"Donald Tramp ABŞ Prezidenti seçildikdən sonra müxtəlif məsələrin həlli ilə məşğul olub. Tramp Rusiya-Ukrayna müharibəsini dayandıracağını, Qrendandliyanı ölkəsinə birləşdirəcəyini, Kuba və Venesuellanı ram edəcəyini, o cümlədən Panama kanalından Çini uzaqlaşdıracağını bildirmişdi. Tramp bu vədlərindən yalnız Venesuella ilə bağlı hissəni həyata keçirə bilib. İran da ram edilmədi, atəşkəs pozulub və iki ölkə növbətti müharibənin astasındadır. Tramp Panama kanalıyla bağlı da bəzi hədəflərinə çata bilib".
Bu barədə Musavat.com-a açıqlamasında "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.
Politoloq qeyd edib ki, Tramp Panama kanalının vaxtilə bu ölkəyə təhvil verilməsini "axmaqlıq" adlandırıb: "ABŞ Prezidentinin Panama hökumətinə təzyiqi nəticəsində kanalın idarəetməsində iştirak edən Çinin iki böyük şirkəti oradan uzaqlaşdırılıb. Ancaq bu Trampı tam qane etməyib. ABŞ Prezidenti son açıqlamalarının birində yenə də deyib ki, Vaşinqton nahaq yerə vaxtilə Panama kanalını bu ölkəyə təhvil verib. Tramp ABŞ-ın kanaldan imtina etməsini "böyük axmaqlıq" adlandırıb. O, kanalın ABŞ-ın indiyə qədər tikdiyi "ən bahalı" və "ən gəlirli" layihə olduğunu söyləyib.
Atlantik okeanı və Sakit okean arasında əhəmiyyətli dəniz yolunu təşkil edən bu kanalın inşaatı ABŞ tərəfindən həyata keçirilərək 1914-cü ildə yekunlaşıb. Panama kanalının 1977-ci ildə Amerika Birləşmiş Ştatından Panama dövlətinə tədricən keçirilməsi barədə razılaşma imzalanıb. Tramp məhz bu razılaşmanı “böyük axmaqlı” adlandırıb.
Donald Trampın fikrincə, bunun nəticəsində kanalın istifadəsinə görə bütün pullar Panamaya çatıb və Çin tədricən kanala nəzarəti ələ keçirib. Tramp Panama hökumətini kanalın istifadəsinə görə rüsumları dəfələrlə artırdığına görə tənqid edib".
Politoloq vurğulayıb ki, Panama hökuməti hazırda Trampın təzyiqi altındadır və bununla da Çinin qarşısını almağa müvəffəq olub: "Çin üçün müxtəlif ölkələrdəki kanallar və limanlar xüsusi əhəmiyyət daşıyır. Çünki dünyanın ən böyük istehsalçılarından biri olan Çin öz məhsullarını məhz okeanlar və dənizlər vasitəsilə son ünvanlara çatdırır. Ona görə də Pekin harda mümkündürsə, orada limanları özəlləşdirməyə çalışır. Pekin bunun müqabilində liman sahibi olan ölkələrə böyük yatırımlar və limanların imkanlarını genişləndirmə vəd edir. Bəzi dövlətlər böyük yatırımlar qarşılığında Pekinin təkliflərini qəbul edir. Ancaq Panama nümunəsində ABŞ Çinin qarşısını almağa müvəffəq oldu".
Xalidə Gəray
Musavat.com






