İnsanlara hürriyət, millətlərə istiqlal!

Qərbin anti-Azərbaycan xoruna Aİ də qoşuldu

1284 20.10.2023 12:04 Siyasət A A

Avropa Şurasının Nazirlər Komitəsi və Avropa İttifaqının nümayəndə heyəti Qarabağ erməniləri ilə bağlı ittihamlarla dolu bəyanat qəbul edib; Aİ Brüssel görüşünə zərbə vurdu - Bakıdan sərt reaksiyalar

Avropa Şurasının Nazirlər Komitəsi və Avropa İttifaqının nümayəndə heyəti oktyabrın 18-də Strasburqda keçirilən görüşdə Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı bəyanat qəbul ediblər. “Yeni Müsavat” bildirir ki, Avropa Parlamenti, daha sonra AŞ PA-nın qətnamələrinin ardınca indi də AŞ NK və Aİ birgə qərəzli bəyanatla çıxış ediblər. “Avropa İttifaqı Azərbaycanın 19 və 20 sentyabr tarixlərində keçirdiyi hərbi əməliyyatlardan sonra Qarabağ ermənilərinin kütləvi surətdə köçürülməsi və Laçın dəhlizinin doqquz aylıq blokadası nəticəsində yaranmış son dərəcə çətin vəziyyəti narahatlıqla izləməkdə davam edir. Dağlıq Qarabağın demək olar ki, bütün əhalisi, 100,6 min nəfərdən çoxu Ermənistanda sığınacaq tapıb”, - deyə bəyanatda qeyd olunub.

Bəyanatda deyilir ki, Qarabağda qalanlara və gedənlərə davamlı olaraq maneəsiz humanitar dəstəyin təmin edilməsi son dərəcə vacibdir: “Keçən həftə Avropa Komissiyası 2020-ci ildən bəri verilmiş 20,8 milyon avroya əlavə olaraq 10,45 milyon avro dəyərində humanitar yardım paketi elan etdi. Azərbaycan Qarabağ ermənilərinin insan hüquqlarını, əsas azadlıqlarını və təhlükəsizliyini, o cümlədən onların öz evlərində ləyaqətlə, heç bir qorxu və ayrı-seçkilik olmadan yaşamaq hüququnu təmin etməli, könüllü, təhlükəsiz, ləyaqətli və davamlı qayıdışı üçün şərait yaratmalıdır. qaçqın və köçkünləri öz tarixlərinə, mədəniyyətlərinə və hüquqlarına hörmət edilməlidir. Bundan əlavə, yerli əhalinin mədəni irsi və mülkiyyət hüquqları effektiv şəkildə qorunmalı və təmin edilməlidir”.

O da vurğulanıb ki, mühüm etimad quruculuğu tədbiri kimi biz bütün Qarabağ erməniləri, o cümlədən onların nümayəndələri üçün hərtərəfli amnistiya və hər tərəfdən sərt ritorikadan çəkinməyi gözləyirik: “Qarabağa beynəlxalq çıxış ehtiyac duyulan yardımın göstərilməsi və yerlərdə vəziyyətin müstəqil monitorinqinin təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Avropa İttifaqı BMT-nin son iki səfərini qeyd edir. Biz baş katibin miqrasiya və qaçqınlar üzrə xüsusi nümayəndəsinin bu kütləvi köçlə mübarizədə Ermənistan hakimiyyətinə dəstək və yardım göstərilməsi işini yüksək qiymətləndirir və Avropa Şurasının İnsan Hüquqları üzrə  Komissarı Dunya Miyatoviçin rəhbərlik etdiyi faktaraşdırıcı missiyasını  və onun sonrakı tövsiyələrini səbirsizliklə gözləyirik. Aİ həm Azərbaycanın, həm də Ermənistanın suverenliyi, sərhədlərinin toxunulmazlığı və ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiqləyir. Biz Azərbaycanı 1991-ci il Almatı Bəyannaməsinə uyğun olaraq Ermənistanın ərazi bütövlüyünə qeyd-şərtsiz sadiqliyini bir daha təsdiq etməyə çağırırıq”.

Göründüyü kimi, Avropa təsisatları cərgəyə düzülərək bir ağızdan anti-Azərbaycan xoru oxuyurlar. Hətta bu kampaniyaya sülh danışıqları üçün Brüssel masası təşkil etmiş Avropa İttifaqı da qoşulub. Son həftələrdə Aİ-dən gələn açıqlamalar da göstərirdi ki, qurum əvvəlki mövqeyindən sürüşməkdədir. Bu bəyanat isə ayın sonu Brüsseldə razılaşdırılmış və Aİ tərəfindən dəstəklənən üçtərəfli (Əliyev-Paşinyan-Mişel) görüşünə zərbə vurdu.

Çingiz Qənizadə: "İstəyimiz budur ki, bölgədə sülh, əmin-amanlıq olsun"

Çingiz Qənizadə

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadənin “Yeni Müsavat”a bildirdiyinə görə, bu qətnamələrin olacağı gözlənilən idi. Hüquq müdafiəçisi hesab edir ki, Avropa institutları “xristian klubu”na çevriliblər: “Bu təsisatlar xristian təəssübkeşliyini üstün tutaraq demokratiya, ali dəyərlər, insan haqları, müharibə qaydalarının pozulması ilə müşayiət edilən konvensiyaların hamısını satıblar. Bunlar üçün hansısa lobbinin təsiri altında olub xristian icmasını, yaxud xristian dövlətini dəstəkləmək daha önəmlidir. Ona görə də artıq bu təşkilatların nüfuzu da o qədər qalmayıb”. Onun sözlərinə görə, qəbul edilən qətnamələr Azərbaycan üçün imperativ deyil, sadəcə, tövsiyə xarakterlidir: “Görünür ki, ağaları qarşısında sonuncu borclarını yerinə yetirməkdədirlər. Amma biri də demir ki, Azərbaycan suverenliyini bərpa edib, Azərbaycan separatçı rejimin ləğvinə nail olub, ərazilərindən minlərlə hərbi texnika aşkarlayıb. Hansı dövlət icazə verər ki, ərazisində etnik azlıq bu qədər silahlansın və dövlətə meydana oxusun? Çox təəssüf ki, bu cür beynəlxalq təşkilatlar obyektivliyini itiriblər, amma gec-tez ayılacaqlar, demokratiya və insan haqlarından uzaqlaşdıqlarını görəcəklər”.

Arzuxan Əlizadə: Bölgədə yaranmış yeni reallıqlar Azərbaycan üçün mühüm  siyasi və iqtisadi dividendlər vəd edir

Arzuxan Əlizadə

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadənin bu bəyanatla bağlı qənaəti ondan ibarətdir ki, Azərbaycanın tarixi qələbəsini və separatizmə son qoymasını Qərb təşkilatları həzm edə bilmirlər. Partiya sədrinin sözlərinə görə, onlar 30 il ərzində özlərini necə aparıblarsa, bu gün də yürütdükləri siyasət fərqlənmir. A.Əlizadənin fikrincə, işğal dövründə qərəzli olan beynəlxalq təşkilatlar müharibədən sonra da eyni ritorikadan əl çəkmirlər: “Bu çağırışlar heç də xoşagələn deyil. Amma üzərimizə olan hücumlara qarşı daha ciddi işlər görməliyik. Təbii ki, bu bəyanatlar hüquqi sənəd sayılmır. Sadəcə, Azərbaycan əleyhinə qərəzli kampaniya aparılır, burada Fransa və erməni lobbisinin təsirləri çoxdur. Ancaq Azərbaycan öz yolunu gedir, dünya ictimaiyyəti də şahiddir ki, Qarabağdan ermənilərin zorla köçürülməsi olmayıb. Əfsus ki, azadlıqlardan, demokratiyadan danışanlar ikili standartlara üstünlük verirlər”.

Xəzər Teyyublu: Hələ də iş yerlərində işəgötürənlə işçi arasında həll  olunmalı çox məsələlər var

Xəzər Teyyublu

Siyasi Hüquqların Müdafiə Mərkəzinin rəhbəri Xəzər Teyyublu da Qərb təşkilatlarının qeyri-obyektiv olduqlarını düşünür: “Qarabağdan ermənilər qovulmayıb, peçenye, şokolad, su ilə gülə-gülə gediblər. Kim qalmaq istəyibsə, miqrasiya xidmətində qeydiyyatdan keçib. Azərbaycan üç ildir ki, Qarabağ ermənilərinin hüquq və təhlükəsizliklərinə zəmanət verdiyini dünya ictimaiyyətinə açıqlayır. Amma yenə də beynəlxalq hüquq kənara qoyularaq, əsassız ittihamlar səsləndirilir”. Hüquq müdafiəçisi bəyanatların heç bir effekti olmayacağına əmindir: “Beynəlxalq aləmdə Azərbaycana qarşı mənfi rəy formalaşdırılması təbliğatı gedir. Bu qətnamələr, bəyanatlar gözdənsalma kampaniyasının davamıdır. BMT missiyası iki dəfə yerindəcə vəziyyətlə tanış olub və heç nə tapmayıbsa, Avropa təşkilatları hansısa sübuta əsaslanıb bizə qarşı çağırışlar edirlər? Həmin bəyanatda faktaraşdırıcı missiya, monitorinq qrupu göndərilməsinə çağırışlar olunur. Qoy gəlsinlər, BMT iki dəfə gəlib baxdı, avropalı deputatlar da Qarabağda, Xankəndidə gəzsinlər. Amma vicdanları varsa, gedərkən Xirosimaya çevrilən Ağdam, Füzuli, məhv edilən abidələr, erməni vəhşiliyi haqda danışsınlar”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR