İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyandan ŞOK ETİRAF - Azərbaycanlılar o torpaqlara qayıdacaqlar!

2400 25.03.2024 14:56 Siyasət A A

Bağanis-Ayrım soyqırımından 34 il ötür. 1990-cı il martın 23-dən 24-nə keçən gecə erməni terrorçuları Azərbaycanın Qazax rayonunun Bağanis-Ayrım kəndinə soxularaq soyqırımı törədiblər.

Musavat.com xəbər verir ki, qanunsuz erməni silahlı birləşmələri kəndə daxil olaraq iriçaplı odlu silahlardan, pulemyotlardan, avtomatlardan, qumbaraatanlardan intensiv atəşlər açmaqla dinc kənd sakinlərini küçələrdə və öz evlərində atəşə tutub. 

Nəticədə 10 nəfər ağlasığmaz işgəncələr verilməklə xüsusi amansızlıqla öldürülüb, iki şəxsə müxtəlif dərəcəli bədən xəsarətləri yetirilib. Eyni zamanda, 12 yaşayış evi qarət edilərək yandırılıb, eləcə də 438 nəfər kənd sakini qanuni yerləşdikləri yerlərindən məcburən didərgin salınıblar.

BAGANİS.jpg (88 KB)

Bağanis-Ayrım Qazaxın tarixinə ermənilər tərəfindən ilk işğal edilmiş kənd kimi daxil olub. Bundan sonra Qazaxın daha 6 kəndini - Xeyrimli, Aşağı Əskipara, Sofulu, Badxudarlı, Qızıl Hacılı, Yuxarı Əskiparanı da işğal ediblər.

Hərbi prokurorun böyük köməkçisi Firad Əliyev mediaya açıqlamasında deyib ki, Bağanis-Ayrım soyqırımını törətməkdə ittiham olunan 18 nəfərin axtarışları davam edir.

FİRAD.jpg (78 KB)

O bildirib ki, həmin şəxslər barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103-cü (Soyqırımı) və 107-ci (Əhalini deportasiya etmə və ya məcburi köçürmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmələrinə dair qərarlar qəbul olunub.

Bir neçə gün öncə Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib ki, Ermənistan və Azərbaycan hələ ki, sərhədlərin delimitasiyası ilə bağlı xəritələr barədə razılığa gəlməyib:

"Bu, çox mühüm məsələdir. Özünüzü çaşdırmayın. Biz sözügedən kəndlərin qarşısından keçəcək sərhəddən danışırıq. Ermənistanın Bağanis kəndi və Azərbaycanın Bağanis-Ayrım kəndi. Bunu yadda saxlayaq ki, bunlar eyni kənd deyil. Bağanis-Ayrım kəndi sovet dövründə də Azərbaycanda olub. O, Ermənistanın Bağanis kəndi ilə üzbəüzdür".

NİKOL.png (586 KB)

Paşinyan daha sonra bildirib ki, Ermənistanın Voskepar, Kirants və Berkaber kəndləri – Azərbaycanın Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndləri ilə üzbəüzdür və delimitasiya da bu kəndlərin arasında olacaq.

Baş nazir əlavə edib ki, Bakının istədiyi kəndlər qeyri-anklav kəndləridir, yəni Azərbaycan ərazisindədir:

"Ermənistan bu ərazidə sovet respublikalarının (Azərbaycan SSR və Ermənistan SSR - red.) səlahiyyətli orqanları tərəfindən təsdiq olunmuş topoqrafik xəritələr və sənədlər əsasında demarkasiyaya hazırdır".

Göründüyü kimi, Paşinyan özü də etiraf edir ki, bu kəndlər Azərbaycanındır və işğal olunub.

ALOGLU.jpg (148 KB)

Siyasi ekspert Elçin Alıoğlu hesab edir ki, Xocalı faciəsi, 20 Yanvar dəhşəti kimi, Bağanis-Ayrım qətliamı da tarixin qanlı yaddaşına həkk olub:

"Qazax rayonunun Bağanis-Ayrım kəndi 1990-cı il martın 23-dən 24-nə keçən gecə erməni silahlı quldurları tərəfindən işğal edildi. Təpədən dırnağadək silahlanmış düşmən gecə ikən kəndə hücuma keçib, evləri qarət etdikdən sonra od vurub, günahsız insanları qətlə yetirib, kənd sakinlərini diri-diri ocaqda yandırıb. Ermənilərin işğalı nəticəsində 5 nəfərdən ibarət bir ailə - Əsliyev Dadaş, həyat yoldaşı Pakizə, qızları Havaxanım, Aliyə, nəvəsi Hafiz və daha bir nəfər kənd sakini Alməmməd Məhərrəmov, 6 nəfər kənd sakini yandırılıb, kəndi qoruyan milis işçisi Məcid Əhmədov qətlə yetirilib. Bundan başqa, daha 1 milis işçisi və 1 nəfər kənd sakini isə yaralanıb. Bunlar heç zaman unudulmayacaq. 

Anklav kəndlərimiz Ermənistanın Tavuş və Ararat vilayətlərinin əhatəsində yerləşir. Bu yaşayış məntəqələri 1990-cı illərdə, Birinci Qarabağ müharibəsi zamanı Ermənistan tərəfindən işğal olunub. İşğal faktına görə kəndlərin heç birində azərbaycanlı əhali qalmayıb. Onlar Qazax rayonu ərazisində məskunlaşdırılıblar. Anklavlar sovet dövründə yaranıb. Bu gün Azərbaycan həmin kəndlərin haqlı olaraq qaytarılmasını tələb edir. Əgər Ermənistan ölkəmizin 86.6 min kvadratkilometrlik ərazisini tanıyırsa, bu əraziləri də qeyd-şərtsiz təhvil verməlidir. Azərbaycan dövlətinin rəsmi mövqeyi ondan ibarətdir ki, iki ölkə arasında sərhədlərin delimitasiya prosesi çərçivəsində bu kəndlər geri qaytarılmalıdır".

MUBARİZ.jpg (76 KB)

Siyasi şərhçi Mübariz Göyüşlü də hesab edir ki, erməni terrorçularının törətdikləri əməllərə görə azərbaycanlılar Azərbaycan Respublikasının ərazisində yaşamaq hüququnu itirib:

"Avropa ölkələrinin, ya da hansısa təşkilatın nümayəndəsinin nə deməsindən asılı olmayaraq bu, belədir. Həlak olanlara Allah rəhmət eləsin. Biz o torpaqlara mütləq qayıdacağıq".

Afaq Mirayiq,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR