İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyana qarşı YENİ koalisiya – Müharibə partiyası ayaqlanır: GEC deyil?

1058 20.06.2026 15:24 Siyasət A A

Ermənistan müxalifəti Baş nazir Nikol Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq üçün koalisiya yaratmağa hazırlaşır. Bu məqsədlə “Güclü Ermənistan” partiyasının sədri, erməni əsilli rusiyalı oliqarx, hazırda ev dustaqlığında olan Samvel Karapetyan radikal müxalifət qüvvələrini birləşdirilməyin və küçə mübarizəsinə başlamağın vaxtı çatdığını deyib.

“Təklif edirəm ki, “Koordinasiya Şurası” yaradaq, üzbəüz danışaq, bütün problemləri xalqımıza açıqlayaq, xalqımıza düzgün müzakirələrlə müraciət edək və nəyin doğru olduğunu anlayaraq lazımi addımları ataq. Mümkün şuranın gündəliyinə gəlincə, birinci məsələ Paşinyanın vəzifədən uzaqlaşdırılmasıdır. Müxalifət mütləq bu koalisiyanı yaradacaq”, - Karapetyan iddialı şəkildə bildirib.

Keçmiş prezident, Xocalı hərbi canisi Robert Köçəryanın rəhbərlik etdiyi “Ermənistan” bloku, “Daşnaksütyun” Partiyası, “Milli Birlik” Partiyası və Qaqik Sarukyanın “Çiçəklənən Ermənistan” Partiyası” çağırışı dəstəkləyib...

Ancaq yeni koalisiyanın da bir işə yaramayacağı bəri başdan aydındır. Təcrübə göstərir ki, seçki dövründə vahid hədəf uğurunda birləşə bilməyənlərin ondan sonra birgə hərəkət etməsi daha problematikdir. Xüsusən də lider məsələsi həllini tapmayıbsa.

Bu isə mümkünsüzdü. Çünki radikal-revanşistlər çətin ki, “kənardan gəlmə” oliqarx Karapteyanın “bayrağı” altında toplaşmağa razı olsunlar. Hərçənd, “kaluqalı oliqarxın” partiyası seçkilərin ikincisi olub...

Dünyanın tanıması fonunda parlament seçkilərinin nəticələrini tanımamaq da çıxış yolu deyil. Məsələ ondadır ki, yeni qanunverici orqanda 3/5 konstitusion çoxluq (64 yer) hakim partiyaya məxsusdur və yetərsay problemi olmayacaq. Radikallar iclaslara qatılmasa belə, yeni baş nazir və hökumət seçilə biləcək. Necə deyərlər, pislik özlərinə qalacaq.

Küçə və meydan aksiyaları dövrü isə keçib. Bəlli ki, son illər opponentlər buna bir neçə dəfə cəhd eləsələr də nəticə olmayıb. Ona qalsa, Paşinyan daha çox sayda adamı meydana çıxara bilər. Digər yandan, ənənəvi istirahət mövsümü sayılan qızmar yay ayları çətin ki, kütləvi etirazlar üçün əlverişli olsun.

Rusiya isə belə görünür Nikol Paşinyan iqtidarı ilə işləməyə meyllidir, nəinki özünün Ermənistandakı proksi qüvvələrini ən radikal mübarizə üsullarına kökləməyə. Belə görünür ki, rəsmi Moskva bunca sanksiyalara, hədə və şantajlara rəğmən, Paşinyana ölkədə ictimai dəstəyin güclü olduğuna əminlik hasil edib...

Ermənistanda etiraz aksiyasında müxalifət öz namizədini irəli sürüb - BBC  News Azərbaycanca

Bütün hallarda təəssüf doğuran odur ki, radikal-revanşistlərin cəmiyyətdə 30-40 həndəvərində dəstəyi qalır. Bu, referendumda yeni konstitusiya qəbulunu əngəlləyəcək qədər tərəfdar. Yəni balaca rəqəm sayılmaz. Və bunlar Azərbaycanla müharibənin tərəfdarlarıdır. Özləri boyunlarına almasalar da.

Seçki təbliğat kampaniyası zamanı bunu hamı gördü. Karapetyan hətta Qərbi azərbaycanlıların Ermənistana qayıdışını, orada ev almasını qadağan edən qanun hazırlayacağını bəyan elədi. Bu, erməni revanşistinə xas faşist bir düşüncə.

Nəhayət, Azərbaycan və Türkiyə ilə barışığa əsas əngəl olan indiki konstitusiyanın dəyişdirilməsinə qarşı olanların biri də Samvel Karapetyandır. Belə birisinin Ermənistanın başına keçməsi sözsüz ki, ilk növbədə ermənilərin özlərinə fəlakət vəd edir.

Əsas sual da belədir ki, bundan sonrakı dönəmdə 30-40 faiz 70-60 faizin fikrini dəyişdirə biləcəkmi, yoxsa əksi baş verəcək? Qarşıdakı aylarda, uzağı ilin sonuna bu suala cavab alacağıq...

Siyasət şöbəsi,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR