İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarabağdakı “seçki” şousuna rəsmi Bakıdan və ekspertlərdən reaksiyalar

1719 15.04.2020 14:48 KİVDF layihələri A A

İşğalçı ölkə beynəlxalq aləmin mövqeyinə və qondarma qurumu tanımadığını bəyan etməsinə rəğmən, şounu keçirdi; danışıqlara davam, yoxsa tamam?..

Azərbaycanın davamlı xəbərdarlıqlarına, beyəlxalq aləmdən verilən reaksiyalara baxmayaraq, Dağlıq Qarabağdakı separatçı qurum 14 apreldə oyuncaq rejimin saxta “prezidenti”ni “seçdi”. Məlum olduğu kimi, “seçki” şousunun ilk turu 31 martda keçirilmişdi və heç bir dövlət və beynəlxalq qurum tərəfindən tanınmamışdı. 

Lakin nə tanınmama faktına, nə də dünyanı, o cümlədən işğal altındakı Azərbaycan ərazilərini cənginə alan koronavirus pandemiyasının gətirdiyi problemlərə baxmayaraq, Ermənistan separatçılara yeni başçı seçmək planından əl çəkmədi. Çünki Nikol Paşinyan üçün məhz belə bir durumda, dünyanın başının daha ciddi problemlərə qarışdığı məqamda “dərə xəlvət, tülkü bəy” yanaşmasından istifadə edib özünə sərfəli qulduru separatçı qurumun rəhbərliyinə gətirmək lazım idi. 

Beləliklə, işğalçı ölkənin başçısı öz istəyinə nail oldu. Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərində yaradılan separatçı rejimə indi də Araik Arutyunyan rəhbərlik edəcək. Virtualaz.org xatırladır ki, beynəlxalq təşkilatlar, 120-dən çox ölkə qondarma seçkiləri tanımadıqları barədə bəyanat veribr. Buna baxmayaraq, separatçı rejim qanunsuz əməlini davam etdirərək dünən “seçkilərin ikinci turu”nu keçirib. Daha əvvəl Qarabağda yaradılan qondarma qurumun “baş naziri” olmuş Araik Arutyunyan separatçıların yeni rəhbəri “seçilib”. Maraqlısı budur ki, hətta Arutunyanın yeganə rəqibi Mais Mailyan da seçkini boykot etmişdi. Faktiki olaraq separatçılar daxilində  də “seçki” şousuna qarşı çıxanlar oldu. Ancaq planın həyata keçirilməsi barədə müəyyən mərkəzlərdən komanda alanlar sonadək getdilər. 

Maraqlıdır, bundan sonra beynəlxalq təşkilatlar yenədəmi “sülh imkanlarının tükənmədiyi” barədə nağıllarını davam etdirəcəklər? Hər halda fakt budur ki, nə işğalçı Ermənistan, nə  də Dağlıq Qarabağdakı rejim beynəlxalq təşkilatların, o cümlədən həmsədrlərin danışıqların pozulmasına rəvac verəcək addımlardan çəkinməklə bağlı mesajları saya salmadılar və təxribatçı niyyətlərini gerçəkləşdirdilər. Beləliklə, separatçılar “seçki” keçirdi, rəsmi İrəvan isə birmənalı şəkildə ərazilərin qaytarılmasını rədd edir. Belə olan halda danışıqların mənası qalırmı?

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Musavat.com-a açıqlamasında bildirdi ki, artıq danışıqlara vaxt sərf etməyin heç bir mənası qalmır: “Danışıqlar nəticə vermirsə, imitasiyada iştirakın mənası yoxdur. İrəvan danışıqlarda müsbət nəticədə maraqlı olsaydı, “mərhələli həll” planına maraq göstərərdi. Onu da müşahidə etmirik”. 

Politoloq: "Susa azsayli qehreman doyusculerimiz terefinden ...

E.Şahinoğlunun fikrincə, Qarabağ  separatçıları Bako Saakyandan xilas olmaqla heç də rahat həyat əldə etməyiblər: “Separatçıların yeni “lideri”ni köhnə problemlər gözləyir. Separatçıların keçmiş “baş naziri” Araik Arutunyan separatçıların yeni “lideri” təyin edildi. Təyin edildi ona görə deyirik ki, birincisi, bölgədə koronavirusun geniş yayıldığı vəziyyətdə ermənilərin “seçki məntəqələrinə” getdiyi ağlabatan deyil. Təsadüfi deyil ki, “seçki” oyunu keçirsələr belə, vətəndaşlara müraciət ediblər ki, “məntəqələrdə” sosial məsafəni qorusunlar. Hətta yaşı 65-dən yuxarı olan ermənilərə müraciət edilib ki, “seçki məntəqələrinə” gəlməsinlər. İkincisi, Araik Arutunyanın “ikinci turda” rəqibi olmayıb. “İkinci tura” keçən separatçıların keçmiş “xarici işlər naziri” Masis Mailyan koronavirusun yayıldığı dövrdə seçkinin “ikinci turunun” keçirilməsinin əleyhinə olub. Masis Mailyan “ikinci tur” öncəsində tərəfdarlarını “seçkini” boykot etməyə çağırıb. Bəlkə də Dağlıq Qarabağ dünyada yeganə bölgə olub ki, separatçılar koronavirusun yayılmasına baxmayaraq, insanları təhlükə altına ataraq “seçki” keçirməyə qərar veriblər. Halbuki, seçkinin “ikinci turu” ərəfəsində Dağlıq Qarabağda onlarla virusa yoluxanlar var idi və bu say getdikcə artır”. 

Politoloq bir məqamı da qeyd etdi: “Təsadüfi deyil ki, separatçılar “seçkidən” əvvəl Ermənistanla sərhədi bağlamağa məcbur olublar, üstəgəl, bölgədə məktəblərin fəaliyyətini dayandırıblar, mayın 12-ə qədər bölgədə fövqəladə vəziyyət elan ediblər”. 

Bəs separatçıları fövqəladə vəziyyət rejimində “seçki” keçirməyə nə məcbur edib? 

E.Şahinoğlu: “Birincisi, separatçıların artıq keçmiş lideri Bako Saakyan Araik Arutunyanın xələfi seçilməsi üçün nə yolla olursa-olsun “ikinci turu” keçirməyə qərar verib. İkincisi, Araik Arutunyanı Ermənistanın baş naziri Nikol Paşinyan da dəstəkləyirdi. “Seçkinin” təxirə salınması separatçılarla Ermənistan hakimiyyəti arasında suallar yarada bilərdi. Tamamən Ermənistandan asılı olan Dağlıq Qarabağ separatçılar “seçkini” keçirməklə İrəvanın da mövqeyini nəzərə alıblar. Üçüncüsü, separatçıları qorxublar ki, “seçki” təxirə salınsaydı, bölgədə xaos yarana və bundan Azərbaycan hərbi təzyiqi artırmaq üçün istifadə edə bilərdi. Araik Arutunyanı dərhal Ermənistan prezidenti Armen Sərkisyan “təbrik” edib. Arutunyanın separatçıların “yeni prezidenti” seçilməsiylə heç nə dəyişməyəcək. Nə danışıqlarda irəriləyiş olacaq, nə də separatçılar Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılması fikrini qəbul edəcəklər. Dəyişən sadəcə, bu olacaq ki, Bako Saakyandan fərqli olaraq Araik Arutunyan Nikol Paşinyan daha çox asılı olacaq. Bako Saakyan Paşinyanın qatı düşmənləri Robert Köçəryanın və Serj Sərkisyanın namizədi idi. Saakyan Paşinyanla tez-tez görüşsə də, Robert Köçəryana dəstəkdən imtina etmir, eks-prezidentin həbsinin əleyhinə çıxırdı. Paşinyan da bunu ikiüzlülük kimi qiymətləndirirdi. Araik Arutunyanla Paşinyanın bu məsələdə problemi olmayacaq. Buna baxmayaraq, Dağlıq Qarabağ əvvəlki tək Ermənistana həm siyasi, həm də iqtisadi yük olmaqda davam edəcək. Koronavirus Ermənistan iqtisadiyyatını daha bərbad vəziyyətə salıb. Belə vəziyyətdə Ermənistanın Dağlıq Qarabağ iqtisadi və hərbi baxımdan ayaqda tutması daha da çətinləşəcək”. 

“Azərbaycan işğal edilmiş ərazilərində baş verən qeyri-qanuni hərəkətləri izləyir və müvafiq operativ reaksiyalar verir”. 

Hikmət Babaoğlu: Kimisə siyasi keçmişinə görə hədəfə almaq düz ...

Bunu Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib. Millət vəkili bildirib ki, “seçki” şouları ilə işğal faktını ört-basdır etmək niyyəti baş tutmayacaq: “Doğrudur, bu hələlik yalnız diplomatik və siyasi müstəvidə baş tutur. Ancaq işğalçı Ermənistan və qondarma rejim əmin olsun ki, problemin hərbi-siyasi müstəvidə birdəfəlik həll olunacağı gün uzaqda deyil. Qondarma rejimin “seçki” oyunu mart ayının 31-dən dərhal sonra bütün beynəlxalq qurumlar və dünya siyasətini müəyyənləşdirən ölkələr tərəfindən pisləndi. İndi isə uydurma ikinci mərhələ adı ilə yenidən “seçki” oyunu təkrarlanır. Bu hadisə vahid siyasi təxribatın tərkib hissəsi olduğu üçün qondarma 31 mart “seçkiləri”nə verilən qiymət avtomatik olaraq onun davamına da şamil edilir. Ona görə də status-kvonu legitimləşdirmək cəhdi əsla baş tutmayacaq. Tam əksinə bu cür təxribatlar siyasi prosesləri sürətləndirməklə Azərbaycanın öz torpaqlarını işğaldan azad edilməsi ilə nəticələnəcək” (Publik.az).

Rəsmi Bakının Qarabağdakı “seçki” şoularına və tənzimləmə prosesinə yanaşması isə dəyişməyib. 

“Bu, heç bir hüquqi qüvvəsi olmayan qondarma seçkidir. Bunu beynəlxalq ictimaiyyət də rədd edir və bu dəfə birmənalı etdi. Orda hər hansı oyuncaq və qanunsuz “prezident”in olması danışıqlara heç bir əngəl deyil, ola da bilməz. Həmsədrlərin bəyanatında açıq şəkildə bu barədə yazılıb”.

XİN mətbuat xidmətinin rəhbəri səlahiyyətlərini icra etmək üçün ...

Bu fikirləri Musavat.com-un suallarına cavab olaraq Azərbaycan XİN-in mətbuat katibi Leyla Abdullayeva bildirdi. Ermənistan hakimiyyətinin konstruktiv danışıqlardan daim müxtəlif bəhanələrlə imtina etməsinə gəldikdə, XİN təmsilçisi qeyd etdi ki, rəsmi İrəvanın nəyisə rədd etməsi deyil, beynəlxalq hüququn və beynəlxalq ictimaiyyətin neyi tələb etməsi daha vacibdir.

“Nə qədər ki, danışıqlar üçün imkan var bundan istifadə edəcəyik. Hər bir halda Azərbaycan öz torpaqlarını mümkün bütün vasitələrlə geri qaytarmaq haqqını özündə saxlayır” - L.Abdullayeva bildirdi.

Belə bir durumda Azərbaycan ordusu öz qüdrətini artırmaqdadır. Azərbaycan Ordusunun PUA heyətləri təlim-məşq uçuşları keçirir. Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci ilin döyüş hazırlığı planına uyğun olaraq müxtəlif təyinatlı pilotsuz uçuş aparatları (PUA) heyətləri təlim-məşq uçuşları yerinə yetirirlər. Müdafiə Nazirliyinin yaydığı məlumata görə, təlim prosesində heyətlər əməliyyat-taktiki biliklərini artırır, ən müasir trenajorlarda praktiki vərdişlərini təkmilləşdirirlər. PUA heyətləri şərti düşmənin müdafiəsinin dərinliyindəki hədəfləri vaxtında və dəqiq aşkar etməklə qarşıya qoyulan tapşırıqları icra edirlər.

Qeyd: Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun ayırdığı maliyyə dəstəyi çərçivəsində hazırlanıb.

Elşad PAŞASOY,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR