Azərbaycan çempionu "Qarabağ" yeni avrokubok mövsümünə bu gündən etibarən ilk sınaqla start verir. Ağdam təmsilçisi saat 20:00-da UEFA Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununda İslandiyanın "Vestri" klubu ilə üz-üzə gələcək.
Son illərdə Avropada Azərbaycan futbolunun ən uğurlu simasına çevrilən "Qarabağ" bu mövsüm də azarkeşlərinin ümidlərini doğrultmağa və növbəti dəfə qitə səhnəsində tarix yazmağa çalışacaq.

Azərbaycan futbolunun əfsanəvi baş məşqçisi Qurban Qurbanovun komandası əvvəlki illərdə olduğu kimi yenə də sensasiyalara imza ataraq qrup mərhələlərinə qədər irəliləyə biləcəkmi?
Futbol mütəxəssisi Kənan Məstəliyev Musavat.com-a ümidli danışdı: "Qarabağ" Azərbaycan futbol tarixinin şəksiz Avropa fatehidir. Komanda bu gün yeni avrokubok mövsümünə start verir. Bu dəfə Avropa Liqasının təsnifat mərhələsindən başlayır.

Rəqib çox zəifdir, bir ayaqla keçiləcək səviyyədədir. Bu qarşılaşma yenilənmə prosesi keçən, ötən mövsüm daxili yarışda aldığı məğlubiyyətin təkrarlanmaması üçün ciddi addımlar atmağa başlayan Qurban Qurbanovun yetirmələri üçün ilk addımdır. "Köhlən atlar" yenə də iddialıdırlar, beynəlxalq arenada da çox uzağa getmək fikrindədirlər. Komandanın buna potensialı çatır. "Qarabağ" hətta Avropa Liqasının yarımfinalına qədər irəliləyə biləcək gücdədir. Bunun üçün yaxşı start vermək, prosesi düzgün idarə etmək gərəkdir. Baş məşqçi və klub rəhbərliyinin təcrübəsi böyükdür, ona görə də bu işdə onlara inanmaq olar".
Cavanşir Abbaslı
Musavat.com






