İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin və Zelenski masaya oturmağa hazırdır, vasitəçidə razılaşmırlar...

803 06.07.2024 09:03 Siyasət A A

Kreml lideri Türkiyənin, ukraynalı həmkarı isə ABŞ və Çinin moderatorluğunu istəyir, ortaq variant tapılmır; politoloq: “Atəşkəs tərəflərdən birinin geri çəkildiyi halda mümkündür”

Rusiya - Ukrayna müharibəsinin sonlandırılması üçün proses sürətlənir. Artıq ölkə liderləri sülh masasına oturmaq üçün vasitəçilərdən danışırlar. Ukrayna prezidenti Vladimir Zelenski deyib ki, Rusiya ilə danışıqlar zamanı vasitəçilər ABŞ və Çin ola bilər. Onun fikrincə, bu, Ukrayna üçün müharibənin ədalətli başa çatmasına imkan verəcək. 

“Bilirəm ki, onların çox böyük problemləri var. Amma mənə elə gəlir ki, əgər bu müharibənin Ukrayna üçün, bütün dünya üçün ədalətli bitməsini istəyiriksə, Putini birlikdə dayandırmaq üçün haradasa mövqelər tapmalı olacaqlar. Hər biri öz yolu ilə, amma birlikdə” - deyə Ukrayna lideri bəyan edib. Prezidentin sözlərinə görə, əks halda müharibəyə son qoyulması təklif ediləcək və bu, Ukrayna üçün ədalətli olmayacaq. “Çünki Rusiya oyun oynayacaq. Putin görəcək ki, dünyanın əksər hissəsi Ukraynanın tərəfində deyil və dünya bölünüb. O və komandası daim bunun üzərində işləyir. Ona görə də mənə elə gəlir ki, ən güclü təsir vasitəsi ABŞ və Çinin qarşılıqlı təzyiqidir”, - deyə Zelenski bildirib.

Rusiya lideri Vladimir Putin isə deyib ki, Ukrayna üzrə İstanbul razılaşmaları danışıqlar prosesinin əsasını təşkil edə bilər. Putin İstanbul razılaşmalarının hələ də masa üzərində olduğunu söyləyib. İstanbul danışıqları Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra, 2022-ci ilin mart-aprel aylarında keçirilib. Moskva və Kiyev İstanbulda razılıq əldə etsələr də, daha sonra Ukrayna bu razılaşmalardan imtina edib. “Rusiya həmişə Ukrayna böhranının sülh yolu ilə həllinin tərəfdarı olub və bununla bağlı dəfələrlə konkret təkliflər irəli sürüb” - deyə Putin qeyd edib. Prezident vurğulayıb ki, Ukraynadakı böhran ABŞ-ın yürütdüyü siyasətə görə yaranıb. Amma Kremlin mətbuat katibi Dmitri Peskov “Birinci Kanal”ın efirində bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna münaqişəsinin həlli üzrə danışıqlarda mümkün vasitəçi rolunda çıxış etməyəcək. Hər halda Putin İstanbul razılaşmalarını xatırladırsa, deməli, danışıqlarda Türkiyənin, Zelenski isə ABŞ və Çinin vasitəçiliyini istəyir. Bəs ortaq variant nə ola bilər? 

Yeri gəlmişkən, “New York Times” (NYT) 2022-ci ildə Rusiya-Ukrayna arasında İstanbul danışıqlarında razılaşdırıldığı iddia edilən sülh müqaviləsi layihəsini dərc edib. Sənədlər 2022-ci ilin martından aprel ayına kimi müzakirə olunub. Birinci sənəd Ukraynanın Qərb ölkələrinə göndərdiyi 17 mart müqaviləsinin ingilis dilində olan variantıdır. Həmin sənəddə Ukraynanın növbəti hücum halında müttəfiqlərinin onun müdafiəsinə qalxacağına (o cümlədən hava məkanını bağlayaraq) və müqavilənin Ukraynanın “beynəlxalq səviyyədə tanınmış sərhədlərinə” şamil ediləcəyinə dair təhlükəsizlik zəmanəti istəyi razılaşdırılıb.

Rusiya isə 2014-cü ildən tətbiq edilən sanksiyaların ləğvini, Krımın Rusiyanın bir hissəsi kimi tanınmasını və Ukraynanın Donetsk və Luqansk vilayətlərinin inzibati sərhədləri daxilində Donetsk və Luqansk xalq respublikalarının müstəqilliyinin tanınmasını, habelə nasizmin və neonasizmin hər hansı formada təbliğinin, o cümlədən xatirə abidələrinin demontaj edilməməsini, küçələrin adlarının dəyişdirilməməsini istəyib. Həmin layihədə Ukrayna silahlı qüvvələrinin sayına və ölkənin arsenalında ola biləcək tankların, artilleriya batareyalarının, döyüş gəmilərinin və döyüş təyyarələrinin sayına məhdudiyyətlər qoyulmasına razılaşıb. Nəşr yazır ki, bu sənəd layihəsindən ABŞ hakimiyyəti təşvişə düşüb. Yüksək rütbəli amerikalı məmur ukraynalı həmkarlarına “bu, birtərəfli tər-ksilahdır” deyib. 

Bir neçə gün sonra, martın 29-da Rusiya və Ukrayna nümayəndələri İstanbulda görüşüblər. Qəzetin yazdığına görə, bu görüşdə Rusiya razılaşmanı İstanbul Kommünikesi adlı iki səhifəlik sənəddə ümumiləşdirib. Həmin kommünikeyə görə, Krımın statusunun 10-15 il ərzində müəyyən ediləcəyi, Ukrayna isə yarımadanı güc yolu ilə qaytarmağa cəhd etməyəcəyinə söz verib. Aprelin 15-də Rusiya nümayəndə heyəti Putinə 17 səhifəlik saziş layihəsi göndərib. Qəzet qeyd edir ki, müqavilənin ilk səhifələrində tərəflər “ortaq mövqeyə gəliblər. Nəşr yazır ki, Ukraynanın ən ciddi etirazı qarant ölkələrlə bağlı beşinci bənd olub. Belə ki, Rusiya sənədin əvvəlki variantda olan ”Ukraynaya təcavüz, hər hansı silahlı hücum və ya hərbi əməliyyat durumunda təcili məsləhətləşmələrdən sonra Ukraynaya hərbi yardım göstərəcəyi" haqda bəndi dəyişib. 

Rusiya istəyib ki, Ukraynaya hücum olarsa, hərbi yardım yalnız “bütün qarant dövlətlərin razılaşdırdığı halda” qüvvəyə minə bilər. Kiyev isə bu bəndin bu cür dəyişdirilməsini sülh müqaviləsinin şərtlərinin pozulması hesab edib. Çünki bu bənd Rusiya Ukraynanı yenidən işğal edə biləcəyini və sonra hərbi müdaxiləyə veto qoya biləcəyi demək idi. Bundan sonra Ukrayna danışıqların davam etdirilməsində maraqlı olmadığını deyib. Putin isə bu sənəd ətrafında müzakirələrdə israr edir.

Prezidentdən Qabil Hüseynli ilə bağlı sərəncam – Yeni Çağ Media

Qabil Hüseynli

Professor Qabil Hüseynlinin “Yeni Müsavat”a bildirdiyinə görə, Rusiya lideri başqa sözlər də deyib: “Məsələn, prezident Putin açıqladı ki, razılaşma olmasa, atəşkəs olmayacaq. Bununla deməyə çalışıb ki, böhranın həlli barədə razılıq yoxdursa, hərbi əməliyyatları qeyri-müəyyən şəkildə dayandırmağın mənası yoxdur. Yəni Rusiyanın özünə birləşdirdiyi 4 region, Krım, Kiyevin NATO üzvlüyü arzusu barədə Ukrayna və müttəfiqləri nə düşünürlər? Əgər irəli sürülən şərtlərlə bağlı qarşı tərəfin mövqeyi dəyişməyibsə, atəşkəs əldə edilə bilməz. Mənim əvvəldən təhlilim budur ki, geopolitik qarşıdurma gedir, yeni dünya nizami quruculuğu prosesində Rusiyanın strateji olaraq məğlubiyyətə uğratmaq, resurslarını uzunmüdətli müharibə nəticəsində tükəndirmək xətti götürülüb. Ona görə müharibəyə Xersonun işğal edilməsi, yaxud Xarkovda, Donbasda raket zərbələrinin endirilməsi kimi baxmaq olmaz. Müharibə beynəlmiləl xarakter daşıyır, bloklar, qütblər formalaşır, koalisiya güclərini səfərbər edir... İndiki şəraitdə atəşkəs görmürəm. Sadəcə, tərəflər açıq mesajlar ötürür, dialoqa hazır olduqlarını bəyan edirlər. Amma Moskvanın da, Kiyevin də şərtləri göstərir ki, heç bir tərəf qəbul etməyəcək”.

Professorun sözlərinə görə, Zelenski Ukrayna üçün ikinci sülh konfransına Putinin dəvət olunmasını istisna etməyib: “Amma bunu da sözgəlişi demək kimi qiymətləndirirəm. Qərb elan edib ki, Rusiya məğlub olana qədər müharibə getməlidir. Alman kansleri Şolts da açıq söylədi ki, Kiyevin kaputilyasiyasına imkan verməyəcəyik. Hazırda F-16 qırıcılarının istifadəsinə hazırlıq dövrüdür, Rusiya şəhərləri vurulur, 14-cü sanksiyalar paketi təsdiq edildi, belə halda hansı şərtlər əsasında atəşkəs mümkündür? Bəli, verilən silahlar əks-hücum əməliyyatlarını gücləndirməyə yetərli olmur, amma Ukrayna ərazilərini qoruyur, hava hücumundan müdafiə sistemi təkmilləşib və ABŞ istehsalı olan hərbi texnikalarla Rusiya şəhərlərinə hücumlar edə bilir. Rusiya da öz növbəsində işğal etdiyi ərazilərdə möhkəmlənməyə çalışır, amma ukraynalı döyüşçülər həmin torpaqlarda hər gün qan tökürlər. Atəşkəs tərəflərdən birinin geri çəkildiyi halda mümkündür”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat” 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR