İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanın sabotaj imkanları da tükənib - ya edəcək, ya da...

1382 26.11.2021 15:25 Gündəm A A


Ermənistan pozuculuqdan əl çəkməsə, Azərbaycan 10 noyabr bəyanatını da BMT qətnamələri kimi özü təkbaşına icra edəcək

Hazırda Soçidə Azərbaycan, Rusiya, Ermənistan liderlərinin üçtərəfli görüşü keçirilir. Ekspertlər bildirir ki, bu görüşün nəticəsi olaraq, 10 noyabr və 11 yanvar bəyanatlarının icrası ilə bağlı konkret tələblər qoyulacaq. Əlbəttə, söhbət yalnız bu tələblərin məhz Ermənistan və onun baş naziri Nikol Paşinyan qarşısında qoyulacağından gedir. Çünki Azərbaycan üçtərəfli bəyanata birmənalı şəkildə əməl edir, hər zaman olduğu kimi üzərinə düşən vəzifə və öhdəlikləri uyğun və mərhələli şəkildə yerinə yetirir.
Sazişdən və üzərinə götürdüyü öhdəliklərdən bəhanələrlə boyun qaçırmağa çalışan tərəf məhz Ermənistandır. Bunun da məsuliyyəti məhz Nikol Paşinyanın üzərinə düşür.

Fakt ondan ibarətdir ki, son dönəmlər Paşinyan bəzən dolayısı, bəzən də açıq şəkildə üçtərəfli sazişə tamamilə zidd mövqe sərgiləyir, 10 noyabr bəyanatının şərtlərini yerinə yetirməmək üçün əlindən gələni edir.

Hansı ki, daha əvvəllər – bir neçə ay öncəyədək Paşinyan 10 noyabr bəyanatında əksini tapan Zəngəzur dəhlizi, sərhədlərin müəyyənləşdirilməsi, kommunikasiyaların bərpası, sülh sazişi ilə bağlı müəyyən qədər liberal mövqe göstərirdi. Hətta açıqlamalar verirdi ki, Ermənistan bu istiqamətdə danışıqlara hazırdır.
Lakin proseslərin gedişi göstərdi ki, Nikol o qədər zəif bir liderdir ki, verdiyi sözlərə əməl etmək iqtidarında deyil. Dəhliz, Azərbaycanın ərazi bütövlüyünün tanınması, sərhədlərin müəyyənləşməsi ilə bağlı oyun oynamağa çalışır.

Əlbəttə, bu cür sabotajlar heç də səbəbsiz deyil. Görünən budur ki, N.Paşinyan tamamilə başını itirmiş durumdadır, nə etməli olduğuna müstəqil şəkildə qərar vermək imkanında deyil.

Öncə ona diqqət yetirək ki, Ermənistan baş naziri həm hərbi, həm siyasi, həm də diplomatik müstəvidə uğursuzluğa, məğlubiyyətə düçar olmuş ölkə rəhbəridir. Paralel olaraq da oturuşmuş xarakterə malik bir siyasətçi deyil, o, ən kiçik təzyiqlərə belə tab gətirə bilmir. Son aylardakı davranışları bunu açıq şəkildə göstərir.
Haradan bir təzyiq olursa, mütləq ona boyun əyir. Bir müddət öncə ona Köçəryan-Sərkisyan qruplaşması müxalifəti olaraq təzyiqlər göstərdi və Paşinyan onlardan çəkinməyə başladı. Soçi görüşünüdən bir neçə gün əvvəli keçirdiyi mətbuat konfransında Zəngəzur dəhlizi, kommunikasiyalarla bağlı verdiyi ikibaşlı açıqlamalar buna sübut kimi qeyd edilə bilər.

Eyni zamanda həmin mətbuat konfransında etdiyi çıxış, bu ərəfədəki davranışları həm də onu isbat etdi ki, Qərbdən təzyiq ediləndə onlara tabe olur, Rusiyadan əmr gələndə Putinin əmrinə müntəzir dayanır.

Məsələn, Paşinyan Rusiyanın təşəbbüsü ilə 9 noyabra planlaşdırılan üçtərəfli görüşdən – danışıqlardan boyun qaçırdı. Buna belə bəhanə gətirdi ki, 9 noyabr Ermənistan üçün məğlubiyyət dönəmidir, bu gündə onun görüşə getməsi erməni ictimaiyyətində pis qarşılanar və s. Ancaq sonrakı gedişat göstərdi ki, bu sırf bəhanə imiş, məqsəd Qərbin təzyiqi ilə Rusiyanı danışıqlar prosesindən uzaqlaşdırmaq cəhdi olub.

Sirr deyil, Paşinyan “Soros uşağı” kimi tanınır və Qərbin təzyiqi ilə Rusiyanın proseslərdən uzaqlaşdırılıb, Avropa İttifaqının vasitəçiliyinə keçid almaq idi. 15 dekabr Brüssel görüşü bu məqsədə hesablanmış məsələ kimi xarakterizə edilir, nəinki gerçək bir məsələ həllinə yönəlmişdi.

Faktiki olaraq Paşinyan Azərbaycan-Rusiya-Ermənistan üçtərəfli sazişi ətrafında sabotajlara əl atır, Qərbin havasına oynayırdı.

Ancaq az sonra nə baş verdi? Kremldən gələn bir zənglə Soçi görüşünə razılaşdı. Təsəvvür edin, bir ölkənin rəhbəri konkret mövqe sərgiləyə bilmir – Qərbdən təzyiq edilir, ona yönəlir, Rusiyadan təzyiq olunur, buna əməl edir, daxildə müxalifət təzyiq edir, mövqeyində dəyişiklər baş verir...

Görünən budur ki, Paşinyan bir məğlub ölkə başçısı kimi istənilən bir təzyiq qarşısında duruş gətirə bilmir.

Belə olduğu halda onun Zəngəzur dəhlizi, sərhədlərin delimtasiyası ilə bağlı sabotajları Ermənistan üçün daha ağır nəticələrə səbəb olacaq.
Çünki Paşinyanın manevr imkanları Soçi görüşündən sonra artıq tamamilə tükənmiş hesab olunur.
Əgər Ermənistan rəhbəri düşünürsə ki, ölkəsinin əvvəlki rəhbərləri – Köçəryan, Sərkisyan kimi danışıqları sabotajlarla uzatmağa nail ola bilər, tamamilə yanılır. Çünki artıq 2020-ci ilədək olan vəziyyət deyil, regionda yeni şərtlər formalaşıb. Bu reallıqları qalib Azərbaycan, onun müzəffər, güclü, verdiyi sözlərə əməl edəm lideri İlham Əliyev formalaşdırıb.

Bundan sonra Ermənistan yenə də pozuculuqla məşğul olmağa çalışarsa, təbii, 2020-ci ilin sentyabrınadək göstərilən səbr yox, 44 günlük İkinci Qarabağ Müharibəsində göstərilən əzm, sürət və güc nümayişi davam etdiriləcək.

Prezident Qarabağdakı çıxışlarından birində konkret mövqe sərgilədi, açıq şəkildə dedi ki, Qaragöl də bizimdir, digər ərazilər də.
Faktiki olaraq hazırda Şərqi Zəngəzura bizdədir, bütün strateji yüksəkliklər, ərazilər sərhədlərimiz daxilindədir.

modern.az-18.05.2021-1621329691.jpg (37 KB)

Əgər Paşinyan Soçi görüşündə və ondan sonra da sabotajlarla, bəhanələrlə, manevrlərlə məşğul olmağa çalışarsa, bunun bir fayda verəcəyini düşünərsə, tamamilə yanılmış olacaq, bununla Ermənistanı daha da çıxılmaz duruma salmış, dalana dirəmiş olacaq.

Çünki Azərbaycanın mövqeyi qətidir, dəyişməzdir: Qarabağ münaqişəsi artıq yoxdur, sərhədlər məsələsi tezliklə həllini tapmalı, verilən zaman üzrə Zəngəzur dəhlizi açılmalıdır.
Ermənistanın bunu uzatmaq limiti də tükənib. Şərtləri könüllü şəkildə yerinə yetirməzlərsə, yenə də güc tətbiqinə məruz qalmaları qaçılmaz olacaq. Çünki qalib Azərbaycan proseslərin tormozlanmasına imkan verməyəcək.

Azərbaycan lideri dəfələrlə bəyan edib ki, hansısa təzyiqə boyun əyməyəcəyik. 44 günlük Vətən Müharibəsi zamanı, habelə postmüharibə dövründə Prezident İlham Əliyevin verdiyi sərt bəyanatlara, ən güclü təzyiqlərə belə əhəmiyyət verməməsinə bütün dünya şahiddir. İndi isə meydanda qalib Azərbaycan, onun qalib lideri var: Bu yaxınlarda bir daha bəyan etdi ki, heç bir təzyiq, hədə-qorxu Azərbaycanı haqq yolundan döndərə bilməz. Haqqımız, bizim olan nə varsa, zor-xoş alacağıq!
Odur ki, Ermənistan ciddi-ciddi düşünməlidir, ya normal şəkildə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir, ya da 10 noyabr bəyanatını da BMT qətnamələri kimi, özü təkbaşına icra edəcək. Bu şəraiti də Ermənistan yaradır, özünün destruktiv davranışları ilə.

Elşad MƏMMƏDLİ
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR