İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanın müəmmalı və riskli hərbi avantürası: Ermənistan qurban verilə bilər...

6087 23.09.2020 19:30 Analitika A A

Heç bir himayədar dövlət Ermənistan ucbatından Azərbaycan-Türkiyə hərbi ittifaqı ilə savaş meydanında qarşılaşmağa həvəs göstərməz... Rusiyanın xarici işlər nazırı Sergey Lavrovun “Nikol Paşinyanın Dağlıq Qarabağla bağlı fikirləri nizamlanma prosesinə maneə törədir” deməsi məcburiyyətindən qaynaqlanır və Ermənistanın öz qeyri-konstruktiv mövqeyi ilə sülh danışıqlarını pozmasının Kreml tərəfindən rəsmən etiraf olunması anlamına gəlir...

Cənubi Qafqaz regionuda hərbi-siyasi “temperatur” yüksəlməkdə davam edir. Artıq bir müddətdir ki, bu regionuda yeni müharibənin başlanma ehtimalı tamamilə inandırıcı görüntülər alıb. Və savaşın hər an başlanması artıq heç kim üçün gözlənilməz xarakter daşımayacaq.

Məsələ ondadır ki, son həftələrdə Ermənistan tərəfi intensiv şəkildə cəbhə bölgəsində gərginliyi artırmağa çalışır. Rəsmi İrəvan davamlı çəkildə savaş mesajları verir, Azərbaycanı təhdid etməyə cəhd göstərir.

Nikol-1567671066.jpg (25 KB)

Müşahidələr göstərir ki, Paşinyan hakimiyyəti planlı şəkildə hərəkət edir. Belə ki, əvvəlcə Ermənistanda “könüllü özünümüdafiə dəstələri”nin yaradılması barədə qanun qəbul etdilər. Bununla da Ermənistan ordusunda “könüllü” adı altında muzdlu silahlıların yer almasına hüquqi zəmin yaratmağa çalışdılar.

Səbəbsə, çox sadədir. Ermənistan ordusu hazırda çağırışçı qıtlığı yaşayır. Çağırış yaşına çatmış ermənilər orduda xidmət etməyə həvəs göstərmirlər, bundan imkan daxilində yayınmağa cəhd göstərirlər. Ona görə də, yerli mətbuatın iddiasına görə, Ermənistan ordusunun komplektləşdirilməsində olduqca ciddi problemlər yaranıb.

Digər tərəfdənsə, Ermənistan ordusunda intizamsızlıq, fərrarilik ən ciddi problemə çevrilib. Yerli mətbuatın məlumatına görə, son bir neçə ay ərzində 3 min nəfərdən çox hərbi qulluqçu xidmət etdiyi hərbi hissəni icazəsiz tərk edib. Yəni Ermənistan ordusu başıpozuq silahlı dəstələr durumuna düşüb.

Görünür, rəsmi İrəvan bu önəmli problemin həllinə “könüllü özünümüdafiə dəstələri”nin yaradılması ilə nail ola biləcəyini düşünür. “Könüllü” dedikləri, muzdlulardır. “Muzdlu” dedikləri isə müxtəlif xarici ölkələrdən – xüsusilə də, Livan və Suriyadan gətirdikləri ermənilərdir. Xarici ölkələrdən gətirdikləri ermənilərsə, birmənalı şəkildə terrorçulardır.

15561-3119101718.jpg (47 KB)

Yəni, rəsmi İrəvanın xarici ölkələrdən gətirib, “könüllü özünümüdafiə dəstələri” adı altında Ermənistan ordusuna qatdıqları terrorçu qruplaşmalardır. Bu isə o deməkdir ki, Ermənistan ordusu son vaxtlar ölkə vətəndaşı olan çağırışçılar deyil, sözün əsl mənasında, məhz terrorçular hesabına komplektləşdirilməyə başlanıb.

Eyni zamanda, Ermənistan ordusunun yeni “könüllü-terrorçu hərbi hissələri”nin təlim stratefiyası da ciddi şəkildə dəyişdirilib. Belə ki, bu strategiya artıq müasir ordu quruculuğu prosesinə ziddi metodlara uyğunlaşdırılırb.

Hər halda, İraqdan, İrandan, Suriyadan PKK-çıların işğal altındakı ərzilərə daşınması məhz bu reallığın təsdiqidir. Yəni, Ermənistan ordusunun “könüllü-terrorçu hərbi hissələri”nə PKK-çılar təlim keçirlər.

Göründüyü kimi, Paşinyan hakimiyyəti Ermənistanı olduqca avantürist və təhlükəli oyunun içərisinə salıb. Silahları Rusiyadan peşkəş alırlar, orduya çağırışçı əvəzinə də xarici ölkələrdən terrorçuları gətirib, onların əyninə əsgər paltarı geyindirirlər. Sonra da savaş ritorikasına qapılıb, təhdid yağdırırlar.

unnamed.jpg (41 KB)

Bu, o qədər təhlükəli oyundur ki, Ermənistan üçün olduqca ağır nəticələr verə bilər. Hətta bu avantüranın Ermənistanın mövcudluğunu riskə ata biləcəyi də qətiyyən istisna deyil.

Çünki Paşinyan hakimiyyətinin terrorçular və terrorçuluq üzərindən hərbi avantüraya əl atması Azərbaycanın müharibəyə başlamasına əlavə səbəblər verir. Rəsmi Bakı başladılacaq savaşı çox asanlıqla anti-terror məliyyatları kimi də təqdim edə bilər və bunda sonuna qədər haqlı olacaq.

Əslində, rəsmi Bakı regionda oynanan oyundan tam şəkildə məlumatlıdır. Ona görə də, rəsmi Bakı da qabaqlayıcı preventiv addımlar atmağa başlayıb. Belə ki, Azərbaycan da intensiv şəkildə müharibəyə hazırlaşır. Və bunu qətiyyən gizlətmir. Əksinə, Azərbaycan Prezidenti səviyyəsində ölkənin savaşa tam hazır olduğunu rəsmən bəyanlayıb: “Əgər, onlar beynəlxalq hüququ yerə vururlarsa, biz niyə beynəlxalq hüququ gözləməliyik, biz də yerə vuracağıq, amma bunun axırı onlar üçün çox pis olacaq”.

Burada Prezident İlham Əliyev eyni vaxtda iki önəmli məqamı vuğulamış kimi görünür. Birincisi, Azərbaycan müharibədən qətiyyən çəkinmir və buna artıq tam şəkildə hazırdır.

02.JPG (960 KB)

İkincisi isə dövlət başçısı Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə sülh danışıqlarını kobud şəkildə pozduğunu qabardır. Və bu danışıqların Ermənistanın günahı ucbatından artıq dayandırıldığına işarə vurur: “Ermənistanla faktiki olaraq, danışıqlar getmir. Ermənistan rəhbəri danışıqlar prosesini pozub. Çünki onların cəfəng bəyanatları, təxribat xarakterli addımları danışıqları mənasız edir”.

Son proseslərə diqqət yetirdikdə, rəsmi Bakının məqsədyönlü addımları sayəsində Ermənistanın növbəti hərbi avantürası da artıq iflasa uğramaq üzrədir. Belə ki, Ermənistanın son davranışları onun özünü qəliz duruma salıb. Və rəsmi İrəvan demək olar ki, beynəlxalq məkanda siyasi dəstəkdən məhrum qalıb.

Məsələ ondadır ki, bir neçə gün öncə ABŞ Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqları bərpa etmək üçün tərəflərə çağırış edib. ABŞ-ın dövlət katibi M.Pompeo bildirib ki, Vaşinqton həmsədr kimi münaqişənin sülh yolu ilə tənzimlənməsinə kömək göstərməyə sadiqdir. M.Pompeo tərəfləri qətiyyətlə Minsk Qrupu həmsədrlərinin himayəsi altında predmet danışıqlarına səsləyib.

Təbii ki, ABŞ-ın qəfil reaksiyası regionda vəziyyətin kifayət qədər kritik olmasından və Kremlin bölgədə ifrat şəkildə fəallaşmasından qaynaqlanır. Rusiyanın Ermənistan üzərindən regionda geopolitik oyunlar qurması Ağ Evdə narahatlıq doğurub.

unnamed (1).jpg (39 KB)

Eyni zamanda, buna paralel olaraq, Cənubi Qafqazda baş verənlərə Türkiyə də sərt reaksiya verib. Belə ki, Türkiyənin xarici işlər naziri M.Çavuşoğlu “Ermənistanı ağlını başına toplamağa, hücumlarına son verməyə çağırıram” deyib.

Təbii ki, M.Çavuşoğlunun bu xəbərdarlıq mesajı yalnız Ermənistana ünvanlamayıb. Burada rəsmi İrəvandan daha çox Ermənistanın əsas himayədarına qarşı sərt mesajı var.

Rəsmi Ankara bununla Cənubi Qafqazı qarışdırmağa çalışanlara xəbərdarlıq edir ki, Azərbaycana qarşı atılacaq istənilən addım Türkiyənin müdaxiləsinə səbəb olacaq. Çünki Azərbaycan və Türkiyə öz müttəfiqlik münasibətlərini artıq rəsmiləşdiriblər və bunu hərbi ittifaq səviyyəsinə qədər inkişaf etdiriblər.

Bundan sonra Azərbaycana qarşı atılacaq hərbi addımları rəsmi Ankara Türkiyəyə yönəlik hücum kimi qəbul edəcək. Türkiyəyə qarşı hərbi davranışlar da Azərbaycan tərəfindən eyni məzmunda qəbul olunacaq. Və bu, olduqca vacib məqamdır.

Çünki bu məqam Ermənistanın arxasından regionu qarışdıqmaq istəyənlərin bütün planlarını pozmaq üçün tamamilə yetərlidir. Hər halda, heç bir himayədar dövlət Ermənistan ucbatından Azərbaycan-Türkiyə hərbi ittifaqı ilə savaş meydanında qarşılaşmağa həvəs göstərməz.

pic_a6d43e11f9b16dc469ac4bfa4b66cfca.jpg (20 KB)

Maraqlıdır ki, bunun belə olduğu artıq birmənalı şəkildə təsdiqlənməyə başlayıb. Belə ki, Rusiyanın xarici işlər nazırı Sergey Lavrov “Nikol Paşinyanın Dağlıq Qarabağla bağlı fikirləri nizamlanma prosesinə maneə törədir” demək məcburiyyətində qalıb. Bu, rəsmi İrəvanın öz qeyri-konstruktiv mövqeyi ilə sülh danışıqlarını pozmasının Kreml tərəfindən rəsmən etiraf olunması anlamına gəlir.

S.Lavrovun daha sonra dedikləri isə Paşinyan hakimiyyəti üçün “soyuq duş” effekti verə biləcək məzmundadır: "Rusiya işğal olunmuş 5 rayonun geri qaytarılmasının tərəfdarıdır”.

Adətən, Kreml bu mövzuları qətiyyən sevmir. Belə anlaşılır ki, S.Lavrovun işğal altındakı ərazilərin boşaldılmasına yönəlik bu açıqlamasının arxasında hansısa ciddi beynəlxalq faktorun dayana biləcəyi istisna deyil.

Yəqin ki, Kremlin siyasi mövqeyindəki bu dəyişikliyin səbəbi çox da uzun müddət gizli qalmayacaq. Ancaq hələlik aydın olan məqam odur ki, dünyada və regionda çox şey dəyişib. Və Rusiya özünə lazım olduqda, ya da məcbur qaldıqda Ermənistanı qurban da verə bilər.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

13331023_1081110595260992_3771441806828143088_n.jpg (72 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR