İnsanlara hürriyət, millətlərə istiqlal!

Qərbin Bakıda təxribat planları start götürdü - TIR sürücüsünə canıyananlıq, yoxsa...

6825 18.02.2022 01:48 Son xəbər A A

Bir neçə gün öncə “Yeni Müsavat” qəzetində dərc edilmiş “Azərbaycan yenə hədəfdə: Qərbin yeni “inqilab planı”na Bakıdan reaksiya” başlıqlı məqalədə anti-Azərbaycan dairələrin ölkəmizlə bağlı yeni “inqilab” ssenariləri üzrə çalışmalarından bəhs edilirdi.

Yenə də söhbət ABŞ Milli Demokratiya İnstitutunun (NDI) (Amerikanın digər qlobal fondu “NED”in (Demokratiyaya Dəstək Milli Fondu) 4 “peyki”ndən biridir), PİN-in, “Freddom House”nin təxribatçı davranışlarından gedir..

Yazının linki: https://musavat.com/news/azerbaycan-yene-hedefde-qerbin-yeni-inqilab-plani-na-bakidan-reaksiya_867924.html

Artıq bu gecədən bəlli prosesin icrasına başlamaq cəhdlərini sezmək mümkündür. Detallar barədə az sonra...

İlk olaraq yeni “inqilab planı”nın nədən ibarət olmasına dair xatırlatma verək: Bu haqda bir neçə gün öncə haqqın.az portalı yazmışdı. Sayt informasiyalara əsaslanaraq diqqətə çatdırıb ki, “NED” 2022 planlarında Azərbaycan üçün xüsusi vəsait ayrılıb, Amerika pulları Gürcüstanda nağdlaşdırılır və oradan Bakıdakı müxalifətçilərə daşınır, təşkilat intellektual və yaradıcı gənclikdən yeni inqilabi sosial baza formalaşdırmaq məqsədi güdür: “İlham Əliyevin 17 illik hakimiyyəti dövründə - həm 2005, 2013, 2015-ci illərdə Qərb hakimiyyətin gözdən salınması, rəngli inqilabların təşkil olunması, çoxsəviyyəli narazı elektoratın formalaşdırılması üçün ardıcıl və sistemli fəaliyyət həyata keçirib. Bunları isə müxtəlif fondlar QHT-lərin dəstəyi ilə reallaşdırmağa çalışıblar”.

Haqqın.az portalında dərc edilən məqalədə qeyd olunur ki, "NED" Azərbaycan hakimiyyəti əleyhinə növbəti təxribat strategiyasını maliyyələşdirmək üçün xüsusi proqram hazırlayıb: Təşkilat hesabatında Azərbaycandakı yeni etirazçı QHT-lərin fəaliyyət göstərəcəyi istiqamətləri açıqlayıb. Hakimiyyət mənbələrindən alınan məlumata görə, amerikalılar etirazçı qüvvələrin əvvəlki, 2010-2015-ci illərdəki maliyyələşmə sistemini bərpa etməyi planlaşdırır, intellektual və yaradıcı gənclikdən yeni inqilabi sosial baza formalaşdırmaq, bölgələrdə siyasi aktivliyi artırmaq məqsədi güdür, “korrupsiya ilə mübarizə” kimi populyar sosial şüarla mübarizəni gücləndirməyə və yalançı faktoloji baza əldə etməyə, tenderlər üzərində nəzarəti artırmağa və bununla da yeni yaradılan vətəndaş cəmiyyəti üçün “korrupsiyaçı və anti-xalq hakimiyyətlə ədalətli mübarizə”nin yeni gündəliyini, ideya-siyasi əsasını hazırlamağa çalışır" deyə, qeyd olunur. İddia olunur ki, ‘’NED’’ təşkilatın 2022 planlarında Azərbaycan üçün xüsusi vəsait ayrılıb. Amerika pulları Gürcüstanda nağdlaşdırılır və oradan Bakıdakı müxalifətçilərə daşınır.

O da bildirilir ki, bu planlarda “NED”lə yanaşı, Azərbaycan əleyhinə fəaliyyəti ilə tanınan liberal “Freedom House”, habelə etirazların nüvəsinin - gəncliyin siyasi aktiv kəsiminin - fəallaşdırılması və ardınca hakimiyyətin dəyişdirilməsi ssenarisini hazırlamaq işinə cəlb edilən Çexiyanın PIN təşkilatı iştirak edir. ABŞ xüsusi xidmət orqanları ilə sıx əlaqədə olan məhz bu üç Qərb QHT-si dekabrın 10-da, Vaşinqtonda ilk “Demokratiya sammiti” keçirilən vaxt Belqradda Azərbaycandakı vəziyyətlə bağlı müşavirə təşkil edib. Tədbirin sponsoru NED, təşkilati dəstəkçiləri isə “Freedom House” və PIN olub. Diqqət çəkən odur ki, tədbir də, dinləmələr də KİV və sosial şəbəkələrdə əksini tapmayıb, məsləhətləşmələr isə daha çox məxfi xarakter daşıyıb...

İndi isə qayıdaq yuxarıda bu planın icrasına start verilməsinə dair yuxarıda verdiyimiz qeydə. Fevralın 17-də səhər saatlarında Bakının mərkəzində TIR sürücülərinin aksiya keçirməsi ilə bağlı məsələ axşam saatlarında siyasilədirilməyə başladı.

etiraz_foto.jpg (51 KB)

Nəzərə çatdıraq ki, TIR sürücüsünün etirazına səbəb olan məsələni aidiyyəti dövlət orqanları nəzarətə götürüblər, səbəblər araşdırılır.
Düzdür, aidiyyəti orqanlardan verilən ilkin açıqlamalar, məsələnin yalnız sürücünün üzr istəməsi ilə başa çatması kimi təqdim edilməsi ictimai rəydə məqbul hesab edilmir.

Obyektiv yanaşmalarla, dövlətçilik maraqları ilə hər zaman qeyd etmişik, bir daha vurğulayaq ki, vətəndaşların problemlərinin yerindəcə həlli mexanizmləri hər bir dövlət qurumunun, məmurun prioriteti olmalıdır. Ancaq görünən budur ki, aparılan islahatlara uyğunlaşa bilməyən bəzi məmurlar öz işlərini doğru qura bilmir, vətəndaşlarla normal davranmır. Prezident İlham Əliyevin məmurlara dönə-dönə, sərt tapşırıqlarından, ölkə boyunca aparılan anti-korrupsiya tədbirlərindən, həbslərdən nəticə çıxarmayanlar da təəssüf ki, qalmaqdadır. Nəticə etibarı ilə bəzi məmurların görməmişliyi, özfəaliyyəti sonunda hökumətə qarşı qıcıq formalaşdırır. Hansısa bir etiraz, xoşagəlməz olayla nəticələnəndə isə bundan sui-istifadə etmək istəyən qüvvələr bəhanə əldə edərək, qızışdırıcı davranışlar sərgiləyirlər. Hər bir vəzifə daşıyıcısı, dövlətini sevən  məmur çalışmalıdır ki, belə bəhanələr verilməsin.

Xüsusi ilə postmüharibə dövründə və indiki həssas məqamda bunlar daha çox nəzərə alınmalıdır...

Xülasə, artıq TIR sürücüsünün məlum etirazının bəzi dairələr tərəfindən və kor-təbii şəkildə siyasiləşdirilməsi prosesinə start verilib. Axşam saatlarında yayılan bir videodan görünür ki, AXCP-yə yaxın olan bir neçə adam polis bölməsinin qarşısına gedərək, TIR sürücüsü məsələsindən bəhrələnərək aksiya keçirir, canlı yayım edirlər.

Maraqlı və müəmmalıdır.

Əlbəttə, onunla da razılaşmamaq mümkün deyil ki, bu aksiya, paytaxtın mərkəzi və streteji əhəmiyyətli yolunun qapadılması ictimai asayişin pozulmasıdır, qanunsuz davranışdır. Asayişin bərpasına cavabdeh olan qurumların etirazın səbəbini aradan qaldırmaq səlahiyyətləri yoxdur, bu onların vəzifəsi deyil. Onların işi, borcu hərəkəti və asayişi bərpa etməkdir. Bunu da ediblər. Təbii, əgər TIR sürücüsü bu əməlinə görə cəzalandırılıbsa, buna onu vadar edən hallar, problemin mahiyyəti də tam araşdırılmalıdır. İnanırıq ki, bu baş verəcək.

Məsələnin siyasiləşdirilməsi isə daha çox maraq və suallar doğurur. Görünən budur ki, Milli Şuraya yaxın, radikal mövqeli, hüquq müdafiəçisi kimi təqdim olunan şəxslər yaranmış durumda gecə ikən öz missiyaları üzrə hərəkətə keçiblər.
Hüquq müdafiə edirlərmi? Bu cür təqdim edilə bilər.

Ancaq şübhəsiz, bu adamların davranışının saxlanılan TIR sürücüsünə zərrə qədər faydası olmayacaq, əksinə, onun vəziyyətini ağırlaşdıra bilərlər. Təbii, bu sürücülər Milli Şuradan dəstək də istəməyib. Qətiyyən o da inandırıcı deyil ki, bu adamları TIR sürücüsünün taleyi əşhədü-narahat edib, durub gəliblər onun dalınca, canıyananlıq edirlər.

O da maraqlıdır ki, çoxdandır AXCP-çilər, Əli Kərimlinin ətrafı və Milli Şuraya bağlı digərləri nə aksiya keçirirdilər, nə piket edirdilər. Hətta 1 il ərzində ölkədə qaz, su, işıq, ərzaq bahalaşanda da onların səsi çıxmırdı. Bütövlükdə xalqa canları yanmayanları bir TIR sürücüsünün saxlanılması belə ciddi narahat etməsi hansı məntiqin məhsuludur, anlamaq çətindir.

Ölkədə hər gün hansısa səbəbdən bir TIR, taksi, avtobus sürücüsü cəzalandırılır, bəzən hansısa hərəkətinə görə saxlanılır. Bunların heç birində aksiya etməyib, birdən-birə yolu bağlayan, hələlik haqlı-haqsız olduğu da dəqiq bilinməyən sürücünün ardınca polis bölməsinə gəlib aksiya keçirməyin hansı anlamı var?!

Bunu xalqa canı yananlıqa deyil, “NED”in planı ilə əlaqələndirmək daha məntiqlidir, ağlabatandır. Ehtimal etmək olar ki, “NDİ” və (ya) “NED”in ayırdığı vəsaitin bir hissəsi Gürcüstanda nəğdləşdirildikdən sonra artıq onlara çatdırılıb.

NED-in 871 578 dollarlıq maxinasiyası

Zaman-zaman belə iddialar da dövriyyədə olub ki, Azərbaycanda müəyyən qruplar xarici təşkilatlardan aldıqları vəsaitin “hesabatını” vermək üçün hansısa bir hadisənin baş verməsini göydə axtarırlar və belə olay baş verəndə özlərini ora yönləndirib, ayrılan pulun bir hissəsini “əridirlər”, hesabatda “filan aksiyaya sərf olundu” deyə, göstərirlər.

Ehtimal və iddia etmək olar ki, TIR sürücüsünün vaqeəsi də bir fürsət kimi dəyərləndirilib: ya planın icrasına buradan başlamaq istəyiblər, ya da yalnızca müəyəyn bir məbləğ “silinməsi” üçün yararlanırlar...

Bir incə detal da ondan ibarətdir ki, “NED”in planlarında yer almış təsiri bağışlayan adamlar 44 günlük Vətən müharibəsində də çatlaq səslər verirdilər, hər gün onlarla şəhid verdiyimiz, torpaqlarımızı azad etdiyimiz bir vaxtda “sülh” çağırışları edirdilər...

Əlbəttə, bu cür adamların yer aldığı məkrli projelər heç bir halda xalqa, o zavallı TIR sürücüsünün özünə də fayda gətirə bilməz.

Ümumiyyətlə, zaman və təcrübə göstərir ki, demokratiya adı altında xarici dairələrin ölkələrə soxulması xalqlara ancaq bədbəxtlik gətirib. Onlarla nümunə var. 

***

Sonda bir daha xatırladaq ki, Prezident İlham Əliyev fevralın 2-də gənclərlə görüşündə bu məsələlər barədə ümumi fikirlər bildirmişdi. Prezident xəbərdarlıq etmişdi ki, Azərbaycanda siyasi vəziyyəti gərginləşdirməyə çalışanlar “yeni üsullar axtarır və hədəf gənclərdir”. “Çünki gəncləri yoldan çıxarmaq hesab edirlər ki, daha asandır. Bu səylər davam edəcək. Nə qədər ki, biz dövlətçiliyin keşiyində dayanmışıq, müstəqil siyasət aparırıq, bu, davam edəcək. Azərbaycan gəncləri əminəm ki, bu fitnələrə heç vaxt uymayacaq. Azərbaycan gəncləri həm mülki həyatda, həm orduda, həm sərhəddə - hər yerdə öz böyüklüyünü dəfələrlə göstərmişlər və əminəm ki, dövlətimizin ləyaqətinin qorunması işində bundan sonra da fəal və uğurlu olacaqlar”, - deyə dövlət başçısı bildirmişdi...

 

Elşad MƏMMƏDLİ
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR