İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarabağ separatçılarının “ala gözünə” aşiq olmusunuzmu, niyə səsiniz çıxmır?!

1305 10.03.2022 14:45 Yazarlar A A

Qarabağ separatçıları təşviş içərisindədirlər. Azərbaycan əsgərinin son günlər davamlı şəkildə etdiyi azanlı, musiqili, səsli xəbərdarlıqlarının ardınca, təxribatçıların atəş nöqtələrinin susdurulması istiqamətində atdığı addımlar əməlli-başlı səksəkə yaradıb.

Son günlər erməni terrorçularının davamlı şəkildə mövqelərimizi atəşə tutmasının cavabında müdafiə naziri Zakir Həsənovun dərhal, adekvat cavab verilməsi barədə əmrinin ardınca, Azərbaycan Müdafiə Nazirliyinin “Yalnız qanunsuz erməni silahlı dəstələrinin mövqelərinə dəqiq zərbələr endirir”, açıqlaması gəldi və bir azdan ermənilər anlamağa başlayacaqlar ki, biz onlarla zarafat eləmirik. Rusiya sülhməramlılarının bölgəyə gəlişindən sonra günbəgün arxayınlaşmağa başlamışdılar, elə zənn edirdilər ki, Azərbaycan əsgərinə atdıqları güllənin cavabı verilməyəcək. İndi şivən qoparırlar, “qoymayın, bizi öldürürlər”, deyə.

Rəsmi xəbərə diqqət edək: “Martın 10-u gecədən səhər saatlarınadək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri Ağdam rayonunun Çuxurməhlə, Qurdlar, Xıdırlı, Qaradağlı və Qasımlı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərimizi müxtəlif çaplı silahlardan fasilələrlə 28 dəfə atəşə tutub. Qeyd olunan istiqamətlərdə təxribatların qarşısını almaq məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən cavab tədbirləri görülüb. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır”.

Hansı ölkənin ərazisində ona qarşı belə təxribat törədilsə, dözərmi, qarşılıq verməzmi? ABŞ-da yol polisinin “saxla” komandasına tabe olmayan sürücü azca müqavimət göstərən kimi güllələnir. Avropada etirazlara qalxanları süpürgə əvəzi sürüyürlər asfaltla, üstünə atla çıxırlar. Hələ bunlar ölkənin vətəndaşlarına qarşı baş verir. Amma Avropa Parlamenti kimi qurumlar Azərbaycan vətəndaşlığını qəbul etməyən, üstəlik, Azərbaycan əsgərinə atəş açanların himayəsinə qalxır, müxtəlif bəhanələrlə separatçı-terrorçu qüvvələri müdafiə edir. Üstəlik, Gürcüstanda, Moldovada və nəhayət, Ukraynadakı separatçıları “qara siyahı”ya salan, sanksiyalar tətbiq edən Qərb dünyası nədənsə Xankəndidədi erməni separatçıları bağrına basır. O separatçıları ki, elə bu günlərdə Donbas və Luqanskdakı qondarma “respublika”larla “qardaşlaşdığını” elan etdi, 14 ton “humanitar yük” göndərdi. Beqlaryan adlı separatçı bildirib ki, yardımların davamı olacaq. Avropa, Amerika heç maraqlanırmı ki, Qarabağdakı erməni separatçıları, Rusiya “sülhməramlılar”la birlikdə Ukraynaya nə göndərib, o “yardım” deyilən qutularda nələr olub? Faktiki olaraq Qarabağdakı rus sülhməramlılar və erməni separatçılar ABŞ və Avropanın sanksiya qərarlarına qarşı fəaliyyətə başlayıblar, bunun bir cavabı olacaqmı?

Budur, xəbər yayılıb ki, Ukrayna ordusuna əsir düşənlərin içərisində Qarabağda sülhməramlı kimi fəaliyyət göstərmiş rus hərbçilər də var. Rusiiyanın Qarabağdakı keçmiş canişini Rustam Muradovu sanksiya siyahısına daxil edən Amerika və Avropa İttifaqı bəs, digər “sülhməramlılar”la bağlı hansı addımları atmağı planlaşdırır? Azərbaycan üçün vacib məsələdir, bu məqamda mövqelərini görmək istəyirik. Xankəndidə Rusiya bayrağını qaldıran, “bizi də Donbas, Luqansk kimi tanı”, müraciətini edən erməni separatizminə Qərbin sükutlu reaksiyasına nə ad vermək olar?

Kadrlar yayılır, Qarabağdan Ukraynada döyüşməyə gedənlərlə bağlı. Yenə də reaksiya yoxdur. Hələ bilinmir maşın kolonundakılar kimlərdir. Bəlkə erməni separatçılarıdır, “rus mundirində”. Qarabağda terrorçuların olması faktdır və onlar da muzdlu kimi Ukrynaya qarşı döyüşmək üçün gedə bilər. Elə isə Qarabağ erməniləri niyə sanksiyaların təsiri altına salınmır? Azərbaycanla düşmənçilik etdiklərinə görəmi?!

Rusiyanın Bakıdakı səfirliyinin mövqeyi bəlli... Bəs, ABŞ başda olmaqla, Qərb dövlətlərinin Azərbaycandakı səfirlikləri, beynəlxalq təşkilatların təmsilçiləri niyə münasibət bildirmir, aydın mətnlə “Qarabağ Azərbaycanın ərazisidir” mövqeyini ifadə etmirlər? Nəyi gözləyirlər? Gözləyirlər ki, Azərbaycan ordusu düşmənin başını əzmək üçün hərəkətə keçsin və onlar da “sülhə çağırış nağılları”na başlasınlar? Los-Ancels erməniləri əllərində Rusiya bayraqları küçələrə çıxsa və Ukrayna separatçılarına həmrəylik mesajları versəydi, yaxud Marsel erməniləri – reaksiya indiki kimi olardımı? Şübhəsiz ki, yox, it balası kimi tapdayardılar onları...Nədir, bəlkə Qarabağdakı erməni separatçılarının “ala gözünə”, ya uzun burnuna aşiq olublar?!

Bu gün, 10 martda Qarabağdakı qondarma rejimin oyuncaq “parlamentciy”i “növbədənkənar iclas” çağırıb. Erməni mətbuatı yazır ki, yaranmış mürəkkəb vəziyyətlə əlaqədar saat 19.00-da toplaşacaqlar. Bu addımın özü Azərbaycana qarşı təxribatdır və ordumuzu antiterror əməliyyatına başlamağa sövq etməkdir. Azərbaycan daha bundan sonra azan səsi, “Koroğlu” uverturası, ya ermənicə çağırışla deməyəcək sözünü. Bir vaxt “parlamenti” Şuşaya köçürmək istəyənlərin arzusu neçə puç olmuşdu, unutmasınlar. Odur ki, Xankəndiyə, separatçı-terrorçu dəstələrin topasına mərmi düşsə, kimsə Azərbaycandan inciməsin...BMT TŞ-nin 4 qətnaməsini təkbaşına icra edən qüvvə bunu da bacaracaq, Ordumuza, Dövlətimizə güvənirik!Amma istərdik ki, özünü ədalətli adlandırdan dünyanı da yanımızda görək, heç olmasa indiki mərhələdə...

 fa0e65ef9ccf9517744405bf38ee8a8a.jpg (58 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR