İnsanlara hürriyət, millətlərə istiqlal!

Əgər TRİPP ABŞ layihəsidirsə, orada rus əsgərinin olması mümkünsüzdür – sensasion açıqlamalar

1307 09.07.2026 17:38 Müsahibə A A

Polkovnik Üzeyir Cəfərov: “Zəngəzur dəhlizi” ilə bağlı Ermənistanın oynayacağı bir meydan yoxdur”

Azərbaycanda 2026-cı ilin hazırlıq planına uyğun olaraq Quru Qoşunlarının rəhbərliyi altında Quru Qoşunlarının hərbi hissələrinin iştirakı ilə irimiqyaslı əməliyyat təlimi keçirilir. Müdafiə Nazirliyinin yaydığı məlumata görə, təlimdə komando, motoatıcı, mexanikləşdirilmiş və artilleriya briqadalarının, təminat hərbi hissələrinin şəxsi heyəti ilə yanaşı səfərbərlik toplanışına cəlb olunan hərbi vəzifəlilər də iştirak edir. Revanşistlərin hələ də sərsəm iddialarla meydanda olduğu Ermənistanda Azərbaycan ordusunun ənənəvi təlimlərindən narahatlıq hiss olunur.

Üzeyir Cəfərov polkovnik kimi hərbi xidmətə QAYITDI | Modern.az

Hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov Musavat.com-a müsahibəsində əvvəlcə ordumuzun yay təlimlərindən danışdı:

- Bu təlimlər keçən ildən planlaşdırılmışdı. Amma təlimlərə yeni elementlər də əlavə olunub. Regionda baş verən son hadisələrlə əlaqədar. O cümlədən hələ də Azərbaycanla sülh müqaviləsi imzalamayan Ermənistanın bəzi adımları, o cümlədən dünyada baş verən bəzi proseslər Azərbaycanı da müəyyən adımlar atmağa məcbur edir. Yəni, biz yeni silah - sursat, yeni texnologiyalar almışıq, həm də yeni elementlər tətbiq etmək lazım olacaq. Odur ki, bu istiqamətdə işlər görülür. Əvvəllər Azərbaycanın hərbi təlimlərində tutaq ki, 10 elementdən istifadə olunurdusa, bu gün 15 element istifadə olunur. Nədir o 15 element? Əvvəla, qərargahların birgə uzlaşmasıdır. Həm də əvvəllər başqa qoşun birləşmələri də cəlb olunurdularsa, indi yalnız sırf quru qoşunlarıdır. Yaxud əvvəllər 1-2 variant idisə, indi 4-5 variant tətbiq olunur. Yəni bəzən sırf texnologiyanın istifadəsindən söhbət gedir. Yəni, pilotsuz uçuş aparatları və yaxud da ki, hava ucundan müdafiə, artilleriya sistemləri...İndi isə kombinasiyalı, əlaqəli şəkildə, həm də qoşun birləşmələri və yeni avadanlıqlardan istifadə etməklə həyata keçirilir. Bizim həm Pakistandan, həm də İtaliyadan aldığımız texnikadan bu təlimlərdə real şəraitdə istifadə olunur. Yəni, bu da pilotların hazırlığı deməkdir.

Bu gün sirr deyil ki, müharibə daha çox havada gedir. Yəni, pilotsuz uçuş aparatlardır, zərbə dronlarıdır, təyərələr, helikopterlərdir. Şəxsi heyətdən daha az istifadə olunur, amma bu o demək deyil ki, şəxsi heyət təlimlərdə, ümumiyyətlə, seyrçi kimi qalır, onların da müəyyən tapşırıqları var, müəyyən elementlər istifadə olunur. Həm də ilk dəfədir ki, ehtiyatdan çağırılanların da belə təlimlərdə iştirakı təmin olunur. Əvvəllər belə olurdu: onlar gəlirdilər, təlimlərin müəyyən mərhələsində iştirak edib gedirdilər. Amma bu dəfə səfərbərliklə cəlb olunanlar gəlib müəyyən müddət keçəndən sonra onlar artıq real təlimlərdə iştirak edirlər. Yəni bir növ, loru dillə desək, təlim briqadasında hazırlanıb, sonra isə döyüş briqadasına göndəriliblər. Bunu bir növ bənzətmə kimi qeyd elədim.

Azərbaycan Ordusu təlim keçirəcək: 10 min nəfər iştirak edəcək - "İki sahil"

- Üzeyir bəy, Azərbaycan ordusunun növbəti hərbi təlimlərə başlaması Ermənistanda narahatlıqla izlənilir. Bu barədə sizin şərhiniz necədir?

- Bu təlimlər Ermənistanı sözsüz ki, narahat edir. Təbii ki, Ermənistanı qızışdıranlar var. Azərbaycanın ümumiyyətlə, Ermənistanla bağlı hər hansı bir narahatlığı yoxdur. Ay nə bilim silah aldılar, ya raket gətirdilər...Onlar özləri də bilirlər ki, o silahın, o raketin Azərbaycanda olan texnologiyaya çatmasına hələ xeyli var. Azərbaycanla müqayisədə Ermənistanın vəziyyəti bir baş yarım, hətta iki dəfə aşağıdadır. Ermənilərin içərisində bunu  Nikol Paşinyandan yaxşı bilən yoxdur. Ona görə də o deyir ki, əgər müharibə istəyirsinizsə, bunu bilin, erməni əsgəri Azərbaycan ordusunun qarşısına çıxa bilmək gücündə deyil. Təlimlər həm də revanşist iddialara hesablanıb. Həm də, regionda baş verən hadisələr fonunda, eyni zamanda həm şimala, həm cənuba, həm qərbə bir mesajdır ki, Azərbaycan ordusu, hava şəraitinə baxmadan, yağışdır, küləkdir, istidir, soyuqdur, fərqi yoxdur, öz təlimlərini keçirir. Bu təlimlərin əsas məqsədi də budur.

- Seyran Ohanyan və digər Qarabağ caniləri yenə də revanşist mövqedən çıxış edirlər, yeni müharibə çağırışları da var. Hətta İrandakı erməni keşiş də bənzər ritorikadan istifadə edir. Bu da təxribatların baş verə biləcəyi ehtimalını yaradır. Dövlətimizin başçısı hər zaman bildirir ki, ehtiyatı əldən verməməliyik. Çünki Ermənistan hər zaman bir alətə çevrilib, istifadə olunub. Üstəlik, Nikol Paşinyanın mövqeyi olduqca sürüşkəndir, hələ də konstitusiya ilə bağlı vədlərə əməl olunmayıb. Sülh sazişinin imzalanmasından tutmuş digər məsələlərə qədər müxtəlif problemlər qalmaqdadır. Azərbaycanın xarici işlər naziri bu gün sülh və demarkasiya ilə bağlı ümidverici mövqedən çıxış etsə də, Ermənistandan bu qətiyyəti görmürük. Bütün bunları nəzərə alsaq, sərhəd təxribatlarının baş verməsi ehtimalı varmı? Xüsusilə də böyük güclərin regionda mövcud olmaq istəyi fonunda...

- Əslində, Ermənistanda revanşistlər dünən də olub, bu gün də var, sabah da olacaq. Niyə mən bunu belə deyirəm? Çünki, ilk növbədə, Ermənistanın daxilində çox ciddi vəziyyət hökm sürür. Ermənistanın hazırkı baş nazirinin mövqeyi ilə razılaşmayan xeyli insan var. Amma bir şeyi də açıq etiraf etmək lazımdır ki, üçüncü dəfə Paşinyana və onun komandasına səs verən erməni cəmiyyəti, yəqin ki, Paşinyanın digərlərindən fərqləndiyini anlayır. Paşinyan özü də bilir ki, real döyüş olsa, bu dəfə Ermənistan yüz faiz yox, milyon faiz ərazi itkilərinə məruz qalacaq. Ona görə də o, yeni müharibə istəmir, Azərbaycan və Türkiyə ilə yaxınlaşmağa meyillidir. Amma Paşinyana həm ölkə daxilindən, həm də xaricdən ciddi təzyiqlər var. Bununla belə, mən açıq deyim ki, yaxın bir neçə ildə, ən azı üç-beş il ərzində Ermənistanın Azərbaycanla müharibə edəcəyini düşünmürəm. Nəyə görə? Çünki onlar hələ müharibənin yaralarını tam sağaltmayıblar, lazımi təlimləri keçməyiblər və zəruri addımları atmayıblar. Zaman-zaman bəyanatlar verilir. Seyran Ohanyanın özünün də bu gün vəziyyəti çox sürüşkən və təhlükəlidir. Eləcə də Robert Köçəryanın. Dünən yəqin ki, o mənzərəni gördünüz: Qaqik Sarukyanı otağında Ermənistanın xüsusi təyinatlıları necə yerə sərmişdilər, qoluna qandal vururdular. O da xüsusi tapşırıqları yerinə yetirən adamlardan biri idi. Bu gün Samvel Karapetyan, Qaqik Sarukyan, Robert Köçəryan, Serj Sərkisyan, Levon Ter-Petrosyan və başqaları da həmin sıradadır. Amma yenə də deyirəm ki, mən şəxsən Nikol Paşinyanın hakimiyyətdə olduğu dövrdə Ermənistanın Azərbaycana qarşı hər hansı bir addım atacağını düşünmürəm. Ermənistan bəzi oyunlarda iştirak etməyə məcburdur. Məsələn, Rusiya ilə əlaqələrin kəsilməsindən danışırlar, amma seçkidən sonra ilk səfərini Tehrana etsə də, sonradan Moskvaya, Yekaterinburqa getdi və orada Rusiyanın baş naziri ilə görüşdü, bəzi pərdəarxası məsələlər var ki, orada müzakirə olundu. Ermənistanın bəzi planları var. Mən demirəm ki, biz arxayınlaşıb sakit oturmalıyıq və düşünməliyik ki, Ermənistan heç vaxt Azərbaycana qarşı addım atmayacaq. Ermənistanda revanşist qüvvələr həmişə olub və olacaq. Biz bunu heç vaxt unutmamalı və bilməliyik ki, onlar hər zaman belə təxribatçı addımlar ata bilərlər. Çünki onlardan daim istifadə olunub.

Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı açıqlama: - Medianews.az

- Rusiyanın Zəngəzur dəhlizi ilə bağlı qıcıqlı reaksiyası bu prosesi hara gətirib çıxara bilər? Bu etirazlar işi poza bilərmi?

- Bu gün Azərbaycanda diplomatlar günüdür. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov həm Ermənistana, həm də Qərbə yönəlik bəzi açıqlamalar verdi. Mən hesab edirəm ki, həmin açıqlamalar çox önəmlidir. O mənada ki, Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir. Yəni Zəngəzur dəhlizi ilə bağlı Ermənistanın oynayacağı bir meydan yoxdur. TRİPP-lə bağlı Ermənistan müəyyən öhdəliklər götürüb və bununla bağlı proses gedir, sənədlər hazırlanır. Ermənistan üçün Zəngəzur dəhlizi məsələsi heç vaxt alver predmetinə çevrilə bilməz. Zaman-zaman onu şimaldan təlimatlandırırlar. O da bəzən daxili auditoriyaya və Ermənistanı gözləyən təhlükələr fonunda müəyyən açıqlamalar verir. Amma bu layihə nə Azərbaycanın, nə də Ermənistanın deyil. Bu layihə Amerika tərəfindən irəli sürülüb və həm Azərbaycan, həm də Ermənistan buna dəstəyini ifadə edib. Ona görə də Ermənistanın TRİPP-dən geri çəkilməsi mümkünsüzdür. Ola bilər ki, prosesi bir qədər ləngitsinlər. Amma ləngidəcəkləri təqdirdə zərər çəkən, uduzan yalnız Ermənistan olacaq.

- Tehranın reaksiyaları sizdə hansı qənaətlər yaradır?   

- İrandan da bəzən müəyyən bəyanatlar səslənir. Amma həmin bəyanatlar məni narahat eləmir. Çünki Ermənistan sənədə imza atıb. Həmin sənəddən geri çəkilməsi Ermənistanın həm diplomatiyada, həm də praktiki addımlarda məğlubiyyətini açıq şəkildə etiraf etməsi deməkdir. Ona görə də sənədlərin hazırlanması mərhələsi davam edir və bəzi tərəfləri qıcıqlandırmamaq üçün işlər görülür. Azərbaycan üzərinə düşəni edir, Ermənistan da bunu etməlidir. Çünki orada dəmir yolu xəttinin çəkilməsi, eləcə də təhlükəsizliklə bağlı məsələlər var. Bu gün Azərbaycanın xarici işlər naziri mətbuata bildirib ki, Zəngəzur dəhlizinin Ermənistan ərazisindən keçən hissəsi ilə bağlı həm Vaşinqton, həm də Azərbaycan prosesi izləyir. Ermənistan üzərinə düşəni etməlidir. Gecikəcəyi təqdirdə yenə də deyirəm, uduzan Ermənistan olacaq. Amma bu prosesdən onun geri addım atması qeyri-mümkündür.

Zəngəzur dəhlizi ilə bağlı MÜHÜM MƏQAM | KONKRET

- Üzeyir bəy,  Rusiya sərhədçilərinin Zəngəzur dəhlizi və onun trayektoriyasında olması faktı nələr vəd edir? Bu, gələcəkdə Kremlə “təhlükəsizliyin təminatı”nı əlinə alması imkanı yarada bilərmi? Yoxsa Ermənistanın üzərinə rus sərhədçiləri bölgədən çıxartmaq öhdəliyi qoyula bilər?

- Mən bunu çəkinmədən deyirəm. Rusiya -Ukrayna müharibəsində bunu hamı görür. Dünən Trampın Zelenski ilə bağlı dediyi “Mən bu oğlanı belə tanımırdım” ifadəsi də çox böyük marağa səbəb oldu, sanki onlar ilk dəfə görüşürdülər. Bununla nə demək istəyirəm? Əgər TRIPP ABŞ layihəsidirsə, orada rus əsgərinin olması mümkünsüzdür. Bunu Ermənistana da deyiblər. Azərbaycanın bununla birbaşa aidiyyəti olmasa da, biz bunu diplomatik şəkildə bildiririk ki, bu, Ermənistan və ABŞ arasında olan bir məsələdir. Çünki həmin ərazi bizim deyil. Bizim ərazimizlə bağlı olan məsələlərə isə Azərbaycan məsuliyyət daşıyır. Tamamilə haqlısınız...Bəziləri deyir ki, 2044-cü ilə qədər 102-ci hərbi baza Ermənistanda qalacaq. İnanın ki, TRIPP layihəsi fəaliyyətə başlayandan bir müddət sonra 102-ci bazanın da Ermənistan ərazisindən çıxarılması məsələsi gündəmə gələcək. Buna heç kimin şübhəsi olmasın. İki ildən artıqdır ki, Ermənistana misilsiz təzyiqlər edilir. Sonuncu basqı da 7 iyun seçkiləri ilə bağlı idi. Amma Rusiya, digər qüvvələr istədiklərinə nail ola bildilərmi? Heç nəyə nail ola bilmədilər. Baxmayaraq ki, orada 5000 nəfərlik hərbi kontingent var: 4 min 102-ci bazada 1000 nəfər də sərhəd xidmətində. Xatırlayırsınızsa, 2024-cü ilin avqustunda Zvartanos hava imanından rus sərhədçilər çıxarılanda böyük hay-küy qaldırdılar ki, “bu, xəyanətdir”, daha nələr... Amma Ermənistan onları sakit şəkildə uzaqlaşdırdı. TRIPP layihəsində Amerika şirkəti fəaliyyət göstərəcək. Yəni təhlükəsizlik də Amerika tərəfindən təmin ediləcək, sözsüsz ki, Ermənistanın iştirakı ilə. Amma mən bu cür ciddi layihədə Rusiyanın iştirakını görmürəm və düşünmürəm. Bu layihə ilə bağlı dəfələrlə Rusiyanın müxtəlif şantajlarını və təzyiqlərini nəzərə alsaq, inanmıram ki, orada rus əsgərinin  dayanmasına və istədikləri vaxt prosesə müdaxilə etmələrinə imkan versinlər. Sabah deyər ki, “kefim belə istəyir, şlaqbaumu endirdim, dayanmalısan!” Belə bir şeyə imkana yol verilməyəcək. TRIPP layihəsi işə düşəndən sonra hamı bu reallıqla barışacaq. Yüklər də gedib-gələcək, həm Naxçıvana, həm Avropaya, həm də Orta Dəhlizlə. Yenə deyirəm ki, müəyyən texniki məsələlərin həlli qalır. Baxın, ötən gün Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü yenə də başladı ki, TRIPP layihəsində müəyyən əngəllər və problemlər var. Əngələ, problemləri sən Amerikadan, ya Ermənistandan daha yaxşı görürsən? Sadəcə demək istəyirlər ki, “Əgər biz orada olsaq, bu problemlər olmayacaq”. Amma yenə də deyirəm ki, dünən Ankarada imzalanan sənəd uzunmüddətli sənəddir. Ən azı gələn il Albaniyada keçiriləcək NATO sammitinədək qüvvədə olacaq. Mən NATO sammitini nəzərdə tuturam. Həmin sənəddə Rusiyaya etimadsızlıq birbaşa ifadə edilməsə də, dolayısı ilə göstərildi. Bütün bu etimadsızlıq fonunda TRIPP marşrutu, Ermənistan və digər tərəflərlə bağlı razılaşmalar Türkiyədə imzalanmış sənədə əsaslanır. Belə olan halda, Rusiyaya necə rəhbərlik və ya nəzarət verilə bilər?

- Rusiyanın Ermənistandakı hərbi bazası ilə bağlı gözlənti və proqnozunuz nədən ibarətdir?

- Rusiyanın hərbi bazasının Ermənistanda qalması, sadəcə olaraq, zaman məsələsidir. Bununla bağlı da qərar veriləcək. Necə ki, Ermənistan artıq KTMT-yə üzvlük haqqını ödəmir, bundan sonra da ödəməyəcək. Ermənistan mütləq KTMT-dən uzaqlaşacaq, nəticədə təşkilatdan çıxacaq. Onlar bəyanat verirlər ki, yox, KTMT-də qalacaqlar. Amma özləri deyirlər ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı bizə lazım olan məqamda kömək etmədi. O nə təşkilatdır ki, bizim çağırışımıza reaksiya vermədi? Onlar əvvəlcədən də bilirdilər ki, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistan heç vaxt Azərbaycanla münasibətlərini korlayacaq addım atmayacaqlar. Yəni özləri də əvvəlcədən bilirdilər ki, həmin təşkilat formal xarakter daşıyır. Amma yenə də KTMT-yə üzvlük haqqı ödəmirlər, onun iclaslarında iştirak etmirlər. Belə desək, formalizm bunların axırına çıxıb. Formalizm vaxtilə başqalarını da eyni şəkildə zəiflədib və sıradan çıxarıb. Bu gün formalizm həm Rusiya daxilində, həm də bu bölgə ilə bağlı siyasətdə iflasa uğrayıb. Formal olaraq çox iş görülür, amma nəticədə ortada heç bir real nəticə yoxdur.

Elşad Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR