İnsanlara hürriyət, millətlərə istiqlal!

“Pezeşkianın azərbaycanlı olması faktını şişirtmək lazım deyil” -Tofiq Zülfüqarov

704 17.07.2024 11:00 Ölkə A A

“Səfirliyimizin əsas vəzifələrindən biri də o olmalıdır ki...”

Xəbər verdiyimiz kimi, 15 iyul 2024-cü il tarixindən etibarən Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyi yeni ünvanda fəaliyyətini bərpa edib. Xarici İşlər Nazirliyindən verilən məlumata görə, səfir və səfirliyin heyəti İrana geri dönüb.

Hazırda İrandakı səfirliyin yeni binasında konsulluq xidmətinin təşkili üçün müvafiq işlər görülür və yaxın zamanda konsulluq xidmətinin bərpası barədə əlavə məlumat veriləcək. 

Qeyd edək ki, 2021-ci ilin avqustundan etibarən Azərbaycan Respublikasının İran İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri  vəzifəsinə təyinat alan Əli Əlizadə də vəzifəsinin icrasına davam edəcək.  Yeri gəlmişkən, Əli Əlizadə öz şəxsi Facebook hesabında paylaşım edib. Səfir yazıb: “Səfirliyimizin fəaliyyətinin yeni ünvanda bərpası ilə xidmətimizi davam etdirmək üçün Tehrana qayıtdıq. İnanıram ki, birgə səylərimizlə qarşılıqlı hörmətə, dostluğa və mehriban qonşuluğa əsaslanan Azərbaycan-İran əlaqələrinin daha da möhkəmlənməsinə, əməkdaşlığımızın daha da genişlənməsinə nail olacağıq”.

Sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarovla Azərbaycan-İran münasibətlərinin yeni mərhələsi, gözlənilən növbəti diplomatik addımlar və s. barədə söhbət etdik:

- Tofiq bəy, Azərbaycanın İrandakı səfirliyinin fəaliyyəti bərpa edilib. Bunu diplomatik mənada iki ölkə arasındakı münasibətlərdə yeni mərhələ hesab edə bilərikmi? 

- İranın keçmiş administrasiyası hakimiyyətə gələndən sonra iki ölkə arasında gərginlik yaradan bir neçə addım atdı. Hərbi təlimlər, Azərbaycana qarşı bəyanatlar və sonda səfirliyə hücumla iki ölkə arasında münasibətlər xoşagəlməz həddə çatdı. Bu gərginlik də böhrana gətirib çıxardı. Sonrakı mərhələdə tərəflər qarşılıqlı təmaslarla gərginliyi addım-addım aradan qaldırmaq qənaətinə gəldilər. Xarici işlər nazirləri və başqa səviyyələrdə təmaslar oldu. 

Demək olar ki, böhran aradan götürülüb.  Prezident İbrahim Rəisinin ölümü ilə böhrana son qoyuldu. Ardıcıl şəkildə böhranın fəsadlarını götürmək üçün addımlar atılır. Onlardan biri də səfirliyin fəaliyyətinin bərpasıdır. Məlum olduğu kimi, səfirlik yeni binada fəaliyyət göstərəcək. Bina təhlükəsizlik qaydalarına daha uyğun yerdə yerləşir. Yeri gəlmişkən, bina məsələsi uzun illər idi ki, həllini tapmamışdı. Bu, Azərbaycanın da, İranın da xeyrinə olan addımdır. Biz başa düşməliyik ki, iki ölkə arasında münasibətlər normal vəziyyətdə olmalı, inkişaf etməlidir. 

- Azərbaycanın İrandakı səfirliyinin yenidən fəaliyyətə başlamasının Məsud Pezeşkianın xarici siyasət uğurlarından ilki kimi dəyərləndirənlər var. Siz necə düşünürsünüz, Pezeşkianın qələbəsi iki ölkə arasındakı münasibətlərdə nəyi dəyişəcək? 

- Fikrimcə, bu, süni bağlantıdır. Əminəm ki, yeni prezident münasibətlərin normallaşması istiqamətində fəaliyyətini davam etdirəcək. Bu, həm də İran dövlətinin və xalqının xeyrinədir ki, qonşuluqdakı qardaş Azərbaycan xalqı ilə əlaqələr ən yüksək səviyyədə bərpa olunsun. Biz də bunu istəyirik. Bu, həm də bizim xeyrimizədir. 

- Yeri gəlmişkən, Məsud Pezeşkianın etnik azərbaycanlı olması ilə cənubda yaşayan soydaşlarımızın hüquqlarına münasibətdə dəyişiklik gözlənilir. Nəzərə alsaq ki, İranda bütün mühüm məsələlər Ali dini liderin rəhbərliyi ilə həll olunur, bu gözləntiləri necə dəyərləndirərsiniz?

- Mən bunu spekulyasiya hesab edirəm. Yetərincə əsası olmayan fikirlər səslənir. Məsud Pezeşkianın azərbaycanlı olması həlledici rol oynamayacaq. Çünki Azərbaycanla münasibətlərdə böhranın aradan götürülməsi və gələcəkdə inkişafının bünövrəsinin qoyulması təkcə azərbaycanlılar üçün yox, İranda yaşayan digər xalqlar və dövlət üçün də lazımdır. Bu baxımdan hesab edirəm ki, yeni prezident dövlətin maraqlarından irəli gələn addımlar atacaq. 

Milli mənsubiyyəti nəzərə alsaq, böhranın yaranmasında fəal iştirak edən insanların arasında azərbaycanlı da çox idi. Bu arada səfirliyə terror hücumunu həyata keçirən də etnik azərbaycanlı idi. Bu baxımdan milli mənsubiyyət məsələsini şişirtməmək lazımdır. Dövlət maraqları, dövlət siyasəti var. Hər bir addıma obyektiv qiymət verilməlidir. 

- Sizcə, Azərbaycanın irəli sürdüyü şərtlər tam həllini tapıbmı? 

- Bunu yalnız zaman göstərəcək. İndiki zamanda, sadəcə, qarşılıqlı addımlar atılır. Və bu addımların nəticəsində biz müəyyən mərhələyə çatmışıq. Gələcəkdə hadisələrin necə cərəyan etməsindən asılı olaraq müəyyən münasibət bildirmək olar.

- İki ölkə arasındakı münasibətlərin normallaşması üçün atılan ilk addım səfirliyin fəaliyyətinin bərpasıdır. Bəs növbəti mərhələ üçün konkret hansı gözləntiniz var?

- Çoxsaylı ortaq layihələr var ki, onların icrası müxtəlif səbəblərə görə uzanır. Bunlardan ən önəmlisi Şimal-Cənub dəhlizinin işlək vəziyyətə gətirilməsidir. Bu, bizim üçün çox vacib məsələlərdən biridir. Çünki Azərbaycana qarşı olan dairələr Zəngəzur vasitəsilə kommunikasiya dəhlizi yaratmaq istəyirdilər. Amma əminəm ki, buna ehtiyac qalmayacaq. Çünki dağlar arasında dəhliz yaratmaq üçün milyardlarla məbləğ xərcləmək lazım olacaq. Amma yolun tikilməsində maraqlı tərəflər çoxdur. 10-dan çox ölkə dəhlizin istifadə olunmasında maraqlıdır. Dəhlizin işlək vəziyyətinə gətirilməsi ilə Hindistanda Azərbaycana və Türkiyəyə qarşı olan bəzi planlar aradan götürüləcək. 

- Zəngəzur dəhlizindən söz düşmüşkən, Azərbaycan-İran münasibətlərinin yeni mərhələsində Ermənistan hansı addımları ata bilər? Münasibətlərə xələl gətirmək üçün maneələr yarada bilərmi?

- İstisna edilmir. Bilirsiniz ki, İranda çox sayda erməni yaşayır. Onların mütəşəkkil diasporu var. Hətta Tehranın mərkəzində onlara aid məhəllə var. Xatırladım ki, onlar Azərbaycana münasibətdə kəskin mövqe tutmuşdular. Ermənistanın baş naziri Nikol Paşinyan İrana səfər edəndə ermənilərlə görüşdə onlar Azərbaycan dövlətçiliyi əleyhinə şüarlar səsləndirmişdilər. Təbii ki, gələcəkdə bunu da nəzərə almaq lazımdır. Eyni zamanda biz onu da yaxşı başa düşməliyik ki, bizim İrandakı dostlarımız düşmənlərdən sayca və imkan baxımından qat-qat güclüdürlər. Odur ki, səfirliyimizin əsas vəzifələrindən biri bizə dost münasibətdə olan dairələri birləşdirib, iki ölkə arasında olan münasibətlərin inkişafına gətirən siyasəti daha da təsbit etməkdir.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”



Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR