İnsanlara hürriyət, millətlərə istiqlal!

YAZIÇILAR “QARABAĞIN QARA BƏXTİ”ndən YAZMAĞA HƏVƏSLİ DEYİL

7795 23.10.2010 09:23 Qarabağ xəbərləri A A

Eləcə də I dünya müharibəsi, məşhur Fransa inqilabı... kimi tarixi hadisələrin dünya ədəbiyyatına qazandırdıqları. Maraqlıdır, Qarabağ müharibəsi, ermənilərin Azərbaycana qarşı hərbi təcavüzü ədəbiyyatımızda lazımınca yer alıbmı? Alıbsa, kimlər, nələr yazıblar? Almayıbsa, niyə, bu işdə məsuliyyət kimin üzərinə düşür? Mövzu dərin, suallar çox. Ekspertlərlə söhbətimizdə mövzunu araşdırıb, suallara cavab tapmağa çalışacağıq.

Qarabağ mövzusunda əsərlər yazılsın, ya yox?

Yazıçı Səlim Babullaoğlu hesab edir ki, son dövrlərdə Qarabağ mövzusunda qələmə alınan əsərlər “Hərb və sülh” səviyyəsinə çatmayıb. Yazıçının fikrincə, buna səbəb Azərbaycanın hələ qeyri-müəyyən situasiyada olmasıdır. Yəni, “müharibə həm var, həm də yoxdur”: “Əgər yazıçı, şair yaşadığı situasiyanı bilmirsə, o nə yazacaq? Azərbaycanda bir çox əsərlər plakat xarakteri daşıyır və şair kimi məni qane etmir, ürəyimi bulandırır, bu da onu göstərir ki, bizdə müharibəyə münasibət doğru deyil. Sovet dövründə qələmə alınan ”Ana və poçtalyon" və Konstantin Simonovun “Gözlə məni” əsərlərini yadınıza salmaq istəyirəm. Mən bu əsərləri qiymətli hesab edirəm".
Ədəbi tənqidçilərin məsələ ilə bağlı ümumi rəyi isə belədir ki, təbliğat mexanizminin yoxluğuna və ideoloji sahədə boşluqlar olduğuna görə Qarabağ mövzusunda yazılan əsərlər yetərincə təbliğ edilmir. Bundan başqa, hazırda dünya da müharibəyə yox, sülhə, humanizmə çağıran , insanlığın faciəsini yazan ədəbiyyatı qiymətləndirir. Azərbaycan isə torpaqları işğal olunan, Ermənistanın hərbi təcavüzünə məruz qalan ölkə olduğuna görə tənqidçilər həmin səpkidə əsərlərin yazılmasını ümumən doğru saymır. Qətiləşmiş fikir odur ki, bu səpkidə yazılan yazılar xalqda, millətdə bir ruh düşkünlüyü yarada, onların əlini müharibədən soyuda bilər.
Konkret nümunələrə gəlincə, Sabir Əhmədlinin Qarabağ trilogiyası (“Axirət sevdası”, “Kef”, “Ömür urası”), Aqil Abbasın “Dolu” romanı, Elçin Əfəndiyevin bu mövzudakı hekayələri, Elçin Hüseynbəylinin “Əsrlər” povesti, Şərif Ağayarın “Kərpickəsən kişinin dastanı” povesti, Hüseynbala Mirələmovun “Xəcalət” romanı, Hikmət Sabiroğlunun “Qarabağ gündəliyi”... hələlik ən parlaq nümunələr sayıla bilər.
Qısa bir haşiyə. Bu ilin yanvar ayının 11-də Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda 2009-cu ilin ədəbi yekunlarına həsr olunmuş mükafatlandırma mərasimində “Qarabağ mövzusunda yazılmış nəsr əsəri” mükafatına Aqil Abbasın “Dolu” romanı, “Qarabağ mövzusunda yazılmış poema” mükafatına isə Ədalət Əsgəroğlunun “Dərdimizin qan rəngi” poeması layiq görülüb.

Rəşad Məcid: “Yazarlarda bir depressiya, stress, ruh düşkünlüyü var”

Amma ekspertlər Böyük Vətən Müharibəsinə həsr olunan əsərlərlə Qarabağ mövzusunda yazılan(və yazılmayan) əsərləri müqayisə etməyi düzgün saymır. Ümumi rəy belədir ki, birinci müharibə iki ideoloji tərəf arasında baş verib, nəticədə Rusiya və keçmiş qardaş ölkələr qalib duruma düşüb. Hökumət isə bu ideoloji sahəyə böyük sərmayə qoyduğu üçün ortaya güclü bədii nümunələr çıxıb. İndi isə... Hələ ki, müharibə bitməyib...
Bəs Azərbaycan Yazıçılar Birliyi(eləcə də dövlət) yazıçıları bu mövzuda yazmaları üçün necə həvəsləndirə bilər?
Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid inanmır ki, Qarabağ mövzusunda bədii əsərlərlə bağlı hansısa ədəbi müsabiqələrin keçirilməsi ilə güclü əsərlər ortaya çıxa bilər. Onun fikrincə, kimsə müsabiqə üçün əsər yazırsa, bu, sıradan olur. Amma müsahibimiz güclü əsərlərin təbliği üçün güclü maliyyənin vacibliyini istisna etmir: “O ki qaldı, bu mövzuda güclü əsərlərin yaranmamasının səbəblərinə, məncə, bunun psixoloji səbəbləri var. Birincisi, döyüş hələ bitməyib, hələ qalib deyilik. Ona görə yazarlarda da bir stress, depressiya, ruh düşkünlüyü var. Bu durumda isə ictimaiyyətin gözlədiyi qələbə ruhlu əsərlərin yazılması mümkün deyil”.
Amma R.Məcid son dövrlər yaranan bütün əsərlərdə Qarabağ dərdinin çalarlarının olduğunu deyir: “Müharibə ilə bağlı əsərlər təkcə döyüş səhnələrindən ibarət olmalı deyil. Dünyada elə əsərlər var ki, orda birbaşa döyüş səhnəsi olmasa da, müharibəni daha effektli təsvir edir”.

Sabir Əhmədlinin “Ömür urası”na bir alqış!

Qarabağ mövzusunda bədii ədəbiyyatdan danışıb, oğlunu Qarabağ müharibəsində itirmiş Sabir Əhmədlinin “Ömür urası” əsərindən yan ötmək olmaz və xüsusi vurğulanmağı haqq edir. Sözügedən əsər 2001-ci ildə yazılmış ən uğurlu romanlardan biridir. Burada Azərbaycanın işğal olunmuş rayonları, kəndləri təsvir olunur, torpaqlarımızın təbii sərvətlərinin erməni təcavüzkarları tərəfindən necə vəhşiliklə məhv olunası göz önünə gətirilir. O zamankı ölkə rəhbərləri romanın müəyyən hissələrində tənqid olunur. Əsərin qəhrəmanı Kişi bir zamanlar kənddə müəllim işləyib. Roman Kişinin öz doğma yurduna gəlməsi ilə başlayır. Beyləqana yaxınlaşanda onun əyləşdiyi maşını qaçqın köçü qarşılayır. Cəbrayıldan qaçan əhali hara gedəcəyini bilmədən qaçır. Məlum olur ki, ermənilər dünən Cəbrayıla giriblər.
Əsərin qəhrəmanını hər şey düşündürür. O zamankı ölkə rəhbərlərinin, radio, televiziyanın vədlər verməsi, qaçqınların Bakıda, Sumqayıtda artıq özlərinə məskən salmaları, ev-eşik sahibi olmaları və bəzilərinin bu evləri daha tərk etmək istəməmələri və s. “Bakı qaçqınlar şəhərinə çevrilmiş, paytaxtın ovqatı, görünüşü büsbütün dəyişmişdi. Bir yandan yeni burjuyların imarətləri, qəsrlər ucalır, şirkətlər, firmalar, xarici, əcnəbi ofislər yerləşir, məhəllə içi, köhnə dalanların arasından, tinlərdən yeni malikanələr baş qaldırır, on səkkiz, iyirmi qat binalar ucalır, başqa yandan, Yasamalda, Xutorda, Alatavada, Badamdarda taxta, karton sığınacaqlar, it damına bənzər daxmalar, dəmir evciklər, bakılıların quşxanasına oxşar yuvacıqlar, hinlər quraşdırılırdı. Qaçqınlar oturaqlaşır, doğma ev-eşiyə qayıtmaq istəyi silinsəyir, soyuyurdu. ”Qaçqın" sözü daha ötəri yox, yurdsuz, didərgin insanların tale-qisməti təki səslənirdi".
Kişi doğma rayonuna, kəndinə qayıdır. Kənd büsbütün dağıdılıb. Ermənilər evləri yandırıb, ev əşyalarını isə talan edib aparmışlar. Kişinin ən çox görmək istədiyi təzə tikdirdiyi və içində heç bircə gün də yaşamadığı evi və qardaşının heykəli olur. Qəribə olsa da, heykələ heç nə olmamışdır. Kişinin evi isə dağıdılmışdır.
S.Əhmədli Kişi obrazı vasitəsilə Dağlıq Qarabağdakı işğal olunmuş ərazilərin hansı vəhşiliklərə məruz qalmasını göstərir, əhalinin, xüsusilə qız-gəlinlərin əli-ayağı bağlı, kişilərin gözü qabağında zorlanmasını, ağacların kəsilməsini, hələ bütün bunlar azmış kimi, bəzi Arazyanı iranlıların işğal olunmuş ərazilərimizə keçib mal-qaranı, ev əşyalarını qarət etməsini ürək ağrısıyla düşünür.
Yazıçı yurd-yuvalarından didərgin düşmüş insanların çəkdiyi iztirabları, əziyyətləri ümumiləşdirilmiş Kişi obrazının duyğular prizmasından keçirib təqdim edir. Onu da qeyd edək ki, Kişi doğma kəndə ilk qayıdanlardan biridir. Və o tezliklə hamının qayıdacağına inanır. “Kişi kəsik ağacların dibinə axan suya baxıb dilləndi:
- Hər şey yerini alacaq. Dağılmış şəhərlər, kəndlər yenidən qurulacaq, əzəlkindən də abad olacaq. Qaçqın-köçkun yurda qayıdacaq. Bircə şəhidlər qayıtmayacaq. onlar biryolluq köçüblər".

Seyran Səxavət: “Xahiş edirəm, Qarabağ mövzusunda heç nə yazmayın”

Tanınmış yazıçı Seyran Səxavətin isə məsələyə fərqli baxışı var. Yazıçı bütün müsahibələrində israrla bu fikri təkrarlayır: “Mən bütün ərkim keçən yaradıcı ziyalıların hamısından əvvəl xahiş, sonra da tələb edirəm, Qarabağ mövzusunda heç nə yazmasınlar. Çünki mən bütün varlığım qədər inanıram ki, bu gün Qarabağ mövzusu yazıçılardan daha çox, dövlətin, müdafiə nazirinin, ümumilikdə bütün xalqın mövzusudur. Mən sabah bir roman yazım, azdan-çoxdan fantaziyam da var, bir azərbaycanlı obrazı yaradım, bir ucdan qırsın erməniləri... Bu, absurd bir şeydir. Biz kimi aldadırıq? Ona görə də mən bütün dostlarımdan xahiş edirəm ki, Qarabağdan heç nə yazmasınlar. Bir az o tərəfə İsa bulağı, bu tərəfə Şuşa kinoteatrı. Bu nə oldu daha? Məndə belə hiss yaranır ki, əcəba, doğrudanmı Şuşa, Laçın, Kəlbəcər ölüb? Mən bununla heç cür barışmaq istəmirəm. Deməli, biz artıq Qarabağsızlıqla barışmışıq ki, ad qoyuruq? Bu həm də o deməkdir ki, Qarabağ haqqında yazmaq lazım deyil. Qarabağ haqqında fikirləşmək, Qarabağı qaytarmaq lazıdır”.
Publisist Seymur Baycan Qarabağ haqqında “Dörd romantik hekayə”nin müəllifidir. Müsahibimiz hesab edir ki, son dövrlər Qarabağla bağlı yaranan əsərlər ümumilikdə 2 süjet üzərində qurulub. Birincisi, lənətləmə, ikincisi, misilsiz qəhrəman obrazı: “Həmin əsərlərdə görürsən ki, ya bir azərbaycanlı əsgər meydana atılıb bütün düşmənləri güllələyir, ya da ermənilərin hücumundan qaçanlar bir mağarada gizlənib düşmənə söyüş və qarğış yağdırır, onların hər şeyi azərbaycanlılardan oğurlamaqları haqqında danışırlar”.

Şahbaz Xuduoğlu: “Oxucu Qarabağ mövzusunda dinamik mətn axtarır”

Hesab edək ki, hökumət bu sahəyə maliyyə ayırdı, yazıçılar da bir-birindən maraqlı əsərlər yazmağa başladılar. Bəs Azərbaycan oxucusu? Onların bu mövzuda yazılan əsərlərə marağı, tələbatı varmı?
Naşir Şahbaz Xuduoğlu hesab edir ki, Qarabağ hadisələrinə qədər bu mövzuda yazılanlar Qarabağ hadisələrinin yanından ötüb. Müsahibimizin fikrincə, ədəbiyyat bir nəfərin faciəsini daha ustalıqla yaza bilir, nəinki bir ölkənin: “Statistik məlumatlar əsasında yaranmış ədəbi nümunələr var ki, bu, oxucu marağına səbəb olmur. Bu hadisələrdən zərər çəkmiş insanların yazdıqları isə daha çox onların yaxın çevrəsi üçün maraqlı olur. Qaçqın həyatı, Qarabağ ədəbiyyatı özünə yer tapa bilməyib. Halbuki müharibə mövzusu dünya ədəbiyyatında hər zaman olub. Böyük mənada insanları təsirləndirən ədəbi nümunələr də az deyil. Oxucunun marağını dinamik mətnlə özünə çəkmək olar. Bu, Qarabağ mövzusu üzərində qurulsa, oxucu oxuyacaq. O, yazının gözəlliyinə, hadisələrin qurulmasına valeh olmalıdır. Daha detallı məlumatları televiziyadan, xəbər saytlarından alır. Bədii mətnin mistikası varsa, oxucu onu oxuyacaq”. Müsahibimiz naşir olaraq əmin deyil ki, bazarın Qarabağ mövzusunda kitablara tələbatı var. Onun fikrincə, dövlət sifariş versə, bu mövzuda ədəbi müsabiqələr keçirilsə, irəliləyiş ola bilər. Əks halda, mövzu o qədər də yayılmayacaq.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR