Bu gün “Qarabağın Tutusu” kimi tanınan Qarabağ qazisi Rüxsarə Cumayevanın doğum günüdür. Fədakar qazi xanım 61 yaşını qeyd edir.
Hər kəsə məlumdur ki, Rüxsarə Cumayeva Vətənin ən ağır və taleyüklü günlərində onun çağırışına laqeyd qalmayıb. Səhhətində məhdudiyyət olmasına, əlilliklə üzləşməsinə baxmayaraq, döyüş bölgəsinə yollanmaqdan və üzərinə düşən vəzifəni yerinə yetirməkdən çəkinməyib. O, könüllü tibb bacısı kimi ön cəbhədə xidmət göstərərək güllə və mərmi yağışı altında yaralanan əsgər və zabitlərə ilk tibbi yardım edib, həyatla ölüm arasında mübarizə aparan insanlara yaşamaq ümidi verib. Məhz bu fədakarlığı, qorxmazlığı və Vətən sevgisi ona xalq arasında “Qarabağın Tutusu” adını qazandırıb.
Musavat.com-un əməkdaşı doğum günü münasibətilə Rüxsarə Cumayeva ilə həmsöhbət olub.
Qazi xanım bildirib ki, ötən gün Tibb İşçilərinin Peşə Bayramı Günü idi və bu peşə onun həyatının ən böyük qürur mənbələrindən biridir:
“Ötən gün tibb işçilərinin peşə bayramı idi və əslində dünən mənim günüm idi. Mən həyata qaytardığım insanları xatırlayanda öz peşəmlə fəxr edirəm. Dünyanın ən gözəl peşəsi insanları həyata qaytaran tibb işçisi olmaqdır. Bundan gözəl nə ola bilər ki? Bu gün isə artıq 61 yaşımı qeyd edirəm.
Ən böyük arzum qızımın xaricdə təhsilini davam etdirməsi, yaxşı oxuması, ali təhsil alaraq Vətənə qayıtması və elm yolu ilə irəliləyib alimlik dərəcəsi qazanmasıdır. Bu gün artıq ev, mal-dövlət mənim üçün əvvəlki qədər əhəmiyyət daşımır. Kəbəni ziyarət etdikdən sonra dünyanın naz-nemətinə baxışım dəyişib. İnanın ki, artıq gözüm dünya malında deyil.
Allah nəsib edərsə, dövlət tərəfindən mənzil verilərsə, onu böyük minnətdarlıq və sevinc hissi ilə qəbul edərəm. Bu, mənim dövlətdən gözləntimdir”.
Xatırladaq ki, Rüxsarə Bayraməli qızı Cumayeva 1968-ci il iyun ayının 18-də Zaqatala rayonunun Bəhmətli kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra ali təhsil almaq üçün Bakıya gəlib. Azərbaycan Dövlət Neft Akademiyasına daxil olub və təhsil aldığı müddətdə həm də 2 nömrəli Taxıl Məhsulları Kombinatında işləyib. Həmin illər (1988-ci il) Meydan hərəkatı dövrünə düşdüyündən orada fəal iştirak edib. Elə buna görə də onu həm işdən, həm də universitetdən xaric olunub.
O, 1990-cı ildə Bakı Dövlət Universitetinin “Nəcib xanımlar” fakültəsinə daxil olub, daha sonra öz xahişi ilə ali təhsilini universitetin filologiya fakültəsində davam etdirib. Elə bu vaxt 20 Yanvar hadisələri baş verib.
Rüxsarə Cumayeva könüllü olaraq hospitalda işləyərək yaralılara yardım göstərməyə çalışıb. Elə buradan – hospitaldan da cəbhə bölgəsinə yollanıb. Daşaltı, Canyataq, Gülyataq, Mehmanə, Drambom, Umutlu və Fərruxdağ ətrafında gedən döyüşlərdə iştirak edib. Canyataqda döyüş zamanı ayağından qəlpə yarası alıb. Buna görə dəfələrlə hər iki ayağından ağır əməliyyat keçirib.
Xalidə Gəray
Musavat.com






