İnsanlara hürriyət, millətlərə istiqlal!

Orta hesabla kələm dolması

1625 16.11.2021 08:00 Yazarlar A A

Kompüteri, interneti kəşf eləyənin atasına rəhmət. Nə qədər boş, mənasız adamlardan, yalanlardan anında xilas olmaq imkanı əldə etmişik.  Örnək üçün, qabaqlar uçan boşqab, fikir oxuyan adamlar, nə bilim, cin-şeytan haqda çoxu rəvayətlər dolaşardı. İndi belə söhbətlər edənlərin, o cümlədən onlara inananların sayı beş barmaq qədər olar. Çünki boşqabdan danışmaq yetərli deyil. Sübut göstərməlisən. Video, foto ilə özü də.

Eyni zad ölkəmizdə xeyriyyəçilik fəaliyyətinə də aiddir. Mənim yadımdadır, çox uzağa getməyək, 90-cı illərdə ölkəmizdə cürbəcür lotular, fırıldaqçılar, oğrular, cibgirlər asanlıqla “messenat”, “böyük xeyirxah”, nə bilim, “Hacı Zeynalabdin Tağıyev irsinin layiqli davamçısı” kimi fəxri adları, titulları öz adlarının yanına calayardılar. İndi isə elektron hökumət var, hər idarənin, qurumun öz saytı var. Gopa basmaq alınmır. Əgər bu gün kimsə “Mən qazilərə, Vətən müharibəsi əlillərinə yardım edirəm” söyləsə, dərhal internet saytında “YAŞAT” fondunun saytını tapıb, ianə edən şirkətlərin və şəxslərin adbaad siyahısına baxmaq yetərlidir.

Bunu niyə yazıram? Dünən bir restoranın camaata yüksək qiymət oxuması haqda xəbər vardı, orada restoran cavab vermişdi ki, guya xəbər yalandır, bunlar da ordumuza, şəhidlərə, qazilərə daim yardım edirlər. Ancaq mən xüsusi olaraq internetdə axtardım, “YAŞAT”ın saytında bunların adının bir hərfi belə yoxdur. Əlbəttə, iddia edə bilərlər ki, biz islami qaydada xeyriyyəçiyik, sağ əlin verdiyini sol əl-zad... Bəs o zaman bu söhbətlər niyə edilir? Vermisənsə, buyur, qeydiyyata sal. Verdiyini demək istəmirsənsə, axıracan demə. Yoxsa bu nə pəhriz, bu nə alça turşusu...

Ümumiyyətlə, şəhid və qazilərin adından sui-istifadə baxımından ölkəmiz dünya lideri olmağa yaxınlaşır. İkinci davada 3 min əsgər itirmişik, ancaq qeyri hökumət təşkilatlarının dövlət qeydiyyatı siyahısına baxsan orada şəhidlərin adı ilə bağlı bəlkə 4000 QHT tapılar. Ola bilsin şəhid ailələri üçün gerçəkdən nəsə iş görən təşkilatlar da var, imanımızı yandırmayaq, ancaq təcrübə göstərir ki, o qurumların 99 faizi parazitlərdən ibarətdir.

Şirkətlərin televizor, onlayn reklam kampaniyalarında da şəhid, qazi, əsgər, Qarabağ temalarından yalançı şəkildə, haqsız olaraq istifadə edilməsi də geniş yayılır. Məsələn, keçən həftə mən hansısa efirdə bir elektronika satışı şirkətimizin müharibə qurbanlarının adından yararlanıb reklam apardığını gördüm. Təxmini mövzusu bu idi ki, biz davanı bir yerdə qazandıq-filan. Ancaq yenə internetə baxırsan, məlum olur bu şirkət qazilərə 1 qəpik belə ödəməyibdir. Fikrimcə, ya Müdafiə Nazirliyi, ya da Prezident Administrasiyası bu tipli reklamlara hansısa tənzimləmə tətbiq etməlidir. Əsgərin, qazinin adı, şəkli, foto və videosu iqtisadi qazanc vasitəsilə istifadə ediləndə “YAŞAT” fonduna mütləq ödənişlər olunmalıdır. Yoxsa bu faydasız hissiyyat oyunlarından, Anadolu türkləri demiş, duyğu sömürüsündən bezmişik. Yeri gəlmişkən, burada “sömürü” ifadəsi çox dəqiqdir. Bu adamlar savaş qurbanlarının duyğularını sümürməklə yanaşı, onların adı üzərindən xalqın pullarını da sümürürlər.

Qaldı azad edilən ərazidə ətin və restoranın bahalığı mövzusu, burada da xalqımız bir az sadəlövhlük nümayiş etdirir. Mən anlamıram siz nəyə ümid edirdiniz. Bizim ölkənin hər yerində qoyun ətinin, kababın-filanın da öz Tarif Şurası var. Nə qərar istəsələr verərlər. Xoşun gəlmir, yemə. Hələ əsaslandıra da bilərlər ki, Nüsrətin xaricdəki restoranında ətin qiyməti filan qədərdir, bizdə isə azdır.

“Bəs biz əti harada, necə yeyək” soruşsanız, onun da cavabı var: “Ət yeməsəniz də, kələm dolması yeyirsiniz”. Necə? O məşhur hesabdakı kimi: “Ölkəmizdə varlılar ət, kasıblar isə kələm yeyir. Deməli, orta hesabla biz kələm dolması yeyirik”. 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR