İnsanlara hürriyət, millətlərə istiqlal!

Çingiz Əsgərov sərt danışdı – “Bu, hüquq deyil, siyasi sifarişdir”

3257 19.06.2026 21:06 Siyasət A A

İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (AİHM) “V.T. və digərləri Azərbaycana qarşı” işi üzrə 18 iyun 2026-cı il tarixli qərarı Azərbaycanda ciddi narazılıq doğurub. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov qərarı “ədalətsiz, qərəzli və beynəlxalq hüququn əsas prinsiplərinə zidd” adlandıraraq sərt bəyanatla çıxış edib.

Rəsmi Bakının mövqeyinə görə, AİHM bu işdə faktları hərtərəfli araşdırmadan, cəmi üç şəxsin ifadəsinə və qondarma separatçı rejimin hazırladığı materiallara əsaslanaraq Azərbaycanın Avropa Konvensiyasını pozduğu qənaətinə gəlib.

Ən ciddi etirazlardan biri isə məhkəmənin qərarında istifadə olunan terminologiya ilə bağlıdır. Çingiz Əsgərov bildirib ki, AİHM yenidən Azərbaycanın beynəlxalq səviyyədə tanınmış suverenliyi və ərazi bütövlüyü ilə ziddiyyət təşkil edən ifadələrə yer verib. Qərarda “Azərbaycanla DQR arasında təmas xətti”, “DQR ordusu”, “DQR prokurorluğu”, “DQR ombudsmanı” kimi ifadələrin işlədilməsi Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik kimi qiymətləndirilir.

“Çıraqov” qərarı yada salındı

Azərbaycan tərəfi xatırladır ki, AİHM-in 2016-cı ildə qəbul etdiyi “Çıraqov və digərləri Ermənistana qarşı” qərarında Qarabağın və ətraf rayonların Ermənistanın faktiki nəzarəti altında olduğu açıq şəkildə təsbit edilmişdi. Həmin qərarda Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərində yerləşdirildiyi, işğalçı rejimin Ermənistanın siyasi, hərbi və maliyyə dəstəyi hesabına fəaliyyət göstərdiyi vurğulanmışdı.
Bu baxımdan rəsmi Bakı sual edir: əgər AİHM özü vaxtilə həmin ərazilərin Ermənistanın faktiki nəzarəti altında olduğunu tanıyıbsa, necə olur ki, indi eyni ərazilər “DQR” kimi təqdim edilir?

Ermənistan vətəndaşı niyə Azərbaycan ərazisində xidmət keçirdi?

Bəyanatda xüsusi diqqət çəkilən məqamlardan biri də hadisədə iştirak edən şəxslərdən birinin Ermənistan vətəndaşı olmasıdır. Azərbaycan tərəfi bildirir ki, Ermənistan ərazisində doğulmuş və Ermənistan vətəndaşı olan hərbçinin hansı əsasla Azərbaycanın suveren ərazisində hərbi xidmət keçməsi məsələsi ümumiyyətlə araşdırılmayıb.
Rəsmi Bakı hesab edir ki, məhz bu sualın cavabı araşdırılsaydı, məhkəmə beynəlxalq humanitar hüququn normalarını tətbiq etməyə məcbur qalardı və iş üzrə nəticə tamamilə fərqli ola bilərdi.

Sübutları kim təqdim edib?

Azərbaycan tərəfi daha bir ziddiyyətə diqqət çəkir. Qərarda hadisələrin guya “DQR ərazisində” baş verdiyi, araşdırmanın “DQR dövlət orqanları” tərəfindən aparıldığı qeyd olunsa da, iş materiallarının Avropa Məhkəməsinə məhz Ermənistan hökuməti tərəfindən təqdim edildiyi vurğulanır.
“Əgər söhbət müstəqil qurumdan gedirdisə, niyə sübutları həmin qurum deyil, Ermənistan Respublikası təqdim edib?” – deyə bəyanatda sual olunur.

“Məhkəmə Ermənistanın narrativini qəbul edib”

Çingiz Əsgərov hesab edir ki, qərar faktların birtərəfli təqdimatına əsaslanır. Onun sözlərinə görə, AİHM ərizəçilərin və Ermənistan hökumətinin təqdim etdiyi versiyanı qəbul edib, lakin Azərbaycanın həmin dövrdə faktiki nəzarəti altında olmayan ərazilərdə baş verdiyi iddia edilən hadisələri araşdırmaq imkanlarının məhdudluğunu nəzərə almayıb.

Bəyanatda qeyd olunur ki, Ermənistan və separatçı rejimə aid materiallar etibarlı sübut kimi qəbul edildiyi halda, Azərbaycanın təqdim etdiyi arqumentlər lazımi səviyyədə qiymətləndirilməyib.

Kompensasiya qərarı da narazılıq doğurdu

Rəsmi Bakı AİHM-in təyin etdiyi kompensasiya mexanizmini də tənqid edir. Bildirilir ki, oxşar işlərdə kompensasiya ailə üzvlərinə birgə təyin olunduğu halda, bu işdə eyni ailənin hər bir üzvünə ayrıca kompensasiya müəyyən edilib.

Azərbaycan tərəfinin fikrincə, bu yanaşma məhkəmənin formalaşmış presedent hüququndan kənara çıxması və qərarın hüquqi prinsiplərdən çox emosional yanaşma əsasında qəbul edilməsi təəssüratı yaradır.

“AŞPA-nın siyasi oyunlarına qoşulub”

Bəyanatın ən sərt hissəsində isə Avropa Məhkəməsinin qərəzsizliyi sual altına alınır. Çingiz Əsgərov bildirir ki, belə qərarlar AİHM-in Avropa Şurası Parlament Assambleyasındakı anti-Azərbaycan mövqelərlə uzlaşdığını göstərir.

Onun sözlərinə görə, məhkəmənin bu yanaşması Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi ilə barışmamaq və müxtəlif hüquqi mexanizmlər vasitəsilə Bakıya təzyiq göstərmək cəhdi kimi görünür.
Azərbaycanın AİHM yanında səlahiyyətli nümayəndəsi vurğulayıb ki, “V.T. və digərləri Azərbaycana qarşı” işi üzrə qərarın nəticələri qəti şəkildə rədd edilir və bu qərara qarşı bütün mümkün hüquqi və prosessual vasitələrdən istifadə olunması nəzərdən keçiriləcək.

Beləliklə, AİHM-in növbəti Qarabağla bağlı qərarı təkcə hüquqi müstəvidə deyil, həm də siyasi müstəvidə yeni mübahisələrin başlanğıcını qoyub. Azərbaycanın mövqeyi aydındır: rəsmi Bakı bu qərarı hüquqi sənəd deyil, siyasi çalarlar daşıyan və ölkənin suverenliyinə toxunan sənəd kimi qiymətləndirir.

E.Məmmədəliyev,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR