Ötən gün Muğanlı–İsmayıllı avtomobil yolunun 8-ci kilometrliyində 1994-cü il istehsalı olan, AZ 10 VL 923 dövlət qeydiyyat nişanlı “Mitsubishi” markalı yük avtomobilinin aşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Musavat.com xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.
Məlumatda xüsusi vurğulanır ki, texniki təhlükəsizlik baxımından istismara yararsız nəqliyyat vasitələrinin yollarda hərəkəti ciddi təhlükə mənbəyidir. Nəzərə almaq lazımdır ki, belə nəqliyyat vasitələrinin istismarı ildən-ilə daha da çətinləşir. Bir çox hallarda istehsaldan çıxarılmış modellərin ehtiyat hissələrinin istehsalı da dayandırıldığı üçün avtomobilin texniki cəhətdən saz vəziyyətdə saxlanılması mümkün olmur. Bu isə həm nəqliyyat vasitəsinin etibarlılığına, həm də yol hərəkəti təhlükəsizliyinə birbaşa mənfi təsir göstərir.
Bildirilib ki, xüsusilə dağlıq və mürəkkəb relyefə malik yollarda hər hansı texniki nasazlıq daha ağır nəticələrə səbəb ola bilər. Başqa sözlə, eyni nasazlıq sadə yol şəraitində nisbətən az fəsad törədərsə, enişli-yoxuşlu və ya sərt döngəli yollarda daha ağır qəzalar üçün zəmin yarada bilər.
Nəzərə alınmalıdır ki, texniki vəziyyəti təhlükəsizlik tələblərinə cavab verməyən nəqliyyat vasitələrinin istismarı həm sürücü və sərnişinlər, həm də digər hərəkət iştirakçıları üçün real təhlükə yaradır.
BDYPİ nəqliyyat vasitəsi sahiblərinə avtomobillərin texniki vəziyyətinə məsuliyyətlə yanaşmağı, aşkar olunan nasazlıqları vaxtında aradan qaldırmağı və təhlükəsizlik baxımından risk yaradan nəqliyyat vasitələri ilə yola çıxmamağı tövsiyə edir.
Baş Dövlət Yol Polisi İdarəsinin son müraciəti bir daha diqqəti Azərbaycanın köhnəlmiş avtomobil parkına yönəltdi. Bəs Azərbaycan vətəndaşı niyə hələ də 15–20 illik avtomobil almağa məcbur qalır?
Bu sualın cavabını anlamaq üçün regionda ən çox alınıb-satılan modellərdən biri olan 2015-ci il istehsallı “Toyota Corolla”nı nümunə seçdik.
Təsəvvür edək ki, söhbət 2015-ci il istehsalı, texniki vəziyyəti normal olan “Toyota Corolla”dan gedir. Gürcüstanda belə avtomobil orta hesabla 6,5–7,5 min ABŞ dolları aralığında təklif olunur. Ermənistanda qiymət təxminən 7,5–8,5 min dollar civarındadır. Azərbaycanda isə eyni model bazarda çox vaxt 16–18 min manat, yəni təxminən 9–10,5 min dollar aralığında alıcılara təqdim edilir.
Beləliklə, Azərbaycan alıcısı eyni avtomobilə görə əksər hallarda Gürcüstan vətəndaşından 2–3 min dollar, bəzən isə daha artıq vəsait ödəməli olur.
Gürcüstan uzun illərdir ki, Cənubi Qafqazda avtomobil idxalı və re-eksport mərkəzi rolunu oynayır. ABŞ, Yaponiya və Avropadan gətirilən avtomobillər Batumi və Poti limanlarına daxil olur. İdxal prosedurları sadə, rüsumlar isə nisbətən aşağıdır. Bazarda sərt məhdudiyyətlər tətbiq edilmir. Nəticədə ABŞ hərraclarında 5–6 min dollara alınan “Corolla” bütün xərclərlə birlikdə Gürcüstanda təxminən 7–8 min dollara alıcıya çatır.
Təsadüfi deyil ki, uzun illər Azərbaycan və Ermənistan vətəndaşları avtomobil almaq üçün məhz Tbilisiyə üz tutublar.
Ermənistanın üstünlüyü isə əsasən Avrasiya İqtisadi İttifaqına üzvlükdən qaynaqlanır. Bu çərçivə bəzi idxal əməliyyatlarını sadələşdirir və müəyyən hallarda gömrük yükünü azaldır. Eyni zamanda, son illərdə ölkəyə ABŞ-dan gətirilmiş və təmir olunmuş çoxsaylı avtomobillərin daxil olması bazarda təklifi artırıb.
Nəticədə Yerevan bazarında “Toyota Corolla”nın qiymətləri nisbətən stabil qalır və çox vaxt Gürcüstandan bir qədər baha, Azərbaycandan isə ucuz olur.
Azərbaycanda isə qiymətlərin yüksək olmasının əsas səbəbi idxal zamanı tətbiq edilən vergi və rüsum yüküdür. Ölkəyə avtomobil gətirilərkən gömrük rüsumu, əlavə dəyər vergisi, aksiz vergisi, broker xidmətləri və logistika xərcləri son qiyməti ciddi şəkildə artırır.
Məsələn, ABŞ-da 6–7 min dollara alınan “Toyota Corolla”nın qiyməti Gürcüstanda 7–8 min dollara, Ermənistanda 8,5–9 min dollara, Azərbaycanda isə 9–11 min dollar ekvivalentinə qədər yüksəlir.
Bu fərq birbaşa yerli bazara da təsir edir və qiymətləri yüksək səviyyədə saxlayır.
Nəticədə Azərbaycanda avtomobil parkının böyük hissəsi yaşı 10 ildən çox olan nəqliyyat vasitələrindən ibarətdir. Bunun əsas səbəblərindən biri yeni və ya nisbətən yeni avtomobillərin əhali üçün əlçatmaz qiymətlərə satılmasıdır.
Paradoks ondadır ki, regionda iqtisadi potensialı yüksək olan ölkələrdən biri hesab edilsə də, Azərbaycan vətəndaşı eyni avtomobili almaq üçün qonşularından daha çox xərc çəkməli olur.
Buna görə də bazar köhnə avtomobillərə yönəlir, ölkənin avtoparkı qocalır, texniki risklər artır və bu da yol təhlükəsizliyinə birbaşa təsir göstərir.
E. Məmmədəliyev
Musavat.com






