İnsanlara hürriyət, millətlərə istiqlal!

Prezidentin ağac əkdiyi “Gənclik” parkından reportaj

3381 14.11.2019 10:50 Reportaj A A

İki il öncə xarabalığı xatırladan ərazi indi əhalinin istirahət yerinə çevrilib...

Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva noyabrın 11-də Heydər Əliyev Fondu tərəfindən Bakının Xətai rayonunda salınan yeni “Gənclik” parkında “Təbiət naminə birləş, Həyat naminə birləş!” layihəsi çərçivəsində ağacəkmə aksiyasında iştirak etdilər. Aksiya çərçivəsində parka minlərlə ağac əkilib.

Layihə üzrə Bakıda və respublikanın müxtəlif rayonlarında ağacəkmə aksiyalarının təşkili nəzərdə tutulub. Layihə ətraf mühitin mühafizəsinin vacibliyini insanların, xüsusilə gənc nəslin diqqətinə çatdırır və onları ekoloji problemlərə qarşı mübarizədə birgə fəaliyyətə səsləyir.

Hələ iki il öncə “Gənclik” parkının xarabalığa çevrilməsi ilə bağlı mətbuatda yazılar dərc edilirdi. “Yeni Müsavat”ın əməkdaşı olaraq ərazidə olduğumuz zaman müşahidə etdik ki, bu gün  artıq park tamamilə dəyişib. Ərazidə gəzdiyimiz zaman kiçik də olsa zibilin, natəmizliyin şahidi olmadıq. Park ərazisi başdan-başa yaşıllıq içərisindədir. Ərazi hündürdə yerləşdiyi üçün şəhəri tam şəkildə görmək mümkün olur. Bir yanda dəniz, digər yanda isə şəhər mənzərəsi görünür.

Parkın ərazisi 37.2 hektardır. Bu ərazinin hamısı yaşıllıq içərisindədir. Müşahidə etdik ki, layihə çərçivəsində parkda təkcə ağaclar əkilməyib. Eyni zamanda insanların istirahəti üçün oturacaqlar və digər bu kimi yerlər düzəldilib. Həmçinin xeyli sayda kiçik quş evləri hazırlanaraq, ağaclardan asılıb. Əkilən ağacların yaxınlığında su xətləri də çəkilib. Bu da ağacların vaxtı-vaxtında suvarılmasını təmin edir. Müşahidə etdik ki, hazırda da ərazidə ağacların əkilməsi, yaşıllıqlara qulluq prosesi davam edir. Ərazidə çalışanlarla söhbətimiz zamanı onlar da bildirdilər ki, ötən illərdə bu ərazidə natəmizlik hökm sürürdü. Lakin sonradan Heydər Əliyev Fondunun və digər müvafiq qurumların işə qarışması ilə park yenidən abadlaşdırılıb.

Yaxınlıqda yaşayan Toğrul İmanov bildirdi ki, ötən illərdə parkda xeyli ağac kəsilmiş, susuz qaldığı üçün qurumuşdu:

“Buraya xüsusilə ciyəri, ürəyi xəstə olan adamlar gəlirdilər. Lakin son zamanlar park yararsız hala düşdüyü üçün gələn də yox idi. İndi isə ölkə başçısının göstərişi ilə gördüyünüz yeni ağaclar əkilib. Biz diqqət edirik ki, bu ağaclara hər gün qulluq edilir. Yaxşı haldır ki, bu ərazi yenidən yaşıllaşdırılır. Əvvəl ağac olmayan yerlərə də ağaclar əkilib. Özü də həyata keçirilən layihə çərçivəsində daha çox gənclər iştirak edirdilər. Bu da sevindirici haldır ki, gənclərə təbiətə qarşı sevgi aşılanır. Hazırda park ərazisində xeyli sayda üzərində təbiətlə bağlı şüarlar yazılan lövhələr də qoyublar. Bu da müsbət haldır. Çünki digərləri də bu lövhələrə baxmaqla başa düşəcəklər ki, təbiəti qorumaq lazımdır. Ümumiyyətlə, son zamanlar Xətai rayonu ərazisində xeyli ağac əkilib, park salınıb. Bunların hamısı biz sakinləri qane edir. Bir zamanlar obyekt olan yerlərdə hazırda ağac, park görmək sevindirici haldır. Yaxşı olar ki, bu parkda uşaqların əylənməsi üçün də şərait yaradılsın. Belə olarsa, parka gələnlərin də sayı artar. Bir də normal yol çəkilərsə, hər bir şey qaydasına düşər”.

Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov bildirib ki,   burada böyük, özü də sadə bir park olacaq.

“İnsanların asudə vaxtlarının səmərəli təşkili üçün burada bütün şərait yaradılacaq. Əsasən idman meydançalarına, idman qurğularına üstünlük veriləcək. Burada insanların daha çox təbiət qoynunda idman etmələri üçün xüsusi zolaqlar, velosiped yolları, sadə pikniklər üçün yerlər olacaq. İnsanların vaxtlarını, bayramlarını burada keçirmələri üçün bütün imkanlar yaradılacaq”, - deyə A. Ələkbərov bildirib.

Onu da qeyd edək ki, noyabrın 11-də Türkiyədə də “Gələcəyə nəfəs ol!” şüarı altında ümumrespublika ağacəkmə kampaniyasına start verilib.

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və ailə üzvləri Ankarada ağac əkiblər.

Kampaniya çərçivəsində ölkənin bütün bölgələrində ümumilikdə 11 milyon ağac əkiləcək.

Əli RAİS,
“Yeni Müsavat”
Fotolar müəllifindir

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR