İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-ın “Qafqaz canişini” Bakıya niyə GƏLMƏDİ? - Ermənistanın bu təxribatı…

1018 27.07.2024 10:02 Siyasət A A

Vaşinqton təmsilçiləri “davamlı və ləyaqətli sülh” ifadəsi ilə nəyi demək istəyirlər?

ABŞ-ın Qafqazda danışıqlar üzrə baş müşaviri Lui Bono İrəvanda olub və hökumət rəsmiləri ilə görüşüb. Maraqlıdır ki, Lui Bono regiona mayın üçüncü ongünlüyündə gəlmişdi. Bundan sonra ölkəsinə qayıtmış və iyun ayında bu dəfə Azərbaycana səfər etmişdi. 

Amerikanın Bakıdakı səfirliyindən bildirilib ki, Lui Bono Ermənistandan sonra Azərbaycana səfər etməyəcək: “Səfərlə bağlı təfərrüatımız yoxdur.  ABŞ Dövlətinin Cənubi Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono ABŞ-ın sülh prosesinə dəstəyini, davamlı və ləyaqətli sülhə nail olmağın yollarını müzakirə etmək üçün tez-tez regiona səfər edir”.

Bəllidir ki, mövcud Ermənistan konstitusiyası sülhün əldə edilməsinə əngəl törədir. Rəsmi İrəvan qonşu ölkələrə ərazi iddialarından əl çəkməsə, sülh qalıcı ola bilməz. Digər tərəfdən, Ermənistanın sülh sazişində üzərinə götürdüyü öhdəliklərdən hüquqi bəhanələrlə yayınmaması üçün də bu məsələ həll edilməlidir.

“Sülh sazişinin imzalanması prosesində əldə edilmiş inkişaf”dan bəhs edərkən ABŞ rəsmiləri  Azərbaycan və Ermənistan üçün “çətin, əsaslı güzəştlər”dən danışırlar. “Güzəştlərin zəruriliyi”ni vurğulayarkən Vaşinqton rəsmiləri İrəvana yox, məhz Bakıya ünvanlanmış xitabla çıxış edirlər.

Hazırda da təxminən eyni ssenari təkrarlanır. Vaşinqton “zəruri güzəştlər” dedikdə çox yəqin ki, Ermənistan Konstitusiyasında ölkəmizə qarşı ərazi iddialarının təsbitləndiyi ifadələrin aradan qaldırılması üçün zəruri düzəlişlər və dəyişikliklər edilmədən yekun sülh sazişinin imzalanmasını nəzərdə tutur. Bononun bu baxımdan İrəvanla nəyi müzakirə etdiyi maraq doğurur.

fikret.jpeg (167 KB)

Fikrət Yusifov

Sabiq maliyyə naziri, siyasi və iqtisadi məsələlər üzrə ekspert Fikrət Yusifov Ermənistanın sülhə getməkdən başqa heç bir yolunun qalmadığını qeyd etdi: “Uzun illərdi Ermənistanı bölgədə gərginlik və qarşıdurma yaradan bir dövlət kimi tanıyırıq. Bu gün Ermənistan ona görə sülhdən danışır ki, artıq Rusiya onu əvvəlki kimi dəstəkləmir. Belə bir durumda Ermənistanın sadəcə sülhə getməkdən başqa yolu yoxdur. Əgər sülh müqaviləsi bağlamasa, bir dövlət kimi tarixin səhifəsindən silinib getməli olacaq. İndiki erməni hökuməti bunun fərqindədir və bu gerçəkləri çox yaxşı anlayır. Bu səbəbdən istəsə də, istəməsə də sülh yolunu seçib. Lakin bu yol onun üçün o qədər də hamar deyil. Beyni ”böyük Ermənistan" zəhəri ilə yuyulmuş erməni toplumu özgə torpaqlarına iddialarla bağlı konstitusiyadakı müddəaların aradan qaldırılmasını həzm edə bilmir və buna qarşı çıxır. Bu səbəbdən Paşinyan hakimiyyəti konstitusiyadakı  dəyişikliyi erməni toplumunu zamanla “yola gətirməklə” həll etmək istəyir. Bu yol uzun bir yoldur, lakin zaman öz işini görür. Baxın, yaxın vaxtlara qədər Ermənistan hakimiyyəti Azərbaycan hökumətinin Ermənistan konstitusiyasında dəyişikliklərin zəruriliyi ilə bağlı tələblərinə böyük bir basqı göstərsə də, son vaxtlar hakimiyyət yetkililərinin bu məsələ ilə bağlı ritorikası dəyişib, hətta Nikol Paşinyan bu günlərdə ilk olaraq konstitusiyada dəyişikliklərin zəruriliyindən danışdı. Deməli Ermənistan hökuməti konstitusiyadakı mürtəce maddələrin dəyişdirilməsinin zəruriliyini anlayır, lakin bunu dərhal edə bilmir. Daha doğrusu, Ermənistan hakimiyyəti bu məsələdə aqressiv erməni toplumunun ölkədə qarşıdurma yaradacağından ehtiyatlanır. Heç şübhəsiz ABŞ rəsmiləri də Bakının tələbinin haqlı olduğunu bilirlər. Onlar Ermənistan hökumətinə bununla bağlı açıq təzyiq etməsələr də, görünən budur ki, bağlı qapılar arxasında Ermənistan rəsmilərindən bunu tələb edirlər. Ermənistan hökuməti isə, hələlik özünü bu dəyişikliyi keçirməyə hazır hesab etmir. Birləşmiş Ştatlar administrasiyası yaxşı başa düşür ki, Bakının tələbləri tam haqlıdır və başqasının torpağına rəsmi iddialı olan tərəflə sülh müqaviləsi bağlamaq mümkünsüzdür. Məsələ budur. Ona görə sülh müqaviləsi ətrafında hansı danışıqların getməsindən, rəsmilərin hansı bəyanatlar verməsindən asılı olmayaraq, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi Ermənistan konstitusiyasındakı mürtəce müddəalar aradan qaldırıldıqdan sonra mümkün olacaqdır".

Azər Badamov: "Davosda keçirilən görüşlər bir daha göstərdi ki, ölkəmizə  böyük maraq var"

Azər Badamov 

Deputat Azər Badamov hesab edir ki, Lui Bononun Azərbaycana səfər etməsi o qədər də vacib məsələ deyil: “Son vaxtlar ABŞ rəsmilərinin Ermənistana səfərlərinin intensivləşdiyini müşahidə edirik. O cümlədən 25 iyulda ABŞ-ın Qafqazla danışıqlar  üzrə müşaviri Lui Bono  İrəvana səfər etdi. Lui Bononun səfərindən sonra ABŞ-ın Ermənistandakı səfirliyinin paylaşımında Ermənistanla Azərbaycan arasında sülh razılaşmasının vaxtının çatdığı, İrəvanla Bakı arasında davamlı və ləyaqətli sülhün yaradılması istiqamətində işi müzakirə etdikləri qeyd olunur. Burda sual olunur ki, ABŞ rəsmiləri davamlı və ləyaqətli sülh ifadəsi işlətməklə nəyi demək istəyirlər? Təbii ki, Azərbaycanla Ermənistan arasındakı sülh gündəliyi və bu gündəlikdə həll olunmalı məsələlər bəllidir. Bu, ilk növbədə Ermənistan konstitusiyasında qonşulara qarşı olan ərazi iddialarından rəsmi şəkildə əl çəkilməsidir. Bu tələbimiz beynəlxalq hüquqa söykənir. Yəni, iki ölkə öz aralarında sülh əldə etmək istəyirsə, onların birinin digərinə suverenliyini təhlükə altına salacaq tələbləri olmamalıdır. Belə ki, Ermənistanın müstəqillik aktında Qarabağın Ermənistanın tərkib hissəsi olduğu qeyd olunur. Bir tərəfdən Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Lui Bono ilə görüşündən sonra Ermənistan tərəfinin regionda hərtərəfli və uzunmüddətli sülhün bərqərar olmasına sadiqliyini təsdiqlədiyini bəyan edir. Digər tərəfdən isə bu sülhün gəlişinin sürətlənməsi üçün nə etməli olduğunu bildirmir. Bu sadəcə ictimaiyyət üçün nəzərdə tutulmuş açıqlama olduğunu hesab edirəm. Amma əslində Ermənistan sülhdən uzaqdır və ABŞ da Ermənistanı sülhə məcbur etmir. Məhz ona görə də ABŞ rəsmilərinin Ermənistana səfərlərindən sonra Azərbaycanla şərti sərhəddə təxribatlar baş verir, silahlar sınaqdan çıxarılır. ABŞ rəsmiləri bir tərəfdən regionda davamlı sülhü dəstəklədiyini bildirir, digər tərəfdən Ermənistan ordusu ilə hərbi təlimlər keçirir və hərbi dəstəyini göstərir. Bu da ABŞ-la Ermənistanın açıqlamalarında səmimiyyətin olmadığını göstərir.

Lui Bononun Azərbaycana səfər etməməsi də başa düşüləndir. Çünki Azərbaycan müstəqil siyasət aparır və Ermənistan kimi vassal ölkə deyil. Azərbaycanın dəyişilməz mövqeyi bəllidir və ABŞ rəsmiləri ölkəmizə səfər etməklə mövqeyimizi dəyişmir. Həm də mövqeyimiz beynəlxalq hüquqa əsaslandığından heç kim də bizdən başqa bir şey də tələb edə bilmir. Bu baxımdan Lui Bononun Azərbaycana səfər etməsi o qədər də vacib məsələ deyil. ABŞ regionda davamlı sülh istəyirsə Ermənistanı beynəlxalq hüquqa hörmət etməyə məcbur etməlidir. Əks halda onların sülhlə bağlı deyilən açıqlamalarının reallığa uyğun gəlmədiyini hesab edirəm".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR