Ukrayna müharibəsi ilə bağlı sənədə imza ataraq həmrəyliyini göstərməklə yanaşı, əvvəlki mövqeyində edilən dəyişikliyi göstərmiş oldu. Moskvanın danışıqlarla bağlı verdiyi mesaj məcburiyyətdən doğan mesajdır. Düşünürəm ki, Rusiya küncə sıxışdırılıb, ancaq bu minvalla bir qədər taymaut götürəcəyinə ümid edir. Rusiyanın müharibənin dinc nizamlanmasına hələ tam hazır olmadığı qənaətindəyəm. Ona görə də Putin hakimiyyətinə qarşı bütün platformalarda və sahələrdə təzyiqləri, həmçinin hücumların kəsərini daha da artırmaq lazımdır. Rusiyanı danışıqlar masasına oturtmağın və kompromisə məcbur etməyin ən optimal yolu budur".

Cavanşir Abbaslı
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR