İnsanlara hürriyət, millətlərə istiqlal!

Qırmızı attestat və diplomların imtiyazları niyə yoxdur? - ilginc açıqlamalar

443 01.08.2024 10:05 Təhsil A A

“Tanışlıq və tapşırıqla belə sənədləri almağa çalışacaqlar, ona görə də fərqin yaranmasının tərəfdarı deyiləm”

Ali məktəblərə ixtisas seçimi başlayıb. Abituriyentlər böyük həyəcanla təhsil alacaqları universitetlərin axtarışına çıxıblar. Eyni zamanda orta məktəb məzunlarına attestların təqdim edilməsi dövrüdür. Sosial şəbəkələrdə insanlar övladlarının, yaxud şagirdlər özləri qırmızı attestlarını paylaşır və sevinclərini bölüşürlər. Maraqlıdır, qırmızı attestatın göy attestatdan üstünlüyü nədədir? Nəzərə alsaq ki, SSRİ dönəmində qırmızı attestatın, qızıl medalın böyük imtiyazı vardı. Bəs indi necə, ali təhsilə keçiddə, yaxud işə qəbulda bu üstünlüklər qalırmı? Qırmızı diplom işə qəbulda hansısa rolu oynayırmı? Əgər diplomların faktiki üstünlüyü yoxdursa, niyə bu fərqlilik hələ də mövcuddur?

Məsələyə təhsil ekspertlərinin şərhi ilə aydınlıq gətirməyə çalışmışıq. 

Təhsil məsələləri üzrə mütəxəssis  Elçin Əfəndi deyir ki, fərqlənmə diplomu və attestat  hazırda hansısa bir üstünlük daşımır. 

Fayl:Elçin Efendi.jpg — Vikipediya

Elçin Əfəndi 

“Qırmızı diplom magistraturaya qəbul zamanı rəqabət mühitində bir işə yarıya bilər. Ancaq qırmızı diplomu olan şagirdin birbaşa ali məktəbə qəbul olunmaq kimi şansı yoxdur. Bunun olmasının da tərəfdarı deyiləm. Çünki bizim cəmiyyətimiz üçün bu, hələ keçərli deyil. Elə bir vəziyyət yaransa, fürsətdən istifadə edən kifayət qədər vətəndaş ortalığa çıxacaq. Valideynlər qırmızı diplomu və attestatı əldə etmələri üçün  rüşvətə əl atacaqlar. Tanışlıq və tapşırıqla belə sənədləri almağa çalışacaqlar. Ona görə də  belə fərqin yaranmasının o qədər də tərəfdarı deyiləm.  

Sovet dövründə bu cür sənədlərin üstünlüyü var idi.  Çünki həmin vaxtlarda insanlar risk edib rüşvət almırdı, formal  olaraq qiymət yazmırdı. Ona görə də müsabiqələrdə qırmızı attestatları olana bir səviyyə üstünlük verilirdi.  

Bu səbəbdən qırmızı diplom məsələsinə önəm verməyin mənası yoxdur. O zaman qırmızı diplom dəyər daşıyar ki, həmin sənədlərə sahib olan şəxslərə işə qəbul  imtahanına girmədən bir başa vakansiya yerlərinə buraxılsınlar. Və yaxud da qırmızı attestatı olan şəxslər imtahansız ali təhsil müəssisələrinə qəbul olunsunlar. Formal xarakterli qiymətləndirmə, tanışlıq, tapşırıq olmazsa, qırmızı diplom uğrunda mübarizəyə dəyər. Hazırkı vəziyyətdə diplomun içərisindəki qiymətlər real biliyi əks etdirmirsə, hansı rəngdə olmasının mənası qalmır". 

Ekspertin sözlərinə görə, Azərbaycandan fərqli olaraq bir sıra ölkələrdə qırmızı diplom və attestatlara xüsusi dəyər verilir: “Əksər ölkələrdə cəmiyyət qəbullanır ki, kimsə məktəbi və ya universiteti fərqlənmə ilə bitirbsə, onun əldə etdiyi diplom və ya attestat həqiqi biliyi əks etdirir. Ona görə də o şəxslərə müvafiq imtiyazlar  tanınır. İş, yaxud müsabiqə mərhələsində  nəzərə alınırlar. Və yaxud da hansısa istiqamət üzrə yönlənəndə onu müsbət sənəd kimi dəyərləndirirlər.  Bizim cəmiyyətdə isə bu, qeyri-realdır. Çünki hələ də ona hazır deyilik. Bizdə o tətbiq edilsə, məktəb direktorlarına rüşvət veriləcək ki, "sən Allah uşağa qırmızı attestat ver". Hər şeyi pul ilə həll edəcəklər. Azərbaycanda ola bilsin ki, kimsə həqiqi biliyi ilə qırmızı diploma sahib olsun. Amma bu qism çox azdır.  Qalan hallarda rüşvət rol oynayır".   

İlqar Orucov: Qalib Azərbaycan dövləti elm adamlarının üzərinə böyük  vəzifələr qoyur - AZƏRTAC

 İlqar Orucov 

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, fəlsəfə doktoru İlqar Orucov bildirir ki, şagirdin məktəbi hansı diplomla bitirməsi  sadəcə olaraq onun şəxsi işində qeyd olunur: “Tanıdığım insanlardan biri orta məktəbi qızıl medalla bitirmişdi.  Daha sonra təhsilini Almaniyada davam etdirdi. Orada bakalavr, magistr təhsili aldı.  O mənə etiraf edərək bildirdi ki, Azərbaycanda aldığı qızıl  medalın onun üçün heç bir üstünlüyü olmayıb. 

Yaxşı oxuyan şagirdi fərqləndirmək,  stimullaşdırmaq üçün qiymətləndirmənin  bu formada təşkil olunması başa düşüləndir. Amma əmək bazarında  qızıl medal və ya qırmızı attestat keçərli deyil. 

Mən sovet dövründə universiteti qırmızı diplomla bitirmişdim. Aspiranturaya qəbul zamanı rəqabət yarandığı üçün mənim diplomuma üstünlük verildi.  Hazırda da doktoranturaya qəbul zamanı bakalavr və magistraturanı fərqlənmə ilə bitirmisənsə və bir yerə bir neçə nəfər sənəd veribsə, o zaman  bu nəzərə alınır".  

Şəhanə RƏHİMLİ,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR