İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarabağa yeni “Minsk Qrupu” tələsi - Bakı bu oyunu da pozacaq!

5344 16.09.2023 09:41 Siyasət A A

Rusiya Qafqazdan gedir, amma...; Ermənistanın tək seçimi qaldı - Bakı-Ankara; analitiklərdən ilginc şərh və təxminlər

Güney Qafqaz geosiyasi təlatümlər burulğanından çıxa bilmir. Tək səbəb də Ermənistanın Azərbaycanla sülh müqaviləsi imzalamaq istəməməsi, ondan müxtəlif bəhanələrlə yayınmasıdır. Bu isə regionda yeni genişmiqyaslı hərbi toqquşma riskinin qalması deməkdir.

Bəs siyasi qeyri-müəyyənlik dövrü daha nə qədər sürəcək? Ağdam yolunun tam açılması böyük sülhü yaxınlaşdıracaqmı?  

“Tarixdə ilk dəfə olaraq Rusiya Azərbaycana humanitar yardım göstərib. Hərçənd bu, Azərbaycan erməniləri üçün nəzərdə tutulub. Xatırladığım qədər, son 30 ildə Rusiya bizə humanitar yardım göndərməyib. Hətta ən çətin, ərazilərimizin işğal altında olduğu vaxtlarda bir milyona yaxın qaçqınımız olanda, həmçinin 2020-ci il müharibəsindən sonra Rusiyadan heç bir kömək olmayıb”.

“Yeni Müsavat” xəbər verir ki, bunu sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Minval.az-a müsahibəsində deyib. 

Eks-nazir baş verən olayda həm də başqa bir qəribəlik görür: “Bildiyiniz kimi, bu yardıma guya icazə verilmirdi, sonra isə Xankəndinə buraxılıb. Onlar elə təəssürat yaratmağa çalışırlar ki, sanki separatçılar müstəqil siyasi oyunçulardır, Rusiyanın köməyinə izin verib-verməməyə qədər qərar sahibidirlər. Amma bunlar həqiqətdən uzaqdır. Axır vaxtlar onlar (Rusiya, Fransa - red.) ”humanitar böhran" və “Dağlıq Qarabağ erməniləri” anlayışları əsasında bir konsepsiya formalaşdırmağa çalışırlar ki, gələcəkdə separatçılar danışıqlarda tərəf kimi çıxış etsinlər. Gah Paris meri onların yanına gəlməyə çalışır, gah BMT TŞ-də onlar haqda danışılır və s. Bizi belə bir nəticəyə kökləməyə çalışırlar ki, mahiyyətində Ermənistanın Azərbaycana qarşı ərazi iddiası dayanan münaqişə indiki mərhələdə hansısa yeni reallığa çevrilsin. O halda onlar Azərbaycan hökuməti ilə danışıqlar aparacaqlar ki, Bakı “bəzi məsələləri” həll eləsin".

Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov: “...Rusiya Azərbaycanın cavab  zərbəsinə daha mülayim yanaşa bilər" - BBC News Azərbaycanca

Tofiq Zülfüqarov 

Politoloq son gəlişmələrdən çıxış edərək, düşünür ki, hazırda Azərbaycan əleyhinə “Qarabağla məşğul olacaq” hansısa “Minsk qrupu”nun formalaşması prosesi gedir. “Bizi yenidən ”Qarabağ münaqişəsi"nin dar çərçivəsinə salmağa çalışırlar. Ona görə də Rusiya yük maşınının keçməsi başqa bir detala diqqəti yönəldir: bütün bu sirk Azərbaycandan yox, Ermənistandan maaş alan və Rusiya sülhməramlılarının rəhbərlik etdiyi klounlar (separatçılar- red.) üçündür. Və bu, bizim də iştirakçı olmağımıza çalışdıqları bir teatr tamaşasıdır. Məqsəd hansısa danışıqlar prosesi yaratmaqdır. Ardınca vasitəçi peyda olacaq ki, danışıqlar beynəlxalq xarakter alsın, ona uyğun olaraq da “Dağlıq Qarabağın” statusu işlənib hazırlansın. Yəni bizə yeni mexanizm sırımağa çalışırlar ki, onun hesabına yaxın onillikdə başımızı qatsınlar. Yük maşını hekayəsi köhnə ssenariyə tamamilə uyğun gəlir", - deyə T.Zülfüqarov qeyd edib.

Onun qənaətincə, Azərbaycan üçün elə bir illüziya-təsəvvür yaratmaq istəyirlər ki, guya Ermənistan Rusiyameylli olmaqdan çıxıb və Qarabağ məsələsində iştirakını dayandırır. “Bizim vəzifəmiz isə fərqlidir. Biz ilk növbədə Azərbaycan Prezidentinin müəyyən etdiyi fundamental prinsiplərə əməl etməliyik. Birincisi, Azərbaycanın erməni əhalisinin problemləri bizim daxili problemləridir və Bakı heç kimə hüquq və təhlükəsizlik məsələlərini həll etməyə imkan verməyəcək. İkincisi, əgər İrəvan Qarabağdakı ermənilərin vəziyyətini müzakirə obyektinə çevirmək istəyirsə, onda Ermənistandakı azərbaycanlıların hüquq və təhlükəsizliyini əhatə edəcək məsələlər də ”güzgü qaydası"nda gündəmə gəlməlidir", - sabiq diplomat əlavə edib.

*****

“İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Ermənistanı darmadağın etdi, hər şeyini qaytardı, lakin Qarabağ separatçılarını tam əzmədi, çünki Rusiya müdaxilə etdi, Moskva sülhməramlıları gətirdi və döyüşən tərəfləri ayırdı”.

Bu sözləri isə rusiyalı siyasi analitik, tarixçi Dmitri Çernışevski öz təhlili məqaləsində yazıb.

Onun fikrincə, hazırda vəziyyət o qədər gərginləşib ki, yeni müharibə istisna deyil: “Lakin bu dəfə Rusiya müdaxilə edə bilməyəcək, çünki onun müdaxilə etmək üçün heç nəyi yoxdur”.

Xankəndi haqda gerçəklər üzə çıxdı - VİDEO - GlobalInfo.az

Tarixçi-analitikin əminliyinə görə, Ermənistan dövlətinin və erməni xalqının müstəqilliyini və həyatını təmin etmək üçün yeganə mümkün variant qonşuları - Gürcüstan, Azərbaycan, Türkiyə ilə razılığa gəlmək və sülh bağlamaqdır: “Üstəlik, bu ölkələrin heç birinin Ermənistana qarşı ərazi iddiası yoxdur. Müasir Ermənistan 19-cu əsrdə Rusiya tərəfindən yaradılıb. Rusiya ermənilərin o vaxtadək uzun əsrlər boyu türklərin olan İrəvan xanlığının torpaqlarına köçürülməsini təşkil edib. Amma Rusiya Cənubi Qafqazda 19-cu əsrdən bəri oynadığı rolu daha oynaya bilməz. Bu müddət başa çatır. Rusiya Cənubi Qafqazı tərk edir. Müvafiq surətdə regionda Rusiya təsirinin forpostu kimi yaradılmış xalqın və ölkənin qarşısında bir sual yaranır: bundan sonra mövcud olmağa necə davam etməli? Sualın cavabı çox sadədir - qonşularla barışmaq. Daha sizi tərk edən uzaq bir şimal imperiyasına arxalanaraq yaşaya bilməzsiniz. Yaxud çox uzaqda olan və Afrikada maraqlarını müdafiə edə bilməyən Fransaya güvənə bilməzsiniz. ABŞ isə sözdə, dəstək ola bilər, amma amerikalıların Ermənistana ayırmağa vaxtı yoxdur, onların kifayət qədər öz problemləri var”.

Odur ki, ekspert çıxış yolunu yalnız qonşularla barışıqda görür. “Əvvəlcə Gürcüstan - Ermənistana yaxın xristian ölkədir. Gürcülərlə barışın, dərhal özünüzü rahat hiss edəcəksiniz. Türkiyə və Azərbaycanla barışın - bu, var olmaq üçün vacibdir. Axı nə Türkiyə, nə də Azərbaycan Ermənistana təcavüz etmir. Onların buna ehtiyacı yoxdur. Müasir dünyada sərhəd dirəklərinin yerini dəyişmək yalnız Rusiyaya lazımdır, normal ölkələr bunu etmir. Ermənilər, Rusiyanın Cənubi Qafqazda döyüşkən forpostu olmağı dayandırın və vəziyyətiniz xeyli asanlaşacaq”, - deyə o əlavə edib.

*****

“BMT TŞ başda olmaqla nüfuzlu beynəlxalq təşkilatlar, o cümlədən Ermənistanın dostu hesab etdiyi ölkələr dəfələrlə Qarabağın Azərbaycanın parçası olduğunu bildiriblər, ermənilər isə başqalarının sözlərini eşitməyiblər, ancaq öz bildikləri kimi hərəkət ediblər”.

Bu etirafı Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın xarici siyasət məsələri üzrə keçmiş müşaviri Jirayr Liparityan Massaçusetsdəki Erməni Araşdırmaları Mərkəzində çıxışı zamanı edib (Report).

“Reallıq odur ki, BMT TŞ olmaqla beynəlxalq ictimaiyyət, o cümlədən Rusiya, Fransa, İran, Yunanıstan, Kipr kimi dostlarımız həmişə deyiblər ki, Qarabağ müstəqil olmayacaq və o, Azərbaycanın bir parçasıdır. Beynəlxalq ictimaiyyətin bizə mesajı bu olub. Amma biz onları yox, sadəcə özümüzü dinlədik”, - Liparidyan xatırladıb.

Sözünə davam edən sabiq müşavir deyib: “Atəşkəs razılaşmasından sonra bizə deyildi ki, işğal edilmiş ərazilər, həmçinin 7 rayon geri qaytarılmalıdır. Amma dinləmədik, sadəcə, dünyaya bizim üçün nə etməli olduqlarını dedik. ”Biz “bunu və ya onu istəyərəm” demək lüksünə sahib deyilik. Mən hesab edirəm ki, Azərbaycanla razılaşma imzalamaq mümkündür. Azərbaycan Prezidenti deyir ki, mənim daxili məsələm sizin işiniz deyil. Beynəlxalq ictimaiyyət də bununla razılaşır. Biz isə hər dəfə reallığa zidd hədəflər planlayır, nəticədə də uduzuruq".

J.Liparityan hesab edir ki, İlham Əliyevin ermənilər üçün hazırkı təklifi uyğundur.

Qalır indi bu praqmatik düşüncənin erməni təfəkkürünə hakim kəsilməsi. Əks halda, daha bir “dəmir yumruq” qaçılmaza çevriləcək və radikal-revanşistlərin qalıqlarını bu dəfə nə Rusiya, nə də yeni-köhnə “Minsk üçlüsü” xilas edə biləcək...

Siyasət şöbəsi,
“Yeni Müsavat”

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR