İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarabağdakı yeni rus komandan sələfinin səhvini düzəltdi - hələ neçəsi qalır

6901 16.09.2023 11:46 Siyasət A A

Polkovnik: “Xocalıdakı sülhməramlı kontingentin qərargahı qarşısında Rusiya bayrağı ilə yanaşı ancaq Azərbaycan bayrağı asılmalıdır”

Xəbər verildiyi kimi, sentyabrın 12-də Rusiya Quru Qoşunlarının komandanı ordu generalı Oleq Salyukov Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı kontingentinin yeni komandanı general-mayor Kirill Kulakovu müdafiə naziri general-polkovnik Zakir Həsənova təqdim edib.

Nazir qonaqları salamlayaraq, Azərbaycan ilə Rusiya arasında əməkdaşlığın dostluq münasibətləri və qarşılıqlı etimada əsaslandığını qeyd edib. Qarabağ iqtisadi rayonunda əməliyyat şəraiti barədə danışan general-polkovnik Z.Həsənov son zamanlarda qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən törədilən təxribatların sayının artdığını xüsusi vurğulayıb.

O.Salyukov səmimi qəbula görə təşəkkürünü bildirib, ikitərəfli əlaqələrimizin tarixi köklərə əsaslandığını, ölkələrimizin strateji tərəfdaş olduğunu qeyd edib.

General-mayor Kirill Kulakov yeni postda general Aleksandr Lentsovu əvəzləyib.

Xatırladaq ki, Lentsov öz vəzifəsinə başlayan kimi, öncə İrəvana getmişdi, bir müddət sonra isə Bakıya gəldi. Halbuki Qarabağ Azərbaycan ərazisidir və bu səbəbə marşrut əks istiqamətdə olmalı idi. Kulakov bu mənada sələfinin yanlışını təkrarlamadı.

Bəs yerdə qalan səhvlər, daha doğrusu, Rusiya sülhməramlı qüvvələrinin erməni silahlı separatçılarla davam edən qanunsuz işbirliyi? Bu yanlış da düzəldiləcəkmi? Hələ ki, erməni bandit dəstələri ilə Rusiya sülhməramlı kontingentinin ortaq fəaliyyəti, o sırada sülhməramlıların terrorçu-quldurların hərbi yük maşınlarını müşayiət etməsi, həmçinin separatçıların ərazimizdə cəbhə xətti çəkmək, səngərlər qazımaq cəhdləri, postlarımızı atəşə tutması əvvəlki kimi davam edir. Habelə Rusiya Sülhməramlı Kontingentinin  Xocalıdakı qərargahı önündə quldur rejimin əski parçası Rusiya və Ermənistan bayraqları ilə yanaşı dalğalanmaqdadır.

Bəs general Kulakov hansı xətti seçəcək, yoxsa bütün bunlar onun iradəsi xaricindədir?

KTMT-nin Azərbaycanla təhlükəli qonşuluq planı

 Rövşən Məhərrəmov

Hərbi ekspert, polkovnik Rövşən Məhərrəmov “Yeni Müsavat”a bildirdi ki, sülhməramlı kontingentin komandanı bir hərbçi kimi Rusiya Müdafiə Nazirliyinə tabedir. Rusiyan dövlətinin, Müdafiə Nazirliyinin əmrlərini həyata keçirir və buna borcludur. Moskvadan ona təlimat necə verilirsə həmin təlimata uyğun da hərəkət edir.

Amma məsələnin bu tərəfi də var ki, Rusiya Müdafiə Nazirliyində sırf ermənipərəst, ermənilərlə sıx işbirliyində olan kifayət qədər general, yüksək rütbəli, vəzifəli şəxs çoxdur. Sülhməramlıların komandanına onlardan da əmrlərin gəlməsi, komandanı onların da yönəltməsi hallarının olması mümkündür. Eləcə də sülhməramlıların komandanın həmin ermənipərəst şəbəkənin nümayəndəsi olması da onun davranışlarına müəyyən ştrixlər əlavə edə bilər. Kulakovun birinci Bakıya səfər etməsinə, ondan əvvəlki komandan Aleksandr Lentsovun isə fəaliyyətə başlayanda birinci İrəvana getməsinə Azərbaycan dövlətinin sülhməramlıların komandanlarının ilk olaraq İrəvana səfər etmələrindən narazılığını Rusiyaya çatdırması, həmçinin son zamanlar Ermənistanla Rusiya arasında münasibətlərdə soyuqluq, müəyyən söz atışmasının müşahidə edilməsi rol oynayır.

Yəni general Kulakovun birinci Bakıya səfəri onun yox, Rusiya dövlətinin seçimidir. Kulakovun fəaliyyət dövrü belə görünür ki, çox ciddi və gərgin proseslərin getdiyi zamana düşəcək. Onun dövründə necə davranacağı da daha çox Rusiya rəhbərliyi və Rusiya Müdafiə Nazirliyinin iradəsindən, təlimatlarından asılı olacaq. Xocalıdakı Rusiya sülhməramlı kontingentinin qərargahı qarşısında Rusiya bayrağı ilə yanaşı ancaq Azərbaycan bayrağı asılmalıdır. Həmin qərargahın yerləşdiyi ərazi Azərbaycan ərazisidir. Ona görə də orada Rusiya bayrağı ilə yanaşı qondarma rejimin əski parçasının və həmçinin Ermənistan dövlətinin bayrağının asılması qanunsuzluqdur, Azərbaycan Konstitusiyasının pozulmasıdır.

Ermənistanın bayrağını və separatçı rejimin əski parçasını qərargahın qarşısında ermənilər yox, Rusiya sülhməramlıları asıblar. Rusiya sülhməramlıları isə bunu özbaşına edə bilmzədilər. Onlar təlimatı komandanlarından, komandanlar isə Rusiyadan alıblar. Qarşıdakı zamanda Rusiyadan həmin bayraqlarla bağlı hansı əmri alacaqlarsa onu da yerinə yetirəcəklər. General Kulakova separatçıların əski parçasını və Ermənistanın bayrağını endirmək göstərişi gəlsə, o bu təlimata uyğun hərəkət edəcək. Necə ki, ilk səfərini Bakıya etdi, bu təlimatı da həyata keçirəcək".

Hərbi ekspert sonda vurğuladı ki, Xocalıda, Xankəndidə qondarma rejimin “bayraq” adlandırdıqları əski parçalarını ruslar endirməsə, Azərbaycan ordusu endirəcək: “Qondarma rejimin əski parçaları üç il öncə bu vaxtlar Şuşada, Kəlbəcərdə, Laçında, Ağdamda, Füzulidə, Cəbrayılda, Qubadlıda, Zəngilanda dalğalanırdı. Azərbaycan Ordusu 44 gün ərzində həmin əski parçalarını ayaqlar altına atdı. Bundan sonra növbə Xocalı, Xankəndi və separatçıların hazırda yerləşdiyi digər ərazilərimizə çatıb. Həmin ərazilərimizdə də quldur rejimin əski parçalarını endirib öz bayrağımızı ucaldacağıq”. 

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR