İnsanlara hürriyət, millətlərə istiqlal!

Ramin Məmmədovla Apostol Arxivinin rəhbəri arasında mühüm görüş

584 09.07.2026 17:12 Hadisə A A

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Vatikana səfəri çərçivəsində Vatikanın Apostol Kitabxanasının və Apostol Arxivinin rəhbəri, arxiyepiskop Covanni Çezare Paqatzi ilə görüş keçirib.

Musavat.com xəbər verir ki, görüşdə Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında münasibətlərin qarşılıqlı hörmət, etimad və ümumbəşəri dəyərlərə sadiqlik prinsipləri üzərində qurulduğu vurğulanıb.

Bildirilib ki, Azərbaycan-Vatikan əlaqələrinin inkişafında Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi xarici siyasət kursu mühüm rol oynayıb. Prezident İlham Əliyev tərəfindən bu siyasətin uğurla davam etdirilməsi nəticəsində ikitərəfli əməkdaşlıq yeni məzmun qazanıb.

Görüşdə, həmçinin Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Vatikanda dünya mədəni irsinin qorunması, dini və tarixi abidələrin bərpası, eləcə də sivilizasiyalararası dialoqun təşviqi istiqamətində həyata keçirdiyi layihələrin Azərbaycan-Vatikan münasibətlərinin möhkəmlənməsinə mühüm töhfə verdiyi qeyd olunub.

Ramin Məmmədov Azərbaycanda müxtəlif dini konfessiyaların nümayəndələrinin qarşılıqlı hörmət şəraitində birgə yaşadığını, multikulturalizm və dini tolerantlığın dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu diqqətə çatdırıb. O bildirib ki, bu sahədə Azərbaycanın qazandığı təcrübənin beynəlxalq səviyyədə tanıdılması prioritet vəzifələr sırasındadır.

Komitə sədri vurğulayıb ki, Azərbaycan ilə Vatikan arasında yüksək səviyyəli tərəfdaşlıq humanitar əməkdaşlığın inkişafına, dinlərarası dialoqun dərinləşməsinə və yeni birgə layihələrin həyata keçirilməsinə əlverişli zəmin yaradır.

Arxiyepiskop Covanni Çezare Paqatzi isə Azərbaycana səfərini məmnunluqla xatırlayaraq ölkəmizin zəngin tarixi-mədəni irsi və dini müxtəlifliyə əsaslanan tolerantlıq mühiti barədə xoş təəssüratlarını bölüşüb. O, Azərbaycan ilə Vatikan arasında münasibətlərin qarşılıqlı etimada əsaslandığını bildirərək humanitar, elmi və mədəni sahələrdə əməkdaşlığın gələcəkdə də uğurla davam edəcəyinə əminliyini ifadə edib.

Görüş zamanı Azərbaycan ilə Vatikan arasında diplomatik münasibətlərin qurulmasının 35 illiyi münasibətilə keçirilməsi nəzərdə tutulan tədbirlər, eləcə də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə Vatikanın müvafiq qurumları arasında həyata keçiriləcək birgə layihələr də müzakirə olunub.

Görüşdə Vatikan Apostol Arxivinin prefekti Don Roko Ronzani və Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfiri İlqar Muxtarov da iştirak ediblər.

E.Məmmədəliyev,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR