Ermənistanda keçirilən parlament seçkilərinin ilkin nəticələri açıqlanmağa davam etdiyi bir vaxtda Baş nazir Nikol Paşinyan seçki qərargahına gəlib.
Musavat.com xəbər verir ki, Paşinyanın qərargaha gəlişini əks etdirən görüntülər Ermənistan mediasında və sosial şəbəkələrdə geniş yayılıb. Hazırda Ermənistan hökumət başçısı mətbuat konfransı keçirir və seçkilərin nəticələri ilə bağlı açıqlamalar verir. Mətbuat konfransında Paşinyan bildirib ki, “kriminal oliqarxiya cəzalandırılmalıdır və tez bir zamanda”. Onun bu açıqlamasının Samvel Karapetyan və Robert Köçəryana ünvanlandığı bildirilir.
Rəsmi olaraq açıqlanan ilkin nəticələrə əsasən, Paşinyanın rəhbərlik etdiyi Vətəndaş Müqaviləsi Partiyası rəqiblərini böyük fərqlə qabaqlayır və seçkinin əsas qalibi kimi görünür.
Bu arada Paşinyan artıq qələbəsini elan edib. O bildirib ki, Vətəndaş Müqaviləsi Partiyası parlament seçkilərində qalib gəlib və hökuməti təkbaşına formalaşdıracaq.
İlkin nəticələr hakim partiyanın parlamentdə rahat çoxluq əldə etdiyini göstərir. Müxalif düşərgədə yer alan əsas rəqiblər – Samvel Karapetyanın təmsil olunduğu “Güclü Ermənistan” bloku və Robert Köçəryanın ətrafında birləşən qüvvələr isə xeyli geridə qalır.
Qeyd edək ki, Ermənistan Mərkəzi Seçki Komissiyası səsvermənin yekun nəticələrinin hesablanmasını davam etdirir.
Paşinyanın seçki qərargahına gəlişini əks etdirən videonu təqdim edirik.
Musavat.com






