İnsanlara hürriyət, millətlərə istiqlal!

Prezident seçkidən sonra ilk rəsmi səfərini Türkiyəyə etdi - dünyaya mesaj

691 20.02.2024 08:00 Siyasət A A

İki qardaş ölkənin liderləri təkbətək və geniş tərkibdə görüşlər keçirdi, mühüm müzakirələr apardı

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə fevralın 18-də Türkiyəyə rəsmi səfər edib. AZƏRTAC xəbər verir ki, Ankaranın Esenboğa hava limanında dövlətimizin başçısını və birinci xanım Mehriban Əliyevanı Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu və digər rəsmi şəxslər qarşılayıblar. 

Prezident İlham Əliyev fevralın 19-da Ankarada Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərəni-Anıtqəbiri ziyarət edib.

Prezident İlham Əliyev həmçinin fevralın 19-da Ankaradakı Heydər Əliyev Parkında Ulu Öndərin abidəsini ziyarət edib.

Fevralın 19-da Türkiyə Prezidentinin Sarayında - Külliyedə Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevi qarşılayıb.

Sonra Türkiyə və Azərbaycan  prezidentlərinin təkbətək, ardınca geniş tərkibdə görüşləri olub. 

“Türkiyənin güclü sənaye potensialı, güclü iqtisadiyyatı, o cümlədən hərbi gücü hər bir Türk dünyasına mənsub olan insanı sevindirir”.

Bunu Prezident İlham Əliyev Türkiyəyə rəsmi səfəri çərçivəsində bu ölkənin prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata birgə bəyanatı zamanı deyib. 

“İşbirliyimizin önəmli istiqaməti hərbi sahədə işbirliyidir. Bizim ordularımız bir yumruq anlamına gəlir”, - deyə Prezident İlham Əliyev bildirib.

Dövlət başçısı qeyd edib: “İkinci Qarabağ savaşı və 5 ay əvvəl keçirdiyimiz antiterror tədbirləri bir daha onu göstərdi ki, Türkiyənin ordu modeli Azərbaycanda artıq tam oturuşub. Bu gün təbii ki, müdafiə sənayesi sahəsində yeni imkanlar açılıb. Bu barədə də geniş müzakirələr aparıldı, ortaq istehsalla bağlı konkret planlarımız var. 

“Türkiyə bölgəmizdə barışın, istiqrarın, sülhün və iş birliyinin qarantıdır”, - deyə dövlət başçısı əlavə edib: “Türk dünyasının birləşməsi, ortaq köklərə sahib olan xalqların bir arada olması Türk Dövlətləri Təşkilatının hər bir üzvünü gücləndirəcək”

“Qarabağda keçirilmiş antiterror əməliyyatı ölkəmizin suverenliyini tam təsdiqlədi”, - Prezident bəyan edib: “Artıq Azərbaycan ərazisində separatçı qüvvələrə yer yoxdur və bundan sonra heç vaxt olmayacaq”.

“Təhsillə bağlı bu gün önəmli bir anlaşma imzalanmışdır. Bu, gələcəyə yönəlmiş təşəbbüsdür” - prezident bildirib: “Çünki bizim gənc nəslimiz həm Türkiyədə, həm də Azərbaycanda qardaşlıq, müttəfiqlik, ortaq dəyərlər prinsipləri əsasında tərbiyə almalıdır. Bizim milli-mənəvi dəyərlərimizə sadiq olmalıdır. Yad təsirdən uzaq olmalıdır. Bilikli, savadlı, vətənpərvər insanlar olmalıdır. Bu gün Türkiyə-Azərbaycan Universitetinin yaradılması sadəcə olaraq təhsil məsələsi deyil, bu bizim birliyimizin növbəti simvoludur. Əminəm ki, bu universitet yaxın gələcəkdə nəinki Azərbaycanda, bölgədə ən aparıcı ali məktəblərdən birinə çevriləcək”.

Bu, Prezident İlham Əliyevin yenidən prezident seçildikdən sonra ilk rəsmi dövlət səfərini qardaş ölkəyə etməsi ənənəsidir, yoxsa Azərbaycanla Türkiyə arasında təcili müzakirə olunmalı məsələlər var, səfər həm də buna görə seçkidən dərhal sonra reallaşdırıldı? Ümumiyyətlə, Türkiyə ilə Azərbaycan arasında elə bir məsələ varmı ki, onunla bağlı uzlaşmaya ehtiyac var?

Oktay Qasımov:Azərbaycan bu kəndləri Ermənistana güzəştə getmək niyyətində  deyil – Qərb Xəbər

 Oqtay Qasımov

Politoloq Oqtay Qasımov “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan Prezidentinin andiçmə mərasimindən sonra ilk rəsmi dövlət səfərini Türkiyəyə etməsi tamamilə təbiidir. Artıq iki qardaş ölkə arasında münasibətlər elə bir səviyyədədir ki, Prezident seçkilərindən sonra ölkə başçıları ilk səfərlərinin Azərbaycana və Türkiyəyə etmələri bir ənənə halını alıb. Bu, eyni zamanda bizim strateji müttəfiqliyimizin bir göstəricisi hesab olunur: “Eyni zamanda dünyada, regionda proseslər o qədər sürətli cərəyan etməkdədir ki, Azərbaycanla Türkiyə arasında müzakirə olunacaq xeyli məsələlərin olması şübhəsizdir. Bununla bağlı yayılan məlumatlar ondan ibarətdir ki, Azərbaycan və Türkiyə arasında hər iki tərəfi maraqlandıran məsələlər müzakirə olunacaq və bu müzakirələrin ruhuna uyğun sənədlər də imzalanacaq. Şübhəsiz ki, Türkiyə və Azərbaycan liderlərinin görüşündə müzakirə olunan və razılaşdırılan məsələlərin mediaya açıqlanan tərəfləri ilə yanaşı, açıqlanmayan tərəfləri də ola bilər və bu da tamamilə təbiidir. Mən hesab eləmirəm ki, hansısa təcili müzakirə olunmalı məsələlər var idi və səfər sırf buna görə seçkidən az sonra həyata keçirildi. Sadəcə, adətən istər Türkiyədə prezident seçkisi, istərsə də Azərbaycanda prezident seçkisindən təxminən 1 həftə, 10 gün sonra yeni seçilən prezidentlərin qardaş dövlətə səfəri həyata keçirilir. İlham Əliyevin budəfəki Türkiyə səfəri də təxminən həmin müddəti əhatə edir. Burada yeganə fərqli bir məqam Azərbaycan Prezidentinin Türkiyəyə birbaşa Münxendən gəlməsidir. Azərbaycanla Türkiyə arasında razılaşdırılmamış hər hansı məsələlərin olduğunu düşünmürəm. Sadəcə, proseslərin sürəti həm bölgəmizdə, həm də beynəlxalq miqyasda baş verənlər müzakirəyə ehtiyac yaradır. Xüsusilə də regionumuzla bağlı məsələlərdə Azərbaycan və Türkiyə arasında koordinasiya olunmuş siyasət izlənməkdədir. Prezident İlham Əliyevin Türkiyə səfəri də bu siyasətin bir qədər də gücləndirilməsinə xidmət edəcək səfərdir. Beynəlxalq səviyyədə proseslər barədə isə Türkiyə ilə Azərbaycan arasında müzakirə edilməli çoxlu sayda məsələlər var. Bu müzakirələr ölkələrimizin həmin məsələlərə münasibətdə koordinasiya olunmuş siyasət yürütməsi üçün əhəmiyyətlidir”. 

Bu, yeni mərhələnin başlanması deməkdir" – Vüqar Bayramov

Vüqar Bayramov

Deputat Vüqar Bayramov isə bildirib ki,  hər zaman haqq işimizə dəstək olan Türkiyə ən vacib günlərdə Azərbaycanın yanında olan qardaş dövlətdir. Ona görə də Azərbaycan Prezidenti seçkidən sonra ilk rəsmi səfərini qardaş ölkəyə reallaşdırdı: “Azərbaycanla Türkiyə arasında siyasi və strateji münasibətlərlə yanaşı, son illər iqtisadi əməkdaşlığın daha da dərinləşməsi müşahidə olunur. Türkiyə Azərbaycanın ən böyük iqtisadi tərəfdaşlarındandır. Türkiyə ilə 2023-cü ildə ticarət dövriyyəmiz 7 milyard 650 milyon dollaradək yüksəlib. Bu, 2022-ci illə müqayisədə 30.0 faiz artım deməkdir. Hədəf yaxın illərdə ticarət dövriyyəsini 15 milyard dollara çatdırmaqdır. Türkiyə 15.0 faizlik pay ilə İtaliyadan sonra Azərbaycanın ikinci ən böyük ticarət tərəfdaşıdır. Ötən il Azərbaycanın Türkiyəyə ixracatı 5 milyard 359 milyon dollar, qardaş dövlətdən idxalımız isə 2 milyard 291 milyon dollar olub.

Digər tərəfdən, Türkiyə ötən il Azərbaycanın 3 milyard 348 milyon dollarlıq qeyri-neft ixracatının 23.4 faizini formalaşdırıb. İki ölkə arasındakı sərmayə qoyuluşlarında da kəskin artımlar müşahidə edilməkdədir.

Göründüyü kimi, iqtisadi əlaqələr bütün istiqamətlərdə inkişaf etməkdədir. Azərbaycan Prezidentinin səfəri iki ölkə arasında əlaqələrin daha da güclənməsinə xidmət edəcək. Azərbaycan qardaş Türk dövlətləri ilə strateji münasibətləri daha da dərinləşdirir. Bu, daha güclü Türk dünyası deməkdir".

Etibar SEYİDAĞA,
“Yeni Müsavat” 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR