İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanın “siftəsi kor oldu”

2178 20.07.2026 09:53 Son xəbər A A

İspaniyaya göndərilən əriklər çürüdü, Rusiya bu dəfə Ermənistanın “çəyirdəyini çıxardı”

“Ermənistan hökumətinin son illər iqtisadi siyasətdə əsas prioritetlərindən biri ölkənin ixrac coğrafiyasını şaxələndirmək və Rusiya bazarından asılılığı azaltmaq olub. Baş nazir Nikol Paşinyan və hökumət üzvləri dəfələrlə bəyan ediblər ki, Ermənistan Avropa bazarlarında mövqeyini gücləndirməli, məhsullarını Avropa İttifaqı ölkələrinə çıxarmalı və yeni logistika marşrutları formalaşdırmalıdır.Lakin son hadisələr göstərir ki, bu strategiya hələlik real iqtisadi imkanlardan daha çox siyasi bəyanatlar üzərində qurulub”. Musavat.com xəbər verir ki, bu barədə yekramas.org yazır.

Bildirilir ki, Rusiya bazarında ard-arda tətbiq olunan məhdudiyyətlər, sertifikatlaşdırma sistemində aşkarlanan ciddi nöqsanlar və Avropaya ilk iri kənd təsərrüfatı məhsulu ixracının uğursuzluqla nəticələnməsi Ermənistanın ixrac siyasətinin necə bir ciddi böhran yaşadığını ortaya qoyur.
“Rusiya bazarında məhdudiyyətlər genişlənir. “Rosselxoznadzor” may ayından başlayaraq Ermənistan məhsullarının idxalına əlavə nəzarət mexanizmləri tətbiq etməyə başlayıb. Balıq məhsulları, çiçəklər, tərəvəz, göyərti, çiyələk, çəyirdəkli meyvələr və üzüm artıq Rusiya bazarlarına buraxılmır. .Daha sonra konserv məhsulları istisna olmaqla, demək olar ki, bütün bitki mənşəli kənd təsərrüfatı məhsullarının Rusiyaya idxalına ciddi məhdudiyyət tətbiq edilib. Bu qərarlar Ermənistan kənd təsərrüfatı üçün son dərəcə həssas hesab olunur. Çünki ölkənin aqrar ixracının 90 faizdən çoxu məhz Rusiya bazarına yönəlib. Belə vəziyyətdə alternativ bazar tapmaq qısa müddətdə mümkün görünmür” deyə, yazıda bildirilir.
Rusiya bazarında yaranmış problemlər fonunda Paşinyan hökuməti Avropa bazarlarını əsas alternativ kimi təqdim etməyə başladı. Rəsmi İrəvan hesab edirdi ki, kənd təsərrüfatı məhsullarını Avropa ölkələrinə yönəltməklə yaranmış itkiləri kompensasiya etmək mümkün olacaq. Lakin ilk praktiki sınaq hökumətin hesablamalarının reallıqla üst-üstə düşmədiyini göstərdi.

Sayt yazır ki, İspaniyaya göndərilən Ermənistan əriklərinin böyük partiyası uzun daşınma müddəti ərzində tamamilə xarab olub. Meyvələr satış üçün yararsız vəziyyətə düşdüyündən yük bazara çıxarıla bilməyib və ixracatçılar ciddi maliyyə itkisinə məruz qalıblar.
Qeyd olunur ki, bu hadisə Ermənistan mediasında da geniş müzakirələrə səbəb oldu. İspaniyadakı erməni icmasının nümayəndələri yeni partiyanın göndərilməsi üçün səylərini davam etdirəcəklərini və ilk uğursuzluğun ümumi layihənin sonu olmadığını bildirsələr də, ekspertlər problemin daha fundamental səbəblərdən qaynaqlandığını qeyd edirlər. Mütəxəssislərin fikrincə, Avropa bazarına kənd təsərrüfatı məhsullarının ixracı yalnız siyasi qərar qəbul etməklə mümkün deyil. Bu bazarda uğurlu fəaliyyət üçün sürətli nəqliyyat marşrutları, müasir soyuducu konteynerlər, fasiləsiz "soyuq zəncir" sistemi, beynəlxalq sertifikatlaşdırma, yüksək keyfiyyət standartları və məhsulun qısa müddətdə alıcıya çatdırılması əsas şərtlər hesab olunur.

Rusiya bazarında isə Ermənistan istehsalçıları uzun illər ərzində daha sadə logistika sistemi ilə işləyiblər. Coğrafi yaxınlıq və qurulmuş nəqliyyat marşrutları məhsulların qısa müddətdə istehlakçılara çatdırılmasına imkan verirdi. Avropa istiqamətində isə məsafə daha böyükdür, daşınma müddəti uzanır, logistika xərcləri artır və məhsulun keyfiyyətini qorumaq daha mürəkkəb prosesə çevrilir. İspaniyaya göndərilən əriklərin xarab olması məhz bu problemlərin ilk real nəticəsi kimi qiymətləndirilir.

Beləliklə, Paşinyan hökumətinin siftəsi korlandı, Avropa bazarlarına çıxış strategiyası fiasko oldu...

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR