İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin o açıqlamanı niyə verdi - Ermənistanın razılığı heç nəyi dəyişməyəcəkdi...

1782 14.09.2023 11:09 Siyasət A A

“Putin düyməyə basıb, Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq üçün Rusiya real fəaliyyətə keçib” - siyasi ekspert

Rusiya Prezidenti Vladimir Putin Qarabağ məsələsinin həlli ilə bağlı ilginc açıqlamalar verib. Onun dediklərindən belə başa düşülür ki, Azərbaycan Rusiyanın Qarabağla bağlı təhlükəli, absurd planlarının baş tutmasına imkan verməyib və məhz Prezident İlham Əliyevin böyük siyasi iradəsi, cəsarəti və xalqımızın qanı, canı bahasına Qarabağ işğaldan azad edilib. 

Putin “Biz Qarabağ, Kəlbəcər və Laçın rayonlarının Ermənistanın yurisdiksiyasında qalması ilə bağlı nizamlanma variantını təklif etdik” deyə bildirib. Biz öz məskunlaşma variantlarımızı təklif etmişik, bu, hamıya məlumdur. Ermənistan məlum münaqişədən sonra Azərbaycanın 7 rayonuna da nəzarət edirdi. Biz Azərbaycanla elə razılığa gəlməyi təklif etdik ki, iki rayon - Kəlbəcər və Laçın faktiki olaraq Ermənistanın və Qarabağın (qondarma qurumun - red.) yurisdiksiyasında qalsın. Amma Ermənistan rəhbərliyi bununla razılaşmadı, lakin biz 10-15 il onları razı salmağa çalışdıq. Müxtəlif variantlar ortaya çıxdı, amma nəticədə “nə edəcəksiniz” sualımıza bu cavabı verdilər - döyüşəcəyik. Nəhayət, hər şey indi yaranmış vəziyyətə gəldi. Amma söhbət təkcə son münaqişənin nəticələrindən getmir. Məsələ ondadır ki, Ermənistan rəhbərliyi mahiyyətcə Azərbaycanın Qarabağ üzərində suverenliyini tanıyıb".

Putinin dediklərindən aydın olur ki, təxminən 2010-2015-ci illərdə Rusiya Laçın və Kəlbəcərlə bağlı mənfur bir variant təklif edibmiş. Amma qətiyyən mümkün deyil ki, bu plan Ermənistan razılaşmadığı üçün baş tutmayıb. Təbii ki, Azərbaycan buna heç bir halda razı olmayıb və İkinci Qarabağ müharibəsi, gedişat da bunun təsdiqidir. Faktiki olaraq İkinci Qarabağ müharibəsi Rusiyanın da Cənubi Qafqazla bağlı planlarını alt-üst edib...

Maraqlıdır, bəs Putin niyə belə danışdı və niyə məhz indi? Onun siyasi məqsədi, hədəfi nə ola bilər?

Abutalıb Səmədov partiyasını niyə bağladı? – Özü danışdı - GlobalInfo.az

Abutalıb Səmədov

Siyasi şərhçi Abutalıb Səmədov “Yeni Müsavat”a bildirdi ki, Putinin son bəyanatı əslində Rusiyanın illər öncə Azərbaycanın ərazisi olan Qarabağa müstəqillik statusu vermək planının olduğunun etirafıdır. Eyni zamanda Nikol Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq qərarına gəldiyinin əlamətidir: “Əslində Putin 17 noyabr 2020-ci ildə verdiyi bir müsahibəsində də buna bənzər fikirlər ifadə etmişdi. Sonuncu dəfə 17 noyabr 2020-ci ildə bu məsələlərə toxunan Putin bir daha təkrar eləmişdi ki, müharibənin gedişində oktyabrın 19-da və 20-də Paşinyana təklif edib ki, Azərbaycanın 7 rayonundan beşini Azərbaycan təhvil versin və Kəlbəcərlə Laçın Ermənistanın nəzarətində qalsın. Bu təklif yeni təklif deyildi. Müharibənin getdiyi vaxtda 10 oktybarda Moskvada imzalanan birinci atəşkəs razılaşmasında açıq şəkildə yazılmışdı ki, atəşkəs təmin olunur və danışıqlar "Madrid prinsipləri" əsasında davam etdirilir. Sonradan Fransanın, ABŞ-ın vasitəçiliyi ilə imzalanan atəşkəs razılaşmalarında da eyni məsələ qeyd olunurdu. “Madrid prinsipləri” nəzərdə tuturdu ki, Ermənistan beş rayonu Azərbaycana qaytarır, sonra Qarabağın statusu ilə bağlı referendum keçirilir və bundan sonra Kəlbəcər və Laçın Azərbaycana qaytarılır. Putinin həmin 17 noyabr təklifinin kökündə də bu dururdu. İndi söylədikləri də həmin “Madrid prinsipləri” təklifinin təkrarıdır. Putin təxminən üç il öncə verdiyi müsahibəsindəki fikirlərinə indi onu əlavə etdi ki, Paşinyan Azərbaycanın Qarabağ üzərində suverenliyini qəbul edib, eyni zamanda Qarabağın Azərbaycan ərazisi olduğunu öz imzası ilə təsdiqləyib. Guya bundan sonra Rusiya da bu reallıqları qəbul etmək məcburiyyətində qalıb. Bu son dərəcə yanlış və müəyyən mənada Putinin Valday təxribatının təkrarı kimi sayıla biləcək fikirlərdir".

Siyasi şərhçi hesab edir ki, məqsəd yaranmış vəziyyətdə bütün günahları Ermənistanın - Paşinyanın üstünə atmaq və özünü məsuliyyətdən kənarda qoymaq, erməni xalqını Nikol Paşinyanın üzərinə qaldırmaq, mümkün olsa Ermənistanda hakimiyyət dəyişikliyinə nail olmaqdır: “Putin az qala Paşinyanı Azərbaycanın ərazi bütövlüyünü tanımağa görə açıq-aşkar günahlandırdı. Heç kimə sirr deyil ki, Rusiya 44 günlük müharibənin gedişində nisbi neytrallıq mövqeyi tutmuşdu. Bunu Azərbaycan Prezidenti də qeyd edib. Putin dilinə gətirdiyi 10-15 il ərzində Azərbaycanın işğal olunan rayonlarının beşini geriyə qaytarmayan Ermənistanı cəzalandırmaq üçün kənara çəkildi, oktyabrın sonuna qədər Ermənistanın bütün çağırışlarına reaksiya vermədi. Oktyabrın 25-dən sonra isə Ermənistana ciddi şəkildə silah verməyə başladı. Yəni əslinə qalsa, Rusiya 7 rayonumuzun qaytarılmasını istəyirdi, sadəcə, bunun iki mərhələdə reallaşmasını təklif edirdi. Ancaq Qarabağın müstəqillik statusunun olmasını istəyirdi. İkinci Qarabağ müharibəsində Azərbaycanın qazandığı qələbə və ondan sonrakı dövrdə yeritdiyi siyasət Qərbi və Rusiyanı Qarabağın statusuna münasibəti dəyişməyə məcbur elədi. Rusiya son dövrlərə qədər açıq şəkildə deyirdi ki, Qarabağın statusu məsələsinə gələcəkdə baxıla bilər. ABŞ və Fransa isə tələb edirdi ki, status verilməlidir. Ancaq Azərbaycanın siyasəti onların mövqeyini dəyişməyə məcbur elədi. İndi Rusiya bunun günahını Paşinyanın üzərinə atmaq istəyir”.

A.Səmədov qeyd etdi ki, Putinin məlum fikirləri indi dilə gətirməsində və Paşinyanı günahlandırmasında Ermənistanın bugünlərdə ABŞ-la birgə hərbi təlimlər keçirməsindən qəzəbləndiyi rol oynayır: “Rusiya həm də buna görə Paşinyana qəzəblidir. Eyni zamanda Paşinyanın son zamanlar anti-Rusiya bəyanatları, Rusiyanı təqsirləndirməyi, Anna Akopyanın Ukrayna səfəri və digər addımlar Putini hiddətləndirib. Səsləndirdiyi fikirlər Putinin Paşinyanı qəti şəkildə hakimiyyətdən uzaqlaşdırmaq planının işə salmaq qərarına gəldiyinin göstəricisidir. Putinin bəyanatı Paşinyanı hakimiyyətdən kənarlaşdırmaq istəyən qüvvələrə həlledici siqnaldır. Putin düyməyə basıb artıq və Paşinyanı devirmək üçün Rusiya real fəaliyyətə keçib”.

Asif Nərimanlı: Azərbaycan danışıqlar prosesində Fransanın iştirakına imkan  vermir

Asif Nərimanli

Politoloq Asif Nərimanli isə bildirdi ki, Putinin müharibədən öncə baş verən Qarabağ danışıqları haqda dedikləri bizim üçün o qədər də əhəmiyyətli deyil, çünki bu məsələlər artıq keçmişdə qalıb. Bunu indi niyə gündəmə gətirməsinin isə iki mümkün səbəbi görünür: “Birincisi, Moskva Ermənistanda hakimiyyət dəyişikliyinə getmək planını aktivləşdirir, xüsusilə Nikolun son gedişlərindən sonra. Və bu prosesdə "Qarabağ kartı"ndən istifadə istəkləri aydın görünür, Putin, belə demək mümkünsə, fitili yandırır və Paşinyanı hədəf göstərir. İkincisi, Qarabağın erməni əhalisinin yaşadığı ərazilərin taleyi ilə bağlı son mərhələyə qədəm qoyulub və yaxın dövrdə yekunlaşacağı istisna deyil, Ağdam-Xankəndi marşrutundan ilk keçid bu prosesi bir qədər də yaxınlaşdırdı. Rusiya onu “hami” rolunda görən ermənilərə deyir ki, “biz çox çalışdıq, amma Paşinyan bütün oyunu pozdu” və bununla statusun niyə olmadığını da izah etməyə çalışır. Azərbaycan üçün əsas məqam Qarabağdakı hazırkı vəziyyətlə bağlı dedikləridir. Rusiya prezidenti “humanitar problemlərdən, sülhməramlıların mandatından, etnik təmizləmədən” danışır və əlavə edir ki, rəsmi Bakı heç bir etnik təmizləmədə maraqlı deyil. Bu, Azərbaycana həm “kökə”, həm “kötək” göstərmək cəhdidir, yəni vəziyyətə uyğun mövqe sərgiləyəcək və aydın görünür ki, Qarabağda son mərhələ ərəfəsində Moskva bölgədəki maraqları çərçivəsində razılaşmaq istəyir".

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR