İnsanlara hürriyət, millətlərə istiqlal!

Qara yaylıqlı istiqlalçı xanım...

6303 29.07.2018 18:35 Yazarlar A A

(İstiqlalçı deputat Məryəm Həsənovanın işıqlı xatirəsinə)

1991-ci ilin 17 martında Azərbaycan SSR Ali Sovetinin 300-dək deputatı “SSRİ-də qalaq, qalmayaq” sualına ikiəlli “qalaq” cavabını verəndə, yaxud da hələ tərəddüdlər içərisində olanda həmin 43 nəfər Azərbaycanın azad yaşamaq haqqının olduğunu öz səsləri ilə bəyan etmişdilər.

Bu gün – 29 iyul 2018-ci ildə bu dünyaya gözlərini əbədi yuman Məryəm Həsənova da o cəsur insanlardan, həm də “43-lər”in sırasındakı kişi qeyrətli iki xanım deputatdan (digər xanım deputat Dilarə Əliyevaydı, məkanı cənnət olsun-E.P.) biriydi. Müstəqillik uğrunda mübarizənin qızğın vaxtlarında, həmçinin istiqlalımızı qazandığımız ilk illərdə parlamentdə çoxlarının diqqətini çəkən qara yaylıqlı xanım var idi e...

asds.JPG (39 KB)

Milli Məclisin qara yaylıqlı istiqlalçı deputatı canından artıq sevdiyi Cümhuriyyətimizin 100 illiyində,ömrünün 80-ində bizlərdən ayrıldı, Azərbaycanı “qalan sağlar”a əmanət deyərək. Böyük itkidir, millətimizin, Vətənimizin başı sağ olsun! Amma Azərbaycanın müstəqilliyi əbədi olacaqsa, məmləkətimizin yaraları sağalacaqsa, torpaq bütövlüyümüz bərpa olunacaqsa, Məryəm xanım da hər zaman yaşayacaq, ruhu şad olacaq, bizimlə birgə sevinəcək, fərəhlənəcək.

Şəxsi həyatında fərəhli anları çox olmamışdı, faciələr onu qarabaqara izləmişdi. Amma bu acıların üstünü qara örpəyə bürüyüb də Azərbaycan uğrunda mücadilədə yoluna mətanətlə davam edib.

Demblokun 25 üzvündən biri idi. Ali Sovetin iclaslarında az-az danışardı. Ancaq məşhur 4-cü mikrofonda ilk çıxış edən deputat kimi adını tarixə yazdırıb, imperiyanın “at oynatdığı” dövrdə...

Müsahibələrimizin birində o qara yaylığın sirrini soruşmuşdum. Başına gələnləri belə anlatmışdı: “30 sentyabrda mənim deputat seçildiyim elan olundu. Oktyabrın 6-da isə yol qəzasında dörd əzizim öldü - qardaşım, yoldaşı, bacım, oğlu. Buna kim dözərdi? Səbəbi hələ indiyədək məlum deyil ki, bu qəza təşkil olunmuşdu, yoxsa...Anam rəhmətlik o vaxt məsələnin üstünə getməyə qoymadı. Dedi bir bu qədər əzizim əlimdən çıxıb, qalanlarını da itirməyim. Görünür, nəsə məlumatı varmış. Mən də onun sözünə baxıb ardınca getmədim. Ancaq elə o vaxtdan qara yaylıq mənim sirdaşım oldu...”



Sirdaşı qara yaylıq olan xanımın qara xəbərini eşidən, onu tanıyan hər kəsi üzdü yəqin ki. Ancaq Məryəm ananın elə gözəl ürəyi var idi ki, kimsəni üzmək istəməzdi, ağrısı-acısı, problemi, qayğısı ilə.

Vətən sevdalısı idi. Bu məmləkəti o qədər sevirdi ki. Belə bir insanın, həm də istiqlalçı deputatın bir otaqlı yataqxanaya sığınması, ömrünü o tək odada başa vurması ürəkağrıdıcır. Kaş ki, belə olmayaydı.

Məryəm ana həyalı, ismətli azərbaycanlı xanım idi. Təsəvvür edin, söhbətimiz zamanı rəhmətlik ömür-gün yoldaşından danışırdı.

“Bağışlayın, biz gec ailə qurmuşduq”-deyərək. Yaşı 80-i haqlayan xanım həyat yoldaşından bəhs edəndə “bağışlayın” deyirdi.

Nümunəydi...Özü də hərtərəfli nümunə. Qarabağ döyüşləri gedərkən məsləkdaşları ilə cəbhəyə yardımlar apararmış, əsgərlərlə görüşlər keçirirmişlər, Ağdama, Tovuza, Ağdərəyə qədər. Tovuzun Çənlibel yüksəkliyinə qədər qalxdıqlarını, ağır yaralılarımızın daşındığı dəhşətli səhnələrin şahidi olduğunu ürək ağrısı ilə danışardı.

Məryəm xanımın uşaqlığı “Sovetski”də keçib. Orta təhsilini Bakıdakı 190 saylı məktəbdə alıb. Sonra Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində oxuyub. Həyatının sonrakı hissəsi Siyəzəndə keçib. Ömrünün sonunadək yaşadığı Siyəzən rayonunun yaradılmasında Məryəm xanımın xüsusi rolu olmuşdu. Danışardı ki, vaxtilə onun təklifindən sonra Siyəzən rayonu təşkil edilib.

O qədər həyalı, ismətli xanım idi ki. Təsəvvür edin, Müstəqillik Aktının qəbul olunduğu 18 oktyabr günü sevincindən hönkür-hönkür ağlayan bu xanımı Milli Məclisin zalında şəkil çəkdirməyə dəvət ediblər. Əvvəlcə tərəddüd edib. “Digərləri kişilər idi deyə, mən getmək istəmirdim. Məni güclə dartıb apardılar. Ona görə də bir qolum düşüb, yumruğumu sıxdığım yerdə”-demişdi o hadisədən bəhs edərkən.

Картинки по запросу istiqlal məryəm deputat millət

Sonuncu görüşümüzü, söhbətimizi xatrladım. “Söz zəmisi” şeirlər kitabını hədiyyə etmişdi. O qədər təvazökar xanım idi ki, şeir kitablarının çap olunmasına (1969-cu ildə “Səhər”, 1996-cı ildə “Yaralı quşun nəğməsi” kitabları-E.P.), “mən namaz üstəyəm-şeir üstəyəm” yazmasına baxmayaraq, yaradıcılığını gizli saxlayırdı sanki. Mənə elə gəlirdi ki, Məryəm xanım sadəcə öz qəmini yazır, bununla özünü ovudurdu...

Amma bu qəm onun şəxsi həyatı ilə bağlı deyildi. Söhbətlərimizdə də sezmişdim, burada Təbriz harayı da vardı, Qarabağ dərdi də, Azərbaycanın müstəqilliyindən dolayı narahatlıqlar da...Harayı da için-için çəkirdi, xanım-xatın davranışı ilə.

Təəssüf ki, bir insan, simvol sayılacaq adam ömrünü ehtiyaclar içərisində keçirdi. Əslində 80 illik yubileyi dövlət səviyyəsində qeyd olunmalıydı. Sağlığında abidə qoyulası ANA idi. Heç olmasa dünyadan köç edəndən sonra onun qiymətini bilək, haqqını verək.

Belə bir qadının adını mütləq əbədiləşdirmək lazımdır. Gəncliyə, gələcəyə nümunədir Məryəm ana! Əslində Mərhəm Həsənova Fəxri Xiyabanda dəfn olunmağa haqq etmiş bir dəyərlimizdir. O məkanda “müsavat cəlladları tərəfindən” öldürülənlərə yer tapıldığı halda, niyə İSTİQALALIMIZ uğrunda döyüşən Azərbaycan qadınına yer olmasın?..

Bir aralar 162 manat təqaüd alan Məryəm xanım pensiya təminatı ilə bağlı məhkəməyə müraciət etmişdi. Lakin onun şikayətinə mənfi cavab veriləndə də üzülməmişdi. “Qoy alınmasın. Maddi təminat mənim üçün... demirəm sıfırdır. Alınsa, çox gözəl olardı. Ancaq bu, hər şey demək deyil. Qoy heç olmasa istiqlalçılığın mahiyyəti açıqlansın, hər kəs bunun mahiyyətini başa düşsün”. O, şəxsi probleminin həllindən çox, istiqlalımızın qədir-qiymətinin verilməsi üçün çalışırdı bu məsələdə də. Biz də qiymətini bilək, heç olmasa bundan sonra...

Картинки по запросу məryəm deputat

Məryəm Həsənova sədaqət rəmzi sayıla bilər - ömrünün sonuna qədər müsavatçılığa, Məhəmməd Əmin Rəsulzadə ideyalarına sadiq qaldı.

O, çox gözəl insan olmaqla yanaşı, həm də gözəl müəllim idi. 72 yaşına qədər Azərbaycan dili və ədəbiyyatından dərs dedi, cəmiyyətə yüzlərlə əsl vətəndaş, ziyalı, insan bəxş etdi, 50 illik pedaqoji staj dövründə. Elə müəllimlikdə qazandığı nüfuz idi onu ali qanunverici orqana çəkib gətirən. Zarat kənd məktəbində direktor işləyərkən adamlar gəlıb ki, sizin namizədliyinizi irəli sürürük.

“Mənim aləmimdə xalqın özünü tanıması, dərk eləməsi ən böyük hissdir, bu hissi bir nəfər kimi yaşamağımız lazımdır”. Məryəm xanımın sözləridir. Müstəqilliyimizin 20 illiyindəki görüşümüzdə demişdi.

İbrətamiz sözlərdir, həm də bizlərə vəsiyyətidir. Məkanın cənnət olsun, Məryəm xanım! Nə qədər ki, bu dövlət var, nə qədər ki, səmamızda üçrəngli bayrağımız dalğalanır, Siz heç zaman unudulmayacaqsınız. Axı, bu istiqlalı bizlərə sizlər qazandırmısınız. Əbədiyyətiniz mübarək olsun!

Elşad PAŞASOY,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR