İnsanlara hürriyət, millətlərə istiqlal!

Hotellərdəki yerlərin 80 faizinin boş qalmasının səbəbi

901 27.07.2024 12:07 İqtisadiyyat A A

Əksər müşahidəçilər rəsmi statistikanın hotel və mehmanxanalardakı doluluq səviyyəsini real əks etdirmədiyi qənaətindədirlər

Dövlət Statistika Komitəsi 2024-cü ilin yanvar-iyun aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin fəaliyyəti haqqında məlumatları açıqlayıb. 

“Yeni Müsavat” komitəyə istinadən xəbər verir ki, 2024-cü ilin yanvar-iyun aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2023-cü illin eyni dövrü ilə müqayisədə 35,8 faiz artaraq 1851,7 min olub. Gecələmələrin ümumi sayının 66,5 faizi Bakıda, 5,3 faizi Qusarda, 4,4 faizi Naftalanda, 3,9 faizi Qubada, 3,6 faizi Qəbələdə, 3,3 faizi Şabranda, 2,0 faizi Lənkəranda, 1,2 faizi Xaçmazda, 1,0 faizi Naxçıvan Muxtar Respublikasında və 8,8 faizi digər şəhər və rayonlardakı mehmanxanalarda (hotellərdə) və mehmanxana tipli obyektlərdə qeydə alınıb.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin sayı 2023-cü ilin yanvar-iyun ayları ilə müqayisədə 37,1 faiz artaraq 1080,9 min olub ki, bu da ümumi gecələmələrin 58,4 faizini təşkil edir. Gecələmələrin ümumi sayının 21,1 faizi Hindistan, 14,6 faizi Rusiya Federasiyası, 7,8 faizi Türkiyə, 6,6 faizi Səudiyyə Ərəbistanı, 5,7 faizi Birləşmiş Ərəb Əmirlikləri, 3,3 faizi ABŞ, 2,8 faizi Küveyt, 2,7 faizi Qazaxıstan, 2,4 faizi Böyük Britaniya, 2,2 faizi Çin, 2,1 faizi İsrail, 2,1 faizi Özbəkistan, 2,1 faizi Pakistan, 1,3 faizi Almaniya, 1,1 faizi İtaliya, 22,1 faizi isə digər ölkələrin vətəndaşlarının payına düşüb.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin 82,5 faizi Bakıda,  5,0 faizi Qusarda, 3,9 faizi Qəbələdə, 3,6 faizi Naftalanda, 2,9 faizi Qubada, 0,5 faizi Şabranda, 1,6 faizi isə digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınıb.

Azərbaycan vətəndaşlarının mehmanxanalarda keçirdiyi gecələmələrin sayı 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 34,0 faiz artaraq 770,8 min olub ki, bu da ümumi gecələmələrin 41,6 faizini təşkil edir.

Komitə bildirir ki, 2024-cü ilin yanvar-iyun aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin gəlirləri 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 26,9 faiz artaraq 265,7 milyon manat olub. Bunun da 60,7 faizi nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 27,1 faizi ictimai iaşə xidmətlərindən, 3,3 faizi müalicə və sağlamlıq xidmətlərindən, 8,9 faizi isə digər xidmətlərin göstərilməsindən əldə edilib.

2024-cü ilin yanvar-iyun aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin birdəfəlik tutumundan cəmi 21,1 faiz səviyyəsində istifadə olunub. 2023-cü ilin yanvar-iyun aylarında bu göstərici 16,6 faiz olub. Cari ildə Şabranda mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin birdəfəlik tutumundan 49,1 faiz, Naftalanda 39,1 faiz, Bakıda 37,3 faiz, Qusarda 28,0 faiz istifadə edilib, digər şəhər və rayonlarda isə ölkə üzrə orta göstəricidən aşağı nəticə qeydə alınıb. 

Rəsmi statistikadan aydın olur ki, hotel və mehmanxanalarda nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən 161 milyon 279 min 900 manat gəlir əldə olunub. Bu rəqəmi gecələmə sayına böldükdə, belə aydın olur ki, ölkə üzrə hotel və mehmanxanalarda 1 gecələmənin haqqı 87 manata bərabər olub. Bu, mövcud qiymətlər şəraitində mümkünsüzdür. Çünki hətta ən ucqar rayonda belə hotel və mehmanxanada gecələmə haqqı bu məbləğdən aşağı deyil. Nəzərə alsaq ki, gecələmələrin 1 milyon 80 mini əcnəbi və vətəndaşlığı olmayan şəxs tərəfindən reallaşdırılıb, onların gecələmələrinin 82,5 faizi Bakıda,  5,0 faizi Qusarda, 3,9 faizi Qəbələdə, 3,6 faizi Naftalanda, 2,9 faizi Qubada olub, rəsmi statistikanın real mənzərədən çox uzaq olduğunu rahatlıqla söyləyə bilərik. Altı ayda Bakıdakı hotel və mehmanxanalarda əcnəbi və vətəndaşlığı olmayan şəxslər tərəfindən 830 mindən yuxarı gecələmə qeydə alınıb. Hamıya məlumdur ki, əcnəbilər üçün Bakıda 100 dollardan - 170 manatdan aşağı gecələmə qiyməti tapmaq mümkün deyil. 

Dövlət Turizm Agentliyinin hesabatına əsasən bu ilin yanvar-avqust aylarında Azərbaycandakı 3 ulduzlu hotellərdə onlayn bronlaşdırma sistemi olan booking.com üzrə bir gecə qalmaq üçün orta qiymət 82,7 manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 26,4  faiz çoxdur. Hesabat dövründə ən yüksək qiymət 128,3 manat olmaqla Qubada qeydə alınıb. Bu, 1 il əvvələ nisbətən 21,5 faiz azdır. İkinci yerdə 115,4 manat olmaqla Qəbələ qərarlaşıb. Bu, illik müqayisədə 71,2 faiz çoxdur. 3 ulduzlu hotellər arasında üçüncü yeri isə 115 manat olmaqla Şamaxı tutub. Bu rayonda ötən ilin eyni dövründə 3 ulduzlu hotel olmayıb

Eyni dövrdə Azərbaycandakı 4 ulduzlu hotellərdə onlayn bronlaşdırma sistemi olan booking.com üzrə bir gecə qalmaq üçün orta qiymət 118,2 manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 21,3 faiz çoxdur. Hesabat dövründə ən yüksək qiymət 240,3 manat olmaqla Qəbələdə qeydə alınıb. Bu, 1 il əvvələ nisbətən 23,8 faiz azdır.

İkinci yerdə 212,4 manat olmaqla Naftalanın hotelləri qərarlaşıb. Bu, illik müqayisədə 2,6 faiz azdır. 4 ulduzlu hotellər arasında üçüncü yeri isə 147 manat olmaqla Qax tutub. Ötən ilin eyni dövrünə nisbətən qiymət 5 faiz artıb. 

Yanvar-avqust aylarında Azərbaycandakı 5 ulduzlu hotellərdə onlayn bronlaşdırma sistemi olan booking.com üzrə bir gecə qalmaq üçün orta qiymət 226,8 manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 39,1 faiz çoxdur. Hesabat dövründə ən yüksək qiymət 347,8 manat olmaqla Qəbələdə qeydə alınıb. Bu, 1 il əvvələ nisbətən 8,6 faiz çoxdur. İkinci yerdə 308 manat olmaqla Abşeron hotelləri qərarlaşıb. Bu, illik müqayisədə 82,2 faiz çoxdur. Üçüncü yeri isə 306 manat olmaqla Quba tutub. Bu rayonda orta qiymət son 1 ildə 2 dəfə artıb.

Qeyd edək ki, Azərbaycanda 750-ə yaxın hotel var. “Turizm haqqında” qanuna görə, ölkə ərazisində fəaliyyət göstərən hər bir mehmanxana (hotel) fəaliyyətə başladığı tarixdən altı ay ərzində ulduz kateqoriyası əldə etməlidir. Dövlət Turizm Agentliyinin açıqladığı məlumata əsasən indiyədək 200-dən yuxarı hotel təsnifatdan keçirilərək ulduz dərəcəsi alıb. 40-a yaxın hotelin təsnifatdan keçə bilməyib və nöqsanları aradan qaldırmaq üçün onlara vaxt verilib.

Ulduz alsalar belə, ictimai rəyə əsasən ölkədəki hotellərin çoxunda xidmət səviyyəsi kifayət qədər aşağıdır. Bu obyektlərdə tətbiq olunan qiymətlərlə xidmət keyfiyyəti arasında uçurum uzun illərdir müzakirə olunur, lakin indiyədək onun aradan qalxdığını söyləmək mümkün deyil. Buna görə də Azərbaycanın yerli turistləri, həmçinin Rusiya, Gürcüstan, Türkiyə vətəndaşlığı alan soydaşlarımız bura gələndə demək olar ki, heç vaxt hotel və mehmanxanalara üz tutmurlar. Onlar, eləcə də yerli turistlər əksərən rayonlarda günlük kirayə verilən fərdi evlərdə qalmağı üstün tuturlar. Bu baxımdan, mehmanxana və hotellərdə yerli qonaqların gecələmə statistikasının əsasən bölgələrə ezam olunan dövlət qurumları əməkdaşları hesabına yarandığını rahatlıqla demək olar. 

Dövlət Sərhəd Xidmətinin yaydığı məlumata əsasən bu ilin ilk yarısında Azərbaycana gələn turistlərin sayı 34.0 faiz artaraq 1 milyon 231 minə çatıb. Gələnlərin 29,2 faizi Rusiya, 17,3 faizi Türkiyə, 9,7 faizi Hindistan, 8,7 faizi İran, 4,1 faizi Gürcüstan, 3,2 faizi Səudiyyə Ərəbistanı, 3,1 faizi Qazaxıstan, 2,5 faizi Pakistan vətəndaşları olub.

İqtisadçı-alim Vüqar Bayramova görə, yarım ilin turizm yekunlarının təhlili bir sıra vacib məqamları üzə çıxarır: “Birincisi, Azərbaycana gələn hər 10 turistdən 1-i Hindistan vətəndaşıdır. İkincisi, mənşə olaraq gələn turistlər arasında ən çox artım da Hindistanın payına düşür. Belə ki, ötən ilin eyni dövrü ilə müqayisədə Hindistandan gələnlərin sayı 2,5 dəfə, Cənubi Koreyadan - 2,4 dəfə, Çindən - 2,3 dəfə, İspaniyadan - 1,8 dəfə, Qazaxıstandan - 1,8 dəfə, Səudiyyə Ərəbistanından - 1,7 dəfə, Filippindən - 1,6 dəfə, Qırğızıstandan - 1,6 dəfə, Omandan - 1,6 dəfə, İrandan - 1,5 dəfə artıb. Digər ölkələr üzrə artımlar faizlə ifadə olunur. 

Üçüncüsü, region olaraq körfəz ölkələri artım faizinə görə öndədir. Yəni Ərəb Dövlətlərindən Azərbaycana gələn turistlərin sayında yenidən artımlar var. Nəhayət, həmin müddətdə turizm balansında müsbət saldo qeydə alınıb. Belə ki, Azərbaycana gələnlərin sayı xaricə gedənlər ilə müqayisədə 236 min nəfər çox olub.

Turizm neftdən sonra Azərbaycana ən çox valyuta gətirən sektordur. Pandemiyadan öncə illik turizm gəlirləri 2.7 milyard dollara yaxın idi. Bu sektor həmçinin məşğulluğa da xüsusi töhvə verir. Bu baxımdan, turizm infrastrukturunun daha da inkişaf etdirilməsi və qiymətlərin optimallaşdırılması Azərbaycana daha çox turistin gəlməsinə imkan yarada bilər. 2024-cü ilin ilk yarısında ölkəmizə gələn turistlərin sayında artım müşahidə olunsa da, daha qısa zamanda pre-pandemiya göstəricilərinə çatmaq prioritet olaraq qalmaqdadır".

Əksər müşahidəçilər rəsmi statistikanın hotel və mehmanxanalardakı doluluq səviyyəsini real əks etdirmədiyi qənaətindədirlər. İqtisadçı-ekspert Eldəniz Əmirovun “Yeni Müsavat”a dediyinə görə, ölkəmizdə gizli iqtisadiyyatın xüsusi çəkisi kifayət qədərdir: “Bu baxımdan, rəsmi statistikanın real vəziyyəti tam əks etdirmədiyinə dair fikirlərin formalaşması gözləniləndir. Quru sərhədlərinin bağlı olması insanları daha çox daxili turizmə meylləndirir. Daxili turizmdə insanlar gündə 3 dəfə yemək imkanı olan yerlərə üstünlük verirlər. Hotel və mehmanxanalar adətən yalnız səhər yeməyi verirlər. Onlarda qalıb gündə 2 dəfə restoranda qidalanmaq isə çox baha başa gəlir. Məhz bu səbəbdən yerli turistlər fərdi evlərdə qalmağa üstünlük verirlər. Həmin evlərdə onlar özləri yemək hazırlayaraq, daha ucuz qiymətə qidalana bilirlər. Bu isə vəsaitlərə qənaət imkanı deməkdir”.

Dünya SAKİT,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR