İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarabağda səs verən sülhməramlılar - başqa nə işləri qaldı...

716 16.03.2024 08:38 Ölkə A A

Polkovnik: “Sayları 600 nəfərdən artıq deyil”

“Azərbaycanın Qarabağ iqtisadi rayonundakı Rusiya sülhməramlıları Rusiya prezidenti seçkisində vaxtından əvvəl səs verib”. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonundakı Rusiya sülhməramlı kontingentinin komanda heyəti, hərbi qulluqçuları və mülki şəxsi heyəti dövlət başçısı seçkisində növbədənkənar səsvermədə iştirak edib. Seçki prosesi "Rusiya Federasiyası Prezidentinin Seçkiləri haqqında" federal qanuna uyğun təşkil olunub", - məlumatda qeyd olunur.

O da bildirilir ki, Rusiya sülhməramlı kontingentinin şəxsi heyətinin rotasiyası 2023-cü ilin noyabrında başa çatıb və kontingent Qarabağ ərazisində tapşırıqları yerinə yetirməkdə davam edir: “Bakı ilə mülki əhaliyə münasibətdə təhlükəsizliyin və humanitar qanunlara əməl olunmasının təmin edilməsinə yönəlik davamlı qarşılıqlı əlaqə saxlanılır”.

Maraqlıdır, Rusiyada prezident seçkisi martın 17-nə təyin olunsa da, sülhməramlılar niyə bir neçə gün qabaq səs verib? Ümumiyyətlə, onların Qarabağda başqa hansı işləri var, nə ilə məşğuldurlar? Söhbət hansı tapşırıqlardan gedir? Sayları (təxminən 2 min) əvvəlki kimi qalırmı? Qarabağı nə vaxt tərk edəcəklər?  

Orduda islahatlar getməlidir” - Polkovnik Yeni Sabah

Rövşən Məhərrəmov 

Hərbi ekspert, polkovnik Rövşən Məhərrəmov “Yeni Müsavat”a bildirdi ki, 10 noyabr 2020-ci il üçtərəfli bəyanatı imzalanandan dərhal sonra Rusiya sülhməramlı qüvvələri Azərbaycan ərazisinə daxil olublar. Bu razılaşmaya əsasən onlar ərazidə postlar qurmuşdular və sabitliyi, atəşkəsi qorumaqla bağlı üzərlərinə missiya götürmüşdülər: “Lakin erməni separatçıların nəzarətində olan ərazilərdən vaxtaşırı olaraq Azərbaycan hərbçiləri atəşə tutulurdu, yola mina döşəyirdilər. Bu vəziyyətlə bağlı Azərbaycan dəfələrlə Rusiya sülhməramlılarının komandanlığına, hətta Rusiya dövlətinə rəsmi müraciətlər etsə də vəziyyət dəyişmirdi. Rusiya sülhməramlı qüvvələri üzərlərinə düşən missiyanı faktiki olaraq düzgün yerinə yetirmirdilər. Bundan da ermənilər istifadə edib Qarabağa qanunsuz silah daşıyırdılar, əraziləri minalayırdılar, Azərbaycan hərbçilərini atəşə tuturdular. Bu vəziyyət Azərbaycanın səbrini tükəndirirdi və 2023-cü ilin 19 sentyabrına qədər davam etdi: "Azərbaycan antiterror tədbiri ilə məsələni kökündən həll etdi. Bundan sonra Rusiya sülhməramlı qüvvələrinin bir hissəsinin Azərbaycan ərazisindən çıxarıldığı müşahidə olundu. Çünki artıq sülhməramlı qüvvələrin orada mövcudluğuna əslində ehtiyac qalmayıb. Məlumatlara görə, indi Qarabağda az sayda rus hərbçilər qalır. Ərazimizə daxil olanda sayları 2 min nəfər civarında idi. İndi isə aldığım məlumata görə, 600 nəfərdən artıq deyillər. Hərbi texnika və sursatlarının da böyük hissəsini artıq Azərbaycandan çıxarıblar. Sülhməramlı qüvvələrin qərargahı Xocalı hava limanı ərazisindədir. Postlarının bir çoxu ləğv edilib, Xankəndi yaxınlığında yolda və bir neçə yerdə postlarının qaldığı bildirilir. Əslində həmin postlara da artıq ehtiyac yoxdur. Bu yaxınlarda Rusiya tərəfindən məlumat verilmişdi ki, hazırda sülhməramlı qüvvələr Azərbaycanın müvafiq güc strukturlarının əməkdaşları ilə birgə ərazidə patrul xidməti kimi fəaliyyət göstərirlər. 2023-cü ilin sentyabrında ermənilər könüllü olaraq Qarabağdan köçdükdən sonra Xankəndidə, məlumata görə, 30-40 erməni sakin qalıb. Həmin sakinlərin də təhlükəsizliyini Azərbaycanın müvafiq orqanları yüksək səviyyədə qoruyur, onlara yaşamaları üçün yardımlar vaxtlı-vaxtında verilir və həmin ermənilər həyatlarından razılıq edirlər. Bütün bu reallıqlar onu deməyə əsas verir ki, Rusiya sülhməramlı qüvvələrinin Qarabağda fəaliyyəti üçün əsaslar qalmayıb".

Polkovnik vurğuladı ki, belə bir vəziyyətdə Rusiya Müdafiə Nazirliyinin yaydığı “Bakı ilə mülki əhaliyə münasibətdə təhlükəsizliyin və humanitar qanunlara əməl olunmasının təmin edilməsinə yönəlik davamlı qarşılıqlı əlaqə saxlanılır” açıqlaması təəccüblüdür: “Əvvəla, 30-40 ermənini əhali adlandırmaq yanlışdır, ikincisi isə dediyimiz kimi, Qarabağda qalan erməni sakinlərin təhlükəsizliyi Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən uğurla qorunur, hətta Azərbaycan ən yüksək səviyyədə bəyan edib ki, vətəndaşlığımızı qəbul edib geriyə qayıdanlar olsa, onların da təhlükəsizliyi qorunacaq. 

Açıqlamada Rusiya sülhməramlı qüvvələrinin vəzifələrini yerinə yetirdiyi barədə də fikir yer alır. Lakin dediyimiz kimi, artıq onlar üçün yerinə yetiriləcək vəzifə qalmayıb. Sadəcə olaraq, rus hərbi kontingentinin orada 2025-ci ilin noyabrına qədər qalması üçtərəfli bəyanatda əksini tapdığı üçün onlar Azərbaycan ərazisində qalmaqda davam edirlər. Müddət başa çatanda Azərbaycan ərazisini tərk edəcəklər". 

R.Məhərrəmov onu da dedi ki, sülhməramlı kontingentin maddi-texniki təminat, təchizatını Rusiya Müdafiə Nazirliyi həyata keçirir. Bunun Azərbaycan tərəfinə aidiyyəti yoxdur. 

O ki qaldı Qarabağdakı sülhməramlı qüvvələrdə qulluq edən hərbçilərin və Rusiya-Türkiyə birgə monitorinq mərkəzində fəaliyyət göstərən Rusiya vətəndaşlarının  prezident seçkisindən bir neçə gün öncə səs verməsinə, ekspert qeyd etdi ki, bu, Rusiya seçki qanunvericiliyinə əsasən həyata keçirilib: “Rusiya sərhədlərindən kənarda hər hansı səbəbdən yaşayan, fəaliyyət göstərən Rusiya vətəndaşları seçkidən üç gün öncə səs verməlidirlər. Xankəndidə rus hərbçilərin, həmçinin Rusiya-Türkiyə birgə monitorinq mərkəzində fəaliyyət göstərən Rusiya vətəndaşlarının seçkidən əvvəl səs vermələri bununla əlaqədardır”. 

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR