İnsanlara hürriyət, millətlərə istiqlal!

PKK məsələsi və ya Yaxın Şərqdə terror təhdidi kimə sərf edir?

598 25.02.2021 18:31 Siyasət A A

 

Türkiyə ordusunun İraq ərazisində keçirdiyi “Qara” əməliyyatı zamanı 13 nəfər girovun qətlə yetirilməsi böyük rezonans doğurdu.

PKK son illərdə qərargah kimi istifadə etdiyi mağarada saxladığı türkiyəli hərbçi və mülki insanlardan ibarət girovları qətlə yetirdi. Bu, PKK-nın törətdiyi ən qəddar cinayətlərdən biri idi.

Terror təşkilatı PKK daha əvvəl qərargah kimi istifadə etdiyi Qəndil mağaralarının Türkiyə ordusunun aktiv zərbələrinə məruz qalmasından sonra qərargahı İraqdakı Sincar dağlarına, daha sonra isə Qara mağarasına daşıyıb. Qara Türkiyə ilə sərhəddən 40 kilometr dərinlikdə, daha əvvəl bilinməyən bir mağara olub. Buradan həm də Türkiyəyə gizli keçid daha asan olub. Türkiyə ordusu həm Qara mağarasını məhv etmək, həm də orada girov saxlanılan türkiyəliləri azad etmək üçün başlatdığı əməliyyat zamanı terrorçular girovları qətlə yetirərək mağaradan qaçıb.

1544865063turkiye_ordusu.jpg (40 KB)

Bu hadisə Türkiyə ictimaiyyətində böyük kədərlə qarşılanmaqla yanaşı PKK terroru mövzusunu yenidən aktuallaşdırdı. Artıq 43 ildir mövcud olan PKK özünü “fəhlə partiyası” (Təşkilatın adı Kürdüstan Fəhlə Partiyasıdır, kürdcə “Partiya Karkeren Kurdistane” – K.R.) elan etsə də, fəaliyyəti ilk vaxtlardan bu günə qədər terror olub. Mövcud olduğu dövr ərzində PKK 35 mindən çox insanın həyatına son qoyub, minlərlə insanın yaralanması və ya şikəst olmasına səbəb olub.

“Soyuq müharibə” illərində Yaxın Şərqdə meydana çıxan PKK həm də böyük dövlətlərin maraqlarını icra edən silahlı alət olub. 1974-cü ildə Abdullah Öcalan tərəfindən qurulan PKK-nın ilk adı Ankara Demokratik Ali Təhsil Dərnəyi olub. Marksist-leninçi ideyalara əsaslanan təşkilat 1978-ci ilin noyabrında Diyarbəkr Licə rayonunda keçirilən birinci konqresdə qruplaşma adını Kürdüstan Fəhlə Partiyası olaraq dəyişir və fəaliyyət sahəsinin genişləndiyini elan edir. Həmin vaxt PKK-nın rəhbəri Abdulla Öcalan, Cəmil Bayık isə onun müavini təyin olunub. İlk PKK heyəti isə 16 nəfərdən ibarət olub.


Təşkilatın elan etdiyi hədəfi Türkiyənin cənub-şərqi, İraqın şimalı, Suriyanın şimal-şərqi və İranın şimal-qərbində kürdlərin yaşadığı (bəzi bölgələrdə isə sadəcə ərazi olaraq iddia edərək - K.R.) ərazilərdə dövlət qurmaqdır. Ancaq bu hədəfi elan edən PKK mübarizə metodu olaraq terroru, dinc vətəndaşları, o cümlədən əsasən də Türkiyədə dövlət məmurları, polis, ordu nümayəndələri, eləcə də yerlərdə kənd qoruqçuları, hökumətlə əməkdaşlıq edən kürdlərə qarşı terror hücumlarını seçdi. PKK müəyyən müddətdə KADEK (türkcə Kürdüstan Azadlıq və Demokratiya Konqresi) və Konqra-Gel (Xalq Konqresi) adlarından istifadə edib.

1980-ci illərin əvvəllərində PKK tərəfdarları Türkiyədə baş verən iğtişaşlarda, şəhərlərdə baş verən tələbə qarşıdurmalarında fəal şəkildə iştirak edib. Ancaq hərbi çevrilişdən az əvvəl Öcalan Türkiyəni tərk edərək Livana, daha sonra isə Suriyaya sığınıb. Digər PKK-çılar isə hərbi çevriliş zamanı yaxalanaraq həbsə atılıb.

1984-cü ildə PKK yenidən fəallaşaraq Türkiyədə terror aksiyalarına başlayıb. Həmin il avqustun 15-də PKK-çılar Türkiyənin Eruh və Şəmdinli rayonlarında ilk silahlı terror hücumlarını həyata keçiriblər. 1986-cı il oktyabrın 25-də Livanda keçirilən 3-cü qurultayında PKK “Kürdüstan Xalq Ordusu” yaratdığını elan edir.

img1894536.jpg (18 KB)

Bundan sonra PKK-nın silahlı terror hücumlarının sayı və miqyası artır. 1993-cü ildə Bingöl-Elazığ yolunu kəsən PKK-çılar 33 silahsız hərbçini öldürür. 1990-cı illərin ortaları və sonları Türkiyədə PKK terroru ilə ağır mübarizə dövrü hesab olunur. Türkiyə ordusu və təhlükəsizlik qüvvələri terror təşkilatına ağır zərbələr vurur. 1996-cı ildə ilk dəfə PKK Türkiyə ərazisində canlı bombalardan istifadə edir. Kamikadze-terrorçular özlərini əhalinin gur yerində partlatmaqla əsgər və zabitlərin ölümünə səbəb olub.

1990-cı illərin sonlarında Türkiyə hökumət qüvvələrinin PKK-nın ləğv edilməsi üçün qruplaşmaya qarşı geniş miqyaslı kəşfiyyat və ordu əməliyyatları nəticəsində PKK liderləri ələ keçib. 1998-ci il aprelin 13-də PKK-nın bir zamanlar ikinci adamı olmuş Şemdin Sakık və qardaşı Arif Şimali İraqda ələ keçirilərək Türkiyəyə gətirilib.

Uzun illər Suriyaya sığınmış Öcalan sonradan münasibətlərin pisləşməsi və Türkiyənin təzyiqi ilə Hafiz Əsədin dəstəyi kəsməsindən sonra ölkəni tərk edərək, 1999-cu il fevralın 2-də Keniyadakı Yunanıstan səfirliyində gizlənir. Ancaq Türkiyə kəşfiyyatının xüsusi əməliyyatı nəticəsində Öcalan Keniyada saxlanılaraq Türkiyəyə gətirilir. Saxlanılarkən onun üzərində Lazaros Mavrus adı ilə Cənubi Kipr pasportu çıxır. Bu da onu göstərir ki, Yunanıstan hakimiyyəti Öcalanı dəstəkləyib.

Türkiyədə İmralı adasında keçirilən məhkəmə prosesində 1999-cu il iyunun 29-da məhkəmə heyəti Öcalan barədə edam hökmü verdi. Bu cəza Ankara 2 saylı Dövlət Təhlükəsizlik Məhkəməsi tərəfindən təsdiqlənsə də, icra olunmadı. Hesab olunur ki, beynəlxalq təşkilatlar və Qərb dövlətləri Türkiyə hökumətini edamdan çəkindirib. Ancaq eyni zamanda hökumətin Öcalanı əlində kart olaraq diri saxlamaq istədiyi üçün edam hökmünün icra olunmadığı ehtimal olunur.

PKK 2002-ci ildə formal olaraq özünü buraxdığını və Kürdüstan Demokratik və Azadlıq Konqresini qurduğunu elan etsə də, qruplaşma PKK olaraq tanınır.

Qeyd edək ki, bir sıra tədqiqatçılara görə, PKK “soyuq müharibə” zamanı SSRİ-ABŞ qarşıdurmasının bir elementi olub. Daha dəqiqi NATO-nun cənub gücü olan Türkiyədə kürdlərin solçu terror təşkilatının yaranması SSRİ-nin planı idi. PKK liderlərinin SSRİ və KQB ilə əlaqələrinə dair çoxlu sayda faktlar var. Öcalanın Türkiyədəki çevrilişdən az əvvəl ölkədən çıxarılması və Livana, daha sonra SSRİ-nin Yaxın Şərqdəki əsas müttəfiqi olan Suriyaya yerləşməsi bu ehtimalı təsdiqləyir. Maraqlıdır ki, PKK-nın zəifləməsi, daha sonra liderinin ələ keçməsi məhz SSRİ-nin ləğvi, Rusiyanın isə başının daxili müharibələrə qarışdığı dönəmə təsadüf edir.

russi-1563361944.jpg (38 KB)

Ancaq PKK yalnız SSRİ ilə əməkdaşlıq etməyib. Eyni zamanda bir sıra Avropa ölkələrinin PKK ilə əlaqələrində dair faktlar var.

Bu ölkələrin PKK daxilindəki təsir qruplarının olduğu, belə demək olarsa, öz maraqları üçün bu təşkilatdan istifadə etdiyi güman edilir. PKK-nın çox böyük sayda tərəfdarları və mühüm kadrları məhz Avropa ölkələrində yaşayır. Bundan başqa, terror qruplaşmasının əsas bazası İraqın şimalında Qəndil dağlarında yerləşir. Ancaq eyni zamanda Suriyada PKK-nın tərəfdarları, eləcə də eyni ideologiyanı paylaşan PYD təşkilatı var. İranda isə PEJAK adlı terror təşkilatı PKK ilə yaxın kürd terror təşkilatı hesab olunur. Hazırda yeganə tanınan kürd muxtariyyəti olan Şimali İraq administrasiyası isə daha çox qərbyönlü bir quruluş olaraq PKK ilə isti münasibətlərə malik deyil.

Maraqlıdır ki, bir sıra Avropa dövlətləri marksist PKK-nı hələ də dəstəkləyir, onun tərəfdarlarına geniş imkanlar yaradır. Təbii ki, bunun səbəbi heç də “kürd xalqına yardım” deyil, bunun üçün daha sivil formada fəaliyyət göstərən təşkilatlar var. PKK və onun şəxsində kürd separatizmi faktiki olaraq Yaxın Şərqin 4 ölkəsi üçün separatizm və terror təhlükəsi yaradır. Bu mənada PKK-ya verilən dəstək, həm də Yaxın Şərqdə qeyri-sabitlik və terrorun davam etməsinə xidmət edir. Görünən odur ki, hələ bir müddət də davam edəcək.

Kənan Rövşənoğlu

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR