İnsanlara hürriyət, millətlərə istiqlal!

“Ovcumuzun içindəki” Ermənistan: Ordumuz 3 min metrlik yüksəkliklərdə - Qərbi Zəngəzurdan xəbər var

4571 27.11.2021 11:11 Gündəm A A

Ermənistanın 44 günlük müharibədən dərs çıxarmaması, üstəlik, 10 noyabr 2020 və 11 yanvar 2021-ci il üçtərəfli razılaşmalara əməl etməyərək vaxtaşırı təxribatlar törətməsi onun öz başında çatladı.

Sonuncu dəfə Ermənistan silahlı qüvvələrinin bölmələri 16 noyabrda dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları sahəsində ölkəmizə qarşı genişmiqyaslı təxribat törətdi və ağır itkilərə məruz qaldı. Əslində Ermənistan bu istiqamətdə özü üçün əlverişli mövqelər əldə edərək, danışıqların növbəti mərhələlərində Azərbaycana öz şərtlərini diqtə etmək (?!-E.P.) niyyətindəydi. Həmin terror aktından bir neçə gün əvvəl də Ermənistan ordusunun 60-dan artıq hərbçisi Laçın istiqamətində postlarını irəli çəkmək üçün cəhd göstərmişdi. Amma Azərbaycan ordusu erməni hərbçilərini mühasirəyə alaraq, bütün şəxsi heyəti əsir götürmüş, yalnız Rusiyanın prosesə qatılmasından və Azərbaycanla danışıqlarından sonra ermənilər geri çəkilmək şərtilə sərbəst buraxılmışdılar. Ancaq Azərbaycan tərəfin humanist yanaşmasını doğru-düzgün dəyərləndirməyə qadir olmayan düşmən növbəti dəfə sərhəd bütövlüyümüzü pozmağa cəhd göstərdi. Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirlərinin görülməsi nəticəsində nəinki ərazi itkilərinə məruz qalmadıq, üstəlik, düşmənə sarsıdıcı zərbələr endirərək, strateji yüksəkliklərə və məntəqələrə nəzarəti təmin etdi.

Həmin təxribatların “memar”larından biri olan Ermənistanın sabiq müdafiə naziri general-mayor Arşak Karapetyan hələ ki, ordudakı itkilərə görə ölkəsinin daxilində cəzasını almaqdadır. Bundan əlavə, tabor komandiri səviyyəsində komandirlər cəzalandırılmaqdadır. Ermənistan ordusunun 20-dən çox hərbçisi həmin döyüşlərdən sonra itkin düşüb, ölən və yaralananların sayı tam açıqlanmır, həmçinin 10-dan çox terrorçu Bakıda əsirlikdədir. Düzdür, terror hücumu zamanı Azərbaycan ordusunun 7 hərbçisi şəhid oldu, 10 nəfər yaralımız var, amma düşmənə elə zərbə vuruldu ki, üstündən keçən müddət ərzində Ermənistanda etirazlar səngimir, ermənilər hakimiyyətdən itirilən mövqelərə görə izahat tələb edir.

Ermənistanın baş naziri Nikol Paşinyan iki ölkənin sərhədlərinin delimitasiyası və demarkasiyası ilə bağlı yekun qərar verməkdənsə, gərginliyi tətikləmək yolunu seçdi. Ardınca onun növbəti dəfə sərt ritorikaya müraciət edərək, dəhliz mövzusuna qarşı çıxması, hakimiyyətini revanşistlərin hücumundan qorumaq üçün çeşidli “libas”lara bürünməsi Ermənistan üçün fəlakətli sonluğa apara bilər, artıq bir sıra erməni ekspertlərin “qatarın getdiyini” dərk edib, ağıllı siyasət sərgiləməyin zəruriliyindən bəhs etməkdədirlər.
Budur, Azərbaycan Silahlı Qüvvələrinin hazırki yerləşmə məntəqələri ilə bağlı “Caliber” layihəsinin komandası tərəfindən olduqca qiymətli məlumatlar yayılıb.




