İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarabağdakı ermənilərin xilas əməliyyatı

773 12.02.2022 08:30 Yazarlar A A

Erməni siyasətçilər “qış nağılı”nı davam etdirir. Bu dəfə deputat Qurgen Arsenyan deyib ki, Ermənistan Azərbaycanla sərhəddə atışmalara görə KTMT-dən öz ərazisinə hərbi kontingent göndərməyi xahiş etməyəcək. Guya “Paşinyanın başçılıq etdiyi Ermənistanın siyasi rəhbərliyinin gücü ondan ibarətdir ki, o, problemləri atəş açmaqdansa, danışıqlar yolu ilə tənzimləməyə üstünlük verir”.

Sanki Azərbaycanı illərdir müharibəyə təhrik edənlər bunlar deyilmiş. Etiraf edə bilmirlər ki, bunları sədrlik etdikləri KTMT-də belə, ...yerinə qoyan yoxdur, sanki neçə ilə ərzində “ay-haray, köməyə gəlin” deyib zəvildəyən, Putini bezdirən bunlar deyilmiş. Saymadılar, sadəcə.

KTMT üzvü olan Belarusun prezidenti elə ötən həftə Ermənistanı aşağılayan, Azərbaycanı isə yüksək dəyərləndirən mövqe nümayiş etdirdi. Ermənistan bu günlərdə digər qonşusu Gürcüstanla “qatıq müharibəsi”nə girişib, bu ölkəni hər kəs ələ salır, aşağılayır, ölgün vəziyyətdədirlər. Üstəlik də, rəsmi açıqlamaya görə, 44 günlük müharibədən sonra ölkəni tərk edənlərin sayı ilbəil artır. Son rəsmi məlumata görə, 2020-ci ilin sonunda əhalisinin sayı 2 mln. 963 nəfər olan Ermənistanda 2021-ci ilin sonunda əhali əksik çıxıb: 2 mln. 961 nəfər. Bu, hələ rəsmi rəqəmdir və ikili vətəndaşlığı olub da, xaricdə yaşayanları da əhatə edir. 2021-ci ildə ölkədən gedənlərin sayı isə 73 min 571 nəfər olub. Yəni Qarabağdakı ermənilərdən iki dəfə çox!!!

Göründüyü kimi, Ermənistanın və ermənilərin durumu bərbaddır, amma hələ də “dil qəfəsə qoymayan”lar var, status-kvonu uzatmaq üçün cəhd göstərənlər, maskalanıb hiylə qurmağa çalışanlar. Təkcə bir ildə Ermənistanı az qala yüz min nəfər tərk edirsə, deməli, 10-15 il yetərlidir ki, bu, oyuncaq ölkə boşalsın.

O gün Türkiyəyə ilk təyyarə reysinə start verildi, Türkiyəyə gedənlər geri dönənlərdən çox oldu. Əvvəllər kütləvi şəkildə Rusiyaya axışırdılarsa, indi də Türkiyəyə üz tutacaqlar. Onsuz da 100 min nəfər qeydiyyatsız çalışırdı bu ölkədə, türklərin humanizmi sayəsində.

Belə olan təqdirdə, sual olunur, Qarabağda bu, nə tikhatikdir?! Söhbət Rusiya sülhməramlılarının təsir zonasında olan ərazilərdə aparılan qanunsuz tikinti işlərindən gedir. Təsəvvür edin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8 maddəsi ilə axtarışda olan Araik Arutyunyanın quldur dəstəsi Şuşa və Hadrutdan köçmüş ermənilərin bir hissəsini məhz Şuşa rayonunun Malıbəyli kəndində yerləşdirmək üçün hərəkətə keçib. 30 il əvvəl soyqırıma məruz qoyulan türk yurdunda! Azərbaycanın humanizmindən sui-istifadə edən terrorçu dəstələrsə qırmızı xətti keçirlər. 30 il çalışdılar, Qarabağda ikinci erməni dövləti qurmağa nail ola bilmədilər, üstəlik nəinki “artsax” qazana bildilər, hətta “Dağlıq Qarabağ” adının beynəlxalq səviyyədə səsləndirilməsini də Azərbaycan dövləti qadağan edib artıq.

Lakin Ermənistan hakimiyyətinin “sülh nağılları”nı davam etdirdiyi dönəmdə Qarabağdakı qurldurlar sakit oturmaq istəmirlər. Qarabağa hər hansı “status” ala bilməyən, üstəlik “statusun cəhənnəmə göndərilməsini” seyr etməli olan Araikkimilər fəsiləsinin üzvləri Rusiya sülhməramlılarına sığınıb, heç olmasa “keçid mərhələ” üçün “arxalı köpək qurd basar” statusunu qazanmağa çalışırlar. Əks təqdirdə, 2020-ci ilin noyabrında Şuşadan it kimi qaçan Arutunyan Malibəylidə 2,3,4 otaqlı, 240 mənzildən ibarət 15 dördmərtəbəli binanın təməlini qoymağa, 2023-cü ildə isə açılışına tədarük görməyə cəsarət etməzdi. Təkcə “Hayastan”lıq deyil, “sülh quşu” cildinə girmiş Paşinyanın hökumətinin Qarabağa ayırdığı 290 milyon dolların hesabına tikilir bu evlər. Təkcə Malıbəylidə də yox, hətta Xocalıda tikirlər hündürmərtəbəli binaları!!!

Xocalı Azərbaycan xalqının qan yaddaşıdır, bizim yaddaşımızı qanadırlar. Bununla savaşa çəkirlər bizi. Azərbaycan dövləti Birinci Qarabağ müharibəsində itkin düşmüş 3890 vətəndaşımızın taleyi barədə sual edir, o cümlədən Xocalıdakı 150 itkinin. Ancaq ruslara sığınan erməni quldurlar “İvanyan” (!!!) adlandırdığı Xocalıda, şəhidlərimizin qanı ilə suvarılan torpağımızda evlər tikir. Kiminçün? Ermənistandan qaçanlar üçünmü? Fakt budur ki, Qarabağdakı dinc ermənilər də qaçırlar, burdakı terrorçuların girovluğundan xilas olmaq istəyirlər. Belə olan təqdirdə Rusiya sülhməramlıları bu qanunsuzluğa, cinayətə niyə göz yumur?! Nəinki göz yumur, hətta erməni separatçıların elektrik “sərhəd” çəkməsinə şərait yaradırlar.

Araik Arutyunyanın səsi Rusiyadan gəlir. Hansı ki, bu, uşaq qatili dərhal həbs edilməli və qandallanıb Bakıya göndərilməli idi. Rusiya da ikili oyun oynayır, Ermənistan da. Azərbaycanı lideri isə uzağı altı ay gözləyəcək, yanvarda xəbərdarlıq edilib. Deməli, hər an yeni əməliyyat başlaya bilər, təkcə terrorçuların məskunlaşdığı ərazilərin yox, həm də silahlı quldurların əlində girov qalmış ermənilərin - dinc Azərbaycan vətəndaşlarının xilası əməliyyatı! Unutmasınlar...

 

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR