Məlum olduğu kimi ABŞ və İran arasında gərginlik yenidən təhlükəli həddə çatıb. Atəşkəsin faktiki olaraq pozulması, qarşılıqlı raket zərbələri və tərəflərin sərt bəyanatları Yaxın Şərqdə genişmiqyaslı müharibə ehtimalını daha da artırıb.
Suallar yaranır ki, arşıdurmanın Hörmüz boğazında gəmiçiliyə və qlobal enerji bazarına təsiri necə ola bilər? Bu gərginlik neft qiymətlərinə və dünya iqtisadiyyatına hansı təsirləri göstərə bilər?
Mövzu ilə bağlı iqtisadçı Eldəniz Əmirov Musavat.com-a danışıb. İqtisadçı qeyd edib ki, ABŞ-ın istənilən iqtisadi fəaliyyət sahəsində nümayiş etdirdiyi davranış dəyişikliyi dünya enerji qiymətlərinə birbaşa təsir göstərir:

"Bu, həm ABŞ-ın malik olduğu ehtiyatların həcmi, həm böyük investor kütləsinə sahib olması, həm də hipergüc və qlobal iqtisadiyyatın əsas aktoru statusu ilə bağlıdır. Xüsusilə bu proses Hörmüz boğazı kontekstində baş verirsə, yəni dünyanın ən böyük neft daşımalarının həyata keçirildiyi boğazı əhatə edirsə, həmin risklərin və təsirlərin ortaya çıxması qaçılmazdır. İyul ayının ortalarında ABŞ və İran arasında razılaşma əldə olunan zaman da bir çoxları proseslərə nikbin yanaşırdı. Lakin mən hesab edirdim ki, vəziyyət deyildiyi kimi normallaşmaya doğru getmir. Sadəcə olaraq proses idarə olunan gərginlik mərhələsinə keçirilməyə çalışılırdı.
Çünki razılaşmada nəzərdə tutulan şərtlər və öhdəliklər elə səviyyədə idi ki, tərəflərin, xüsusilə də ABŞ-ın onları yerinə yetirməsi real görünmürdü. Məsələn, ABŞ-ın bu istiqamətdə 300 milyard dollarlıq investisiya yatıracağı inandırıcı deyildi. Ümumiyyətlə, uzun illərin təcrübəsi göstərir ki, ABŞ-ın xarici siyasətində hər hansı ölkəyə münasibətdə asanlıqla güzəştə getməsi müşahidə olunmur. Bəzən proses onilliklərlə, hətta 50 ilə qədər davam edə bilər. Ancaq həmin ölkədə siyasi baxışlar köklü şəkildə dəyişməyənə qədər ABŞ öz mövqeyini dəyişmir. Belə bir şəraitdə proseslərin davam etməsi qaçılmaz görünür".
İqtisadçı hesab edir ki, oktyabr və noyabr aylarında gərginliyin daha da artması ehtimalı var:
"Bu baş verərsə, neft qiymətlərində də artım müşahidə olunacaq. Çünki risklər artdıqca logistik xərclər yüksəlir, sığorta haqları bahalaşır, daşımaların ümumi dəyəri artır. Həmçinin gəmilərdə çalışan heyətin əməkhaqqı da yüksəlir. Çünki risk artdıqca həmin işlərin icrası üçün daha çox vəsait tələb olunur.
Nəticədə təkcə enerji qiymətləri deyil, ümumilikdə logistika sahəsi və qlobal təchizat zənciri zərər görür. Təchizat zəncirində yaranan qırılmalar və gecikmələr isə dünya iqtisadiyyatına ciddi mənfi təsir göstərir. Bu, təbii olaraq inflyasiyanın yüksəlməsinə səbəb olur və mərkəzi bankların faiz dərəcələrini azaltmasını gecikdirir. Faiz endirimlərinin təxirə salınması isə inflyasiya ilə mübarizənin davam etdiyini göstərir. Nəticədə qlobal iqtisadiyyat üzərində təzyiq daha da artır, iqtisadi aktivlik zəifləyir və artım tempinin gözlənilən səviyyədə olmaması müşahidə edilir. Bütün bunlar qlobal iqtisadiyyata genişmiqyaslı təsir göstərən amillərdir. Çünki Çin, Hindistan, Yaponiya, Cənubi Koreya və Avropa ölkələri dünyanın əsas enerji idxalçılarıdır. Bu ölkələrin hər biri baş verən proseslərdən təsirlənirsə, nəticə etibarilə qlobal iqtisadiyyat da bundan ciddi şəkildə təsirlənmiş olur".
Xalidə Gəray
Musavat.com