Bildirilir ki, Ermənistanın sabiq müdafiə naziri Arşak Karapetyanın məlum toqquşmalardan öncə Qaragöl ətrafında peyda olmasından və Azərbaycan Silahlı Qüvvələrinin təchizat yollarına qabion postu quraşdırmaq barədə həyasızcasına planından sonra Ermənistan ordusunun dörd dayaq məntəqəsi hərbçilərimizin nəzarətinə keçib. Demək olar ki, iki gün sonra, noyabrın 16-da Azərbaycan Silahlı Qüvvələrinin bölmələri daha iki postu zəbt edərək, düşməni qayıtmaq və ərazidəki istənilən prioritet əraziləri zəbt etmək imkanından məhrum edib. “Ustalıqla həyata keçirilən və ən əsası, qansız yerdəyişmənin nəticəsində cənub-şərq istiqamətində Çilligöl, Ermənistanın Verişen kəndi və Gorus şəhəri istiqaməti, həmçinin qərb istiqamətində göstərilən koordinatlara bərabər məsafədə - Şəki və İşxanasar şəhərlərinə vizual müşahidə və birbaşa atəş təsiri sektorları genişləndi.

Sonuncu deyilənlər ordu hissələrimizin dəniz səviyyəsindən 2794 metr hündürlükdə olan Kilsəli dağını və dövlət sərhədinin göstərilən perimetri boyunca bir sıra adı açıqlanmayan strateji əhəmiyyətli yüksəklikləri tutması nəticəsində mümkün olub”, materialda deyilir.

Bildirilir ki, məhz bunun sayəsində gölün şimal hissəsinə - Böyük İşıqlı vulkanik dağının arxasına aparan kommunikasiya yollarının təhlükəsizliyini təmin etmək və Sisian-Gorus avtomobil yolunun hissəsini birbaşa vizual nəzarətə götürmək mümkün oldu. Bu, Azərbaycan Silahlı Qüvvələrinə strateji zərurət yaranarsa, Ermənistanın bütün cənubunu paytaxtdan ayırmağa, Naxçıvana onsuz da qısa olan boğazı daraltmağa və ya de-fakto olaraq Laçın dəhlizinə çıxışı lokal şəkildə bağlamağa imkan verir.

Bu yerdə qeyd etmək lazımdır ki, bütün bu yerdəyişmələr və infrastruktur təkmilləşdirmələri qar yağıntılarından əvvəl aparılıb, bu isə, yamac ərazi boyunca təchizat yollarının təhlükəsizliyini təmin edir. Beləliklə, erməni revanşistlərin noyabrın 16-da Azərbaycanın yeddi hərbçisinin ölümü və 10 hərbçisinin yaralanması ilə nəticələnən təxribatına baxmayaraq, ordumuz ölkələr arasında təbii sərhəd baryeri olan Şərqi Göyçə dağ silsiləsi üzərində tam nəzarətin qurulması ilə bağlı möhtəşəm planı sona qədər uğurla həyata keçirib.

Məhv edilənlərin və əsir götürülmüş diversantların sayını bu günə kimi rəsmən elan edə bilməyən düşmənə sarsıdıcı dərs verən Azərbaycan Silahlı Qüvvələrinin bölmələri qarşıya qoyulan bütün tapşırıqları şərəflə yerinə yetiriblər. Xüsusən qeyd edək ki, düşmənin qənimət kimi götürülən silah-sursat, nəqliyyat vasitələri və texniki vasitələri arasında təkcə sərhəd xəttində növbə çəkmək üçün deyil, həm də məhz diversiya-terror fəaliyyətlərinin aparılması üçün istifadə olunan nümunələr də var. Caliber: “Nəticədə, Kəlbəcər istiqamətində yalnız bir hissədə, ən hündür nöqtəsi dəniz səviyyəsindən 3008 metr yüksəklikdə olan Qatarqaya dağından başlayaraq, Şərqi Göyçə dağ silsiləsi boyunca cənub adsız yüksəklikləri və dəniz səviyyəsindən 2900 metr yüksəklikdə olan Dəmirdağ dağına qədər Azərbaycan ordusu bütün strateji əhəmiyyətli nöqtələri tutaraq yeni dayaq məntəqələri yaratdı. Qısa müddət ərzində onlara rabitə yolları və təhlükəsiz daimi təchizat yolları çəkildi. Terror və təxribat aktları törətmək üçün düşmənin ərazimizə daxil ola biləcəyi ərazilərdə nəzarət quruldu. Qərbi Azərbaycanın Zod, Azad, Zərkənd, Nərimanlı kəndləri bütün yol infrastrukturu ilə, yəni məhz Basarkeçər-Zod yolu hazırda Silahlı Qüvvələrimizin tam atəş nəzarəti altındadır. Yüksəkliklərdə qurulan yeni dayaq məntəqələri sayəsində Azərbaycanın Kəlbəcər rayonunun bir neçə kəndinin təhlükəsizliyi təmin edilib”.



Bu yerdə qeyd edək ki, bölmələrimiz tərəfindən dövlət sərhədində mühüm məntəqələrin tutulması ilə paralel olaraq düşmənin əldəqayırma, yük maşınlarının kuzovunda yaradılan postları və sığınacaqları məhv edilib.Eyni silsilə boyu dəniz səviyyəsindən müvafiq olaraq 3036 və 3051 metr hündürlükdə olan Kumurdağ və Kömürdağ dağlarının tutulması Azərbaycan Silahlı Qüvvələrinin Əzizli kəndi və Qərbi Azərbaycanın Nərimanlı kəndinə gedən yol istiqamətində vizual müşahidə və birbaşa atəş təsiri sektorlarını genişləndirməyə imkan verib, cənubda olan Maraldağına qədər 3426 metr hündürlükdə olan Kötüdağ və ətrafdakı adsız yüksəkliklər üzərində tam nəzarətin yaradılması mövqelərimizə cinahdan gələn təhlükələri neytrallaşdırıb.

Sərhəddə strateji əhəmiyyətli yüksəkliklərin tutulması əməliyyatının başa çatmasından sonra Yuxarı Şorca və Aşağı Şorca kəndləri, habelə onların Qərbi Azərbaycanın Daşkənd kəndi istiqamətində lokal avtomobil yoluna yeganə çıxışı ovuc içi kimi görünməyə başladı. Ordumuz qarşıya qoyulan tapşırıqları yerinə yetirməklə yanaşı, həm də ətraf ərazinin tam təhlükəsizliyini təmin edib, yeni dayaq məntəqələrinin daimi və fasiləsiz təchizatını yoluna qoyub.

Qeyd edək ki, bir neçə gün əvvəl bəzi eksertlər sosial mediada ilginc paylaşımlar edərək bildirmişdilər ki, artıq Azərbaycan Silahlı Qüvvələri Qərbi Zəngəzura nəzarət edir, daha bir arzumuz gerçəyə dönüb. O zaman belə optimist mövqelər və qeydlər birmənalı qarşılanmadı və geniş müzakirələrə səbəb oldu. Ancaq günlər keçdikcə, ermənilərin də bu mövzuda yazdıqları gələn xəbərlərin həqiqəti əks etdirdiyini təsdilədi. Ermənistan ötən aylarda Gorus-Qafan magistralının 21 km-lik hissəsinə Azərbaycan ordusunun nəzarət etməsindən, bu ərazidə ölkəmizin gömrük postunun qoyulmasından əndişə keçririrdisə, artıq sonuncu təxribatın ardınca ermənilərə məxsus avtomobillərə də rüsum haqlarının tətbiq edilməsi, eyni zamanda Gorus, Qafan, Qarakilsə istiqamətindəki ərazilərin, magistral yolların nəzarət altına düşməsi ciddi təşviş yaradıb. Ermənistanın yanlış davranışlarının məntiqi nəticəsi olaraq yaxınlıqdakı erməni yaşayış məntəqələrinin sakinləri acınacaqlı durumla üz-üzə qalıblar.

Yuxarıda bəhs olunan yazıdakı məlumatlar və təqdim olunan xəritələr də onu göstərir ki, Azərbaycan Şərqi Zəngəzurla kifayətlənmir və ordumuz artıq Qərbi Zəngəzurdakı strateji əhəmiyyətli yüksəkliklərdədir, tarixi torpaqlarımıza nəzarət edir. Dövlət başçısının da dediyi kimi, Azərbaycan Ermənistanı məcbur etmək bahasına olsa da, tarixi ədaləti bərpa edəcək. Düzdür, Azərbaycan heç bir ölkənin ərazisində gözünün olmadığını da dəfələrlə bəyan edib, ancaq əgər Ermənistan növbəti dəfə anlaşmaları pozub, imzasına xəyanət edəcəksə, o halda məcburetmə əməliyyatı Zəngəzurun qərb hissəsində də davam edə bilər. Üstəlik, Ermənistan 30 illik işğal dönəmində Azərbaycana vurduğu yüz milyardlarla dollarlıq zərərin qarşılığında təzminat ödəməlidir ki, bu, torpaqla da əvəzlənə bilər. Azərbaycan və Türkiyə liderləri Zəngəzur dəhlizinin təməlini qoyub, işlər sürətlə davam etdirilir. Belə bir durumda İrəvanın prosesləri tormozlamaq cəhdləri bu ölkənin mövcudluğunu sual altına qoya bilər. Eyni zamanda Ermənistanın Laçın və ya Kəlbəcər istiqamətindən təxribat-diversiya hərəkətlərini davam etdirməsi ona baha başa gələ bilər. Dövlətimizin başçısı “Qaragöl də bizimdir”, deyibsə, bundan sonra gərək ki, Ermənistan dərsini alsın, yerində sakit otursun. Azərbaycanlı qaçqınların dədə-baba yurdlarına qayıdışı – o cümlədən Qərbi Zəngəzura mütləq baş verəcək, buna da əminik, dövlət başçımızın da mövqeyi bəllidir. Əgər Qarabağda ermənilər yaşamaqda davam edəcəklərsə, o zaman Göyçə-Zəngəzurun azərbaycanlı əhalisi də tarixi yurdlarına dönməlidir, əks halda birgəyaşayış real görünmür. Eyni zamanda biz Zəngəzur dəhlizinin açılmasına nail olacaq, Ermənistan Silahlı Qüvvələri bölgədən çıxacaq. Bundan sonrakı mərhələdə isə dəhlizə nəzarəti Azərbaycan dövlətinin razılığı əsasında Rusiya ordusu həyata keçiriləcək. Hazırkı situasiya isə Azərbaycan üçün unikal vəziyyət yaradır, kəsəsi, Ermənistan “ovcumuzun içərisindədir”. Bütün əsas yol qovşaqları və giriş yolları, eləcə də sərhədə çox yaxın kəndlər bundan sonra silahlı qüvvələrimizin cəza tədbirləri görə biləcəyi qədər əlçatan məsafədədirsə, əksini demək üçün əsas qalmır.

Qərbi Zəngəzurla bağlı sensasion açıqlama və məlumatların müəlliflərindən biri olmuş hərbi ekspert Ədalət Verdiyev Musavat.com-a açıqlamasında Caliber-dəki material haqda danışdı: “Hazırlanan bu materiala baxanda məlum olur ki, Azərbaycan öz sərhədləri çərçivəsində Ermənistan Silahlı Qüvvələrini geri çəkilməyə və bir neçə yüksəkliyi, o cümlədən Qarakilsə-Gorus yolunu nəzarətə götürmək üçün artıq Böyükişıqlı dağında kifayət qədər ciddi mövqelər qazanıb. Ordumuzun bu ərazidə mövqelərini yaxşılaşdırması həm düşmənin Ermənistandan cənuba tərəf qüvvələrinin manevrlərinə nəzarət etməyə imkan verir, həm də Azərbaycanın əsas hissəsinin Naxçıvanla olan məsafəni minimallaşdırmağa, zərurət olarsa, Ermənistanın tam iki yerə bölünməsi üçün imkan yaradan strateji üstünlük əldə edə bilib. Böyük İşıqlıdan Naxçıvana qədər olan məsafə minimumlaşıb. Bu, həm də Azərbaycanın Ermənistana qarşı dəhlizlərin açılması məsələsində hərbi təzyiqini artırmağa imkan verən bir faktordur”.

Ə.Verdiyev ordumuzun mühüm üstünlüklərə sahibləndiyini vurğuladı: “Yəni Azərbaycan bununla Ermənistana nümayiş etdirmək istəyir ki, əgər Naxçıvana maneəsiz gediş-gəlişi təmin edən dəhliz açılmayacağı təqdirdə, Silahlı Qüvvələrimiz rahatlıqla Laçın dəhlizini müəyyən bir ərazidəməhdudlaşdırmaq imkanına malikdir. Kəlbəcərin Qatarqaya və Dəmirdağ yüksəklikləri – təxminən 2900-3000 metr yüksəkliklərdir – strateji, vacib dayaq məntəqələri olaraq Ermənistan ordusunun Azərbaycana qarşı terror və diversiya aktlarını da məhdudlaşdırır. Beləliklə, Söyüdlünün, Azad, Zərkənd, Nərimanlı hissəsində olan infrostrukturu, həmçinin Basarkeçər-Söyüdlü yolu tamamilə Azərbaycan Silahlı Qüvvələrinin atəş nəzarəti altında yerləşir. Demək istədiyim odur ki, Qatarqaya və Dəmirdağ yüksəkliklərinin nəzarətə götürülməsi Basarkeçər-Zod yolunun da tamamilə atəş nəzarətimizin altına keçməsi ilə nəticələnib. Bu isə Kəlbəcər rayonunun, o cümlədən Azərbaycanın Ermənistanla sərhədinin digər hissələri üçün təhlükəsizlik baxımından çox vacibdir”.

Azərbaycan 44 günlük savaşdan sonra bölgədəki prosesləri diqtə edən tərəfdir və söz sahibi olmaqda davam edir. Ermənistanın hər bir təxribatçı davranışı “Dəmir yumruq” əməliyyatının aktuallığını qoruyub-saxladığını təsdiqləyir.

“Bir müddət əvvəl Ermənistan-Azərbaycan sərhədində faciəli hadisələr baş verəndə, o zaman insanlar həlak olanda, teleqram kanalımda yazmışdım ki, Ermənistan bu cür davranmağa davam edərsə, Qarabağ üçün ağladığı kimi Zəngəzura da ağlayacaq. Orada bu, kəskin reaksiya ilə qarşılanıb. Amma bu doğrudur. Müharibə ermənilərə yaxşı heç nə gətirməyəcək”. Bunu isə rusiyalı ekspert Maksim Şevçenko deyib və tamamilə haqlıdır. Ermənistan üçün xilas yolu var-həm də Zəngəzur dəhlizindən keçə biləcək yol...

Elşad Paşasoy,
Musavat.com

Bizimkilər - Elşad Paşasoy: “Bəlkə də mən yaxşı müəllim, ticarətçi, ya da  əkinçi ola bilərdim” - MÜSAHİBƏ - Modern.Az Azərbaycan və dünya xəbərləri

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR