İnsanlara hürriyət, millətlərə istiqlal!

Parlamentdə gərgin büdcə müzakirələri

794 14.11.2019 10:10 Ölkə A A

Deputatlardan hökumətə ünvanlı mühüm çağırışlar; nazir gələn ilin əvvəlindən bütün pensiyaların 14 faiz artırılacağını dedi

Noyabrın 13-də Milli Məclisin plenar iclasında büdcə müzakirələri spiker Oqtay Əsədovun sədrliyi ilə davam etdirildi.

Çıxış edən deputat Tahir Kərimli dedi ki, komitə iclaslarında səsləndirdiyi bəzi suallarına hələ də cavab almayıb. “Nə üçün bizim hərbi büdcəmiz 2023-cü ilə kimi 1,1 milyard azaldılıb? Bəlkə Qarabağ müharibəsini udmuşuq, bəlkə hərbi təlimlər keçirməyəcəyik? Müdafiə məsələlərinə çox diqqətli olmaq lazımdır!” T.Kərimli Quba-Qonaqkənd-Şamaxı yolu, həmçinin Ağsu döngələri ilə bağlı narahatlığını da bölüşdü: “Axı bu, çox həssas məsələdir. Ağsu rayonuna 10 illərlə bir yük maşını girib-çıxmır. Nə üçün 20 km-lik kəndə gəlin köçürəndə adamlar 150 km məsafə qət etməlidirlər?”

Deputat siyasi partiyaların maliyyələşməsi ilə bağlı da təkliflərini səsləndirdi. Eyni zamanda o, paytaxtı yükdən xilas etmək üçün Bayıl-Zığ gəmi yolunu açmağı təklif etdi.

Deputat Hüseynbala Mirələmov yaşıllıqların salınmasından bəhs etdi: “Elə srağagün cənab prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə mənim seçildiyim Xətai rayonu ərazisində 30 min ağac əkildi. Amma bir problem var: bu ağacları qorumaq. Bunun yolu da ağacların sulanmasıdır. Vaxtilə Heydər Əliyev ”kim bir ağac kəsirsə, elə bil mənim qolumu kəsir" deməklə bu məsələyə prinsipial mövqeyini bildirib". Heydər Əliyev Fondunun təşkilatçılığı ilə ölkəmizdə “Nəsimi ili” çərçivəsində 650 min ağacın əkiləcəyini xatırladan deputat baş nazirdən, maliyyə nazirindən ağacların qorunması üçün proqram qəbul etməyi xahiş etdi.

Deputat Şahin İsmayılov avtomobil qəzaları zamanı insan itkilərinin çoxalmasından narahatlığını ifadə etdi və çıxış yolu kimi istismar müddəti başa çatmış avtomobillərin yenilənməsini təklif etdi.

“Əhalinin yeni avtomobillər almasını sadələşdirmək, kredit faizlərini aşağı salmaq lazımdır. Həmçinin elektriklə işləyən avtomobilləri bütün növ rüsumlardan azad etmək yaxşı olardı”, deyə deputat bildirdi. Ş.İsmayılov sağlamlığa zərər vuran qidalardan istifadənin də təhlükəli olduğunu bildirdi. O, insanların çəki azaltmaq üçün müəyyən qida vasitələrindən kortəbii  şəkildə istifadə etdiyini, nəticədə xəstəliklərin artdığını söylədi və bu məsələyə nəzarətin gücləndirilməsini təklif etdi.

Deputat Hikmət Babaoğlu dedi ki, büdcə layihəsi ilə ölkəmizdə aparılan islahatlar arasında sıx bağlılıq var: “İqtisadi islahatlar həyata keçiriləndə bəzi müxalif qüvvələr tərəfindən şübhə ilə yanaşılırdı, tənqid edilirdi. Amma bu gün sübut olunur ki, islahatların sosialyönümlü olması artıq öz nəticəsini verir”.

Deputat Zahid Oruc dedi ki, parlamentin 4-5 çağırış dövründə, iki ardıcıl ildə ilk dəfədir iki fərqli baş nazirin iştirakı ilə dövlət büdcəsi müzakirə olunur. O bildirdi ki, ilk növbədə hökumət keçmiş Nazirlər Kabinetində yer alan şəxslərin kölgəsindən çıxmağı bacarmalıdır: “Prezidentin qərarı ilə vəzifəsindən çıxarılan şəxslərin fəaliyyətlərinə, nöqsanlarına və bir sıra hallarda cinayətlərinə yol vermək, təkrarlamaq olmaz. Hökumətdən ən başlıca tələb bundan ibarətdir. Prezident artıq yeni elitanı formalaşdırır. Bu, həm də hökumət və dövlət strukturların hamısını əhatə etdi”. O həmçinin əlavə edib ki, dünyada kiçik və orta sahibkarlıq 50-60 faiz üzərindədir: “Amma Azərbaycanda bu rəqəm aşağıdır. Halbuki prosesin dərinləşməsi üçün ölkədə böyük imkanlar var. Məmur biznesi Azərbaycanın keçmiş həyatında olub. Bu artıq bir miras kimi ölkənin ümumi həyatından sıradan çıxmaqdadır. Çünki məmur biznesi özünü doğrultmadı. Bu işlə məşğul olanlar ölkə iqtisadiyyatında iştirak etmirlər”.

Z.Oruc daha sonra bildirdi: “Prezidentin qərarı ilə vəzifəsindən çıxarılan şəxslərin fəaliyyətlərinə, nöqsanlarına və bir sıra hallarda cinayətlərinə yol vermək, təkrarlamaq olmaz. Hökumətdən ən başlıca tələb bundan ibarətdir. Cənab prezident yeni elitanı formalaşdırır. Bu həm də hökumət və dövlət strukturlarını əhatə etməkdədir. Yeni elitanın formalaşmasına hamı öz töhfəsini verməlidir. Düşünürəm ki, ölkə başçısının irəli sürdüyü tələblərdən biri haqsız rəqabəti aradan qaldırmaqdır. Prezidentin öz ifadəsi ilə söyləsək, bir sıra hallarda insanları şərləyirlər, bizneslərini ələ keçirməyə cəhd edirlər. Özləri üçün üstün iqtisadi şərait yaradırlar. Bu, təbii ki, aradan qaldırılmalıdır. Prezident istəyir ki, korrupsiya aradan qaldırılsın. Amma məmurlar bir sıra hallarda sahibkarların biznesinə çıkürlər, onları ələ keçirirlər. Prezident belələrini zəlilər adlandırdı. Biz də bu zəliləri bir sıra hallarda görürük. Ona görə bu məsələlərə qarşı daha ciddi addımlar atılmalıdır”.

Vitse-spiker Valeh Ələsgərov bir sıra maraqlı fikirlər səsləndirdi. Deputat əvvəlcə tələbə yataqxanalarının tikilməsi ilə bağlı təkliflərini irəli sürdü. V.Ələsgərov bununla “Tik-idarə et-təhvil ver” (TİT) modelindən istifadəni məqsədəuyğun hesab etdiyini bildirərək dedi ki, bu modellə bağlı 2016-cı ildə Milli Məclis tərəfindən qanun qəbul olunub. Vitse-spiker qeyd etdi ki, dünyanın bir çox ölkələrində bu modeldən səmərəli istifadə olunur, körpülər, tunellər hava limanları tikilir. V.Ələsgərov qeyd etdi ki, Milli Məclis bu qanuna əlavə edərək tələbə kampuslarının tikilməsi üçün qanunvericilik bazası yarada bilər. Onun sözlərinə görə, tələbə yataqxanaları ilə bağlı məsələ bu yolla daha tez həll oluna bilər: “Təklif edirəm ki, Təhsil və Maliyyə nazirlikləri ilə birgə bununla bağlı müəyyən mexanizm hazırlayaq”. Vitse-spiker tələbə yataqxanalarının tikintisi ilə məşğul olan iş adamlarına güzəştlərin tətbiq olunmasını zəruri saydı.

Bundan sonra 2020-ci ilin dövlət büdcə layihəsi səsə qoyuldu və birinci oxunuşda qəbul edildi. Layihənin lehinə 102, əleyhinə 2 nəfər səs verdi.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2020-ci il üçün büdcəsinin gəlir və xərclərini açıqladı. Nazir bildirdi ki, “Sosial təminat və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2020-ci il büdcəsi haqqında” qanun layihəsində DSMF-nin gələn il üçün gəlir və xərcləri 4 825 508 800 manat səviyyəsində nəzərdə tutulub. S.Babayev əhalinin məmnunluğu, həmçinin DOST Mərkəzinin xətti ilə aparılan işlər barədə parlamenti məlumatlandırdı.

Deputat Fazil Mustafa uşaq pulunun bərpası ilə bağlı hökumətə müraciət etdi. Dedi ki, uşaq pulunun verilməsi həm də sağlam vətəndaşın yetişdirilməsinə dəstəkdir.

Deputat Fəzail Ağamalı da öz növbəsində dedi ki, elə ailələr var, onların uşaqpuluna ehtiyacı yoxdur: “Ancaq elə ailələr də var ki, bu dəstəyə ciddi ehtiyacları var, çünki ünvanlı sosial yardım da almırlar”.

Deputat Jalə Əliyeva isə dedi ki, ən azından ildə bir dəfə, məktəbli uşaqların olduğu ailələrə sentyabr ayı ərəfəsində dəstək verilə bilər: “Çünki ailələr sentyabr təlaşına girirlər”.  

Deputat Qüdrət Həsənquliyev də bir sıra mühüm təkliflərlə çıxış etdi. “Bu il əlil və şəhid ailələrinə 934 mənzil veriləcək. Gələn il dövlət büdcəsindən həmin kateqoriyadan olan insanlar üçün mənzil tikintisinə 110 milyon manat vəsait ayrılıb”, deyə, deputat bildirdi. Əlavə etdi ki, bu vəsait azdır: “Şəxsən mənim tanıdığım 20 Yanvar əlilləri var ki, onlar indiyə qədər mənzil ala bilməyiblər. Nə qədər adam mənzil almaq üçün növbədə durub”. Q.Həsənquliyev ardınca qeyd edib ki, məcburi köçkünlər üçün mənzil tikintisinə 200 milyon manat vəsait ayrılıb: “Bu insanlar illərdir ki, ev-eşiyini itiriblər. Onlar nə qədər növbə gözləməlidirlər? Birinci vitse-prezident Mehriban Əliyeva çox sağ olsun ki, onun təşəbbüsü ilə, Paşa-Holdinq tərəfindən məcburi köçkünlər üçün böyük bir kompleks tikildi. Amma bu, yetərli deyil. Hesab edirəm ki, bu məsələ hər birimizi düşündürməlidir”. Q.Həsənquliyev bildirdi ki, digər sahələr üçün, həmçinin beynəlxalq tədbirlərin keçirilməsi üçün nəzərdə tutulan vəsaiti, 878 milyon manatı qaçqınların, əlil və şəhid ailələrinin mənzil tikintisinə ayırmaq lazımdır. “Biz pensiyaların aşağı həddini, həmçinin yaşayış minimumunu artırmalıyıq”, deputat daha sonra bildirdi.

Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli dedi ki, 2019-cu il ölkəmizdə sosial müdafiənin gücləndirilməsi ili kimi yadda qaldı: “2020-ci ilin ilkin büdcə müzakirələri bir daha onu göstərdi ki, təkcə 2019-cu il yox qarşıdan gələn bütün illər rəqəmlərin diliylə desək, zaman-zaman sosial siyasətin yaxşılaşdırılması və müdafiənin daha da gücləndirilməsi illəri olacaqdır. Təkcə onu demək kifayətdir ki, Azərbaycanın müstəqilliyi tarixində ilk dəfə olaraq gələnilki büdcəmiz təxminən 27 mlrd. manat təşkil edəcək. Bu maliyyə toplumunun böyük bir hissəsi 39.5%-i bilavasitə sosial məqsədlərə yönələcəkdir. Rəqəmlər bir daha onu deməyə imkan verir ki, gələn il pensiyaların və əmək haqlarının artım tempi yerində saymayacaq və davamlı surətdə çoxalacaq”.

Deputat Əli Məsimli pensiyaçılarla bağlı təkliflərini verdi: “Bir sıra ölkələrdə 70 yaşından yuxarı pensiyaya çıxanlara əlavə pensiya verirlər. Bunu Azərbaycana da tətbiq etmək çox vacibdir”. Ə.Məsimli struktur islahatları ilə əlaqədar olaraq yüksək peşəkarlığa malik insanların da ixtisara düşdüyünü bildirdi. Qeyd etdi ki, bu vətəndaşlara kompensasiya vermək olar. O, həmçinin ehtiyac meyarını aradan qaldırmağı, yalnız yaşayış minimumunu saxlamağı təklif etdi.  

Deputat uşaq pulu ilə bağlı məsələdən də bəhs etdi: “Elə bu ildən müəyyən addımlar atmaq olar. Məsələn, yeni doğulan uşağa görə 200 manat yox, 500 manat vermək olar. Mənim təklif etdiyim şəkildə 40 milyon lazımdır. Bu o qədər də böyük məbləğ deyil. Bu məsələyə təkcə uşaqların sayının artması baxımından yox, sağlam uşaqların böyüməsi prizmasından yanaşmalıyıq”.

Deputat Elmira Axundova nazir Sahil Babayevdən xahiş etdi ki, təqaüdçülərə ictimai nəqliyyatın pulsuz olması haqqında düşünsün: “Artıq bir çox ölkələrdə, məsələn, Rusiyada, Avropa dövlətlərində təqaüdçülər bu imtiyazdan istifadə edirlər. Gələn ilin büdcəsində müxtəlif növ kateqoriyalı insanlar üçün bir sıra sosial güzəştlər və imtiyazlar nəzərdə tutulubdur. Lakin yaşlı vətəndaşlarımız üçün  demək olar ki, təqaüddən başqa əlavə gəlir yoxdur. Əgər biz gələn il təqaüdçülərə ictimai nəqliyyat növlərini pulsuz etsək, bu, yeni ildə onlar üçün ən yaxşı hədiyyə olardı”.

Deputat ahıl yaşda olan insanlarla bağlı digər təklifini səsləndirdi: “Təklif edirəm ki, 80 yaş və ondan yuxarı, dərmanlar pulsuz verilsin, ya da onların təqaüdlərinə şərti olaraq ”dərman pulu" dediyimiz məbləğ əlavə edilsin. Mən yenə də dünya təcrübəsinə əsaslanaraq bunu deyirəm. Məsələn, Almaniyada təqaüdçülər onlara səhhətləri üçün vacib olan bütün dərmanları pulsuz alırlar. Çox arzulayardıq ki, bu xoş və nəcib təcrübə Azərbaycanda da tətbiq olunsun. Çünki bizim inkişaf səviyyəmiz buna imkan verir". 

“Azərbaycanda minimum pensiya 1 il ərzində 116 manatdan 200 manata çatdırılıb. Davamlı olaraq bununla bağlı iş aparılır. İlk dəfə olaraq, Azərbaycanda minimum pensiya yaşayış minimumunun üzərində oldu”.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deputatların təkliflərinə reaksiyası zamanı söylədi. Nazir bildirdi ki, pensiya alan bir çox şəxslərə, xüsusilə də əlilliyi olanlara əlavə müxtəlif təqaüdlər ödənilir: “Məsələn, Qarabağ müharibəsi əlilliyi olan şəxslərə 250 manata qədər müxtəlif təqaüdlər ödənilir, digər əlilliyi olan şəxslərə 100 manat. Bu kontingent kifayət qədər genişdir. Təxminən pensiya alan şəxslər arasında 400 min nəfəri əlavə təqaüdlər alır. Bu proses davamlı olacaq, Azərbaycanda minimum pensiyanın artırılmasına dair işlər görüləcək”. S.Babayev dedi ki, gələn ilin əvvəlindən bütün pensiyalar 14 faiz artırılacaq.  Nazir uşaq pulu ilə bağlı təkliflərə də münasibət bildirdi. Dedi ki, ölkədə 18 yaşına çatanadək uşaqların sayı 2.700 min nəfər, 15 yaşınadək olanların sayı 2,5 milyon, 6 yaşınadək uşaqların sayı isə 1 mln.200 min nəfərdir. S.Babayev dedi ki, təkliflər 18 yaşınadək uşaqları əhatə etsə, bu, 3,3 mlrd. manat vəsait edəcək. Qeyd etdi ki, bu il qəbul olunan sosial paketin həcmi 3 milyard manat olub.

Ölkədə 600 min nəfərədək uşağa müavinət verildiyini vurğulayan S.Babayev onu da bildirdi ki, gələn il ünvanlı sosial yardım 50 minlə 100 min arasında olacaq, onların da yarısı uşaqlardır. Nazir dedi ki, ümumilikdə uşaqlara müavinət verilmədiyini demək doğru deyil. 

S.Babayev deputatların mənzil tikintisi və digər məsələlərlə bağlı təkliflərinə də reaksiya verdi. “Təkcə bu il 934 şəhid ailəsi və əlilliyi olan şəxsə mənzillər təqdim ediləcək”, nazir dedi.

Elşad PAŞASOY,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR