İnsanlara hürriyət, millətlərə istiqlal!

“Topun ağzında olmaq”: Donuz piyi ilə yağlanan silahlar və parçalanan bədənlər – DƏHŞƏTLİ TARİX

856 01.08.2024 11:46 Maraqlı A A

Gündəlik həyatımızda müxtəlif situasiyalarda bir az ciddi, bir az yumorlu məsəllərdən istifadə edirik. Bu məsəllər adətən baş vermiş bir hadisə, faciə ilə bağlı olur. Bəzən isə deyimlər sərhədləri aşaraq geniş coğrafiyalara yayılır. Məsələn, türk dövlətlərində daha çox Molla Nəsrəddinin replikalarından istifadə olunur. Və yaxud da tarixində çox dəhşətli aclıqla və qıtlıqla üzləşən Çində “necəsən” sözünün hərfi mənası “bu gün düyü yemisən?” mənasını verir.

Movzumuz daha çox türkiyəli qardaşlarımızın istifadə etdiyi “topun ağzında olmaq” ifadəsi haqqında olacaq. Deyimin mənası təhlükəyə ən yaxın yerdə olmaq, bir problem yarananda günahlandırlan ilk şəxs hesab edilməkdir. Bəs bunun tarixi nə ilə bağlıdır?

WhatsApp Image 2024-08-01 at 11.28.11.jpeg (298 KB)

İndiki Hindistan, Şri-Lanka, Myanma, Yava, Böyük Britaniyanın Malayya və Sinqapurdakı mülkəri orta hesabla 100 ilə yaxın Britaniya Hindistanı adı altında öncə Ost-Hind şirkətinin, sonra Britaniya imperiyasının hakimiyyəti altında qalıb.

Afrikada olduğu kimi, bu ərazilərdə də müstəmləkəçilik olduqca ağrılı və məşəqqətli keçib. Bütün qayəsi yalnız büdcəni qanlı pullarla doldurmaq olan ingilislər yerli xalqların mənəvi-tarixi dəyərlərinə əsla hörmət göstərməyib, zülmü hər gün bir az da artırıblar.

Müstəmləkə zülmü Hindistanda yaşayan bütün zümrələrə həyatı “zindan etmişdi”. 19-cu əsrin ortalarında acınacaqlı vəziyyət daha da ağırlaşır. Kəndlilərin üzərinə o qədər vergi qoyulmuşdu ki, onlar bu vergiləri heç cür ödəyə bilmirdilər və nəticədə bütün kəndlilər torpaq sahələrini itirdilər.

WhatsApp Image 2024-08-01 at 11.26.52.jpeg (12 KB)

Ölkə iqtisadiyyatı tamamilə ingilis mallarının monopoliyasına məğlub oldu. Ölkədə yalnız ingilis malları satışa çıxarılırdı və bu yerli istehsalı tamamilə iflic etmişdi. Hind sənətkarlar ingilis malları ilə rəqabətə davam gətirə bilməyib müflis olurdular. İşğaldan öncə brahmanların vergi güzəştləri var idi. 19-cu əsrin ortalarında artıq bu güzəşt də ləğv olunmuşdu. Sipahilər (ağır zirehli süvari əsgər) Beqaliyadan kənarda vuruşduqlarına görə əlavə maaş alırdılar. Artıq onlar da həm bu əlavə maaşdan, həm də başqa imtiyazlardan da məhrum edilmişdilər. Hətta iri feodalların da əllərindən torpaq və mülklər alınırdı. Aparılan uğursuz siyasət ölkədə dini ədavətləri və kastalar arasındakı rəqabət və düşmənçiliyi artırırdı.

Ost-Hind şirkəti bir sözlə Hindistanın bütün təbəqə və zümrələrini hiddətləndirirdi. Ölkədə Sipahilər üsyanı (1857-1859) başladı. Üsyanın hərəkətverici qüvvəsi icma-kəndlilər və şəhər sənətkarları, hərbi qüvvəsi əsasən əkinçi kastalardan təşkil olunan benqal ordusunun sipahi alayları idi. Üsyana feodallar başçılıq edirdi. Eyni zamanda orduda xidmət edən müsəlmanlar və induslar da qoşulmuşdular. Onları narazı salan məsələ isə donuz piyi ilə yağlanan silahdan istifadəyə məcbur edilmələri idi. Belə ki, silahın quruluşu onların donuz yağı vurulmuş hissəni ağızları ilə açmağa məcbur edirdi. Bu isə həm induslar, həm də müsəlmanlar üçün qəbuledilməz idi.

WhatsApp Image 2024-08-01 at 11.26.53 (1).jpeg (9 KB)

Üsyan geniş vüsət alsa da, pərakəndə təşkil olunmuşdu və vahid mərkəzdən idarə olunmurdu. Üsyana başçılıq edən feodalların amalı ölkənin azadlığı deyil, öz şəxsi mülklərini geri almaq idi. Üstəlik döyüşçülərin hərbi bacarıqları zəif idi və daha çox müdafiə olunmağa məcbur idilər. Üsyanın gedişində artıq rəhbər feodallar ingilislər tərəfə keçdilər. Və nəticədə məğlubiyyət qaçılmaz oldu. Üsyan məğlub olsa da, nəticəsiz olmadı. Ən azı ölkədə hər kəsin qəzəbini və nifrətini qazanan Ost-Hind şirkəti ləğv olundu.

Qatil şirkət ləğv olmadan öncə ələ keçirdiyi üsyançıları insan ağlına sığmayan işgəncə ilə öldürürdü. Belə ki, “günahkar” topun ağzına qoyularaq, əlləri topun hər iki tərəfindəki təkərlərin halqalarına bağlanılır və bərkidilirdi. 6-12 kilo qara tozla istifadə edilən mis topun lüləsinin içindəki təzyiqlə atmosfer təzyiqi arasında 1000 dəfəyə qədər fərq olduğu üçün ağzında insan bədəni yerinə polad təbəqə olsa belə, parçalanırdı.

WhatsApp Image 2024-08-01 at 11.26.53.jpeg (10 KB)

Çox adam bu ağlasığmaz edam üsulunu Ost-Hindin ilk dəfə Sipahilər üsyanı zamanı istifadə etdiyini düşünür, amma edamın “tarixi” bir az da öncəyə gedib çıxır. Belə ki, Moğol imperiyasında da xüsusən siyası məhkumların edamı zamanı bu üsuldan istifadə olunurdu.

Ümumiyyətlə, nəinki “topun ağzında olmaq” məsəlini, yaxşı olar ki, elə bütün deyimlərdən istifadə edərkən tarixi köklərini araşdırmaq daha faydalı olar...

Şahanə Rəhimli,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR