İnsanlara hürriyət, millətlərə istiqlal!

Prezident sərəncamı Mövlam Şıxəliyevin son ümidini belə kəsdi - ŞOK CİNAYƏT DOSYESİ

3968 26.07.2023 21:38 Gündəm A A

Barəsində yeni cinayət dosyesi var!

İyulun 24-də Azərbaycan Prezidenti İlham Əliyev Milli Təhlükəsizlik Nazirliyinin (MTN 2015-ci ildə ləğv olunub - E.M.) İstintaq Baş İdarəsinin rəisi olmuş Mövlam Şixəliyevin, idarənin şöbə rəisləri vəzifəsində çalışmış Sahib Ələkbərovun və Yasin Məmmədovun ali hərbi rütbədən və dövlət təltiflərindən məhrum edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncam Mövlam Məmmədismayıl oğlu Şixəliyevin, Sahib Yunus oğlu Ələkbərovun və Yasin Seyfulla oğlu Məmmədovun ağır və xüsusilə ağır cinayətlər törətdiklərinə görə məhkum olunmaları barədə məhkəmə hökmünün qanuni qüvvəyə minməsi və Bakı Hərbi Məhkəməsinin təqdimatları əsas götürülərək imzalanıb.

Sərəncama əsasən, Mövlam Məmmədismayıl oğlu Şıxəliyev general-mayor ali hərbi rütbəsindən, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenindən, “Vətən uğrunda” və “Hərbi xidmətlərə görə” medallarından məhrum edilib. Sahib Yunus oğlu Ələkbərov və Yasin Seyfulla oğlu Məmmədov “Vətən uğrunda” medalından məhrum ediliblər.

Mövlam Şıxəliyevin və başının dəstəsinin məhkəmə prosesini izləyənlər sual edirlər ki, niyə Prezident sərəncamında Vüsal Ələkbərovun adı yoxdur? Axı Vüsal Ələkbərov da Mövlam Şıxəliyev və digəri 2 şəxslə birgə Bakı Hərbi Məhkəməsində həbsə alınıb, barələrində ittihamedici hökm çıxarılıb.

Məsələ ondadır ki, Vüsal Ələkbərov daha əvvəl - 2015-ci ildə Milli Təhlükəsizlik Nazirliyində həyata keçirilən xüsusi əməliyyat zamanı digər 21 nəfərlə birgə həbsə alınmışdı. O zaman ona qarşı Cinayət Məcəlləsinin 182 (hədə-qorxu ilə tələbetmə), 294 (sübutları saxtalaşdırma), 311 (rüşvətalma) və 341-ci (hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma) maddələri ilə ittiham olunmuşdu. Sonradan Bakı Hərbi Məhkəməsində hakim qarşısına çıxarılan Vüsal Ələkbərov 12 il azadlıqdan məhrum edilib. Hökmə əsasən, Vüsal Ələkbərovun polkovnik rütbəsi də əlindən alınıb, üzərinə həbs qoyulmuş 1 milyon 277 min manatlıq əmlakının (həyat yoldaşı Şəhla Ələkbərovanın adına rəsmiləşdirilmiş Səbayel rayonu, Badamdar qəsəbəsində 0.18 hektar torpaq sahəsi və orada yerləşən fərdi yaşayış evi, Yasamal rayonu, Şərifzadə küçəsindəki mənzil) müsadirə olunub zərərçəkmişlərdən Akif Qurbanova dəymiş ziyanın ödənilməsinə yönəldilməsi də yer almışdı.

Daha sonra Bakı Apelyasiya Məhkəməsi Vüsal Ələkbərovun 12 illik cəzasını 5 ilə endirib. Ancaq rütbə və əmlakla bağlı məsələ dəyişdirilmədən saxlanılıb. O zaman Vüsal Ələkbərov ittihamları qəbul etmir, əmlakının müsadirə olunması ilə də razılaşmırdı. O, Bakı Apelyasiya Məhkəməsində çıxış edərkən bu fikirləri demişdi: “Mənə mütəşəkkil dəstənin tərkibində cinayət törətmək haqda ittiham verilib. Amma mütəşəkkil dəstənin kimlərdən ibarət olduğu müəyyən edilməyib. Mənim əmlakımın müsadirə edilib Akif Qurbanova verilməsi məsələsi də hökmdə öz əksini tapıb. Niyə? Əgər cinayəti mütəşəkkil dəstə törədibsə, mən niyə ödəməliyəm? Bu qədər ədalətsizlik olmaz axı...”

Vüsal Ələkbərov

Vüsal Ələkbərov haqqındakı həmin hökmdə sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov və nazirliyin İstintaq İdarəsinin rəisi olmuş Mövlan Şıxəliyevin barəsində cinayət işi başlanması üçün prokurorluğa təqdimat göndərilməsi məsələsi də öz əksini tapmışdı. Eldar Mahmudovla Mövlam Şıxəliyevin həbsi məsələsi uzun müddət açıq qaldı. Hökmlə zərərçəkən Akif Qurbanova verilməsi qət olunan əmlak da qanunsuz olaraq onun əlindən alınaraq Vüsal Ələkbərova qaytarılmışdı. 2020-ci ildə azadlığa çıxan Vüsal Ələkbərov 2021-ci ilin aprelində rəisi Mövlam Şıxəliyev həbsə alınandan sonra istintaqa cəlb olunmuşdu. Lakin istintaq dövründə barəsində həbslə əlaqəli olmayan qəti imkan tədbiri seçilmişdi. O, üzvü olduğu mütəşəkkil cinayətkar quldur dəstənin digər iki üzvü - Yasin Məmmədov və Sahib Ələkbərovla birgə Bakı Həbi Məhkəməsində keçirilən prosesə 1 ilə yaxın evlərindən gəlib getdilər. Mövlam Şıxəliyev isə istintaq dövründə, sonradan məhkəmə dövründə də həbsdə idi.

Dəstə üzvləri çox ümidli idilər ki, Bakı Hərbi Məhkəməsində köhnə əlaqələri hesabına Mövlam Şıxəliyev özünü və avtomatik olaraq onları da xilas edəcək. Düzdür, Mövlam Şıxəliyev bu istiqamətdə addım atdı. 2021-ci ilin sentyabrında oğlu Elgün Şixəliyevin vasitəsilə əvvəllər də dələduzluqda ittiham olunmuş vəkil Elçin Qəmbərova 300 min dollar pul vermişdi. Bu məbləğin qarşılığında Elçin Qəmbərov Mövlam Şıxəliyevi məhkəmə dövründə həbsdən azad etdirəcəyini vəd etmişdi. Lakin Elçin Qəmbərov pulu alandan sonra Elgün Şıxəliyevə verdiyi vədi unutmuşdu. Məsələ Elçin Qəmbərovun həbsi, məhkəmə qarşısına çıxarılması və rüşvət vermək üçün aldığı pulu dövlət nəfinə keçirməsi ilə sonuclandı. Mövlam Şıxəliyevin azadlığa gedən qapısı məhkəmə dövründə belə qapalı qaldı.

Bu isə MTN-də 10 ilə yaxın onun tabeliyində işləmiş, elə orada yaradılan mütəşəkkil cinayətkar quldur dəstəyə daxil olan, Mövlam Şıxəliyevlə birgə məhkəmə qarşısına çıxarılan digər 3 müttəhimin - Sahib Ələkbərov, Yasin Məmmədov və Vüsal Ələkbərovun əhvalını pozmuşdu. İllərlə qanunsuz olaraq vətəndaşları həbsə aldıran dəstə üzvləri yaxşı başa düşürdülər ki, Mövlam Şıxəliyevin həbsdə qalması onlara yaxşı heç nə vəd etmir.

Sentyabrın 21-də Bakı Hərbi Məhkəməsində ona və vaxtilə MTN-də tabeliyində çalışmış daha üç polkovnikə  - keçmiş şöbə rəisləri Yasin Məmmədov və Vüsal Ələkbərov, rəis müavini Sahib Ələkbərova hökm oxunub. Hökmə əsasən, Mövlam Şıxəliyev 12 il, Vüsal Ələkbərov 11 il 2 ay, Yasin Məmmədov 10 il 6 ay, Sahib Ələkbərov isə 8 il azadlıqdan məhrum edilib. Qeyd etdiyimiz kimi, Mövlam Şıxəliyevdən başqa digər 3 nəfər həbsdə deyildi. Onlar hökm oxunanda məhkəmə zalından həbs olunublar.

Məhkəmə həmçinin Mövlam Şıxəliyevin general-mayor rütbəsinin, Sahib Ələkbərovla Yasin Məmmədovun polkovnik rütbəsinin və bir sıra başqa təltiflərin onlardan alınmasına qərar verib. Hökmün bu hissədə icra olunmaması Mövlam Şıxəliyev və digərlərində bir ümid yaratmışdı. Düşünürdülər ki, Ali Məhkəmədə barələrindəki qərardan şikayətə baxılana qədər rütbələrinin əllərindən alınmaması xeyirlərinə şərh oluna bilər. Lakin Prezidentin verdiyi sərəncamla Mövlam Şıxəliyev və digər 3 dəstə üzvünün ümidləri alt-üst oldu.

Daha bir maraqlı məqam ondan ibarətdir ki, Mövlam Şıxəliyev və digərləri barəsində Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində hazırda bir neçə cinayət işi var. Həmin işlər üzrə zərərçəkənlərin ümumi sayının 100 nəfərdən artıq olduğu bildirilir.

E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR