İnsanlara hürriyət, millətlərə istiqlal!

Həftəni korlayan qovğanın bəzi detalları - haqsız davranışlar zənciri

834 27.07.2024 10:00 Yazarlar A A

 

Ötməkdə olan bu həftənin gündəminə təməlli oturmuş və insanların emosiyasını coşdurmuş hadisənin əks-sədası, müzakirəsi davam edir.

Bu bitməyən polemika, mübahisə heç də ona görə deyil ki, baş verən olay necəsə ictimai-siyasi əhəmiyyət kəsb edir.

Heç əsas səbəb o da deyil ki, qovğa tərəflərindən biri məşhurdur, hamının tanıdığı sənətçidir və onun başına gələnlər xalqı narahat edir.

Söhbətin bu qədər şişməsinin kökündə başqa mətləb durur: sinfi düşmənçilik, zümrə fərqliliyi, “ağlar-qaralar” intriqası. Bəli, məhz o.

Diqqət edirsinizsə, son illərdə ölkədə bu kimi hadisələr baş verəndə insanlar əsasən iki sosial qrupa bölünür və olaya qiymət verərkən mütləq uzaqlara gedir, baş verənlərin səbəbini gətirib varlı-kasıb faktoruna bağlayırlar. Hamı özünü aid etdiyi zümrənin dava iştirakçısı olan təmsilçisinin tərəfini tutur.

Müğənni ilə mühafizəçinin adi məişət zəminində baş verən, xeyli dərəcədə kriminal səciyyə daşıyan davasında da elə oldu. Müğənnini “xalqın puluyla harınlamış”, “vəzifəli dostları olan arxalı adam” adlandıranlar olduğu kimi, əvvəlcə “kasıb, arxasız” elan edilmiş mühafizəçini də axırda yuxarı zümrəyə aid etdilər.

Ən pisi o idi ki, insanların içindəki ədalət hissi bir günün içində emosional aqressiyaya qurban getmişdi.

Sosial şəbəkədə “mənə balta atan adamı salamat buraxmazdım”, “gərək o mühafizəçi müğənnini daha betər günə qoyaydı” kimi şərhlər yazan minlərlə adam vardı.

Müğənniyə haqq qazandıranlar da çox idi. Onun bu cür ifrat emosiyaya qapılmasının günahını mühafizəçinin kobudluğu ilə yanaşı, müraciət etdiyi klinikanın xidməti personalında axtaranlar da az deyildi.

Hadisə isə gerçəkdən də kriminal səciyyəliydi və mayasında kriminal aləmə xas elementlər də dururdu.

Bəzi detallar sonradan açıldı. Ortaya çıxdı ki, müğənni ilə dalaşan adam vaxtilə Rusiyada, daha sonra isə öz ölkəmizdə uzun müddətli məhkumluq həyatı yaşayıb.

Bunun baş verən insidentə dəxli varmı? Birbaşa var.

Təfərrüatları yavaş-yavaş açıqlanan qovğa oradan başlayıb ki, orqanizmində dözülməz ağrılar olan müğənni evinin eyvanından mühafizəçidən onun üçün bir tibb bacısı çağırmasını istəyib və kobud cavab alıb.

Həmin mühafizəçinin yerində vaxtilə hüquq-mühafizə orqanlarında çalışmış və istefaya çıxmış biri olsaydı, o, səhər saat 7-də ağrı-acı çəkən sənət adamının xahişini yerinə yetirərdi və heç bir insident yaşanmazdı.

Ancaq uzun illər məhkum olaraq türmə qaydaları ilə yaşamış, özünü “avtoritetli oğlan” sayan və başqası tərəfindən buyrulmağı şəninə yaraşdırmayan mühafizəçi sırf bu düşüncə ilə müğənniyə sərt cavab verib.

Xahişə imtina cavabı verərkən o hüquqi baxımdan haqlıdır, çünki pasiyent üçün həkim çağırmaq onun peşə funksiyasına aid deyil. Bir tanınmış, yaşlı və canı ağrıyan adamın xahişini yerinə yetirməyəndə, üstəlik, ona kobud cavab verəndə isə humanizm prinsipləri baxımından haqsızdır. İnsanlıq, mərhəmət deyilən bir şeylər var.

Sənətçi məhz buna görə ona “ermənisənmi” sualı ilə müraciət edib. Ona görə ki, son 35 ildə düşüncəmizdə mərhəmətsizliyin, rəhmsizliyin bir adı da odur. Sonrası da məlumdur. Mühafizəçi məhz bu sözü öz şəxsiyyətinə qarşı təhqir sayıb. Burada o haqlıdır.

Daha sonra baş verənlərdə haqlı olan yoxdur, eyzən haqsızlıqlar zənciri var. Müğənni əlinə balta götürəndə də haqsızdır, mühafizəçiyə hücum edəndə də, kəsici aləti ona tərəf tullayanda da. On saniyədən sonra isə o artıq zərərçəkəndir.

Mühafizəçi hücum edən şəxsdən müdafiə olunanda zərərçəkəndir, on saniyədən sonra isə təcavüzkardır. Çünki balta onun üstünə gələnin əlindən çıxandan sonra müğənni artıq təhlükəli deyildi və qovğanı davam etdirməmək imkanı vardı, içəri keçib polisə zəng etmək lazım idi.

Amma mühafizəçi səlahiyyət həddini aşır, qısa yumruqlaşmadan sonra yaşlı adamı yerə çırpır. Bu məqamda hücum edən artıq zərərsizdir, yerdədir və ayağa da qalxa bilmir və ya istəmr. Demək, mühafizəçi burada dayanmalıydı. Fəqət o dayanmır, rəqibinə xəsarət yetirməyə çalışır, başına təpik atır.

Müğənninin mühafizəçiyə atdığı balta özüylə hansı təhlükəni daşıyırdısa, başa atılan təpik də eyni dərəcədə təhlükəli idi.

Təəssüf ki, tərəf tutan insanlar bu incəliklərə, qırmızı xətlərə diqqət etmir, kimi hara qədər müdafiə edəcəklərini bilmirlər, asanlıqla hökm verirlər. Bu düşüncəylə hakim olsaq, tərəflərin ikisinə də edam cəzası kəsərdik.

Dalaşan tərəflərə haqq qazandıranlar ya bilmirlər, ya da qəbul etmək istəmirlər ki, etiraz etmənin və özünü müdafiənin hədləri, xətləri var və heç kəs onu keçə bilməz.

Məsələn, biri küçədə üstümüzə bıçaq çəkirsə, bizim bıçağı onun əlindən alaraq ürəyinə saplamaq haqqımız yoxdur. Bu, özünü müdafiə edərkən həddi keçməkdir. Blçağı alıb uzağa tullamaq lazımdır, rəqibə sancmaq yox.

Bəzən odlu silahla polisə müqavimət göstərən, ətrafdakıların həyatına təhlükə yaradan canilər yerindəcə zərərsizləşdirilir. Ancaq bunun da bir mexanizmi var. Bu, o halda baş verir ki, yuxarı rütbəli şəxs məsuliyyəti öz üzərinə götürərək konkret əmr verir. Mülki şəxslərin isə bənzər situasiyada kimisə güllələmək ixtiyarı heç yoxdur. Məcburiyyətdən belə bir hadisə baş verərsə, ona ağır cəza təyin olunmaya bilər, amma məsuliyyətə cəlb ediləcəyi yəqindir.

Başqa sözlə, bu cür hadisələrdə son sözü ekspertlər və məhkəmələr deməlidir. Bizim polemikalar sırf hansı sosial-siyasi platformada olmağımızdan doğur və yanlışdır. Hər şeyi gətirib sosial zümrələrə bağlamaq olmaz. Araşdıranda məlum olur ki, kasıbların müdafiə etdiyi şəxs əslində onların qənimlərindən biridir. O birisi də əksinə.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR