İnsanlara hürriyət, millətlərə istiqlal!

“Paşinyanı silahlandırmaq əvəzinə ağıllandırsınlar ki, sülhə getmək lazımdır” - Sahib Alıyev

510 23.10.2023 16:17 Siyasət A A

“ABŞ-la Avropa Birliyinin birgə bəyanatlarında “sərhədlərin toxunulmazlığının və ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında davamlı sülh” deyəndə nəyi nəzərdə tutduqları tam aydın deyil. Ona görə aydın deyil ki, həmən Birləşmiş Ştatlar məsələn, Rusiyadan fərqli olaraq, hələ də açıq şəkildə Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdığını demir”.

Deputat Sahib Alıyev bu sözləri ABŞ və Avropa Birliyinin Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı son bəyanatı barədə Musavat.com-a açıqlamasında söyləyib.

O qeyd edib ki, sözügedən ölkənin – ABŞ-ın Ermənistandakı səfiri əlində binokl dəfələrlə Qərbi Zəngəzurda peyda olduğu halda, Azərbaycandakı baş diplomatı indiyədək bir dəfə də Şuşaya ayaq basmayıb: “İkincisi, əgər söhbət öz yurdlarından və yaşadıqları yerlərdən didərgin düşənlərdən gedirsə, birincilərin görməzdən gəlindiyini, ikincilərlə bağlı isə gecikmiş və lazımsız çağırış edildiyi ortadadır. Öz yurdlarından didərgin salınanlar Qərbi Azərbaycanlılardır, maraqlıdır, nədən həmən Birləşmiş Ştatlar və Avropa Birliyi onların beynəlxalq humanitar hüquqla təsbit olunan vətənlərində yaşamaq haqlarını tanımaq istəmirlər. Yoxsa onlar da Ermənistan rəhbərliyi kimi, bunu həmən ölkənin təhlükəsizliyi üçün təhdid sayırlar? Axı Qərbi Azərbaycanlılar heç vaxt Qarabağdakı hərbi xuntadakılar sayaq qanunsuz silahlı birləşmə yaratmayıblar və terrorçuluq etməyiblər. Onların öz yurdlarına dönüşü Ermənistanın təhlükəsizliyi üçün niyə təhdid sayılmalıdır? Qarabağdan indi onların geri dönmələrini tələb edənlərin, ilk növbədə də Fransanın diqtəsi ilə çıxıb gedənlərin qayıdışı, keçmişləri yaxşı bəlli ola-ola Azərbaycan üçün təhdid deyil də, etnik təmizlənməyə məruz qalan azərbaycanlıların öz yurdlarına dönüşü Ermənistan üçün təhdiddir, eləmi? Və yaxud, nədən həmən ABŞ və Avropa Birliyi Qarabağdakı sevimliləri heç kim qovmadığı halda oradan gedəndə onlara çağırış etmədilər ki, sizin üçün hər hansı təhlükə yoxdur, yaşayış yerlərinizdən çıxmayın. Davamlı sülhdən dəm vuranlar iki ölkə arasında davamlı sülhə ən böyük töhfənin məhz Qərbi Azərbaycanlıların öz yurd yerlərinə, Qarabağdan gedən hayların isə yaşadıqları şəhər və kəndlərə dönməsinin olduğunu bilmirlərmi? Və ümumiyyətlə, ikincilərin hüquq və təhlükəsizliklərinin təmini ilə bağlı çağrılarından məqsəd nədir?”

S.Alıyev digər mühüm məqama da toxundu: “Azərbaycan ən yüksək səviyyədə dəfələrlə bildirib ki, onların hüquq və təhlükəsizlikləri tam təmin ediləcək. Bunu Nikol Paşinyan kimi situasiyaya uyğun danışan, bu gün söylədiyini sabah unudan bir populist yox, Azərbaycan Prezidenti deyir. O adam ki, verdiyi hər bir sözün arxasında durduğunu qərbdəkilər də bilməmiş deyillər. Bir daha vurğulayıram, elə isə bu çağırış nəyə lazımdır? Haylara havadarlıq etdiklərini göstərmək üçünmü? Bəs havadardan vasitəçi olarmı? Suallar ritorikdir deyilmi? Bilirsiniz, məhz ona görə də bizim üçün heç bir fərqi yoxdur, Ermənistanla danışıqlar Brüsseldə, Moskvada, yoxsa Tehranda keçiriləcək”.

Brüsseldə keçiriləcək danışıqlara gəldikdə, deputat bildirdi ki, bu danışıqlar öncəsi Fransanın Ermənistanla silah sövdələşməsi Parisin bu regionda sülhdə yox, qarşıdurmada maraqlı olduğunu ortaya qoyur: “Paşinyanın həmən Parisin ad Avropa Birliyinin olsa da, özünün dominantlıq etmək istədiyi Qranada görüşünə istinadla danışması, oradakı hansısa “yol xəritəsi”ndən dəm vurması o deməkdir ki, əgər yanaşma dəyişməsə bu Brüssel görüşü də özündən öncəkilərdən çox da fərqlənməyəcək. Xatırlayırsınızsa, cənab İlham Əliyev Xankəndində ad çəkmədən əvvəllər vasitəçilk edən bəzi dövlətlərin indi Azərbaycana yanaşmada düşmənçilik siyasəti yertirdiklərini dedi. Bunu hər hansı bir siyasətçi, yaxud da ekspert deyil, hər sözünü ölçüb-biçən, diplomatiyadan qərbdəkilərə dərs keçmək qüdrətində olan və keçən bir dövlət xadimi deyir, təsəvvür edirsinizmi? Hər kəs gözəl anlayır ki, burada söhbət ilk növbədə Fransadan gedir. Görün Fransa nə dərəcədə həddini aşıb ki, Azərbaycan Prezidenti bu dövlətin bizə qarşı hərəkətlərini düşmənçilik kimi qiymətləndirir. İndi əgər Paşinyan həmən Fransanın diqtəsi ilə hərəkət edəcəksə, Brüssel danışıqlarında təbii ki, sülhə doğru hər hansı irəliəyiş baş verməyəcək”.

S.Alıyev xatırlatdı ki, cənab İlham Əliyev Qranada görüşünə qatılmamaqla əslində Fransanın diqtəsindən çıxaraq sərbəst hərəkət etmələri üçün Brüssel danışıqlarının təşkilatçısı Şarl Mişelə də Paşinyana da şərait yaratdı: “İndi hər şey onlardan asılıdır. Ermənistan Xarici İşlər Nazirliyinin təmsilçisi Kostanyanın da bildirdiyi kimi Bakı sülh razılaşması ilə bağlı növbəti təkliflər paketini də təqdim edib. Üstəlik sülh üçün indiyədək ən böyük maneə sayılan Qarabağdakı qanunsuz silahlı birləşmələr də ləğv olunub. Və bunu o haqda üzərinə öhdəlik götürən Ermənistan yox, özünün sayseçmə oğullarını da şəhid verməklə Azərbaycan edib. Bizə sülh çağırışı edənlər, bununla təkcə haylara havadar çıxdıqlarını göstərmək istəmirlərsə, Azərbaycan sülh üçün gərəkən şəraiti yaradıb, buyurub faydalansınlar. Paşinyanı silahlandırmaq əvəzinə, ağıllandırsınlar ki, sülhə getmək lazımdır, Azərbaycan və Türkiyə ilə qarşıdurma sizə yaxşı heç nə vəd etmir”.

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR